adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Diplomatik gərginlik yaratmaq fərasəti

MEHMAN CAVADOĞLU
1432 | 2021-12-21 17:25

Ötən həftənin sonuncu iş günündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında biri ABŞ-a, digərisə NATO-ya ünvanlanan və Şimali Atlantika blokunun genişləndirilməsi və Rusiyanın təhlükəsizlik təminatıyla bağlı rəsmi Moskvanın tələblərini əks etdirən iki mühüm sənədin dərc olunması Qərbin dövlət xadimləri, siyasətçiləri və ekspertlərinin çox sərt təpkiləriylə üzləşdi. Bu sənədlər rusların öz təşəbbüsüylə həm NATO, həm də ayrıca ABŞ-la imzalanmaq üçün hazırlanmış müqaviləlayihələriydi və ABŞ Dövlət Katibinin Moskvada səfərdə olan köməkçisi Karen Donfridə saytda yerləşdirilməmişdən vur-tut iki gün əvvəl, yəni dekabrın 15-də təqdim olunmuşdu. Görəsən, xanım Donfridin həmin sənədləri öz ünvanlarına çatdırıb-çatdırmamasıhaqqında məlumat çıxmamış, necə deyərlər, məktub hələ yetişməmiş, yetişsə belə orda yazılanlarla ən azından ötəri tanışlıq üçün oppoentlərə macal verilməmiş onun mətnini bu cür tələm-tələsik ictimailəşdirməyinsəbəbi nə idi?


İstənilən müqavilə layihəsi yalnız o zaman hazırlanır ki, onu imzalamaq üçün iki və daha artıq maraqlı tərəf olsun. Ancaq indiki halda həmin layihədə göstərilən məsələlərlə bağlı Rusiyayla hər hansı saziş imzalamağın nə NATO-nun, nə də ABŞ-ın maraqlarına daxil olmadığını Kremldə yaxşı bilirlər. Qarşı tərəfdə belə bir marağın olduğu hiss edilsəydi, onda təbii ki, layihə siyasi reallıqlara, diplomatik ədəb-ərkan qaydalarına, sağlam məntiqə, ən əsası hüquqi normalara uyğun şəkildə tərtib olunar və imzalanmasına cəhd göstərilərdı. Ancaq formaca saziş layihəsi kimi tərtib edilməsinə baxmayaraq, mahiyyətcə qisas manifesti təsirini bağışlayan bu sənədi oxuduqca məlum olur ki, məqsəd heç də ortaya hansısa anlaşma mətni çıxarmaq yox, bir az əzələ nümayişi, bir az da ideoloji diversiya cəhdiymiş.  

 

Rusiyanın keçən əsrin sonlarından başlayan itkiləriylə barışa bilməyən və hər fürsətdə onları geri qaytarmaq istəyən Putin 10 fevral 2007-ci ildəki məşhur Münhen nitqiylə Qərblə körpüləri, demək olar ki, yandıraraq rus hərbi-siyasi doktrinasının yönünü 180 dərəcədə dəyişdi.Xatırladaq ki, həmin nitqində o, 90-cı illərin “mehriban qardaşlıq dönəmin”ndə NATO-nun Şərqə doğru genişlənməyəcəyinə söz verənləri sözünə dönük çıxmaqda ittiham eləmişdi. Düzdür, o vaxt Qərb bu barədə, yəni NATO-nu Şərqə doğru genişləndirməyəcəyi ilə bağlı rus rəsmiləriylə heç bir konkret müqavilə imzalamamış, Kremlin qarşısında hər hansı yazılı öhdəlik götürməmişdi. Sadəcə, şifahi vəd vermişdi ki,belə vədlər siyasətdə və diplomatiyada heç bir hüquqi- mənəvi məsuliyyət yaratmır. Bir sözlə, 90-ların demokratiya havasından məst olmuş Rusiya rəsmiləri ABŞ prezidenti Ronald Reyqanın vaxtilə Qorbaçovun üzünə tez-tez çırpdığı “doveryay, no proveryay” (“inan, amma yoxla) rus atalar sözüylə SSRİ-nin axırına çıxdığını çox tez unutmuşdular.

 

İş-işdən keçəndən sonra söylənilən Münhen nitqisə daldan atılan daş təsiri bağışladı. Həmin vaxt Şimali Atlantika Bloku nəinki Varşava Müqaviləsi Təşkilatına üzv olmuş ölkələri, hətta Baltik respublikalarınıda öz sıralarına qataraq çoxdan Rusiyanın sərhədlərinə dirənmişdi. Bəs, rəsmi Moskvanın indi, yəni, geridönüşün artıq mümkünsüz olduğu bir vaxtda bu dərəcədə aqressivləşməsinin səbəbi nədir? Bir çoxları bunu Ukrayna ətrafında baş verənlərlə əlaqələndirir, rəsmi Moskvanın “qardaş slavyan ölkəsinin” NATO-nun üzvü olacağını özünün qırmızı xətti hesab etməsiylə bağlayır. Hərçənd, rəsmi Brüssel belə bir perspektivin öz gələcək planlarına daxil olduğunu da istisna eləməsə də, hazırkı mərhələdə Ukraynanı öz sıralarına daxil etməyi düşünmür. 

 

Rusiya XİN-in saytında yayılan və beynəlxalq rezonansa səbəb olan sənəd daha geniş mətləblərə toxunur, yəni sənədlə ətraflı tanışlıqdan məlum olur ki, dava təkcə Ukrayna davası deyilmiş. Məsələn, orda belə bir maraqlımı deyək, kuryezmi deyək, bənd var: “Moskva və alyansın (yəni, NATO-nun-red.) 27 may 1997-ci ilə kimi üzvü olmuş ölkələribaşqa Avropa ölkələrində həmin vaxta, yəni 27 may 1997-ci ilə kimi yerləşdirilmiş silahlı qüvvələrinə və silahlarına əlavə olaraq heç bir silahlı qüvvə və silah yerləşdirmirlər”. Razılaşın ki, bu artıq tarixin təkərini düz bir qərinə geri fırlatmaqdır, “gəlin anlaşaq yox”, “gəlin dalaşaq” deməkdir. Çünki söhbət NATO-nun öz üzvlərinin nə az, nə çox,düz tən yarısıyla hər cür hərbi əməkdaşlığa son qoymasından və üstəlik,indiyə kimi olan əməkdaşlığın “bəhrələr”indən büsbütün imtina etməsindən gedir. NATO özünün bugünkü gücünün yarısını itirir, Rusiyasa sıfır vəziyyətindən sıfır vəziyyətinə qayıdır. 

 

Bundan əlavə, sənədə görə Şimali Atlantika Bloku bundan sonra genişlənmə layihələrindən tam imtina etməklə bağlı öhdəlik götürməli, Ukraynada, Şərqi Avropada, Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində hər hansı hərbi fəaliyyətlə məşğul olmamalıdı.

 

Xülasə, hər iki layihənin, demək olar ki, bütün bəndləri təxminənyuxarıdakı müddəaların ruhuna və ritorikasına uyğun tərtib olunduğu üçün bir az kobud düsək, nəinki imzalamağa, hətta müzakirəyə belə layiq olmayan çızma-qaradan başqa bir şey deyil. Onların tələm-tələsik, yuxarıda da dediyimiz kimi az qala ünvanına çatmamış dərc edilməsi də göstərir ki, Kreml rəsmiləri öz opponentlərə hansı səviyyədə, yəni imzalanması apriori mümkün olmayan sənədlər göndərdiklərinin fərqindəydilər. Məqsəd hansısa anlaşma imzalamaq deyildi, məqsədbeynəlxalq ajiotaj yaratmaq və bunu bir tərəfdən piara çevirmək, digər tərəfdənsə rəqiblərin əsəbləriylə oynamaqla gərginlik yaratmaqdan ibarət idi. Bu dediklərimiz qənaətə əsaslanmır, informasiyaya, həm də ən yüksək səviyyədən birbaşa etiraf edilən informasiyaya söykənir.

 

Putin hələ noyabr ayının ortalarında Rusiya XİN-in kollegiyasında çıxış edərkən demişdi: “Hər halda orda (Qərbdə-red.) istədiyimiz gərginlik (Ukrayna sərhədləri boyu dənizdən və qurudan yaradılan gərginlikdən söhbət gedir-red.) yarandı. Bununla bağlı iki məqam görürəm. Birincisi, onları mümkün qədər bu vəziyyətdə saxlamaqlazımdı ki, bizim qərb sərhədlərimizdə bizə lazım olmayan konflikt yaratmaq ağıllarına gəlməsin”. Rusiya prezidenti daha sonra həmin çıxışında bu istiqamətdə təhlükəsizliyin təminatı üçün uzunmüddətli zəmanət verilməsi məsələsinin qaldırılmasını tələb edib və bunun icrasını Lavrova tapşırıb. Lavrovsa ordunun sərhəd boyu yaratdığı gərginliyi yuxarıda da dediyimiz kimi əslində qisas manifesti kimi hazırlanmış bir saziş layihəsiylə diplomatik müstəviyə çəkib, özü dəçoxsaylı sərt, bəzənsə isterik reaksiyalardan da görünür ki, o qədər də pis çəkməyib.

 

Ağ evin mətbuat katibi Çen Psaki: “Bizim Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyi ilə bağlı heç bir danışıqdan söhbət gedə bilməz”.

 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müavini Ceyk Sallivan: “Bayden Ukraynanın NATO-ya üzvlük məsələsiylə bağlı Putinə heç bir vəd verməyib. O, dünya ölkələrinin kiminlə birləşməsini müstəqil həll etmək imkanına malik olmasının tərəfdarı olaraq qalır”.

 

NATO-nun Baş katibi Y. Stoltenberq: “Moskva ilə istənilən dialoq həm də Rusiyanın hərəkətləriylə bağlı NATO-nu narahat eləyən məsələləri nəzərə almalı, Avropanın təhlükəsizliyi ilə bağlı prinsip və sənədlərə əsaslanmalı və NATO-nun Ukrayna kimi tərəfdaşlarıyla məsləhətləşmələrdən keçməlidir.

 

Özünün Amerikanın dövlət orqanlarında çalışan bir müsahibinin fikirlərinə istinad edən Rusiyanın “Kommersant” qəzetisə yazır ki, əslində, saziş layihəsinin dərc olunması ABŞ və NATO rəsmiləri üçün heç də sürpriz olmayıb. Moskva bu barədə öz rəqiblərinə əvvəlcədən məlumat veribmiş. Nəşrin həmsöhbəti  “Adətən, diplomatiyada belə iş tutmurlar”- deyə sonda qəzetə giley-güzarını da bildirib. 

 

Təbii ki, diplomatiyada belə iş tutmağın yolverilməz olduğunu Rusiyanın baş diplomatiya idarəsində də bilməmiş deyillər. Amma onlar bu demarşlarıyla diplomatiya oyunu-zad oynamırdılar. Onlar Putinin yuxarıdakı məsləhətinə uyğun olaraq, sadəcə, gərginlik yaradırdılar. Müdafiə Nazirliklərindən fərqli olaraq XİN-lərin əlində isə mətbuatdan daha təsirli gərginlik yaratma vasitəsi yoxdur. 

 

M. Cavadoğlu

 

TƏQVİM / ARXİV