Azərbaycan üçbucağı

MEHMAN CAVADOĞLU
3406 | 2022-03-15 11:45

Keçən həftənin sonlarında Azərbaycanla İran arasında hər iki ölkənin həyatında və bütövlükdə regionun gələcək geopolitik durumunda yeni perspektivlər açan tarixi bir razılıq əldə olundu. İqtisadi, ticari və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə dövlət komissiyasının Bakı şəhərində keçirilən növbəti 15-ci iclasında Baş nazirin müavini Şahin Mustafayevlə İranın Yol və Şəhərlərin inkişafı naziri Rüstəm Qasimi yeni bir nəqliyyat dəhlizinin yaradılması haqqında memorandum imzaladılar ki, bunu ölkələrarası münasibətləri həm rəsmi, həm də faktiki olaraq strateji müttəfiqlik səviyyəsinə qaldıran mühüm hadisə saymaq olar. Şərqi Zəngəzur iqtisadi regionuyla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək həmin dəhliz Zəngilan rayonundan İran ərazisi vasitəsiylə Ordubada kimi uzanacaq. Bu məqsədlə Araz çayının hər iki rayonun ərazisindən keçən hissəsində ikisi qatarların, ikisi də avtomobillərin hərəkəti üçün nəzərdə tutulan dörd körpü salınacaq.

30 illik müstəqillik dönəmində bizim eyni mental, əhalisinin az qala yarısıylasa eyni etnik köklərə malik olduğumuz cənub qonşumuzla münasibətlərimiz heç də hamar olmayıb, ən müxtəlif səviyyələrdə söylənilən qardaşlıq nağıllarına baxmayaraq, daimi gərginliklə müşahidə edilib. Təsadüfi deyil ki, 44 günlük müharibənin getdiyi dövr də daxil bütün bu illər ərzində Azərbaycanın “ərazi bütövlüyünü dəstəkləməklə” bağlı saysız-hesabsız şablon bəyanatlar səsləndirən rəsmi Tehran sonda yenə də öz “din və məzhəb qardaşları”nın tarixi zəfərini sinirə bilmədi, hər fürsətdə öz hikkəsini nümayiş etdirirməkdən, sözdə bir, əməldə başqa davranış sərgiləməkdən çəkinmədi. İşğal altında olan Azərbaycan ərazilərindəki maddi-mənəvi sərvətlərin yağmalanması prosesində Ermənistanla çiyin-çiyinə hərəkət eləməksə bir ayrı söhbətin mövzusudur.

Müharibədən sonrakı aylarda onun dildə qardaş adlandırdığı ölkəyə qarşı yeritdiyi aqressiv siyasət öz pik nöqtəsinə çatdı. Hərbi təlimlər vasitəsilə hədə-qorxu gəlmək səviyyəsinə qədər yüksələn isterik davranışların, Azərbaycana qarşı regionun əsas güc sahibiylə anlaşmaq üçün göstərilən uğursuz diplomatik vurnuxmaların qızdırması hələ də keçməyib. Həmin vaxt rəsmi Bakının da ritorikası yüz səksən dərəcə dəyişdi və o öz cənub qonşusuna qarşı yeritdiyi 30 illik ölçülü-biçili siyasətə son qoyaraq, “ən yaxşı müdafiə hücumdur” taktikasını seçməyə məcbur oldu. Yalnız bundan sonra gərginlik sürətlə azaldı və qısa müddətdə sıx əməkdaşlıq istiqamətində mühüm addımlar atıldı.

İndi iki ölkə prezidentinin Aşqabad görüşündə əldə olunmuş uğurlu ticari razılaşmaların ardınca gözlənilmədən dəhliz söhbətinin də üzə çıxması artıq münasibətlərin həqiqətən ciddi mərhələyə daxil olmasının əlamətidir. “Dəhliz diplomatiyası” İran-Azərbaycan münasibətlərində təzə məsələ deyil. Bu iki ölkə arasında hələ neçə ildir ki, “Şimal-Cənub” dəhliziylə bağlı infrastrukturların yaradılması istiqamətində çox ciddi əməkdaşlıq mövcuddur. Azərbaycan həmin layihənin gerçəkləşdirilməsi üçün vaxtilə İrana konkret maliyyə dəstəyi də göstərmiş, artıq yekunlaşmaq mərhələsində olan Astara-Rəşt dəmir yolunun tikintisi üçün 500 milyon dollar kredit də ayırmışdı.

Bütün bunlara baxmayaraq İranın nə vaxtsa öz ərazisindən Azərbaycanla Naxçıvanı və Türkiyəni birləşdirəcək bir dəhlizin yaranmasına razılıq verəcəyi ağlabatan görünmürdü. Onun Ermənistanla isti, Türkiyəylə soyuq, Azərbaycanlasa mövsümi münasibətləri bunu apriori mümkünsüz edirdi. Bir sözlə, İran kimi siyasi ambisiyaların əsiri olan bir dövlətin belə gözlənilməz addım atması sözün həqiqi mənasında sürpriz oldu.

Başqa sürprizsə mühüm tarixi əhəmiyyət kəsb eləyən bu hadisənin imza gününə kimi gizli saxlanması və yaxın-uzaq hamını qəfil yaxalamasıydı. Onu da xatırladaq ki, dünyanın başı Rusiya-Ukrayna müharibəsinə qarışdığı üçün hələlik beynəlxalq birliyinin bu anlaşmaya adekvat və qeyri-adekvat reaksiyası da geçikməkdədir. Təbii ki, hələlik.

Belə ciddi layihələr nə qədər iqtisadi amillərlə pərdələnsə də, daha çox siyasi-geopolitik hadisədir və birincidən fərqli olaraq ikincinin gəlir-çıxarını hesablamaq xeyli çətindir. Bu baxımdan layihənin hətta hipotetik olaraq iqtisadi gözləntiləri doğrultmayacağını nəzərə alsaq belə

Azərbaycanın bu prosesdəki uduşu danılmazdır. Bununla rəsmi Bakı Naxçıvana yeganə, Türkiyəyəsə daha bir alternativ çıxış əldə edəcək. Elə vaxtilə bolşevik Rusiyasının Qərbi Zəngəzuru Ermənistana verməkdə əsas məqsədi də Azərbaycanla Türkiyəni ortaq sərhəddən məhrum eləmək idi.

Məlumdur ki, Azərbaycanla onun ekslavı olan Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xəttlərinin açılması 44 günlük müharibənin sonunda imzalanmış birgə bəyanatda da nəzərdə tutulmuşdu. Ancaq həmin bəyanatın bir sıra başqa müddəaları kimi buna da indiyədək əməl olunmayıb. Düzdür, həmin o “bir sıra başqa müddəalar”dan, məsələn, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” müddəasından fərqli olaraq Zəngəzur dəhlizinin açılmasıyla bağlı bəndin icrasında rəsmi Moskvanın özü də maraqlıdı. Çünki bu bir tərəfdən Kremllə Anqaranın son illər getdikcə dərinləşən iqtisadi əlaqələrinin daha da inkişafına səbəb olacaq, digər tərəfdənsə Rusiyanın idarəçiliyində olan Ermənistan dəmir yolunun zərərlə işləməsinin qarşısını alacaq. Ancaq bütün bunlara rəğmən Üçtərəfli bəyanatdan keçən müddət ərzində baş verənləri diqqətlə incələyəndə məlum olur ki, onun buna sadəcə gücü çatmırdı. Putin, sadəcə olaraq, Paşinyanın çevik manevrlərinin əlində girinc günə qalmışdı.

Xatırladaq ki, Ukrayna avantürasından sonra total şəkildə küncə qısnanan Kreml üçün bu cür nəfəsliklərin əhəmiyyəti birə on qat artacaq. Əgər Putin Ukrayna böhranından başını və postunu tam itirməmiş çıxa bilsə Zəngəzur dəhlizinin açılmasında israr edəcək və bundan ötrü Yerevana ciddi təzyiqlər göstərəcək. Yerevanın həmin təzliqlərə duruş gətirmək imkanlarısa müharibədən sonrakı Putinin gücünə adekvat olacaq. Hərçənd, həmin dəhlizin açılması təbii mühasirə şəraitində olan Ermənistan qədər heç kimə sərfəli deyil. Ancaq ermənilərin, xüsusilə onun elitasının düşkün təbiətindən, aşırı millətçilik mərəzindən yoğrulmuş xəstəhal xisləti bunun gerçəkləşməsinə heç cür imkan verməyəcək.

Bəzi rus ekspertləri ölkəsinin və imzasının şərəfini öz satellitindən belə qoruya bilməyən prezidentlərinin zədələnmiş imicini xilas eləmək üçün ortalığa belə bir tezis atıblar ki, İrandan keçən dəhliz Zəngəzur dəhlizinə alternativ olsa da onu əvəz eləmir, odur ki, Zəngəzur yolu mütləq açılacaq. Bu “alternativ olsa da, əvəz eləmir” kəlamındakı məntiqsizlyi qoyaq bir kənara, heç olmasa təxmini də olsa bilmək olarmı nə vaxt açılacaq? Təəssüf ki, bu sualın cavabı hələlik heç kimə məlum deyil. Üstəlik, Tehranla son anlaşma daha bir cavabsız sualı da aktuallaşdırdı: “hansı pulla?” Ermənistanın yoxudu, olsa da verən deyil, Rusiyanın başı öz hayında, Azərbaycana da artıq bir dəhliz kifayət edir.

Bundan sonra biz Laçın dəhlizinin ləğvinə köklənməli, ən azından intensiv olaraq bu məsələni həm Rusiya, həm də Qərblə bütün səviyyələrdə gedən müzakirə və danışıqların predmetinə çevirməliyik. Düzdür, Üçtərəfli bəyanatda Laçın dəhlizinin statusu birbaşa kommunikasiya məsələsinə bağlanmır. Amma ortada bəyanatın əməl olunmayan başqa bəndləri varsa, qoy onda biri də artıq olsun. Nəticəsindən asılı olmayaraq hər fürsətdə bu tələblə üstlərinə gedib ürək bulandırmaq, kürklərinə birə salmaq lazımdır. Katonun Karfagen məhv edilməlidir ritorikasın uyğun olaraq Laçın dəhlizi ləğv olunmalıdır şüarı bütün səviyyələrdəki görüş və müzakirələrin leytmotivinə çevrilməlidir. Divin canı şüşədə oduğu kimi erməninin də canı həmin dəhlizdədir.

Rusiya-Ukrayna müharibəsi artıq elə bir qeyri-müəyyən mərhələyə qədəm qoyub ki, prosesin bundan sonra necə inkişaf edəcəyini və hansı sonluqla bitəcəyini proqnozlaşdırmaq çox çətindir. Hazırda Rusiya da öz başının hayındadır. Putinin sönmək bilməyən imperiya ehtirasları bu ölkəni çıxılmaz quyunun dibinə saldı, onu nə irəli, nə də geriyə yolu qalan dar dalana dirədi. Janrın tələbləri baxımından indi o növbəti çalxalanmalar və böyük sarsıntılar ərəfəsində olmalıdır. Hərçənd, tarixi təcrübə göstərir ki, bu ölkədə permanent olaraq baş verən hər belə çalxalanma və sarsıntıdan sonra dünya daha qəddar bir Rusiya ilə üzbəüz qalır.

Odur ki, belə həssas bir dönəmdə hadisələrin bütün inkişaf variantlarına, ən əsasısa, post müharibə dövrünün Rusiyaya gətirəcəyi xaosa və ya daha sərt diktatura rejiminə hazır olmalıyıq. Qarabağdakı bəzi yarımçıq işlərimizin tamamlanması üçün sayıqlığımızı qorumalı, bütün fürsətləri məqamında dəyərləndirməyə hazır olmalıyıq.

P.S. Yeni nəqliyyat dəhlizinin marşrutunasa həm də mistika kimi yanaşmaq lazımdır. Biz faktiki olaraq Azərbaycan ərazisindən Azərbaycan ərazisi vasitəsiylə Azərbaycan ərazisinə gedəcəyik ki, belə möhtəşəm Azərbaycan üçbucağının gətirdiyi mənəvi təsəlli hər cür maliyyə-iqtisadi mənfəətlərdən qat-qat önəmlidir. Çünki bu üçbucaq gələcək birliyin müjdəsi də ola bilər.

M. Cavadoğlu

TƏQVİM / ARXİV