GÜNƏŞİ ÖRTSƏ DƏ QARA BULUDLAR, YENƏ GÜNƏŞ ADLI BİR QÜDRƏTİ VAR - Aqil ABBAS yazır

AQİL ABBAS
1275 | 2024-04-17 18:12

Saytların birində «Qarabağ»ın «Sabah»a uduzduğu  oyun haqqında bir yazı gedib. Müəllif Azərbaycan futbolunun  ağırlığını  çiynində daşıyan, «Qarabağ»ı Avropanın «Top 50»liyinə salan, şöhrəti təkcə Avropada  yox, dünyada yayılan Qurban Qurbanov haqqında  ağlına və ağzına gələn nə var yazıb və Qurban Xocaya  xeyli böhtan atıb. Az qala müstəntiq  kimi Xocanı ittiham edib.

Jurnalistdi, azad mətbuatdı öz subyektiv  fikirlərini  yazıb, özü də həqiqətdən  çox uzaq. Bu yazı da  sosial  şəbəkələrdə paylaşılıb. 
Yazını  qoyuram  bir  kənara, altında trollar  tökülüşüb, özü də saysız-hesabsız və bu dəfə  onlar ağıllarına  gələni yox, ağızlarına  gələni yazıb. Özü də  təkcə böhtan yox, təhqir də ediblər.

Futbol  belə şeydi də, dünən  çiynində gəzdirdiklərini   sabah ayaqlarının altına atıb  tapdalaya bilərlər. Amma kimi – Qurban Qurbanovu?  Çempionatın  qurtarmağına 8 tur qalmış Ölkə çempionu  titulunu  qazanan bir  məşqçini? 10 nəfərlə  «Bayer»in  qapısına iki top vuran bir komandanın məşqçisini? Vay dədəm, vay, ölkədə nə qədər futbol «dahisi» varmış?! 

Dahi dedim yadıma bir hadisə düşdü. Bir dəfə  «Qarabağ» hansısa bir komanda ilə oynayırdı. Vaqif Cavadovun  da  ulduz vaxtları idi.  Şərəf tribunasında  oturub oyunu izləyirdik. Vaqifin atası, rəhmətlik Füzuli  Cavadovla da yan-yana oturmuşduq. Yan-yörəmizdə oturanlar Vaqifin  oyununu  bərk  tənqid edirdilər. 

- Ötürməni düz vermədi.

- Topu gecikdirdi.

- Topa çatmadı. 

Və sair və ilaxır. Füzuli  müəllim axırda dözmədi, durdu ayağa, dedi:

- Burdakıların  hamısı  futbol dahisi imiş ki!

Və sonra oyunu  yarımçıq  tərk edib getdi. 

İndi maşallah, Azərbaycanda hamı futbol dahisidi. Mən inanmıram belə yazılar  və yazının  altındakı mənasız şərhlər Qurban Qurbanovu  çilədən çıxara. 

Allah ona futbol istedadından  başqa güclü səbr və təmkin verib. 

Qurban Xoca futbolumuzun günəşidi, nə qədər trollar qara bulud kimi bu günəşi örtmək  istəsələr də Qurban Xoca qüdrətini  özündə  saxlar. 
 

TƏQVİM / ARXİV