Sülh müqaviləsi və rus sülhməramlıları

MEHMAN CAVADOĞLU
939 | 2022-04-26 17:35

Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olson aprelin 27-də Azərbaycana səfər edəcək. Bu ranqlı ABŞ rəsmilərinin bölgəyə səfərləri ənənəvi hadisə olsa da hazırkı gəlişin forması və formatı bir az fərqlidir, yəni, xanım Olson Azərbaycanın bir sıra rəsmi şəxsləriylə görüşdən sonra öz ölkəsinin regionda fəaliyyət göstərən missiyalarının rəhbərlərinin iştirakıyla keçirilən ənənəvi konfransa da qatılacaq. Xatırladaq ki, konfransda Vaşinqtonun Azərbaycan, Gürcüstan və Ermənistan səfirləri Erl Litsenberqer, Kelli Deqnan və Linn Treysi, eləcə də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təmsilçisi Mark Simakovski, Avropa və Avrasiya ölkələrinə yardım üzrə əlaqələndiricisi Qreq Naarden və nəhayət, Qafqazda danışıqlar üzrə böyük müşavir Endrü Şofer iştirak edəcəklər. Bildiyimiz kimi bu sonuncu şəxs ATƏT-in Minsk qrupunun həmsədriydi və son vaxtlar onun, eləcə də digər iki həmsədrin vəzifələrinin dəyişdirilməsi çox ilginc məqamdır, yeni reallıqların beynəlxalq güclər tərəfindən də qəbul olunmasının bariz nümunəsidir.

Təbii ki, 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni siyasi düzən sözü gedən konfransda da əsas müzakirə predmetlərindən biri olacaq. Müharibənin başa çatmasından ilyarım keçməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları hələ də ölü nöqtədə ilişib qalıb. Əsas vasitəçi rolunu üzərinə götürmüş Rusiya öz missiyasının öhdəsindən gəlməyi bacarmır, ya da ki, bunu istəmir. Sülh müqaviləsinin imzalanması və münaqişənin birdəfəlik həlli onun hazırkı militarist maraqlarına uyğun gəlmədiyini üçün ikinci versiya həqiqətə daha uyğun görünür.

Putin əvvəlki illərdən fərqli olaraq daha öz məqsəd və maramlarını diplomatik ibarələrlə pərdələməyə çalışmır, SSRİ-nin xiffətini çəkdiyini, onun süqutundan sonra Rusiyanın itirilmiş mövqelərinin bərpasını prioritet hesab etdiyini və bütün bunlara nail olmaq üçün müharibədən tutmuş siyasi-iqtisadi şantaja kimi ən müxtəlif üsullara əl atacağını gizlətmir, bir sözlə, açıq kartla oynayır. Hazırda Qarabağda yaranmış “nə sülh, nə müharibə” vəziyyəti də onu tamamilə qane eləyir. Çünki belə qeyri-müəyyənlik sülhməramlı kontingent adı altında hərbi baza saxlamaq üçün əla fürsətdir. Üstəlik, Qərbdəki erməni sevgisinə mübtəla qatı düşmənləri də buna görə onu qınamaq nədir, hətta alqışlayırlar.

Müharibədən sonra Ermənistanla Azərbaycan arasında Putinin vasitəçiliyi ilə üç sənəd imzalanıb və hər üç sənəddə onun imzası var. Bu gün-sabah 10 noyabr bəyanatının imzlanmasının iki ilii tamam olacaq, amma onun bir çox müddəaları hələ də yerinə yetirilməmiş qalır. Bölgədəki erməni silahlı birəşmələri bu günə kimi nəinki tərksilah olunmayıb, hətta Ermənistandan Qarabağa yeni-yeni silahlı zinvorların gəlməyi barədə vaxtaşırı məlumatlar yayılır. Eləcə də kommunikasiyaların açılması məsələsini götürək. Bundan ötrü üçtərəfli komissiya yaradıldı, bir neçə iclas keçirildi, müəyyən qərarların qəbul edildi, hansısa razılıqlar əldə olundu, nikbin açıqlamalar verildi və ardınca da rəsmi Yerevanın günahı ucbatından hər şey unuduldu, proses dalana dirəndi.

Təbii ki, Kreml rəhbərliyinin, xüsusilə Putinin ermənilərin öhdəsindən gələ bilmədiyini düşünmək sadəlövhlük olardı. Paşinyan hər nə qədər Qərbyönümlü olsa da Moskvadan çalınan havaya oynamağa məhkumdur. Nə müharibədəki məğlubiyyətdən sonra keçirilən növbədənkənar seçkilərdəki möhtəşəm qələbə, nə Qərbin dostu statusu hakimiyyətinin ilk dövründə Rusiyaya atdığı təpiklərin bədələni çox pis yaşamış baş nazirə öz şimal süzereninə arxa çevirmək cəsarəti verə bilməzdi. Müxalifətə gəlincə isə hazırda az-çox elektorata malik müxalif təşkilatların hamısı birbaşa Kremlə bağlı olduqları üçün onların Putinin iradəsinə qarşı çıxmaları apriori mümkün deyil.

Bütün bunları ona görə xatırlatmaq zorundayıq ki, razılıqların icra edilməməsinin Ermənistandakı mürəkkəb vəziyyətlə əlaqələndirilməsi düzgün yanaşma deyil. Rusiya yuxarıda adını çəkdiyimiz razılaşmaların özünə lazım olan müddəalarını anındaca reallaşdırdığı kimi digər bəndələrinin icrasını da çoxdan yekunlaşdırardı. Bir mariginal bəzi qrupları çıxmaq şərtilə bu gün nə Yerevanda, nə də Xankəndində hətta Ukrayna müharibəsində ağır duruma düşmüş, gücüylə yanaşı simasını da itirmiş bugünkü Moskvanın iradəsinə qarşı getmək cəsarətində və həvəsində olan heç bir siyasi qüvvə yoxdur. Əgər razılaşma yerinə yetirilmirsə, deməli, bölgədəki hegemonloğunu qoruyub saxlamağa çalışan vasitəçi belə istəyir. Hərçənd, bu cür qeyri-müəəyyənlik bəlkə də qaytardılar xülyasıyla yaşayan və buna görə hər bəhanəylə sülh prosesini əngəlləməyə çalışan ermənilərin də maraqlarına çox uyğundur.

Ancaq Azərbaycan və Ermənistan rəhbərlərinin Avrop Birliyinin prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşündən sonra bölgədəki nizamlama prosesində yeni situasiya yarandı. İndiyə kimi Rusiya kimi qatı ermənipərəst mövqe tutan AB də bu cür birtərəfliliyin fayda vermədiyini görüb problemin həllinə kifayət qədər neytral mövqedən yanaşmağa başladı. Şarl Mişelin görüşdən sonra verdiyi bəyanatda proseslərə kifayət qədər obyektiv mövqedən yanaşılması siyasi razılaşmaların əldə olunacağına ümidləri artırdı. Onu da qeyd eləyək ki, Putinin qəbulunda daxili bir diskomfort yaşayan Paşinyan üçün bu platforma xeyli doğma və cəlbedicidir. Təsadüfi deyil ki, Brüssel səfərindən qayıtdıqdan sonra münaqişənin mahiyyəti haqqında erməni cəmiyyətini təlatümə gətirən bir sıra açıq, ölkədəki siyasi konyukturanı nəzərə alası olsaq, həm də cəsarətli açıqlamalarla çıxış elədi ki, bu barədə ötən yazılarımızda geniş bəhs etdiyimizdən onların üstündə dayanmaq istəmirik.

Putinin tələm-tələsik onu Moskvaya çağırması da, heç şübhəsiz ki, AB-nin çətiri altında keçirilən danışıqların nəticələriylə bağlıydı. Məlumdur ki, bu danışıqlarda əldə olunan razıılaşmalara görə aprelin 30- a kimi delimitasiya və demarkasiya məsələləri, eləcə də yekun sülh müqaviləsinin hazırlanmasıyla bağlı komissiyalar yaradılmalıydı. Artıq Azərbaycan tərəfinin həmin komissiyaları yaratmasıdı barədə mətbuatda informasiyalar da gedib.

Kremlin bu məsələdə hansı mövqe sərgiləyəcəyi hələlik müəmmalı olsa da bəzi məlumatlardan belə görünür ki, Moskva bu mərhələdə prosesə əngəl törətmək niyyətində deyil. Belə bir niyyət olsaydı, şübhəsiz ki, Paşinyanla ikitərəfli görüşdə bunu söyləyər və baş nazirin hazırkı davranışlaqrında onun əlamətləri gürünərdi. Hələlik, nəinki belə bir ab-hava hiss olunmur, əksinə bu yöndə bəzi nikbin açıqlamalar səslənir. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh sazişinin hazırlanması prosesinin kimin idarə eləməsi barədə verilmiş sualın cavabında beş iştirakçının – Yerevanın, Bakının, Moskvanın, Brüsselin və Vaşinqtonun adını çəkib. Daha sonrasa deyib ki, sənədin imzalanması RF sülhməramlı kontingentinin Qarabağdan çıxardılmasını nəzərdə tutmur.

Görünür, Rusiyanın prosesə nisbətən dözümlü yanaşması da məhz bu məqamla bağlıdır.

Hərçənd, vur-tut bir neçə gün əvvəl Rusiya XİN-in sözçüsü Mariya`Zaxarova Azərbaycanla Ermənistan arasındakı vasitəçilik təşəbbüsünə görə Brüsseli sərt və qeyri etik ifadələrlə ittiham eləmiş, Moskvanın 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2020-ci il bəyanatlarına sadiq qaldığını bidirərək demişdi: “ Bizi tarixi dostluq və müttəfiqlik bağlarıyla bağlı olduğumuz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hərtərəfli yardım edəcəyik”.

Qarşıdakı günlərdə ABŞ-ın Bakıda keçirəcəyi regional konfrans da nə qədər ənənəvi tədbir olsa belə, heç şübhəsiz ki, ordakı əsas müzakirələr məhz bölgədəki bu tarixi gəlişmələr ətrafında gedəcək.

Hər halda region çox mümüm tarixi mərhələyə qədəm qoyur və ümid edək ki, tərəflər arasında əldə olunmuş bu kövrək konsensus dayanıqlı bir sülh müqaviləsinin imzalanmasıyla nəticələnsin.

Doğrudan da, hamı səmimi şəkildə buna çalışırsa, onda müqavilə imzalandıqdan sonra rus sülhməramlıları burda niyə qalmalıdırlar ki? Bax, təəssüf ki, A. Qriqoryan bu incə məqama aydınlıq gətirməyib.

M. Cavadoğlu

TƏQVİM / ARXİV