SON DƏQİQƏ:

Can ənamı - Sərvaz Hüseynoğlu yazır

  65763   |  
Şriftin ölçüsü  

Xoşbəxt taleyi, yeyin bəxti görkəmli yazıçı-jurnalist Əli İldırımoğlunu ozanlar-ozanı Dədəmiz Qorqudun "Qızıl taclı bir ev ver ki, bu oğlana, ərdəmlidir" - istəyincə qutlamışdı. Dünyaya müdrikcəsinə göz açanların əlaməti belədi. Yəni ərdəmlilik müdrikliyin ən önəmli xüsusiyyətidir. Ruhu kamil olanların, ləyaqət daşıyıcılarının gerçək əlaməti bu dəyərləndirmələrdən keçir. Əli İldırımoğlu kamil, mərd bir insan, xoşbəxt ailə başçısı, əsl vətəndaş kimi də, görkəmli yazıçı-jurnalist olmaqla da bu vacib dəyərlərə hesablanmış şərəfli bir ömür yaşadı. Bütün həyatı boyu bircə həqiqətə tanındı ki, taleyini xalqının taleyi ilə bağlayan insanın ömrü də xalqının ömrü qədər olur. Tarix yalnız mərd, qətiyyətli, sözünün sahibi olan, əqidəli insanları yaşadır. Yəni, Əli müəllimin həyat anlayışına  hesablananları...

Sözün həqiqi mənasında, Ə.İldırımoğlu ayağı yerdən üzülmədən yüksələ bilənlərdən, həyatın mənasını özündə axtaranlardan (və tapanlardan) idi. Əli müəllim taleyin ona bəxş etdiyi təbii istedadının imkanları daxilində həmişə təzə-tər, necə deyərlər, yamyaşıl qala bildi. İç dünyasının paklığı, mütəvazi yaşamı, əhdə vəfası onu saralıb-solmağa, qurumağa qoymadı. Cild-cild kitablardan daha çox insanı, təbiəti, onu əhatə edən mühiti oxudu. Daha çox fikir mərdliyinə sahib çıxdı. Mənsub olduğu xalqın yaddaş saxlancından bəhrələndi. Həyatın çeşidli sirlərinə doğru yeridi və atdığı hər qədəmdə qəlbini bu çeşidli sirlərin çeşməsinə çevirə bildi. Həyatı boyu daxilindəki heyranlıqla dolu məsum bir körpənin baxışlarına, onun müqəddəs, pak səsinə, nəfəsinə vəfalı qaldı. Böyüklərindən, peyğəmbər düşüncəli müdriklərdən aldığı dərs beləydi. Ulular ulusu Əbu Turxandan əxz etmişdi ki, "müdriklərin şəxsi həyatını onların ucaltdığı abidələrin arakəsmələrində aramaq lazımdır".

Və bu dəyərli bilgi ona imkan verdi ki, bütün həyatını öz yaradıcılığında şəkilləndirə, ifadə edə bilən bir müdrik ömrü yaşasın. Yəni, bu müstəvidə, Əli İldırımoğlunun ucaltdığı söz abidəsinin arakəsmələri onun ümid, inam, mübarizə və qətiyyət dolu çoxsaylı əsərləri idi. Bu sırada "Silinməz izlər", "Közərən sətirlər", "Mənim rəncbər atam", "Qarlı gecələr", "Aqibət", "Həmin adam" və s. kimi əsərlərin, çoxsaylı kitabların adı var. Əli müəllim o xoşbəxt sənətkarlardandır ki, ədəbi tənqidin də dönə-dönə qeyd etdiyi kimi, öz şəxsi iradəsini, yaşamını, həyata baxışını və dünyagörüşünü müsbət obrazlarının boyuna biçə bilmişdi. Haradasa, bu obrazlar onun özünün əsl vətəndaş mövqeyini simvolizə edir. Bu müsbət obrazların hər birində mərd və qədirbilən, dünəninə sədaqətli, sabahına inamlı bir Əli İldırımoğlu təcəlləsi, yaşamı var. Onun qəhrəmanları “demək olar ki, bütün ictimai təbəqələri və cəmiyyətin ayrı-ayrı rütbələrini əks etdirən müxtəlif sosial məzmunlu insanlardır...

Bu sosial müxtəliflik xarakter zənginliyinə, obrazlı desək, polifonik bədii substansiyaya gətirib çıxarır. Bədii təhlil və tərkibin işığında hər şeyin özü kimi göründüyü bu bədii dünya oxucunu həyatın mexaniki projeksiyası kimi deyil, canlı, real mənzərəsi kimi cəlb edir" (Əliheydər Həşimov). Ədəbi tənqidin doğru müşahidəsidir ki, Əli İldırımoğlu üçün ilk növbədə obraz var, qəhrəman var, sonra hadisə; reallığa bu cür yanaşma metodu ona bir-birindən bitkin, xaraktercə zəngin və məzmunlu obrazlar yaratmaqda kömək etmişdir. Eyni zamanda bu zəngin (və müsbət) obrazların arxasında Əli müəllimin müdrik, kəsərli, dönməz yaşamı, olub-keçənlərə vəfalı siması dayanır.

Onun bədii sözün pünhan pərdəsi altından həmişə özünü büruzə verən mərd, cəsarətli siması həmin obrazların hər nəfəsində apaydın hiss olunur. Ömrü boyu doğulub boya-başa çatdığı kəndin məskunluq borcunu, bir də ki, onu dünyaya gətirən ata-ana haqqı-sayını unutmadığını yazırdı Əli müəllim. "Mənim rəncbər atam" romanında o doğma Əliquluuşağı kəndinin bənzərsiz təbiətini təkrarsız bir səmimiyyətlə tərənnüm edirdi. Bu səbəbdən mən həmişə özümü Əli müəllimə bir köynək daha yaxın hiss edirdim. Ona görə ki, mənim doğulub boya-başa yetdiyim Əliqulular kəndi bölgənin (İmişli rayonunun) inzibati-ərazi vahidinə daxil olsa da, eyni ad daşıyan bu kəndlər arasında qaçılmaz bir qan, nəsil qohumluğu olmasına qəlbən inanırdım. Eyni zamanda, onun mənsub olduğu Məmişli tayfasının adıyla həm də mənim doğmalarım tanınırdı. Nəslimizə Hacıməmişlilər deyilirdi. Üstəlik, ömrü boyu heyvandarlıqla məşğul olan, dağ-aran arası köç-düş yolçuluğu edən valideynlərim, doğmalarım Qubadlı, Laçın, Kəlbəcər camaatı ilə biröylü kimiydi. Qaynayıb-qarışmışdılar. Mənim özümün uşaqlıq və gənclik illərinin ən unudulmaz xatirələri o yerlərlə bağlıdı. Ona görə də hər dəfə ədəbi məclislərə qatılan Əli müəllimə məxsus bir doğmalıqla nəzər yetirir, onun simasında o unudulmaz Qubadlı, Laçın, Kəlbəcər yaşantılarını göz önünə gətirirdim. Əli müəllimin ağayana, məğrur, qürurlu və ötkəm varlığında o yerlərin bənzərsiz cizgilərini arayıb-tapırdım. Eyni zamanda, həmin o məqamlarda mən Əli müəllimin Qubadlı, ümumən, külli-Qarabağ nisgili ilə iç-içə olduğunu apaydın hiss edir, kədərini və qədərini öz nisgilim kimi yaşayırdım. Bilirdim ki, Ə.İldırımoğlu indi rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi o bölgələri ona görə dönə-dönə təsvir və tərənnüm edir ki, böyüməkdə olan nəsli həmin torpaqların havasına uçundursun.

Qələbəyə götürsün. Yaddaşı oyaq saxlasın. Qisasa hazırlasın. Bu, onun yazıçı-vətəndaş missiyası, məramı idi. Sanki böyük Yaradanı ona belə uzun ömür yaşamaq imkanı vermişdi ki, doğma Qubadlısının, külli-Qarabağ torpaqlarının işğaldan azad edilməsi müjdəsini eşidə bilsin. Mavi ekranlardan olmuş olsa da belə, o doğma yerlərin unudulmaz mənzərələrini gözü dolusu seyr etsin; bu dəfə kədər, nisgil, sonsuz ağrı hissilə yox, daha çox iftixar, daha çox qürur, daha çox şükranlıq duyğuları ilə.

İnanıram ki, həmin anlarda Əli müəllimin könlünü daha bu dünyadan əmin-arxayın köçə biləcəyinin şükranlığı bürümüşdü. Bütün ruhu, düşüncəsi, qəlb atışı bu şükranlığı yaşayırdı. Aldığı hər nəfəs, hər kiprik çalımı, o müjdə xəbərini "Çıxmışam yollarına - qəlbim açıq, köksüm açıq, Xəncər ol, bağrıma sancıl, əcəl ol, qarşıma çıx!" duyğusallığı ilə qarşıladı. O xoş xəbərin qarşılığında əsl Mövlana vəfadarlığı sərgilədi... Olmuşdu bu... Şəms Təbrizidən xəbər tutduqlarını söyləyib, muştuluq alanlar olmuşdu Mövlana həzrətlərindən. İmkanı çatanları vermişdi qarşılığında. Bu xüsusda ona irad tutanlara "Şəmsin özünü gətirsəydilər canımı verərdim" - demişdi. Eyni əxlaqla qarşıladı "Qarabağ azad oldu, Qubadlı qurtuldu" müjdəsini Əli İldırımoğlu... Uzun illərin intizarına son qoyan müjdə qarşılığında ənam olaraq canını verdi. Rahatlandı! Qarabağ, Qubadlı sarıdan əli uzalı, könlü intizarlı, ruhu qübarlı getmədi...

Ruhu şad olsun!

Qəbri nurla dolsun!!!

 

Sərvaz Hüseynoğlu,

“Ədəbiyyat” qəzeti,

21 noyabr 2020

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK