SON DƏQİQƏ:

Nifrət etdiyim qədər sevdiyim  müharibə!  - "Sevgilim Vətən!" silsilə yazım: I hissə 

  1466   |  
Şriftin ölçüsü  

Bu gündən başlayaraq,Vətən Müharibəsində gördüyüm ən xırda depalları belə unutmadan xatirələrimi yazacağam... Uzaq zaman deyil... Şahidlərimin hamısı sağdı. Onların şahidliyi ilə 10 noyabra qədər silsilə yazımı oxuyarsınız! Yazılarımda başlıqlar dəyişsə də silsilənin adı "Sevgilim Vətən!" olacaq

 Tale yazım 

 Mən qarabağlıyam! Qafqazın Xorasimasi deyilən Ağdam rayonundan, Baş Qərvənd kəndindən...Uşaqlığım, yeniyetməliyim , ilk gənclik çağım orda keçib. 1989-cu ildə Bərdə Kənd Təsərrüfatı Texnikumunun tələbəsi olanda  Azərbaycanı ağuşuna almış  mitinqlərə qatıldım. Sovet imperiyasından qurtulmaq üçün mücadilə edənlərin sırasına girdim! Ruhumda imperializmə qarşı bir nifrət vardı, onu meydanlarda “”rədd olsun imperializm, rədd olsun  əsarət” deyə bağıranda sakitləşirdim... Qarabağıma uzanan naməhrəm əllər - erməni-rus birləşməsinə etiraz edirdim...
 1990-cı il yanvar hadisələrində  həyatımın ən böyük faciəsinə şahid oldum! Sovet rejimi,  işğalçı  rus əsgəri neç bir səbəb göstərmədən xalqımı kütləvi olaraq qətlinə fərman verdi, ağır artilleriyadan - tanklardan atəş açaraq, tırtılları  altına salaraq  məhv edirdi.. Yaşadığım ilk böyük faciə..
 Amma bilmirdim ki, qarşıda ondan da qanlı olaylara şahid olacağam, ondan da böyük dəhşətlər görəcəyəm...
Ağdam Qarabağın mərkəzi idi. Torpağımızda , Azərbaycanın ürəyinin başı olan Qarabağımızda  yaşamağa yer verdiyimiz  nankor ermənilər Xocalıda, Kərkicahanda, Qaradağlıda, Başlıbeldə faciələr, soyqırımı, yerli əhaliyə dəhşətlər yaşadanda  düşməndən qaçan soydaşlarımız  Ağdama pənah gətirirdilər və o vaxt soydaşlarımın başına gələn  faciələri əlacsız göz yaşları ilə yaşadım. Bir də kəndimizdən müharibəyə qələbə əzmi ilə gedən  gənclərin tabutda qayıtmağı  asta-asta anladırdı, yaşadırdı mənə müharibənin nə olduğunu.

Havadarlarının köməkliyi ilə Ağdamı da, bizim balaca kəndimizi də ağır artilleriyadan atəş tutan erməni artıq rayonumuzun 2-3 km-də hazır dayanmışdı...  Düz 1992-ci ilin sentyabrından rayonumuzun mərkəzi də, digər kəndlərimiz də intensiv atəşlərə hədəf olurdu. Atəş zamanı zirzəmilərdə gizlənirdik atəş dayanandan sonra çıxıb camaat olaraq bir-birimiz axtarırdıq, macal tapıb gizlənə bilməyənlərin, atəş altında parça-tikə olanların hissələrini bir yerə yığırdıq. Elə olurdu ki, parçalanmış bədənin bəzi əzalarını ağacların budaqlarında ilişib qaldığını  4-5 gündən  sonra fərq edirdik... Ağlaya –ağlaya onu ağacdan endirmək , harasa bir yerə basdırmaq da yazılmışdı o vaxt ki, gəncliyin alnına. 
Kəndimizə hüzn, ümidsizlik, göz yaşları, hər kəsin qəlbinə isə düşmənə qarşı nifrət  hakim olmuşdu. 1994-cü ilin 26 aprelində bizim kəndimiz də işğal olundu, igidlərimiz şəhid , günahsız qız-gəlinlər, xəstə, yaşlı adamların bir çoxu mərmilərin qurbanı oldu, camaatımız pərən-pərən düşdü. Əvvəllər  Cəfərin batalyonunda fəaliyyət göstərən döyüşçü qardaşım, evimizin yeganə çırağı  ordudan tərxis olandan sonra  yol qəzasında faciəli şəkildə həlak oldu. 
Kəndimizi ermənilər işğal etməsəydi qardaşımın da, mənim də atamında işi vardı, çörəyi vardı.  Köçkünçülükdə ailəmizə çörək qazanmaq üçün yola çıxmışdı. 
23 yaşı vardı qardaşımın  və atam o dərdə dözmədi, xəstə düşdü, bir müddət sonra isə.. sizlərə ömür... Müharibə məni qardaşsız, atasız buraxdı.Bacım, anam, mən... müharibənin döydüyü bir ailə... 
 Bax, elə o illərdən, daha dəqiq 1989-cu ildən  içimdə düşmənə qarşı bir nifrət alovlandı. Qarşısıalınmaz nifrət! Düz 30 il o nifrət məni korun-korun , zərrə -zərrə yandırıb yaxıb.1989-cu ildən bu gün kü günə qədər  elə hey gördüyüm, şahidi olduğum faciələri qələmə alıram... Ömrümü yurdumun gözəlliklərini  vəsf etməyə, eyni zamanda onun yaralarını, faciələrini, itkilərini, dərdini, kədərini, şəhidini, yaralı əsgərini, dərdli köçkününü, evinə dönmək arzusu ilə qəriblikdə can vermək istəməyən yaşlısının- qocasının son kəlmələrini  düz 30 ildir göz yaşımla yazıram...Bitmir ki, bitmir. 

 


2018-cu il sosial şəbəkədə paylaşımım: Ən böyük arzum müharibə olsun istəyirəm. Top - alazan  atmaqdan başım çıxmır, amma kazarma süpürərəm, əsgərlərimizin paltarın yuyaram, yaralılara qulluqçu olaram... Nolar müharibə qərarı verin.


2019-cu il sosial şəbəkədə paylaşımım: Mən kəndimizi istəyirəm, evimizi istəyirəm, həyətimizdəki tut ağacının altını istəyirəm.Atam, dayım, əmim kimi qəriblikdə ölmək istəmirəm, öz evimizdə ölmək istəyirəm, verin mənim kəndimi


2020-ci ilin yayı: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü yazıldım. İçimdəki alovu söndürməyə məqam gözləyirdim. Göydə Allah yerdə Ali Baş Komandan o məqamı mənə verdi.

 

27 sentyabr bazar günü -  artıq  Vətən uğrunda müqəddəs müharibə başlamışdı. Həmin günü bir təhər, ürək çırpıntıarı ilə evdə var- gəl etməklə, yumruğumu divara vurmaqla keçirdim.. Amma yol çantamı yığıb hazırlamağı  unutmadım. Səhər tezdən iş yerimə, fəaliyyət göstərdiyim “Ədalət“ qəzetinə getdim. Bir başa qəzetin rəhbəri , millət vəkili Aqil Abbasın otağına daxil oldum.


-Aqil müəllim, mən də müharibəyə getmək istəyirəm.. Xahiş edirəm mənə icazə sənədi verin. Gedim orda həm də peşə fəaliyyətimi davam etdirim.


Aqil müəllim əvvəl üzümə bir xeyli baxdı. Nə fikirləşdi, bilmirəm, həyatımı, başıma gələnləri bildiyi üçün bəlkə də içində mənə yazığı da gəldi. Asta-asta məni fikrimdən yayındırmağa çalışdı:
-A qızım, evdə yaşlı anan var gözünü sənə dikib, azyaşlı balan var, o da gözün sənə tikib, I Qarabağ müharibəsində yaralanmış, əlil olmuş qazin var, hamısı sənin yükündü , onları qoyub hara gedirsən?.. Elə o qazimizə xidmət etmək. Vətənə xidmətdi...  Məncə, getmə.. Başına bir iş gələr...


-Aqil müəllim onsuzda gedəcəm. Qəti fikrimdi! Amma dedim sizdən icazə alım... İcazə vermirsiniz  ki????


 Aqil müəllim yenə də diqqətlə üzümə baxdı. Yenə də bilmirəm fikrindən nələr keçdi.. Bəlkə də fikirləşdi ki, görən hansı sözü tapıb desəm bu dəli qız qayıdıb evində oturar.  Hiss elədim duruxmasından... Yenə astaca dedim: Onsuzda gedəcəm!
Mənim o pıçıltı ilə dediyim söz deyəsən Aqil müəllimin inadın qıra bildi. Kövrəldi, Kövrəlməyin arasında gülümsədi. Kövrəlməklə gülümsəmək bir-birinə qarışdı:
-Görürəm səni yolundan döndərmək mümkün deyil.. Sabah sənədlər terminala oturacaq , narahat olma.. 
Əlini cibinə salıb, mənə cib xərcliyi də verdi.


“Aha, Aqil Abbası yola gətirdim “  Sevindiyimdən “sağ olun”  deməyi də yaddan çıxartdım. Otaqdan ildırım sürətiynən çıxdım.. Qalırdı ikinci maneə - Anam
Evə gəldim. Çantam hazır idi..  Digər lazımlı şeyləridə yığmalıydım
 Anam : Bala, arvad xeylağısan utanmırsan, gedib girəssən kişilərin içinə... ayıb deyil?(ucadan gülürəm, arvad anlayır ki, birinci variant keçmədi). Bala, səndən başqa balam yoxdu ki, cinazama yiyə dursun..
 - Maa, ölməmişdən əvvəl zəng edərsən xaricdəki qızın gələr..(hamımız gülürük, Və bu variantda keçmədi)
Tam hazıram. Yola çıxıram. Anamın göz yaşlarını görməzdən gəlirəm, Mən görməzdən gəldikcə o səsin ucaldaraq ağlayır. Nənəsinin ağlamasına kövrələn 9 yaşlı  Rəşid də ağlayır. Həyat yoldaşım yəqin ki, müharibənin nə demək olduğunu acı təcrübəsindən  anladığı uçün kövrəlib və susub... 


Qərarım qətidir. Heç nə olmamış kimi hər biri ilə görüşüb, qapıdan çıxıram..  
 Əntiqə Rəşid

 (Ardı olacaq) 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK