Slavyan üçbudağı

MEHMAN CAVADOĞLU
1094 | 2021-12-02 13:48

Hələ ki, hər üçü Putinin çiynində

Ukraynayla Rusiya arasında yaşanan gərginliyin hər ötən gün daha da gücləndiyi və artıq pik həddə çatdığı barədə məlumatlar az qala məqribdən məşriqə bütün aparıcı kütləvi informasiya vasitələrinin baş xəbərinə çevrilib. Əgər ekspert və şərhçilər bir müddət əvvəl bu iki “dost və qardaş” ölkə arasında növbəti müharibənin olub-olmayacağı barədə qurduqları hipotetik versiyalar üzərində “gəzişirdilərsə”, indi daha çox hərbi əməliyyatların ayın, yaxud həftənin hansı günü, ya saatında başlayacağını proqnozlaşdırmağa kökləniblər. Kənardan baxan üçün müharibə ehtimalı bu qədər yaxın görünür, yəni.

Od olmasa tüstü çıxmaz. Təbii ki, mətbuatın bu aşırı canfəşanlığı da boş yerdən qaynaqlanmır, artıq hər an partlayası barıt çəlləyini xatırladan Ukrayna-Rusiya cəbhəsində cərəyan edən və getdikcə daha təhlükəli xarakter alan siyasi, diplomatik və hərbi gəlişmələrin məntiqindən qidalanır. Jurnalistlərisə olsa-olsa öz xasiyyətlərinə və “peşə əxlaqı kodeksləri”nə sadiq qalaraq faktları az-maz şişirtdiklərinə və rəngləri bir xeyli tündləşdirdiklərinə görə qınamaq mümkündü.

Son illər dünya siyasətində hərbi təlimlər güc nümayişinin əsas brendinə çevrilib. Əgər əvvəllər belə təlimlər daha çox yeni silahların sınağı və ya şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yüksəltmək üçün keçirilirdisə, indi əsas məqsəd rəqiblə virtual dava-dava oyununa çıxmaqdan, ona müharibənin ilk vizual anonsunu göstərməklə “xox” gəlməkdən və beləliklə, vəziyyəti əsəblər müharibəsi həddinə qədər qızışdırmaqdan ibarətdi. Bu cür situasiyada isə güclülər yox, soyuqqanlı davranmağı bacaranlar udurlar.

Qara dənizdə neçə vaxtdı ardıcıl olaraq müxtəlif kod adı və təbliğat çətiri altında keçirilən qarşılıqlı təlimlərin məqsədi də əslində budur. Rusiya prezidenti zahirən özünü nə dərəcədə soyuqqanlı aparsa da impulisiv qərarlar vermək potensialı yetərincə güclü olan bir siyasətçidi və rəqibləri, heç şübhəsiz, onun bu xasiyyətinə yaxşı bələddilər. Məhz bu məqama görə Qərb Rusiyanın nəinki Ukraynaya, hətta Şərqi Avropanın artıq çoxdan NATO üzvü olan digər ölkələrinə təcavüz edəcəyindən əməlli-başlı qorxuya düşüb, Rusiyasa əksinə NATO qüvvələrinin düz burnunun ucunda təlim keçməklə ona meydan oxumasından narahatdı.

Vaxtilə Putini Qərblə düşmən eləyən əsas məsələ məhz Şərqi Avropanın “natolaşdırılması” siyasəti olmuşdu. O hələ 14 il bundan əvvəl söylədiyi məşhur “Münhen nitqi”ndə Qərbi 90-cı illərin əvvəllərində NATO-nun Şərqə doğru genişləndirilməyəcəyi ilə bağlı götürdüyü öhdəliklərə əməl etmədiyinə görə ittiham eləmişdi. Xatırladaq ki, Rusiya prezidentinin olduqca sərt ritorikaya köklənmiş həmin nitqi SSRİ-nin dağılmasından sonra yaranmış yeni dünya düzənini dəyişdi, rəsmi Moskvayla Qərbin münasibətlərini faktiki olaraq yenidən soyuq müharibə dövrünə qaytardı.

Hərçənd, Qərb siyasi dairələri onun bu ittihamını qəbul etmirlər, çünki ortada kiminsə belə bir öhdəlik götürməsi barədə heç bir saziş və ya nəsə başqa bir sənəd yoxdu. Bu, görünür, həmin dövrdə Rusiya rəhbərliyiylə çoxsaylı söhbətlər zamanı şifahi şəkildə səsləndirilən bir fikir olub ki, hazırda onu kimin deyib kimin eşitdiyi barədə hər hansı bir şahid tapmaq da hardasa olduqca müşkül məsələdi, tapılsa belə bundan sınıq barmağa konkret bir əlac olası deyil. Qərb, sadəcə olaraq, o vaxt inqilabı dəyişikliklərin gətirdiyi məstedici eyforiya içində xumarlanan Rusiya rəhbərliyini çox naşıcasına aldadıb və çətin ki, üstündən üç onillik keçəndən sonra əsrin bu böyük aldanışının əvəzini çıxmaq üçün göstərilən mənasız çabalar vəziyyəti dəyişdirməyə yardımçı olsun.

Rusiya elitası nə qədər Şərqi Avropanın xiffətini çəksə də onun yoxluğunu Ukrayna qədər ağır itki saymır. Çünki Moskvayla Kiyevi bir-birinə təkcə cari siyasi, iqtisadi və geopolitik maraqlar yox, həm də genetik qohumluq, eyni milli kökə mənsubluq, kilsənin təbirincə desək, bir ağacın kökündən çıxan ayrılmaz budaqlar olması amili bağlayır. Rus Pravoslav Kilsəsi hələ XVIII əsrdən başlayaraq rus xalqının “velikoroslar, maloroslar, beloruslar” deyə üç ayrılmaz qoldan ibarət olması ideyasını irəli sürmüş və həmin ideyanı şüurlara daha rahat yeritmək üçün adını da məşhur dini istilaha uyğun şəkildə “triedinstvo” qoyaraq mistik auraya bürümüşdü.

Rusun bu üç budağı arasında beloruslardan fərqli olaraq çoxəsrlik monqol-tatar əsarətini baş-başa yaşayan maloroslarla velikorosların taleləri bir-birinə daha yaxın olub. Rus tarixçisi M. Kaçenovski belorusları adının mənşəyini də məhz bu amillə bağlayır – “ağ ruslar”, “təmiz ruslar”, “azad ruslar”, yəni, monqol-tatar işğalı altında yaşamamış ruslar.

Bəs, bir ağacın bu iki ayrılmaz qolu arasında bitmək bilməyən qatı düşmənçiliyin səbəbi nədir? Bunun açması Putin üçün də çətin olan bir müəmmadı. Yoxsa ilin-günün bu vaxtında işini-gücünü atıb “elmi-nəzəri tədqiqatlar”a baş vurmazdı. Hərçənd, bu “tədqiqatların” nəticəsi olaraq üç-dörd ay əvvəl ortaya çıxardığı “Rusların və Ukraynalıların tarixi birliyi haqqında” tarixi-fəlsəfi opusunda da həmin mistik sualın cavabını tapmaq mümkün deyil. Belə sualların cavabları arxivlərin toz basmış künc-bucaqlarında it-bat düşməyib ki, ordan da tapıb çıxardasan. Belə sualların cavablarını ölkələr arasındakı siyasi münasibətlər sisteminin, əməkdaşlıq modelinin prinsiplərində axtarmaq lazımdı.

Rusiya öz qonşularıyla süzeren-vassal modelindən kənar prinsiplərlə əlaqə qurmaq gerçəkliyini həzm edə bilmir. Zor-xoş müstəqillik verdiyi ölkələrlə bərabərhüquqlu münasibətlər qurmağı şəninə sığışdırmır. De-yurye tanımağa məcbur olduğu müstəqilliyi de-fakto tanımağı özünə ar bilir. Onun istər slavyan, istərsə də digər etnosların təmsilçilərindən ibarət olan bütün keçmiş müstəmləkələriylə ən böyük problemi məhz bu psixoloji baryeri aşa bilməməsi, yəni bir şərq ailəsi sayaq adam balası kimi boşanmağı bacarmamasıyla bağlıdı. Halbuki dünya tarixi keçmiş müstəmləkələrlə metropoliyaların ayrıldıqdan sonra da tam bir qərb ailəsi kimi dost olaraq qalmaları və uğurlu əməkdaşlıq etmələriylə bağlı saysız-hesabsız unikal nümunələrlə doludu.

Bütün bu tarixi-politoloji ricətlərdən fonunda Ukrayna-Rusiya münasibətlərində yaranmış son durum zahirən nə qədər gərgin görünsə də proseslərin açıq hərbi qarşıdurma müstəvisinə keçməsi, konkret desək, müharibə ehtimalı real görünmür. Təbii ki, bu iki ölkə arasındakı münasibətlərin nəinki yaxşılaşması, hətta nisbi olaraq yumşalması yaxın perspektivdə, yəni, ən azı Donbasın geri qaytarılmasına kimi mümkün olmayacaq. Rusiyanın növbəti aqressiyası da ağlabatan deyil, çünki indiki mərhələdə Kremlin Ukrayna üçün müəyyənləşdirdiyi qırmızı xətt onun NATO üzvülüyünə qəbul edilməsidi ki, hazırda belə bir perspektiv Brüsselin planlarına daxil deyil.

Üstəlik, Rusiyanın daha Ukraynadan hərbi müdaxilə yoluyla qoparacağı bir şey qalmayıb. Növbəti işğal faktı Moskvanın özünü çıxılmaz bataqlığa sürükləyə bilər. Çünki bundan sonra Ukraynada uzunmüddətli azadlıq mübarizəsi başlaya bilər ki, bu basabasda öz qulağının dibində növbəti bir Əfqanıstan yaratmaq heç cür Kremlin maraqlarına uyğun deyil. Bilməyənlər bilsin deyə deyirik: belə bir uzunmüddətli müharibə üçün təkcə Qərbi Ukraynanın özünün kifayət qədər resursları və iradəsi var. Xatırladaq ki, 1945-ci ildə faşist Almaniyasını darmadağın eləyən SSRİ-yə Qərbi Ukraynanı tam olaraq ram etmək üçün nə az, nə çox, düz düz on il vaxt lazım olmuşdu.

Bütün bunlardan əlavə hazırda Ukrayna cəbhəsində yaranmış gərginlikdən rusların özü də məmnun deyil. Putinin bu dəfəki ilhaq təşəbbüsləri artıq Rusiyada əvvəlki eyforiyaya səbəb olmayacaq. Prezidentin yuxarıda adını çəkdiyimiz məqaləsində Ukraynanın hazırkı iqtisadi durumu üzərində də xeyli dayanması və xalqın vəziyyətinin durmadan pisləşməsini vurğulaması bumeranq effekti yaradaraq, onun öz ölkəsinin əhalisi arasında qıcıq doğurub. Çünki bu gün rusların həyat səviyyəsi ukraynalıların güzəranından heç də yaxşı deyil. Üstəlik, Ukraynadakı siyasi azadlıqlar bu ölkəni sadə rusların gözündə daha cazibədar bir məkana çevirib.

Bütün bunlardan başqa bəzi ekspertlərin qənaətinə görə hazırkı mərhələdə Putini Ukrayndan daha çox Belarus ətrafında cərəyan edən proseslər maraqlandırır. Bir müddət bundan əvvəl ABŞ konqresmenləri tərəfindən Putin üçün şəxsi müstəvidə o qədər də xoş olmayan sürpriz bir təşəbbüs irəli sürüldü: “2024-cü ildə yenidən prezident seçiləcəyi təqdirdə onun legitimliyi tanınmasın”. Qərblə hazırkı gərgin münasibətlərin fonunda ən azından bir neçə ölkənin bu təşəbbüsə qoşulma ehtimalı çox yüksəkdi.

Təbii ki, birbaşa öz personasına yönəlmiş belə bir perspektiv istənilən avtoritar liderin nüfuzuna ağır zərbədi və ondan ötrü qəbuledilməzdi. Odur ki, bəzi məlumatlara görə hazırda Putin özünü bu xoşagəlməz ssenarinin hədəfinə çevrilməkdən qorumaq üçün əks planlar üzərində işləyir, 2024-cü il seçkilərinə kimi Rusiya ilə Belarusu birləşdirmək və yeni bir dövlətin prezidenti olmaq uğrunda yarışa qoşulacaq. Bununla da bütün prezidentlik müddətləri sıfırlanacaq, hər şey yenidən başlayacaq və ən azından daha iki dəfə seçilmək fürsəti qazanacaq. Bundan ötrü ilk növbədə Lukaşenkonu neytrallaşdırmaq lazım gələcək ki, bu da bir o qədər asan olmasa da, Belarus prezidentinin hazırkı zəif durumunda o qədər də mümkünsüz görünmür.

M. Cavadoğlu

TƏQVİM / ARXİV