Kosmonavtika günündə görüş

MEHMAN CAVADOĞLU
991 | 2022-04-12 17:08

Bu gün Rusiyanın Amur vilayətindəki “Vostoçnıy” kosmodromunda Rusiya və Ukrayna prezidentlərinin görüşü olacaq. Görüşün vaxtı və yerindən də məlumdur ki, iki ölkə lideri heç də dövlət əhəmiyyətli hansısa ciddi məsələlərin müzakirəsindən ötrü yox, dar gündə bir-birlərinə hayan olmaq naminə bir araya gəlirlər. Belə bir qarşılıqlı dəstək və təsəlli görüşü üçünsə 12 apreldən daha uğurlu bir gün tapmaq çox çətin idi. 12 aprel “Benəlxalq Aviasiya və Kosmonavtika Günü” olsa da, üstəlik, kosmosun fəthi nə vaxtsa “qardaş sovet xalqlarının” birgə qazandığı cahanşümul tarixi qələbə sayılsa da, ruslar onun daha çox öz milli bayramları olduğunu iddia edirlər və insafən, həmin iddialarında o qədər də yanılmırlar.

Bu liderlər sonuncu dəfə martın 11-də görüşmüş və Lukaşenkonun dediyinə görə həmin görüşdə Putin ona Ukraynayla aparılan danışıqlarda əldə edilən müsbət gəlişmələr barədə məlumat vermişdi. Düzdür, o vaxtdan düz bir ay keçməsinə baxmayaraq hələ ki bu gəlişmələrin konkret olaraq nədən ibarət olmasını bilən bir kimsə yoxdur. Yeganə gəlişmə rus qoşunlarının Kiyev istiqamətindəki mövqelərini tərk etməsi və bütün gücünü Donbas istiqamətinə cəmləşdirməsindən ibarətdir ki, bunu da sözü gedən danışıqların nətcəsi və yaxud Rusiyanın “humanist” jesti saymaq nadanlıqdan başqa bir şey deyil.

Artıq bu müharibənin necə bitəcəyindən, Donbasdakı işğal xəritəsinin nə boyda böyüyəcəyindən asılı olmayaraq ruslar, xüsusilə onun başbilənləri və elitası öz tarixlərinin ən ağır məğlubiyyətlərindən biriylə üzləşdiklərinin, necə deyərlər, yaman yerdə axşamladıqlarının fərqindədirlər. Bu müharibə rus ordusunun paxırını açdı. Gah qardaş, gah satellit saydığı bir ölkədən aldığı ağır zərbə göstərdi ki, az qala bir əsrdir dünyanı vahimə altında saxlayan bu ordu güman edildiyi qədər də məğlubedilməz deyilmiş. Üç günə Lvova çatacaqlarını bəyan edənlər ay yarımdır ki, Ukrayna sərhədləri boyu ora-bura vurnuxmaqdan gic günə qalıblar. Hələ ki hər şey klassik rus üslubunda cərəyan eləyir – ortada “qardaş xalqın” başına yağdırılan bombalardan, dinc insanların kütləvi qətliamlarından, raket zərbələriylə xaraba qoyulmuş yaşayış məntəqələrindən başqa hər hansı bir “uğur” yoxdu.

Daha qorxulu hadisələrsə hələ qabaqdadır. Çünki yeni ərazi işğalı artıq siyasi ambisiya söhbəti deyil, “olum, ya olum” məsələsidir və Putin nəyin bahasına olursa-olsun Ukraynadan bir çəngə də olsa torpaq qoparmadan sakitləşməyəcək. Bu torpaq ona bir tərəfdən Ukrayna davasında itirdiyi şəxsi simasını, digər tərəfdənsə rus ordusunun Ukrayna çöllərinə gömülmüş nüfuzunu bərpa eləmək üçün lazımdır. Əks təqdirdə yuxarıda da dediyimiz kimi paxırı açılmış “üstü bəzək, içi təzək” bir orduyla bundan sonra dünyanı daimi qorxu və şantaj altında saxlamaq xeyli çətin olacaq.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzünün arxasında əsasən aşağıdakı siyasi-ideoloji tezislər dayanırdı: Ukrayna NATO-ya üzvlükdən imtina eləməli və neytral statusa malik olmalı, rus dili ölkədə ikinci dövlət dili elan edilməli, Krım Rusiya ərazisi kimi, qondarma DXR və LXR isə müstəqil dövlətlər kimi tanınmalı, nəhayət, ölkə “denasifikasiyalaşmalı və demilitarizasiyaşmalıdır”. Bu sonuncu tələb ultra-millətçi, nasist və neonasist partiya və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsini, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların(?) ləğvini və istənilən hücum silahlarından tamamilə imtina olunmasını nəzərdə tutur. Hərçənd, bu gün “denasifikasiyalaşma və demilitarizasiya” hava və su kimi rus cəmiyyətinin özünə hamıdan qat-qat çox lazımdır. Bu fikrin həqiqət olduğunu sübut eləmək üçün çox da baş sındırmağa ehtiyac yoxdur, ölkədəki federal telekanalların ötəri monitorinqini aparmaq kifayətdir.

Bütün bu sadalananlar əslində səbəb yox, bəhanəydi. Ukraynanı işğal cəhdinin arxasında tamam başqa niyyət gizlənirdi. Hələ ilyarım bundan əvvəl Putin “Rusların və ukraynalıların tarixi birliyi” adlı geniş bir elmi-nəzəri və bədii-publisstik yazıyla çıxış eləyərək rusların, ukraynalıların və belarusların bir-birlərinə digər slavyan xalqlarınıdan daha yaxın, hətta vahid xalq olduqlarını sübut eləməyə çalışmış, onları eyni ağacın üç budağı adlandırmışdı. Bu barədə vaxtilə ətraflı söhbət açdığımıza görə məsələnin təfərrüatına varmağa ehtiyac olmasa da, bir məsələni vurğulamadan ötüşmək mümkün deyil. Ucuz ideoloji məramnamədən başqa bir şey olmadığı hər sətindən duyulan həmin məqalənin yazılmasında yeganə məqsəd Ukraynanın gələcək ilhaqına ideoloyi zəmin hazırlamaq idi. Yəni, Putin bir prezident və silahlı qüvvələrin ali baş komandanı kimi təkcə Ukraynada törədilmiş faciələrin, dağıntı və qətliamların hərbi-siyasi rəhbəri və təşkilatçısı deyil, həm də bütün bu proseslərin əsas ideoloqudur.

Tarixin ironiyası ondan ibarətdir ki, vaxtilə SSRİ adlı nəhəng bir imperiyanın parçalanmasında və dağılmasında ən həlledici rolu məhz sözü gedən həmin üç slavyan respublikası oynadı, onların rəhbərlərinin 1991-ci ilin dekabrında Belarusun Beloveş meşəsində imzaladıqları bir sazişlə imperiyanın tabutuna son mismarlar vuruldu. İndi də Putin məhz həmin üç respublikanın iştirakıyla əks proses başlamaq niyyətindədi. Belarus bundan ötrü çoxdan yetişsə də, Ukrayna kal armud olub ilişib qalmışdı, üstəlik, bu azmış kimi illər ötdükcə ənənəvi olaraq Rusiyanın beşinci kolonu sayılan Şərqi Ukrayna vilayətlərinin rusdilli əhalisi də Moskvadan ötrü getdikcə daha əlçatmaz olur, azad və demokratik Ukraynada özlərini daha rahat və qorxusuz hiss edirdilər. Vur-tut 7-8 il əvvəl bir həmləylə alınan və işğalçıya qucaq açan həmin regionlar bu dəfə Ukrayna milli müqavimətinin simvoluna çevrildi ki, bunu da son vaxtlar dünyanın hər tərəfində yaz yağışından sonrakı göbələklər kimi çoxalan demokratiya bədxahlarının sifətinə vurulan tərs şapalaq saymaq olar.

Bir vaxtlar SSRİ-nin parçalanmasında əsas rol oynayan Belarus indi Rusiyanın ən yaxın müttəfiqinə çevrilib. Qorxu ucbatından zorən müttəfiqlik libasına bürünmüş ölkəri nəzərə almasaq, həqiqi müttəfiqlərin sayının sıfıra yaxınlaşdığı bir vaxtda bunun özü də Putindən ötrü böyük jestdir. Lukaşenkonun 30 ilə yaxındır davam eləyən hakimiyyəti dövründə Belarus-Rusiya münasibətləri heç də həmişə yaxşı olmayıb. Yeltsinin xəstəliyinin gücləndiyi vaxtlarda iki ölkənin vahid dövlət halında birləşməsinin alovlu təbliğatçısına çevrilmiş “batka”nın oxu daşa dəydikdən sonra onun Rusiyayla münasibətlər daim ziqzaqlı xətt üzrə inkişaf eləyib. Tez-tez açıq qarşıdurma fazasına keçən bu münasibətlər bəzən o dərəcədə pozulurdu ki, Lukaşenko öz şimal qonşusunun ünvanına od püskürməkdən belə çəkinmir, marığa yatmış Qərb də Minskə yönəlik bütün umu-küsülərini və öz təməl prinsiplərini dərhal bir tərəfə tullayaraq Belarusdan anti-Rusiya platforması kimi istifadə eləməkdən ötrü ona qucaq açırdı.

Sonuncu prezident seçkiləri bütün bu manevrlərin üstündən birdəfəlik xətt çəkdi. Həm daxili, həm də xarici təzyiqlər elə miqyas aldı ki, artıq öz impulisiv hərəkətləri və senzurasız leksikasıyla qəddar idarəçilik üsullarına rəng qatıb çulunu sudan çıxardan əvvəlki Lukaşenkodan heç bir əsər-əlamət qalmadı. Onun Putinlə indiki münasibətlərisə dünya birliyi tərəfindən dışlanmış iki tənha liderin zorən dostluğundan başqa bir şey deyil.

Hələ Ukrayna müharibəsi ərəfəsində Rusiya ilə Belarus intensiv olaraq birgə hərbi təlimlər keçirdirdilər. Bəzi ekspertlər həmin təlimlərin Ukraynayla müharibəyə hazırlıq xarakteri daşıdığını söyləsələr də, buna inanlar az idi. Ümumiyyətlə, ən bərk gedən dövlət xadimləri və siyasi ekspertlərdən tutmuş sıravi obıvatelə qədər çox az adam Rusiyanın Ukraynaya hücum edəcəyinə inanırdı. Ola bilsin ki, heç mətbəxin tən ortasında olan “batka”nın özü də inanmırmış.

Hərbi müdaxilə başlayan gündən çoxları tezliklə Belarusun da bu müharibəyə qoşulacağı qənaətindəydi. Təbii ki, Rusiya tərəfindən. Lakin müharibə öncəsi intensiv olaraq keçirilən birgə hərbi təlimlərə rəğmən hələ ki bir belarus əsgəri də Ukrayna torpağına ayaq basmayıb. Hərçənd, bu hələ Belarusun müharibədə iştirak etməməsi anlamına gəlmir. İndi onun ərazisi Rusiyanın bütün manevrləri üçün açıqdır və Kreml bu coğrafi üstünlükdən həm canlı qüvvənin dislokasiyası və qruplaşması prosesində, həm də hərbi-texniki vasitələrin yerləşdirilməsi və idarə edilməsində geninə-boluna yararlanır. Ona görə də Ukrayna rəsmiləri haqlı olaraq bunu Belarusun müharibədə birbaşa iştirakı kimi dəyərləndirirlər.

Belarusun müharibəyə birbaşa qoşulmaması Lukaşenkonun tərəddüdləriylə bağlıdı. Son seçkilərdən sonra təkcə legitimliyini yox, həm də əvvəlki qətiyyətini itirmiş Belarus liderinin orduya etibarı yoxdur. Hazırda Ukrayna cəbhəsinə göndərilən Belarus əsgərindən istənilən sürpriz gözləmək mümkündür. O nəinki sərhəddi keçən kimi silahı yerə qoya bilər, hətta tam fərqli cəbhədə, konkret desək, Rusiyaya qarşı vuruşa bilər. Ordunun, eləcə də rəhbərlik etdiyi cəmiyyətin hazırkı ovqatını, onun həm Ukrayna müharibəsinə, həm də Belarus prezidentinə qarşı olduğunu kim bilməsə də son seçkilərdən sonra hətta “qardaş” rus mətbuatının da tez-tez formal prezident adlandırdığı “batka”nın özü yaxşı bilir.

Belarus xalqı Ukraynanın yanında olduğunu hər fürsətdə nümayiş etdirir. Məsələn, bu günlərdə ölkə dəmiryolçuları rels şkaflarını qəsddən yandıraraq hərbi texnika və avadanlıq daşıyan qatarların hərəkətini faktiki olaraq iflic etmişdilər. Daha bir faktsa bilavasitə müharibədə iştirakla bağlıdır. Hazırda etnik belaruslardan təşkil olunmuş, XİX əsrin məşhur inqilabçı-demokratı Kastus Kalinovskinin adını daşıyan xüsusi batalyon Ukrayna ordusunun sıralarında ruslara qarşı döyüşür.

***

Günün birinci yarısında Rusiyaya səfəri başlamış Lukaşenkonun yazının bitdiyi dəqiqələrdə Putinlə birgə mətbuat konfransı başlamalıydı. Bu mətbuat konfransı Ukrayna müharibəsinin getdiyi ayyarım ərzində Putinin jurnalistlərlə ilk birbaşa ünsiyyəti olsa da, orda hansısa yeni fikir-zad səslənəsi deyil. Çünki görüşün heç bir hərbi-siyasi, sosial-iqtisadi və geopolitik gündəliyi yoxdur. Putin hələ ki, növbəti qürubunu yaşayan imperiya üçün keçirdiyi nostalji hisslərin təsirindən çıxa bilmir. Hətta Kosmanavtika günü kimi möhtəşəm bir təqvim də onun Ukrayna məğlubuyyətindən doğan yanğısını söndürmək iqtidarında deyil.

M. Cavadoğlu

TƏQVİM / ARXİV