Rusiya Rusiya olsa idi... - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
4524 | 2022-03-28 14:08

Bəli, Rusiya Rusiya olsa idi bu gün hər şey tam fərqli ola bilərdi. Bunun üçünsə Rusiya dünən və bu gün olduğundan fərqli olmalı idi...

Rusiya necə olub və bu gün necədir, çoxlarımıza bəllidir. Amma yenə də bəzi xatırlatmalar etməkdə fayda olduğunu düşünürəm, qısaca. Rusiya işğalçıdır və əsrlərdir ki, işğalçılıq siyasətindən əl çəkmir. Rusiya soyğunçudur və əsrlərdir ki, işğal etdiyi dövlətləri istismar etməkdən çəkinmir. Siyahını uzatmaq da olar, ammabu qədəri kifayətdir.Ölkəmizə, xalqımıza etdikləri də bəllidir; dövlət kimi ikiyə bölünmüşük, ərazilərimizin xeyli hissəsini itirmişik, əlifbamız, soyadımızın sonu dəyişdirilib, tariximiz saxtalaşdırılıb... İyirminci əsrin sonlarında da yaşadığımız faciələrin hər birində Rusiyanın əli var. İndi də Xankəndi də daxil olmaqla digər məlum ərazilərimizdə düşmənlərimizə dəstək verməkdədir...

Bəs Rusiyanın Rusiya olması üçün nə etməsi lazım idi və bununla nəyi nəzərdə tuturam? Əvvala, Rusiya keçmişdə etdiklərinə son qoymalı, qonşu ölkələrə ağa, sahib gözü ilə baxmamalı, “Mən nə desəm odur” prinsipindən əl çəkməli idi. Belə olardısa, sözün həqiqi mənasında bərabərhüquqlu, hər bir dövlətin eyni hüquqlara malik olduğu bir birlik yaratmaq olardı. Elə bir birlik ki, başqa dövlətlər də bu birliyə can atardı, bu gün Avropa Birliyinə çat atdıqları kimi. O zaman dünyada qüvvələr balansı da pozulmazdı. Qərblə bu birlik araındakı gərginlik sözdən o tərəfə keçməzdi...

Əlbətdə ki, bu gün bu, sadəcə bir xəyal kimi gəlir. Rusiya “dəyişdim” desə, səmimi surətdə birliyə çalışsa belə, buna kimsə inanmaz. Bu inamı yaratmaq üçün keçmişdə etdiyi hər bir şeyə görə bütün zərər vurduğu dövlətlərdən ən azı üzr istəməlidir. Buna Ukrayna torpaqlarından çıxmaqla başlaya, bizdən alıb başqalarına verdiklərini geri qaytarmaqla davam edə bilər... Bəli, nağılvari səslənir. Ancaq arzudur da, düşünmək ki, sərbəstdir, hələlik.

... Yeri gəlmişkən bir məqama da toxunmaq istəyirəm. Əgər kimsə düşünürsə ki, Azərbaycan Rusiyanın deyil, Qərb dövlətlərindən birinin əsarətində olsa idi, necə deyərlər, “ağ günə” çıxacaqdı, yanılır. Sadəcə Afrika qitəsi ölkələrinə baxmaq bunun üçün ən bariz sübutdur. Kimsəyə sirr deyil ki, sözünü etdiyim ölkələr Qərb dövlətlərinin əsarətində olublar və oradakı bəzi dövlətlərdə olan təbii ehtiyatlar da bizdəkindən qat-qat çoxdur. Hansı Afrika ölkəsi ağ günə çıxıb? Xəritəyə baxın, Afrika dövlətlərinin sərhədləri sanki xətkeşlə ölçülərək çəkilib. Əslində “sanki” burada yerinə düşmür, oraları zamanında işğal etmiş dövlətlər oraları ölçərək öz aralarında bölüşdürmüşdülər. Qərb dövlətlərinin orada etdikləri vəhşilikləri yazmağa bir məqalə yetməz; insanlarını qul kimi satmaqlarından tutmuş, var - dövlətlərini talamağa qədər. Həm də təkcə Afrika dövlətlərimi? Bu gün belə bəzi Qərb dövlətləri keçmişdə etdikləri üçün vaxtilə müstəmləkələri olan dövlətlərdən üzr istəyirlər və hələ üzr istəməli olduqları çox məqamlar var, deyə düşünürəm.

Bəli, Qərb mədəniyyəti də var, Qərb dəyərləri də. Amma bu dəyərlər digər dövlətlər üçün tətbiq olunurmu? Doğrudanmı Qərb dövlətləri bu dəyərləri, məsələn, İraqda da tətbiq etmək istəyirdi? Ümumiyyətlə, bu dəyərlər bir başqa ölkə üçün nə qədər uyğundur? Suallar çoxdur.Cavabını verən olsa.

...Bu gün Ukrayna Rusiyanın işğalına məruz qalıb;insanlar öldürülür, öz yurdlarından didərgin düşür. Rusiya bu gün heç vaxt olmadığı kimi təklənmiş durumdadır. Rusiyaya hər cür sanksiyalar tətbiq olunub və olunmaqda davam edir. Bir dəfə sosial şəbəkələrin birində yazmışdım və fikrimdə qalıram ki, dünyadakı böyük güclərin davası gedir. Əzilən kiçik, zəif ölkələr olur. Qərbin əlinə Rusiyanın burnunu ovmaq üçün Rusiya özü əla bir fürsət verib. Əslində verməyə də bilməzdi, Rusiya bu fürsəti Qərbə verməyə məcbur qalmışdı. Qərb Ukraynanı özünə tərəf çəkməklə Rusiyanın sərhədlərinədaha da yaxın gəlməkdə idi. Bir sözlə, Rusiya hər iki halda məğlub idi. Qərb də hər iki halda qazanclı çıxacağını hesablamamış deyildi, məncə. Ukraynaya gəldikdə isə... Əlbətdə ki, Ukraynanın davası haqq davasıdır. Amma atılan bombalar Ukraynada partlayır...

Rusiya Rusiya olsa idi… Yox, Rusiya elə Rusiyadır, hər zamankı Rusiya.

 

Vüqar Abbasov. Niderland.

[email protected]

 

 

TƏQVİM / ARXİV