"Ədalət"in vaxtı: Qəşəm Nəcəfzadə ilə
Zaman hər kəsi əhatə edib, hər birimizdə öz təsirini qoysa da, ona münasibətimiz, dəyərimiz başqadır – fərdidir. Maraqlıdır ki, bəzən zamana baxışımız öz içimizdən deyil, peşəmizin gözündən süzülür. Aktyor zamanı səhnədən görür, ictimai-siyasi xadim zamana bəşəri problemlərdən yol salır, jurnalist onu hadisələrdə axtarır... şair isə qələminin ucunda – sətirlərə düzdüyü misralarında zamanla çək-çevir edir. Olsun – sənətimiz seçdiyimiz yoldur və mənzil başına aparan sürət isə Əlahəzrət Zamanın özüdür. Bu dəfə zamanı şeirlərdə aradıq, bu axtarışda bizə yardım edən qonağımızı tanıyaq:
Şair Qəşəm Nəcəfzadə - 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.
1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsini
bitirib. Uzun illər orta məktəb və universitetlərdə ədəbiyyat müəllimi işləyib.
Hazırda Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında
poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəridir.
Qəşəm
Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkələrin mətbuat orqanlarında müntəzəm
çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa
dillərə tərcümə edilib. Şairin Azərbaycandan başqa, Hollandiyada ("Eenwording –
Birləşmə” holland dilində, "Sketches of prison – Həbsxana etüdləri” ingilis
dilində – 2007), Tehranda ("Barmaqların öpüşü” fars dilində – 2009), Türkiyədə
("Savaş, ayakkabı, ölüm” – 2008) və Kolumbiyada ispan dillərində kitabları nəşr
olunub.
Şair
uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adına
mükafatına, bundan başqa Beynəlxalq Rəsul Rza Mükafatına
layiq görülüb.
...Və Qəşəm
Nəcəfzadə ilə zaman yolçuluğu:
– Zaman
nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?
– Zaman
poeziyanın bir anlıq ayaq saxladığı yerdir. Mənim bütün şeirlərimdə zaman və məkan
mövzusu var. İstər adicə bir qələmdən, bir yarpaqdan da yazsam, zaman və məkan
anlayışı yaradıcılığımda əsas xətt təşkil edir. Orada zaman dayanır və
zamansızlıq başlayır. Çünki təbiət, insan həyatı elə ən çox zamanla bağlıdır.
Bir dahinin sözü var: "Kim yaşlananda atasına bənzəyirsə, demək qocalır”. Yaxud
bir şeirimdə deyirəm: "Zaman yanımdan elə keçir ki, saqqalımın nə vaxt
bitməyindən xəbərim olmur. Biri mənə söyləyir – niyə bu qədər qocaldın, ay
saqqalı ağarmış?”
"Təqvimdən, tarixdən daha dəqiq şeir zamanı göstərə bilir”
– Niyə
məhz zaman bu qədər sizə ilham verir? Nədir sizi zamanda bu qədər çəkən?
– Zaman, əslində mücərrəd bir anlayışdır. Əgər biz saatın əqrəblərini qarışıq bir tərəfə yönəltsək, onunla da işləyə bilərik. Yaxud təvəllüdümüzü pozsaq, heç nə dəyişməz. Biz zamanı saat əqrəbi, ay və gün tarixləri ilə maddiləşdirmişik. Belə götürəndə, o rəqəmlər olmasa, elə zamansızlıq yaranar. Zamanın əsas göstərici vahidini şeir hesab edirəm. Çünki insanların icad etdiyi təqvimdən, tarixdən daha dəqiq şeir zamanı göstərə bilir. Şeir yazıldığı zamanı bir anlıq tutub saxlayır. Şeirlə bilirsən ki, bunu nə vaxt yaşayıb, nə vaxt yazmısan. Nizami Gəncəvinin bir misrası var: "Min dənə sürünü görsə canavar, yenə də yoxsulun payını çalar” – bu XII əsrdə yazılıb, amma bu gün də aktualdır, min il sonra da öz gerçəkliyini qoruyub saxlayacaq...
– Onda
belə çıxır ki, dəyişən zaman deyil, insanlar və dəblərdir?
– Bəli.
Ona görə də həmişə demişəm ki, bütün şairlərin cəmi-cümlətanı bir kitabı olur.
Onu bölüb 5 də edər, 10 da. Deyək ki, 80 illik ömrüm var və bu həyatımın içində
olub ki, 17 yaşıma da qaçmışam, 80-dən də yazmışam. Mənim bu yaş içində oyan-buyana
getməyim zaman içində gəzintimdir, 80 isə son – finiş xəttimdir. Olub ki,
qocalıq şeirlərimi indidən yazmışam.
– Yeri
gəlmişkən, insanın onu əhatə edən zamandan başqa bir daxili zamanı da olur. O
daxili zamanda siz hardasınız, hansı yaşdasınız?
– Onu
dəqiq bilmirəm. Bircə onu bilirəm ki, şeirlərimdə dəyişirəm, istədiyim yaşda
oluram. Məsələn mən, sevəndə ayrılıq şeirləri yazmışam, ayrılanda isə sevgi
şeirləri... Bax elə bu, ömür içində zaman yolçuluğumdur. Ola bilsin ki,
sevərkən bəri başdan ayrılığı görmüşəm.
"Zamanı çərçivəyə salıb, onun əsirinə çevrilmişik”
– Yəni
zamanı qabaqlayırsınız...
– Bəlkə də... Ayrılığın xofundan da irəli gələ
bilər. Ayrılığı duyub 10 il öncədən onun şeirini yazmışam. Ona görə az öncə
qeyd etdim ki, poeziya zaman anlayışı ilə sıx bağlıdır. Mənə elə gəlir ki,
harda şair varsa, onun şeirləri irfandır. Çünki bütün insanlar haradansa qopub
gəlib. İnsan dünyaya çatanda nadanlaşır, o, yalnız gəldiyi yerdə kamildir. Bu, bütün dinlərə mənsub şairlərdə belədir, mövzu həmişə bu olub. Sadəcə,
tədqiqatçılar poeziyanı, irfana, sürrealizmə, modernizmə, postmodernizmə
bölürlər. Amma bütün məqamlarda ədəbiyyatın bir hədəfi var: yaxşı yazmaq.
Zamanı təhlil edəndə, öyrənəndə çox məsələlər üzə çıxır. Biz özümüz zamanı çərçivəyə
salıb, onun əsirinə çevrilmişik...
– Bəlkə
zamanı yaratmaqla onu idarə edəcəyimiz düşünmüşük?
– Vaxt
ölçüsü iş, həyat qrafiki üçündür. İnsan vaxtı idarə edə bilər, zamanı yox. Məsələn, günün bir tarixini çərçivəyə salmışıq.
O zamanın məngənəsindən bizi Allah və şeir çıxarda bilər. Təəssüf ki, biz
özümüz bu çərçivəni yaratmışıq: təvəllüdlərimizlə, iş qrafikimizlə,
hətta şeirlərimizin altına yazılan tarixlə... Zaman anlayışını məhbəsə salmaqla
özümüzü dustaq etmişik. Xətib Təbrizi deyir: "Ey ölüm, gəl, həyat bizi
öldürdü”. Bizim düşmənimiz, ölüm yox, əslində həyatdır. Ona görə deyirəm ki,
insanı zaman dustaqlığından şeir çıxarır. Məhz şeirdə insanın öz aləmi, öz zamanı olur. İstədiyi yaşa gedə bilir.
Məsələn, mən şeir yazmaqla bütün zaman ölçülərini qırıram,
zamanın üzərindən uçuram, şəxsiyyət vəsiqəmdən doğum tariximi pozuram və s. Biz təkcə zamanı deyil, ədəbiyyatı da çərçivəyə
salırıq. Hər şeyi müqəddəsləşdirməyə çalışırıq. Bu Sovet ideologiyasından qalma
bir şeydir.
– Niyə
Sovet ideologiyasına bu qədər qarşısınız ki? Həmin zamanda yaşamamısınız? Siz
ki Sovet ədəbiyyatının bəhrəsiniz?
– Mən
1978-ci ildən çap olunuram, amma bir dənə də olsun Leninə, Partiyaya aid şeirim
yoxdur. Bu günə kimi 27 kitabım çıxıb. Lakin heç birinə ön söz yazılmayıb.
Sonuncu kitabda Vaqif Yusifli "Kaspi” qəzetində məqalə yazmışdı və onu götürüb
kitaba yerləşdirmişəm. Orada da müəllif məni tənqid etdiyi üçün ondan istifadə
etmişəm. Dediyim odur ki, sovet dövründə yaşasam da o ideologiyanın əksini
düşünmüşəm.
– İdeologiyası
bir-birindən kəskin fərqlənən
ayrı-ayrı
zamanları yaşayıb görmüsünüz. Hansı zamanda yazmaq sizə daha rahat olub?
– İndi.
Təbii ki, bu dövrdə fikirlərimi daha rahat ifadə edirəm. Amma yenə də tam
şəkildə deyil. Mənim indi də çap problemim var. Baxmayaraq ki, əksəriyyəti bunu
danır, amma bu var. Yazanda da, müsahibə verəndə də bu problemlə rastlaşıram.
İnkubator cücələri kimi bir-birinə bənzəyən cümlələri işlətməyə nə var! Əlbəttə
təntənəli cümlələri çap edəcəklər. Bu axı çap deyil! Çap odur ki, mənim dediyim
sözləri olduğu kimi versinlər,
təəssüf ki verilmir...
"Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir”
– Çünki
hər şey bir-birinə zəncirvari şəkildə bağlıdır, əlavə problem özü də məngənədir...
– Elə
ona görə də deyirəm ki, bu zəncirin buxovlarından yalnız şeirdə azad olmaq
olar. Mənim belə bir şeirim vardı. Ona çoxları irad tuturdular:
Atam
nəvələri ilə domino oynayır,
Nəvələri
əl çalır, babalarının uduzmağına.
Anam sağ
olsaydı, atam domino oynamazdı,
Oynasaydı
da, uduzmazdı...
Və
yaxud:
Gəlinləri
nahara səsləyir atam,
Atam
tələsir...
Bu
səsləməklə, tələsmək arasında elə bir zaman yerləşir ki, onun özü şeirdir. Atam
ona görə tələsir ki, gec dursa, gəlinləri süfrəni yığışdıracaq. Bax, zaman
burda gizlənib. Adamlar düşünür ki, şeir misraları elə rəngarəng, biçimli,
gurultulu olmalıdır. Şeir misraların, fikirlərin arasında qoyulan boş
zamandadır. Təntənəli şeir gözləyən auditoriya buradakı gizli zamanı ayaqlayıb
keçəcək, onu anlamayacaq. Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir.
Poeziya da paralel zamanlarda, onların assosiasiyalarında yaranır. Sahil bağında
o tərəfə gedən qızla, eyni istiqamətdə yolu qayıdan oğlan yuxarıdan baxanda
paraleldir, qafiyədir.
– Şeirdə
o zamanlamanı tuta bilirsiniz, bəs həyatda necə?
– Məncə tuta bilirəm. Düzdür, vaxtla uzlaşmağı sevmirəm. Heç nəyi qəlibə salmıram. Mən hadisəyə doğru getmirəm, hadisə mənə doğru gəlir. Amma bəzən deyirlər ki, şairlər çox sadəlövh olurlar. Amma şəxsən bu, mənə aid deyil. Məni heç kim aldada bilməz, çünki həyatın hər üzünü bilirəm, çox çirkinliklərini görmüşəm. Heç özüm də saf, müqəddəs adam deyiləm. Həyatı da olduğu kimi qəbul edirəm. Ürəkdən kin-küdurəti çıxaraq: tam məhəbbətlə də yaşamaq olmur axı! İnsan orqanizmi tam oksigenlə yaşaya bilməz, oksigen bolluğunda ölə bilər. Həm də ağaclara da karbon qazı lazımdır... Çirkinlik olmasa, gözəlliyi duymarıq, pislik olmasa, yaxşılığın qədrini bilmərik. Bunlar həyatın paralelləridir. Bunu duymaqla həyatı, zamanı duyursan.
– Sizcə,
bu zəmanənin adamısınız?
– Bəli,
mən zəmanəmin adamıyam. Eyni zamanda, yaşadığım zəmanənin çərçivələrindən çıxa
bilirəm.
– Vaxtla bağlı insanlara nə tövsiyə edirsiniz?
–
Ürəkləri istədiyi kimi yaşasınlar, özlərini qəlibə salmasınlar. Heç nəyin də
dalınca qaçmasınlar, baş verən onsuz da olacaq.
Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.
Şəfiqə Şəfa