SON DƏQİQƏ:

Bəxtiyar Vahabzadənin poetik dünyası

  33921   |  
Şriftin ölçüsü  

Bəxtiyar Vahabzadə XX əsr Azərbaycan poeziyasının orta nəslini təmsil edən şairlərimizdən biridir. Şairin poetik dünyası o qədər geniş, əhatəli və rəngarəngdir ki, bunlar şairin yaradıcılığının böyüklüyündən və zənginliyindən xəbər verir. Onun şeirləri öz kamilliyi və aktuallığı, hisslərin təbiiliyi və səmimiliyi, poetik fikrin orijinallığına görə xüsusi diqqət çəkir. O, qazandığı uğurlarla heç vaxt arxayınlaşmayıb özünəməxsus bədii üslubla poeziya aləmində yeni bir cığır açmış, ona ictimai – fəlsəfi məzmun vermişdir. Ürəyi zamanın, dövrün nəbzilə bir vuran, şeirlərinin orijinallığına və yığcamlığına önəm verən bu nadir istedad sahibi əsəbiliyinə, çılğınlığına baxmayaraq, öz hislərini, həyəcanını misralara çevirib obrazı poetikləşdirməyi bacaran şairlərimizdəndir. O, az sözlə yığcam və mənalı fəlsəfi fikirlər söyləməklə öz şeirlərinə əsl poeziyaya xas olan dərin bir lirizm və cazibədarlıq gətirmişdir. Ədibin yaradıcılığ diapazonu o qədər genişdir ki, qloballaşan dünyamızda xalqımızın həyatı, onun mənəvi dünyası daha dolğun, daha mükəmməl bir şəkildə öz bədii əksini tapmışdır.

Şairin poeziyası forma və məzmun gözəlliyilə müasir dünyamızın ictimai – siyasi, fəlsəfi – psixoloji proseslərilə səsləşərək bu günümüzün reallıqlarını özündə əks etdirir. Bu şeirlər həm zamanın tələblərinə uyğun olaraq öz bədii estetik çəkisini artırır, həm də mənalı söz və ifadələri poetikləşdirib onların ümumi məzmun çalarlarını dərinləşdirərək bəşəri xarakter almasına yol açır:

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa yaşamır demək,

Onun da həyatı yanmağındadır.

(“Ömür”.)

B.Vahabzadənin şeirlərində Vətən anlayışı, vətənpərvərlik duyğusu, vətəndaşlıq yanğısı, humanizm və xəlqilik, yüksək pafasluluq və emosionallıq onun poeziyasının əsas leymotivini təşkil edir. O, heç zaman “Vətən ” demir, “Vətənim” deyir. “Yurdum, Vətənim, şöhrətim, andım” ( “Sevdim, bildim”), “Məni anamdan alıb Vətənimə, xalqıma oğul edən sən oldun” ( “Şeirim”), “Öz canımdır, öz anamdır Vətənim” ( “Vətən eşqi…”), “Könlüm vətən torpağı, arzum qızıl bir səhər ” ( “Könül çiçəkləri”) və s. şeirlərində Vətən anlayışı daha geniş anlamda öz bədii həllini tapır. Bədii – fəlsəfi, idraki əhəmiyyət daşıyan bu şeirlər oxucuda dərin maraq hissi oyadır. Onun “Şəki ” şeiri təkcə şəkililər üçün yazılmayıb, eyni zamanda Vətənin ümumiləşdirilmiş obrazı kimi dəyərləndirilərək ümumbəşəri meyar səviyyəsinə qaldırılır. Şair özünü bakılı, şəkili, qarabağlı... adlandırmaqla onu nəinki ayrı – ayrı regionlara bölür, əksinə, Vətənin bütövlüyünü, tamlığını, vahidliyini, onun bölünməz olduğunu bir daha önə çəkmiş olur:

Mən həm bakılıyam, həm lənkəranlı,

Gəncəli, qubalı, həm naxçıvanlı.

Şəkili, şirvanlı, qarabağlıyam,

Bütöv Vətənimə, bütöv bağlıyam.

(“Şəki”.)

Burada ədibin lirik “məni” o qədər genişdir ki, onun ölçüləri zamanın dar çərçivəsinə sığmayıb bəşəri dəyərlərə söykənən böyük məhəbbətini təcəssüm etdirir. Məhz buna görə də, biz bu nikbin poeziyada onun Vətənə, xalqa olan sonsuz sədaqətini görürük.

Qeyd etmək lazımdır ki, şairin şeirlərində Vətən məhəbbəti və Vətəndaşlıq mövqeyi öz qabarıq vəhdətini birlikdə tapdığından onun poeziyasında vətənpərvərlik hissi daha güclü və daha müasirdir:

Vətəndaş! Nə gözəl səslənir bu söz,

Yəni – bir iqlimdə böyümüşük biz.

Səni də, məni də böyüdən Vətən,

Sənə də anadır, mənə də ana.

Sən də cavabdehsən, mən də hər zaman

Vahid anamızın xoşbaxtlığına.

(“Vətəndaş”.)

Biz şeirdə Vətən obrazını lirik “mən” ilə bir yerdə görürük. Burada Vətən anlayışı vətəndaşlıq və vətənpərvərlik anlayışı ilə birlikdə daha geniş anlamda dərk olunur. Şeirdə poetik nəfəs o qədər güclüdür ki, bu ancaq yüksək təfəkkürə malik şairin qələmindən çıxa bilər. Çünki, müəllif burada artıq sözə və ritorikaya, zahiri təmtarağa yol vermədən mövzunu fəlsəfi səviyyəyə qaldıra bilmişdir.

Fəallıq, nikbinlik, kəskinlik və mübarizlik ruhu şairin müraciət etdiyi mövzuların demək olar ki, hamısında özünü açıq – aydın göstərir. Onun şeirlərində lirik “mən” hər şeydən öncə daxili səsdən doğan ehtiraslarını, sevinc və kədərini, hiss və həyəcanını poetik bir şəkildə ifadə edə bilməsi üçün lazımdır. Şairin “mən”i sanki onun bütün şeirlərinin ruhuna hopub:

Mən bir tarizan olub çala bilsəydim,

Arzumu, sözümü telə verərdim.

Xanəndə eşqimi car eləsəydim,

Min simi, bir kəsik zilə verərdim.

(“Verərdim”.)

Əsl poeziya o zaman yaranır ki, şair bizi əhatə edən aləmə heç kəsin baxa bilmədiyi bədii prizmadan baxmağı bacarır, dünyanı elə bil ki, yenidən görür və oxucuya da bu dünyanı yeni poetik qafiyələrlə təqdim edir. Məhz bu cəhətdən şairin poeziyasına xas olan poetik deyim, dərin lirizm onun şeirlərinə yeni fəlsəfi məzmun gətirir:

Bir rəngin yox, göylərin min rəngini sevirəm,

Bir gülü yox, güllərin çələngini sevirəm.

Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,

Həyatı, həyat kimi yaşamaq istəyirəm!

( “Dağda şəlalə kimi”.)

Ədibin şeirlərinin poetik dünyası o qədər zəngin və genişdir ki, o dar çərçivəyə, qəliblərə sığmır. Buna görə də şair “çıxmağa təpə yox, uca dağ istəyir”. Elə bir dağ ki, əlçatmaz, ünyetməz ənginliklərdən xəbər versin. Bir cəhəti də qeyd etmək lazımdır ki, dağ həm də ucalıq, məğrurluq simvoldur. Şair istəyir ki, onun həyatı “sakit bir otaqda” deyil, “təlatümlü dalğalar qoynunda” keçsin, “uca dağların zirvəsində qərar tutub, düşmənlə qartal kimi döyüşsün”:

İstəyirəm ən uca zirvələrə qonum mən.

Xəfif sakitliyini neyləyirəm dənizin,

Onun qasırğasına, dalğasına vurğunam...

İstəmirəm həyatım sakitcə bir otaqda

gəlib keçsin lal kimi,

İstəyirəm döyüşəm qayaların başında

Düşmənlə qartal kimi...

(“Dağda şəlalə kimi”.)

Zamanın tələblərindən doğan bu şeirdə şair öz hiss və həyəcanını daha səmimi, daha təsirli və poetik bir şəkildə ifadə edə bilmişdir. Onun şeirlərinin poetik imkanları o qədər genişdir ki, bunlarda zamanın tələblərindən doğan yüksək novatorluq, bədii – fəlsəfi fikirlər daha qabarıq şəkildə özünü göstərmiş olur.

Poetik sözə münasibət, dilin adi sözlərini poeziya səviyyəsinə qaldıra bilmək bacarığı şairdən böyük məharət tələb edir. Zamanın qayğı və ağrılarına fərdi münasibət, həyatın əxlaqi ziddiyyətlərindən doğan narahatlıq və nigarançılıq şairi dərindən düşündürən problemlərdən biridir:

Mən haqq – hesab istəyirəm

Gecələr gündüzümdən.

Narahatam, narazıyam

Ömrüm boyu özümdən.

(“Özümdən narazıyam”.)

Biz onun şeirlərində lirik “mən”in mövqeyinin və estetik fəallığın qüvvətlənməsinin bir daha şahidi oluruq. Bu hər şeydən öncə şairin yüksək vətəndaşlıq mövqeyilə bağlıdır. Çünki onun şeirlərinin ictimai mövqeyi bizi əhatə edən dünyamızın və zamanın qayğılarına şair münasibətinin dərinliyi və dəyərilə ölçülür. Bu böyük sənətkar öz poeziyasında heç vaxt sosial və mənəvi burulğanlardan yan keçməyərək xalqımızı “qılınc kimi” yarıya bölənləri (“Gülüstan”), siyasi arenada və həyatda baş verən hadisələrə heç vaxt biganə qalmayaraq öz haqlı narazılığını və narahatlığını bildirib ( “Mənim yolum”.) və xalqımızın xoşbəxt gələcəyinə, işıqlı sabahına həmişə böyük ümidlə baxıb:

Ümid istəyirəm, mən ümid ancaq,

Ümidlə qoyaram dağı – dağ üstdə.

Nə şöhrət, nə mənsəb, nə dövlət, nə var,

Ey könül, dünyadan sən ümid istə!...

Ümid arzuların qızıl naxışıdır,

Deyirlər yeməkdən ümid yaxşıdır.

( “Ümid”.)

B.Vahabzadənin şeirləri hər şeydən öncə öz fərdi üslub rəngarəngliyi və orijinallığı ilə diqqəti cəlb edir. Obrazlı, emosional və poetik bir deyimdə bədii – fəlsəfi ümumiləşdirməyə meyl daha qüvvətlidir. Şairi ayrı – ayrılıqda zamanın və vaxtın, dəqiqənin və anın təfərrüatı maraqlandırır. O, nüfuz edə biləcəyi həyat hadisələrinin həqiqi mahiyyətini aşkara çıxarır, real həyatı faktlara dərin məna verməyi bacarır. Gözəl sənətkarımız Səməd Vurğunun “Mən tələsmirəm” fəlsəfi şeirinə “Tələsirəm mən” şeirilə cavab verən şair ömrün – zamanın azlığından şikayət edərək tələsdiyini bildirir:

Axı, necə tələsməyim, mənim cürbəcür

Arzularım, xəyallarım, dərdi – sərim var.

Axı, necə tələsməyim, yardır ömür,

Mənim hələ görülməmiş çox işlərim var.

Bir də hələ bu dünyada nə görmüşəm mən?

Doğmamışam bu dünyanın gözəlliyindən.

( “Tələsirəm mən”. )

Sonrakı misralarda ustadının haqlı olduğunu önə çəkən şair yazır:

Haqlı idi “tələsmirəm”, – deyən o şair

Axı, vaxtın pəncəsində o da əsirdi.

Daha artıq görmək üçün vaxtı əyləyir,

“Tələsmirəm”, – deyəndə də o tələsirdi.

Hey doyunca görmək üçün o ayı, günü,

Uzatmaq da istəyirdi anın ömrünü.

( “Tələsirəm mən”. )

Bu şeirlərin hər ikisi dərin ictimai – siyasi fəlsəfi məzmun ifadə etməklə yanaşı, ciddi mətləblərdən xəbər verir. Burada onların daxili dünyası, duyğu və düşüncələri, mənəvi aləmi üstünlük təşkil edir. “Mən tələsmirəm” şeirində S.Vurğun aylı və işıqlı gecənin romantik və əsrarəngiz sakitliyini, bu mənəvi aləmin coşqunluğunu, gözəlliyini və zənginliyini yaşayıb onu poetik rəsm edirsə, “Tələsirəm mən” şeirində isə B.Vahabzadə üstündən keçən “bulud karvanlarında dərin bir məna görür”, “daşdan qanad taxmaq istəyir” ki, axan “sellərin qarşısını saxla bilsin”. Axı bu “saatları kim yaratdı?” – deyə zamana qarşı üsyan edir. “Neyçin bu az ömrümüzü ölçüyə saldıq?” – deyə vaxtdan, zamandan gileylənir:

Dostlar, anın sürətini qabaqlayıb biz,

Zaman üçün təzə ölçü yaradaq gərək. – deyir

( “Tələsirəm mən”.)

Yüksək bəşəri ideyalardan doğan məslək, amal, inam hissi onun şeirlərində o qədər güclüdür ki, bunlar dərin ictimai – fəlsəfi məzmun kəsb etməklə yanaşı, həm də onun yaradcılığının leymotivini təşkil edir. Biz bunu şairin “İnam, məslək”, “Mənim yolum”, “İnam”, “Yaxşı adam”, ( “Leninlə söhbət” poeması) və s. şeirlərində daha aydın bir şəkildə görə bilirik. Ən ciddi və səmimi fikirlərini obrazlı bir şəkildə qələmə alan şair, poetik idrakın gücünə arxalanaraq öz doğma xalqının həyatını, onun istək və arzularını, keçirdiyi narahatçılıq hissini yüksək vətəndaşlıq duyğusu ilə qələmə almağı bacarmışdı. Burada şair zahiri təmtaraqdan, yalançı pafosdan, qulaq batıran gurultudan çox uzaqdır.

Yaxşı adam!

Söylə görüm, yaxşılığ nədir onun?

Xislətini sayma mənə bir – bir onun.

Söylə görüm məsələki nə,

Eşqi nədir?..

Qalanları mənim üçün əfsanədir.

(“Yaxşı adam”.)

Həyatda hər bir kəsin öz amalı, öz əqidəsi, öz məsləki olmalıdır. O xalqına, millətinə ləyaqətlə xidmət etməyi bacarmalı, onda yüksək vətənpərvərlik hissi oyatmalıdır. Bu hiss güclü emosional təsirə malik olmaqla yanaşı eyni zamanda oxucuna duyğularını, düşüncəsini, həyəcanını dilə gətirməli, ona yüksək vətəndaşlıq mövqeyi qazandırmalıdır. Bu zaman şairlə oxucu arasında fəal mənəvi birlik və mütəmadi vəhdət yaranır:

Məslək, amal!

Əsl insanın yol yoldaşı.

Ömür üzük,

Məslək isə üzük qaşı.

Hər üzüyün qaşındadır öz dəyəri.

İnsanın da məsləkidir düz dəyəri...

( “Yaxşı adam”.)

İnsana inam, məhəbbət hissi, vətənpərvərlik duyğuları, B.Vahabzadənin poeziyasına fəlsəfi nikbinlik, humanizm gətirir. Şairi dünyamızın başına üstünü alan müharibə təhlükəsi, bəşəriyyətin acınacaqlı taleyi, cəmiyyətin qarşılaşdığı ictimai – siyasi problemlər dərindən düşündürür və narahat edir:

Bombaların zülmətində

boğmaqçün gündüzləri,

silahlardan öncə gərək,

ürəklərdə, beyinlərdə yuva salan

xəbis – xəbis fikirləri,

paxıllığı, küdurəti, mənəmliyi,

Məhv eləyək! Məhv eləyək!

(“Tərki – silah”.)

Şair öz şeirlərində ana təbiətin füsnkar gözəlliklərini vəsv edərək onu poetikləşdirir. Təbiətin insan və bəşər övladının həyatında oynadığı rolu nəinki əxlaqi – estetik amil kimi dəyərləndirir, eyni zamanda ictimai vətəndaşlıq amili kimi aşkara çıxarır, onu qabarıq şəkildə bədii təsvirini verir. Şairin yaradıcılığında təbiət lirikası ilk növbədə humanizmin, vətəndaşlığın təzahür etdiyi lirika kimi yadda qalandır. Bu füsünkar, düşünən, duyan fəlsəfi təbiət obrazı onun lirikasında ictimai bir obrazdır:

Oxqay!.. Havadakı saflığa bax bir,

Könül təzələnir, can təzələnir.

Zaman əldən gedir, onu saxlayaq,

Döşlərə səpilən güllərə bax bir!

(“Gözəllik önündə”.)

Şair təbiətlə üz – üzə qalmaq, onun insanı vəcdə gətirən əsrarəngiz gözəlliyindən doyunca zövq almaq istəyir, amma vaxtı, zamanı saxlamaq olmur. Gedən hər saat, hər an isə ömürdən, gündən gedir.

Poeziyanı kədərsiz təsəvvür etmək çətindir. B.Vahabzadənin şeirlərindəki kədər dünyəvi kədərdir, bəşəri kədərdir. Bu kədər həm sevincin dəyərini daha da artırır, həm də bu dərdi bəşəriyyətin dərdləri səviyyəsinə qaldıra bilir. Dünyanın, bəşəriyyətin daşıdığı bu ictimai mahiyyətli kədəri şair ümumiləşdirmələr apararaq onu poetikləşdirə bilmişdir:

Anam tapşırıldın ana torpağa,

Bu ölüm sinəmə çəkdi dağ mənim.

Sən mənim arxamdan bənzərdin dağa,

Elə bil arxamdan uçdu dağ mənim.

(“Anamın dərdi”.)

Şairin yüksək poetik təfəkkürünün məhsulu olan şeirlərinin başlıca xüsusiyyətləri ondan ibarətdir ki, o adi sözçülükdən, mühakimələrdən qaçaraq qələmə aldığı həyat hadisələrini ümumiləşdirib, onu sənətkar təxəyyülündən keçirərək oxuculara təqdim edir. Belə şeirlərdə həyat hadisələrilə şairin yaradıcı təfəkkürü, ürək çırpıntıları, onun hiss və həyəcanı, duyğu və düşüncələri vəhdət təşkil edir və biri digərini tamamlayır. Bu onun şeirlərinin nəinki təsir gücünü azaltmır, əksinə, öz poetikliyilə oxucuların qəlbini daha dərindən fəth edir, onların yaddaşında silinməz izlər qoyur.

Şair öz şeirlərində yeri düşdükcə təzadlardan, ritorik suallardan yerli – yerində istifadə etməklə bu şeirlərin təsir gücünü daha da artırmış olar:

Ey ana təbiət, de, neçin, niyə

Gülün budağını tikan bitirdin?

Bulağın gözünü qotur keçiyə,

Bulanıq suyunu ceyrana verdin?

(“Ana təbiət”.)

Bu şeirdə dərin bir etiraz, həyəcan yanğısı var. Şair ana təbiəti insaniləşdirməklə onun fauna və florası bütünlüklə cavabsız suallardan asılı qalır. O bunun cavabını təbiətin önündə axtarır. Bu ritorik suallar şairi dərindən düşündürür və narahat edir. Eyni zamanda təbiətin taleyi bəşəriyyətin taleyi qədər yüksək önəm daşıyır.

B.Vahabzadənin şeirləri ümumi sözçülükdən, süni pafosdan uzaqdır. Şairin şeirlərinin əsasını təşkil edən millilik və bəşəri ideyaların təbliği ictimai və siyasi məzmunda birləşərək onun poeziyasında dərin fəlsəfi məna yaradır. Ədibin şeirlərindəki orijinal fikirlər öz aktuallığına, təbiiliyinə görə diqqət çəkir. Onun “Qafiyələr” şeiri başdan – başa bədii təzadlar üzərində qurulduğundan bu şeirdə poetik fon yaradır:

Qafiyədir, iki simin

bir kök üstə titrəməsi.

Qafiyədir, gül nəfəsi, bülbül səsi.

Qafiyədir, sevinc – kədər.

Qafiyədir, eniş – yoxuş,

axşam – səhər, təzə boyat.

Ən müqəyyəd qafiyədir.

Ölüm – həyat!

(“Qafiyələr”.)

Elmi idrakla poetik idrakın vəhdətindən yaranan bu şeirdə poetik hislər üstünlük təşkil edir. Şeirin sonunda səslənən “ölüm – həyat” təzadını “yaşamaq – ölmək” şəkilində deyil, şair bunu obrazlı deyimlə poetikləşdirə bilmişdir.

Ümumiyyətlə, hər şeydə məna axtarmaq, onu canlandırmaq, əyaniləşdirmək, bədii detala çevirib təfərrüatı ilə təsvir etmək onun şeirlərinin başlıca xüsusiyyətlərini təşkil edir. Məhz buna görə də şairin “Yaşıdlarım” şeirində geniş mənada işlətdiyi “mən”, “insan” anlayışı ilə eyniləşir. “Təklik” şeirində şair cəmiyyətdən ayrı düşüb yaşamağın ağır bir dərd olduğunu önə çəkməklə insanları bir – birilə dost olmağa, birliyə çağırır. “Ana hədiyyəsi” şeirində ananın müqəddəs bir varlıq olduğunu, övladının yolunda öz canını belə əsirgəmədiyini, hətta namaz üstə əllərini Tanrı dərgahına açaraq öz ömründən, günündən kəsib balasına verməyi Allahdan arzu etməsi analığa ucaldılmış əbədi bir abidənin bədii ifadəsi kimi yadda qalır. “Sərhəd ağacları” şeirində isə “sərhədlərdə qırmızı xətt cızan” bu dirəklərdən şikayət edən şair dərin narahatlıq hissi keçirir:

Ey taxta dirəklər, sizi dünəndən

Yetişən taxıl tək biçib qıraydım.

Yanan ürəklərin atəşilə mən

Sizi tonqal edib alışdıraydım.

(“Sərhəd ağacları”.)

Göründüyü kimi şairin şeirləri heç bir sərhəd tanımır. Onun poetik xəyalı sərhədləri aşaraq bütün dünyanı dolaşır. Ədibin şeirlərində ifadə olunan bəşəri hislərin poetik məzmunu mənsub olduğu xalqın idrak səviyyəsi, düşüncə tərzi və onun psixologiyası ilə bağlıdır. Yüksək bəşəri ideyalara bağlı olan şair dünyamızı azad görmək istəyir:

Baxmaq istəyirəm göz işlədikcə

Uzanan o geniş üfüqlərə mən...

Sökün çəpərləri, daş hasarları,

Gözlər uzaqlara zillənsin barı – deyir.

(“Sökün çəpərləri”.)

 

Gurultulu pafosdan uzaq olan şair bu şeirdə söz və ifadələri məharətlə nidaya çevirərək, onun təsir gücünü, emosionallığını daha da artırmış, mürəkkəb ictimai – fəlsəfi fikri poetikləşdirə bilmişdir.

 

B.Vahabzadənin şeirləri öz yığcamlığı, lakonikliyi, fikir və ifadələrin orijinallığı və dərinliyi, yüksək fəallığı, kəskinliyi, mübarizlik ruhu, bədii – fəlsəfi düşüncələrilə daha çox yadda qalır. Burada yüksək emosionallıq duyğusu, şairin keçirdiyi daxili həyəcan hissi onun arzu və düşüncələrilə vəhdətdə öz bədii həllini tapır. Eyni zamanda bu şeirlərdə xalqımızın dünəni və bu günü, onun müasir həyatı, mənəvi aləminin saflığı və təmizliyi, ictimai – əxlaqi keyfiyyətləri, Vətənə olan sonsuz məhəbbəti yadda qalan təbii boyalarla öz bədii əksini tapmışdır.

 

Müəllif: Vəliyulla Novruz

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-18
2021-04-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK