adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: ƏTİ ƏTİMİZDƏN, QANI QANIMIZDAN, CANI CANIMIZDAN…

AQİL ABBAS
97526 | 2021-02-09 14:24

Deyəsən,  mən bir dəfə bunu yazmışam, qoy bir də yazım, təkrar biliyin  anasıdı.

SSRİ vaxtı Azərbaycandan iki böyük  futbolçu  çıxıb: biri Ələkbər Məmmədov, biri də Anatoli Banişevski . Kazbek Tuayev də vardı, Eduard Markarov da vardı. Amma onlar  kölgədəydilər.

Deməli, Ələkbər Məmmədov «Dinamo»da oynayırdı, hətta haqqında bir mif də vardı ki, o qədər  güclü zərbəsi  var ki,  həmin ayağıyla qapıya  top vursaydı qapıçı topla birgə girərdi tora. Hətta  mif eləmişdilər ki, qapıya meymun  qoyublar ki, Ələkbər Məmmədov  topu  vuracaq, meymun  tutacaq. Meymun tutur, amma o da düşür tora. Həmin dövrlərdə  bir də məşhur  italiyalı futbolçu vardı Matsola, onun da güclü  zərbələri vardı. Bir də  ən güclü   zərbə Elbrus  Abbasovdaydı ki, 37 metrlikdən  cərimə  zərbəsini  qola çevirirdi.

Deməli, belə. «Dinamo»  Türkiyədə səfərdədi. Türk  şərhçisi də  Ələkbər  Məmmədovu öyür: top əti, ətimizdən, qanı qanımızdan, canı canımızdan, dili dilimizdən, dini dinimizdən olan  Ələkbər Məmmədovdadı. Və fəxr eləyir ki, bir türk o boyda Rusiyanın  ən məşhur komandasının və  yığmasının  oyunçusudu.

Hər dəfə top Ələkbər Məmmədovda olarkən onu  tərifləyir. Ələkbər Məmmədov  gəlib bir  qol  vurur, amma  yenə tərifləyir ki, qan qardaşımız elə oynadı, belə oynadı  və qol vurdu.  Ələkbər Məmmədov ikinci qolu vurur,  dilxor olur, amma yenə tərifləyir.

Ay Allah sənə  kömək olsun, Ələkbər Məmmədov, gəlir , üçüncü  topu da vurur. Türk  şərhçisi deyir:

- Əti ətimizdən, canı canımızdan, qanı qanımızdan, dili dilimizdən, dini  dinimizdən olan bu dəfə pokladı.

Ondan  sonra top  Ələkbər Məmmədova düşəndə deyirmiş:

- Əti ətimizdən, qanı qanımızdan, canı  canımızdan, dili dilimizdən, dini  dinimizdən olan, uruslara  satılmış gavur oğlu gavur  yenə topladı.

İndi saytlarda, qəzetlərdə  oxuyuram, yadıma  Ələkbər Məmmədov  düşür və  məni  gülmək tutur:

- Əti ətimizdən, qanı qanımızdan, canı canımızdan, dili dilimizdən, dini dinimizdən olan, ruslara  satılmış sülhməramlıların  generalı Rüstəm Muradov  yenə topladı.

TƏQVİM / ARXİV