Sakitləşdirmə siyasəti yenidən aktuallaşır?

MEHMAN CAVADOĞLU
854 | 2022-05-26 14:42

Tarix çox maraqlı fəndir, bəzən öz cazibəsi, dinamikası, kəskin və qeyri-adi hadisələri, çoşqusu, sehri, temperamenti və bu kimi digər məziyyətləriylə hətta sərhədsiz insan fantaziyasının məhsulu olan ən kəskin süjetli, emosional ruhlu ədəbiyyat və sənət nümunələrini də kölgə də qoyur. Bir şərtlə ki, gərək ondan dərs götürəsən. Dərs götürməsən bu məziyyətlərin bir qara qəpklik qiyməti olmayacaq.

Ancaq ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencerin Davos forumundakı dünənki açıqlaması göstərdi ki, bəşər övladı özünün nəinki qədim, hətta ən yaxın tarixini belə unutmağa çox meyillidir. Bir zamanların sayılıb-seçilən ünlü siyasətçilərindən biri olan cənab Kissencer həmin açıqlamasında bildirir ki, Ukrayna Rusiyaya ərazi güzəştləri etməklə onu sakitləşdirməlidir. Çünki yalnız bu yolla Moskvayla sülh sazişi bağlamağa nail olmaq mümkündür.

Xatırladaq ki, bir müddət əvvəl oxşar təkliflə nəinki istefada olan hər hansı bir qərb siyasətçisi, hətta Putinin stolun kəlləsində oturtduğu Fransa prezidenti Makron da çıxış eləmişdi. Zelenski başda olmaqla Ukrayna rəsmiləri həmin vaxt Makrona, indi də Kissencerə yetərincə sərt cavab veriblər. Prezident ofisi rəhbərinin köməkçisi Aleksey Arestoviçin birbaşa efir vasitəsiylə nəinki sərt, həddindən artıq latayır ifadələrlə “bəzənmiş” cavabı göstərir ki, son vaxtlar qərb partnyorlarını bu cür davranışları rəsmi Kiyevin əsəblərini çox tarıma çəkib. Üstəlik, bu günlərdə ABŞ-ın nüfuzlu New York Times qəzetində də eyni məzmunlu bir məqalənin dərc olunması göstərir ki, məsələ “şəxsi rəy” kateqoriyasının sərhədlərinə sığışmır və ABŞ-ın rəsmi siyasətindəki təbəddülatlarla bağlıdır. Hansısa mühüm qərarların qəbulu ərəfəsində həm daxili, həm də xarici ictimai rəyi nüfuzlu imzalar və mətbuat orqanları vasitəsilə yönləndirmək, gözlənilməz qərarlara hazırlamaq ABŞ və Qərb siyasətinin sınanmış oyun qaydalarından biridir.

Görünür, Ukrayna müharibəsinin bütün gözləntilərə rəğmən həddindən çox uzanması Qərbin siyasi kuluarlarının ciddi narahatlığına səbəb olmaqdadır. Məlumdur ki, istənilən müharibə təkcə sonsuz faciə deyil, həm də böyük maliyyə itkisidir. Bu müharibənin faciəsini Ukrayna yaşayırsa, xərcini Qərb çəkir. Qərbin maliyyə itkiləri təkcə Ukraynaya edilən böyük hərbi və humanitar köməkdən ibarət deyil, həm də Rusiyaya qoyulan sanksiyalardan dəyən ziyanla bağlıdır. Ancaq nəzərə almaq lazımdır ki, sanksiyanın iki başı olur – qoyan da itirir, məruz qalan da. Fərq sadəcə itkinin miqyasındadır. Təsadüfi deyil ki, Avropa Birliyinin ən aparıcı dövlətləri olan Almaniya və Fransa da, audsayderləri sayılan Macarıstan, Çexiya, Yunanıstan da Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan məmnun deyillər və mümkün qədər buna müqavimət göstərir, fürsət düşdükcə heç olmasaya siyahını kiçiltməyə can atırlar.

Bu cür ikibaşlı mövqeyinə görə Qərbi ittiham eləyən A. Arestoviçin yuxarıda adını çəkdiyimiz açıqlamasındakı latayır ifadələrlə dolu ittihamlarının az-çox salamat yerindən götürdüyümüz aşağıdakı sitata fikir verək: “... Mələyən Qərb müttəfiqləri deyirlər ki, Kreml sülhə can atır, ancaq Kiyev istəmir, gəlin ona təzyiq edək. Rusiyaya yalnız Xerson və Zaporoji vilayətləri lazımdır! Sonra Avropada yeni sülh müqaviləsi imzalanar. Ukraynalılar “öz iştahını” azaltmalıdır. Və beləliklə, biz Avropada hərtərəfli sülh yaradacaq, əvvəlki biznes imkanlarını bərpa edəcək və dəhşətli ərzaq problemini həll edəcəyik”.

Görünür, Qərb analitikləri və siyasətşiləri Ukrayna müharibəsinin bu qədər uzanacağını təsəvvür etmirdilər. Əslində, bunu təsəvvür eləyən bir kimsə nəinki Qərbdə və Şərqdə, bəlkə heç Ukraynanın özündə də yox idi. Müharibəsə acı bağırsaq kimi uzanaraq daha çox Qərbin hərbi-maliyyə resurslarını udur. Odur ki, Kissencerin yuxarıdakı açıqlamasını 98 yaşlı bir qocanın “şəxsi rəy”inin, New York Timesın məqaləsini mətbuat azadlığının adına yazmağa tələsmək lazım deyil.

Yuxarıda da dediyimiz kimi istər Makronun, istərsə də Kissencerin adını “Rusiyanın sakitləşdirilməsi” siyasəti qoya biləcəyimiz eyni məzmunlu açıqlamaları Avropanın yaxın tarixində baş vermiş bir hadisəni, Hitlerin 1938-ci ildə Çexoslovakiyanın Sudet vilayətini Almaniyaya birləşdirməsini yada salır. Çexoslovakiyanın Sudet vilayətində yaşayan almanların hüquqlarını pozduğunu israr edən Hitler İngiltərə baş naziri Çemberlenlə Fransanın baş naziri Daladyenin mübarək dəsti-xətləriylə imzalanmış sənədlə həmin bölgəni Almaniyaya birləşdirir. Tarixə “Münhen sazişi” kimi düşmüş həmin bədnam sənəd də məhz Almaniyanı sakitləşdirmək məqsədilə imzalanmışdı. Həmin vaxtdan etibarən politologiya dərsliklərində “sakitləşdirmə siyasəti” adlı bir istilah da peyda oldu. Sudeti dostcasına Almaniyaya qatan Hitlersə necə sakitləşdiyini Fransanı işğal eləməklə, İngiltərə şəhərlərinisə xaraba günə qoymaqla nümayiş etdirdi.

Odur ki, çağdaş dünya siyasətinin hər üzünə bələd bir adamın nə məqsədləsə dediyi fikirlərini tarixin gözündən düşmüş bir istilahla əsaslandırmağa çalışması acı bir təəssüf hissi doğurur. Kaş ki, yaş probleminin fəsadı olaydı...

M. Cavadoğlu

TƏQVİM / ARXİV