adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

İki millət, iki dövlət

MEHMAN CAVADOĞLU
755 | 2022-02-24 20:07

Son aylarda Ukrayna ətrafında cərəyan hadisələrin acınacaqlı dramatik sonluğu bir həqiqəti ortaya çıxardı: bugünkü dünya düzənində diplomatiyanın rolu hətta soyuq müharibə dövründəki səviyyədən də aşağı düşüb. Bir aydan çoxdur ki, bəzi aparıcı dünya ölkələrinin rəhbərləri bir-birlərinin ardınca və sanki bir-birlərinin bəhsinə sülh göyərçini libasında Kremlin yolunu yağır eləmişdi. ABŞ rəsmilərisə daha fərqli mövqe sərgiləyir və az qala, hər gün həyəcan və sensasiya dolu açıqlamalar verirdilər. Hərçənd, bu aşırı canfəşanlıq və prosesləri daha da körükləyən sərt bəyanatlar çox vaxt işə xeyirdən çox ziyan vurur və prezident Zelenskinin təbirincə desək, əhali arasında lüzumsuz ajiotaj yaradırdı.

Ən sərt ritorikayla sanki görəvinə başlayan kimi üzləşdiyi Əfqanıstan rüsvayçılığını Ukrayna cəbhəsində kompensasiya eləməyə çalışan ABŞ prezidentinİN özü çıxış eləyirdi. Ancaq bacarmadı, üstəlik, istər hərəkətlərində, istərsə də danışığında buraxdığı saysız-hesabsız “xoruzlara” görə az qala anlaqsız adam imici qazanaraq özünü əfqan bataqlığı qədər çıxılmaz bir labirintin içinə saldı.

Dünənsə o, Ukrayna məsələsi ətrafındakı növbəti açıqlamalarının birində Rusiyanın Donbasa qoşun yeritməsini Ukraynanın işğalının başlanğıcı adlandırdı. Hərçənd, hazırda Ukraynanın işğalının 2014-cü ildə Krımın işğalıyla başladığını Fransanın xarici işlər naziri Jan-İv Le Drian qarışıq bilməyən bir kimsə tapmaq çox çətindir.

Xatırlayırsınızsa Putinlə görüşdən ən optimist bəyanatlarla çıxan xarici ölkə rəhbəri Emmanuel Makron olmuşdu. Onun Kremldəki 5 saatlıq görüşün ardından verdiyi açıqlamalarının həm məzmunundan, həm də ruhundan elə çıxırdı ki, bütün məsələlər üzrə razılığa gəlinib və böhran yaxın günlərdə öz həllini tapacaq. Dünənsə xarici işlər naziri Jan-İv Le Drian Normand formatının ölmədiyini, onun nizamlama prosesində rolunun artırılması planlarından-zaddan danışırdı. Bu həmin Le Driandı ki, bizim 44 günlük Vətən Müharibəmizdən sonra da Minsk qrupunun ətəyindən bərk-bərk yapışaraq, onu yenidən 30 ildə öhdəsindən gələ bilmədiyi bir işin altına soxmaq üçün dəridən-qabıqdan çıxmaqla məşğuldur.

Rusiya Donbasa yeritdiyi qoşunlarının da adını “sülhməramlı” qoyub. Artıq keçmiş SSRİ-nin dörd bir tərəfinin rus sülhməramlıyla əhatə olunmasına baxmayaraq, hələ ki, onların məramının nədən ibarət olduğunu Putindən başqa bilən bir kimsə yoxdur. Çünki bu sülhməramlıların nə beynəlxalq, nə də ən azından Rusiya parlamenti səviyyəsində formal bir statusu da müəyyənləşməyib.

Bildiyimiz qədər sülhməramlı qoşun, necə deyərlər, dalaşan tərəflərin qarşılıqlı razılığıyla münaqişə bölgəsinə yeridilir və yaxud yeridilməlidir. Məsələn, “rus sülhməramlıları”nın Qarabağa gəlişi yarıxoş-yarızor qarşı duran tərəflərlə razılaşdırılsa da, onun “sülh göyərçini” missiyasıyla digər bölgələri işğal etməsində həmin prinsip yerli-dibli gözlənilməyib. Bu qoşunun sülhməramlı kimi rəsmi bir statusunun olmaması, üstəlik, yerləşdiyi bütün bölgələrdə sülhməramlı məramından başqa bütün digər məramlarla görəvləndirildiyi üçün həmin sözü onun üstündən götürərək, sadəcə, “rus qoşunları” kəlməsindən istifadə eləmək məqsədə və reallığa daha uyğun olardı.

Paradoks burdadır ki, nəinki “rus sülhməramlıları” deyilən bir kontingentin fəaliyyətinə, hətta bu cür əndrəbadi söz birləşməsinin mövcudluğuna yaxşı halda yumorla, pis halda ironiyayla yanaşan Qərb onların heç bir beynəlxalq mandata sahib olmadan Qarabağa yeridilməsini sürəkli alqışlarla qarşıladı. Çünki həmin qoşunun birmənalı şəkildə ermənilərin yanında yer alacağını, sülhün qorunmasını təmin etmək əvəzinə bir tərəfin, həm də onlara lazım olan tərəfin maraqlarının təmsilçisi rolunda çıxış edəcəyini yaxşı bilirdi.

Donbasın işğalından sonra Qərb-Rusiya qarşıdurması növbəti mərhələyə - sanksiyalar mərhələsinə qədəm qoydu. İndiyə kimi Rusiyaya qarşı bu cür təzyiq üsullarından çox istifadə edilib, amma effektsiz olub. Əslində, “effeksiz olub” kəlməsi burda yerinə düşmür, çünki ən yüngül sanksiyanın belə ona məruz qalan tərəfə mənfi təsiri qaçılmaz gerçəklikdir. Sadəcə, avtoritar rejimlərin başçıları öz hikkələri ucbatından belə təzyiqləri görməzdən gəlirlər. Hazırda bu tip kal və gönü qalın ölkələrin ön sıralarında Bizim Quzeydəki və Güneydəki iki böyük qonşumuz gedir.

Amma Rusiyaya qarşı tətbiq edilən son sanksiyaların miqyası göstərir ki, qloballaşmış bir dünyada buna duruş gətirmək xeyli müşkül məsələ olacaq. Üstəlik, eyni vaxtda həm ABŞ-ın, həm də Avropa Birliyinin sanksiyasına məruz qalmaq məsələni daha da qəlizləşdirir. Donbas olaylarına kimi Kremllə siyasi-iqtisadi bağları qırmağa meyilli olmayan, bu yöndə okeanın o tayından gələn təzyiqlərdən bəzən birbaşa, bəzən də dolayısıyla yayınmağa çalışan Avropa ölkələri də mövqelərini birmənalı şəkildə dəyişdilər və Vaşinqtonun tərəfinə keçdilər. Məsələn, ABŞ hələ Trampın dövründən “Şimal axını-2” qaz kəməri layihəsindən imtina eləmək üçün Almaniyaya təzyiqlər etsə də, Merkel hökuməti bu təzyiqlərə əhəmiyyət vermədi. Bir neçə ay əvvəl onun yerinə gələn yeni koalisiya hökuməti də Merkelin yolunu getdi. Layihə artıq bitmişdi və onun işə düşməsi ayların, bəlkə də günlərin məsələsiydi. Belə bir vaxtda rəsmi Berlin özünün neçə ildir ciddi-cəhdlə müdafiə elədiyi mövqeyindən çəkildi və layihədən imtina elədi. Busa nə az, nə çox, düz 11 milyard dollar vəsaitin havaya sovrulmasıyla nəticələndi.

Nə qədər kal və gönü qalın dövlət olsa belə ölkənin bütün aparıcı banklarının, Putin və Lavrov xaric əsas şəxslərinin, təkcə Dövlət Dumasının 351 deputatının, çoxsaylı iş adamlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının, media rəhbərlərinin adlarının da yer aldığı bu sanksiyaları həzm eləmək rəsmi Moskva üçün asan olmayacaq. Hətta istənilən sanksiyanın “ikibaşlı” təsir gücünə rəğmən Rusiyaya qat-qat çox ziyan dəyəcək. Amma bu cür arqumentlər “arşınla ölçülməyən, ağılla dərk edilməyən”, klassikin sözlərinin davamı olmasın, insan və vətəndaş amili saya sayılmayan heç bir ölkədə keçərli ola bilməz.

Kremlin Ukraynaya qarşı avantürist siyasətini, bir az yumşaq desək, təkcə onun əzəli və əbədi opponentləri olan Qərb və ABŞ yox, hətta separatizmlə bağlı özləri də ciddi problemlər yaşayan Çin və Türkiyə kimi ölkələr də müdafiə eləmir. Bir sözlə, hikkəsi üzündən özünü soxduğu bu dar dalandan çıxmaq Moskva üçün o qədər də asan olmayacaq.

Putin keçən il Ukraynayla Rusiyanın bizim tərəflərdə dəbdə olan ifadəylə desək, “bir millət, iki dövlət” olması barədə böyük bir məqalə yazmış, Belarusu da bura qataraq üç ölkənin bir dövlətdə birləşməsinin zəruriliyinə eyhamlar vurmuşdu. Bu günsə Ukrayna prezidenti Donbasın işğalıyla əlaqədar çox təsirli bir müraciətlə çıxış eləyib və ruslarla ukraynalıları eyni millət yox, iki min km-lik birgə sərhədləri olan yaxın qonşu, faktiki olaraq “iki millət, iki dövlət” adlandırıb. Hazırda iki min km-lik bu birgə sərhəddə yerləşdirilmiş iki yüz minlik rus qoşunu bütün Ukraynanı işğal eləmək üçün əmr gözləyir. Əgər vur-tut üç-dörd gün əvvəl bu ssenarinin işə salınacağına inananlarla inanmayanlar yarı-yarıydısa, Donbasın işğalından sonra çətin ki, inanmayan bir kimsə tapılsın. Amma bu cür sosial ovqat hələ Putinin mütləq həmin təxribata da əl atacağı anlamına gəlmir. Diktatorların məntiqini anlamaq sağlam düşüncə daşıyıcıları üçün həmişə çətin olub.

Necə ki, bu dəfə də çətin oldu. Yazı bitər-bitməz həmin iki yüz minlik ordunun artıq Ukraynanın sərhədlərini aşıb bütün cəbhə boyu hücuma keçmsiylə bağlı məlumatlar məqribdən-məşriqə dünya KİV-nin baş xəbərinə çevrildi. Bizsə yazdıqlarımıza əl vurmadıq, çünki Rusiyanın bu varianta əl atmaq ehtimalını nə əvvəlki yazılarımızda, nə də elə bu məqalədə biz özümüz də istisna eləmirdik. Odur ki, yeni gəlişmələrlə bağlı fikirlərimizi bölüşmək ümüdiylə, hələlik…

M. Cavadoğlu

TƏQVİM / ARXİV