adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qərb geri çəkilir

MEHMAN CAVADOĞLU
893 | 2022-06-08 09:00

Ukrayna müharibəsinin 100 günü arxada qaldı. Onun bu qədər uzanacağı heç kimin ağlına gəlməzdi. Adının müharibə yox, xüsusi hərbi əməliyyat adlandırılması da bununla bağlıydı. Guya məqsəd qonşu dövlətin ərazilərini işğal eləməkdən yox, hələ əfqan müharibəsindən yadigar qalan ifadəylə desək, “məhdud hərbi kontingent”lə ölkəyə daxil olub öz “dil bir, din bir qardaşları”nın canını bir neçə günə olmasa da, bir neçə həftəyə “nasist və militaristlərin” caynağından qurtararmaqdan ibarət imiş.

Ancaq ildırım sürətli işğal, Azərbaycanın 90-cı illərdəki həvəskar “sərkərdə”lərinin birinin ifadəsiylə desək, “burdan girib ordan çıxmaq” planı baş tutmadı. Ukrayna rəsmiləri mühacirət hökuməti yaratmaq üçün “möhürünü və ştampını” götürüb dünyanın sakit guşələrindən birinə qaçmadılar, başda prezident Zelenski olmaqla ordunun və xalqın amansız müqavimətinin başında durdular.

Müharibənin bu qədər uzanması təkcə Ukrayna xalqı və hakimiyyəti üçün yox, onun müttəfiqləri və müdafiəçıləri üçün də ciddi sınaq oldu. Düzdür, Avropa da, ABŞ da lap başlanğıcdan birmənalı şəkildə Ukraynanın yanında oldular, ona hər cür dəstək verdilər, Kremli bu avantüradan çəkindirmək üçün çox böyük siyasi-diplomatik fəallıq göstərdilər, bu da yetməyəndə sərt iqtisadi təzyiq taktikası seçdilər və Rusiyaya qarşı tarixdə görünməmiş iqtisadi sanksiyalar tətbiq edərək özləri üçün də xeyli probemlər yaratdılar.

Bütün bunların fonunda bəzi Ukrayna rəsmilərinin, xüsusilə prezident Zelenskinin Qərblə ərköyün davranış və hikkəli danışıq tərzi həm maraqlı, həm də xeyli müəmmalı məqamdır. Ukrayna Qərbin qorxulu röyasına çevrilmiş SSRİ kimi bir monstrı tarixin arxivinə gömən Belovej sazişinin üç müəllifindən biridir. Rəsmən müstəqillik qazandıqdan sonra faktiki olaraq Rusiyanın caynağından qurtarmaq üçün sonda qələbəylə bitən iki nəhəng meydan hərəkatının vətənidir. Qərb bu mübarizədə təkcə Ukraynanın yanında deyildi, həm də onu bu mübarizəyə təhrik edirdi. Öz əzəli və əbədi düşməni olan Rusiya ilə sərhədlərində etibarlı bufer zonası yaratmaq naminə təhrik edirdi.

Eyni dinə, eyni məzhəbə qulluq eləyən, eyni fiziki və siyasi sərhədlər daxilində yaşayan Ukraynalılar faktiki olaraq həmişə iki fərqli ictimai şüurun daşıyıcısı, necə deyərlər, bir xalq iki millət olublar. Ölkənin şərq sakinləriylə qərb sakinləri arasında əsrlərin təlatümlərindən yaranmış kəskin fərqlər cəmi bir qərinəyə silinib getdi. Ukrayna müqavimətinin indiki heyrətamiz gücü və sehri də ilk növbədə bu amilə bağlıdır. Sübut üçün uzağa getmək lazım deyil, elə ölkənin özündə baş verən son hadisələri vur-tut 7-8 il əvvəl yaşananlarla müqayisə eləmək kifayətdir. O vaxt duz-çörəklə, gül-çiçəklə qarşılananlar bu gün top-tüfəngə tuş gəldilər. Ona görə də azadlıq, demokratiyaya, haqq-ədalət kimi deyimlərə şəkk eləmək, həqarətlə yanaşmaq lazım deyil. Ukrayna xalqı bu dəyərləri azacıq dadandan sonra vahid toplum kimi onun müdafiəsinə qalxdı.

Amma proseslərin kritik məqama daxil olduğu bir vaxtda uzun illərdi ki, rəsmi Kiyevi bu sərt qarşıdurmalara təhrik edənlərdən xaric səslər gəlməyə başladı. Kremlin sovetdən qalma düşməni Kissencerdən tutmuş hazırkı qızğın təəssübkeşləri olan Fransa prezidenti Makrona və Almaniyanın federal kansleri Şoltsa kimi çoxsaylı sözçüləri peyda oldu. İlk təşəbbüs Makrondan gəldi. Onun “Putinə sifətini qorumaq şansı vermək üçün ərazi güzəşt eləmək lazımdır” – deyə Zelenskiyə verdiyi “müdrik” məsləhət aydın səmada çaxan şimşək effekti doğurdu. Sən demə, Putinin sifətini qorumaq üçün Zelenski ona Krım və Donbasdan başqa daha bir neçə vilayət də verməlidir. Ukrayna prezidenti bu məsləhəti süngüylə qarşılasa da, görünür, Putin bunun ictimai rəyə hesablanan bir reaksiya olduğunu güman edərək Zelenskinin yumşalacağına əmin oldu və döyüş taktikasını dəyişdi. Faşist və militaristlərin kökünü kəsməyi yaddan çıxardaraq onların “daha çox məskunlaşdıqları” qərb istiqamətinə yürüşdən əl çəkərək ölkənin şərqinə və cənubuna kökləndi. Krıma quru yol açmaq, Ukraynanın Azov dənizinə çıxışını bağlamaq, Donbasa tam yiyələnmək, üstəlik, Zaporoji, Xerson və imkan olsa daha bir neçə vilayəti götürüb “öz sifətini qorumaq”, faşistlər və militaristərlə haqq-hesab çürütməyi isə gələcək kampaniyalara və ya nəsillərə saxlamaq olar.

Görünür, Qərb müharibəni bu qədər uzanacağını, Rusiyaya qarşı tətbiq edilən paket-paket sanksiyaların içində özünün də boğulacağını ağlına gətirmirmiş. Bir neçə gün və ya həftə... vəssalam, müharibə bitir, Ukrayna uduzub qınına çəkilir, Rusiya da istədiyini alıb sakitləşir... Sən demə, uzun illərdir ki, Ukraynanı öz cərgəsində görmək üçün hər cür canfəşanlıq göstərən kollektiv qərbin heç bir fərdi ölkəsi dar ayaqda ondan ötrü nəinki hədsiz fədakarlığa, az-çox iqtisadi itkilərə də hazır deyilmiş. Yanız Polşa, Bolqarısran, Baltikyanı ölkələr kimi ciddi hərbi-iqtisadi potensialdan məhrum dövlətlər nisbətən qətiyyətli təsir bağışlayır ki, bu da özgə yasında öz ölüsünə ağlamaqdan başqa bir şey deyil.

Bu gün Qərbi ən çox narahat eləyən məqamlardan biri Ukraynanın qələbə çalma ehtimalıdır. Düzdür, qələbə deyəndə bir az yekə çıxır, çünki söhbət Kremldə Ukrayna bayrağının dalğalanmsından getmir. Ukraynanın bu müharibədəki qələbəsi 24 feraldan, parlaq qələbəsi isə 2014-cü ildən əvvəlki status-kvonun bərpasıdır. Hadisələrin bu cür inkişafınınsa iki sonluğu ola bilər – biri xoşbəxt, biri bədbəxt. Birinci halda Putin istefa ərizəsi yazmaq üçün qələmə, ikinci halda düyməyə basmaq üçün nüvə çamadanına əl atır. Hərçənd, Birinci Dünya Müharibəsindəki məğlubuyyətdən sonra çar mütləqiyyətinin məhz məğlub əsgərlərin əliylə devrildiyini xatırlasaq üçüncü yolun mümkünlüyünü də istisna eləmək olmaz. İstər çar, istər kommunist, istər bürokratik, istərsə də adı nə olur olsun, dəxli yoxdur, mütləqiyyət elə mütləqiyyətdir, onun bütün növlərinin devrilməyə ehtiyacı var.

Qərb Putinin həqiqətən nüvə silahına əl atmaq ehtimalından bərk narahat olsa da bu, Ukraynanı o qədər də maraqlandırmır. Çünki rus işğalını az qala nüvə fəlakətindən də dəhşətli faciə sayır. Qərbi nüvə silahıyla hədələyən Putinisə qarşı tərəfin əks addım atmaq ehtimalı heç maraqlanmır. Çünki bu cür psixoloji tiplər üçün öz simasını itirmək ölkəsini itirməkdən daha ağır faciə sayılır. Bax, bütün prosesi çıxılmaz dalana dirəyən də siyasi həlli olduqca müşgül görünən bu məqamdır. Sadəcə, bunu əvvəlcədən düşünmək lazım idi. Kimisə qızışdırıb odun içinə atmaq, sonra da tək buraxmaq siyasətdən olsa da, insafdan deyil.

M. Cavadoğlu

TƏQVİM / ARXİV