SON DƏQİQƏ:

“20 Yanvar əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin bariz nümunəsidir”

  54313   |  
Şriftin ölçüsü  

Ötən əsrin son onilliyində dünyada baş verən böyük siyasi dəyişikliklər SSRİ adlanan imperiyadan da yan keçməmişdir. Bu böyük dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti bərpa etmək, müstəqil yaşamaq istəyirdi.
Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə edilən basqınlar, azərbaycanlıların elindən-obasından didərgin salınması xalqın çox kəskin etirazına səbəb olmuşdu. Meydanlara toplaşan xalq haqsızlıq və ədalətsizliyə son qoyulmasını tələb edirdi. Lakin mərkəzi hökumət bu tələblərə məhəl qoymayaraq erməniləri daha da qızışdırırdı.

Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq azadlıq və müstəqillik tələblərini irəli sürməyə başladı. Bu tələb Moskvanı ciddi təlaşa salmışdı. Ona görə də azərbaycanlıların qorxudulması, ürəklərə xof salıb, xalqı azadlıq yolundan döndərilməsi üçün cəza maşını işə salınmışdır. Kommunist hakimiyyəti "sapı özündən olan baltaların" müraciəti ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun birləşmələri yeritdi və misli görünməmiş qırğın törədildi. Xalqın qanı axıdıldı. SSRİ imperiyası sözün həqiqi mənasında istədiyinə nail olmaq üzrə idi. Azərbaycanın kommunist rəhbərlərinin hərəsi bir tərəfə qaçdı. Dünənə kimi meydanlarda qəhrəmanlıqdan danışan azadlıq hərəkatının önünə düşənlərin heç biri gözə görünmürdü. Faciənin miqyası və qəddarlığı xalqı təşvişə salmış, çoxlarını qorxutmuşdu. Lakin bu təşviş və qorxu uzun sürmədi.
Həmin o günlərdə Moskvada bir səs ucaldı. Bu səs xalqı birləşdirdi, qəlblərdə ümid yaratdı. Bu uca səs xalqın təşviş və qorxusunu birdəfəlik aradan qaldırdı. Bu, Azərbaycan xalqının görkəmli oğlu, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin səsi idi. Ömrünü xalqına, onun inkişafına həsr etmiş Heydər Əliyev susa bilməzdi. Heydər Əliyev o ağır günlərdə xalqının yanında oldu, onun dərdinə şərik çıxdı. Özünün və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq, Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin tənqid etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını imperiyanın paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi.
Uzun illərdən sonra, bu gün həmin hadisələri nəzərdən keçirəndə sağlam düşüncələrə belə bir həqiqət hakim kəsilir ki, 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada etiraz səsini ucaltması xalqımızın mübarizə əzmini artırmış, birliyini və həmrəyliyini möhkəmlətmişdir. 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki və sonrakı faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin bariz nümunəsidir. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Qanlı yanvardan artıq 31 il ötür. Keçən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmamış, əksinə onların qəhrəmanlıqları əbədi olaraq yaddaşlara həkk olunmuşdur. Bu o qan yaddaşı oldu ki, Azərbaycan oğullarını torpaqlarının azadlığı uğrunda müqəddəs savaşa qaldırdı. Bu o yaddaş oldu ki, 44 gün ərzində dünyanı özünün cəsarətinə, ağlına, şücaətinə heyran qoydu.  Bu gün Azərbaycan Vətən savaşından Qələbə ilə çıxan qalib bir orduya, dünyada yüksək nüfuz və hörmətlə sahibi olan müzəffər bir Liderə, regionundan çox-çox uzaqlarda adı və hesabı çəkilən qüdrətli bir dövlətə malikdir.

Azərbaycan müstəqildir, bu xalq azaddır. Və bu xalqın azadlığı əbədidir.

 

Əminə Ağazadə

Milli Məclisin deputatı

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK