adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Tarixin vərdişi

MEHMAN CAVADOĞLU
885 | 2022-03-03 14:28

Rusiya - Ukrayna davası artıq dalana dirənmiş kimi görünür. Putinin daha çox ukraynalıların loyallığına hesabladığı “blitckrik” baş tutmadı, proses əvvəldən yazılmış ssenarinin çərçivəsindən kənara çıxdı. Orda uzaqbaşı bir ovuc benderçinin müqavimətiylə üzləşəcəyini güman edən Moskva qarşısında təkcə yüksək səviyyəli nizami Ukrayna ordusunu yox, uşaqdan böyüyə, qadından kişiyə bütöv bir xalqı görüncə əməlli-başlı şaşırdı.

Ümumiyyətlə, hadisələrin gedişini diqqətlə izlədikcə məlum olur ki, işğalçı tərəf rəqibini rahathulqum hesab etdiyi üçün bu müharibəyə əvvəlcədən barmaqarası yanaşıb və ciddi hazırlaşmayıb. “Bir ovuç bender, faşist və narkoman”a qarşı hərbi əməliyyatlar keçirməsi barədə cəmiyyətə sırıdığı ideoloji trafaretlərə özü də inanıb.

Bu narkoman söhbətisə özgə bir dəstgahdır. Nədənsə, Kremlin Yer kürəsinin hər tərəfinə səpələnmiş çoxsaylı rəqibləri və barışmaz düşmənləri arasında həmin sosial zümrənin təmsilçiləri həmişə ön mövqelərdə olublar. Ən azı 20 yanvar 1990-cı ildən bəri bunun şahidiyik. Özü də narkomanlar bir qayda olaraq Şərqdə dini radikalların, Qərbdəsə faşistlərin “koalisiya ortağı” olurlar.

Nə qədər qeyri-etik səslənsə də hadisələrin uzanması Ukraynanın maraqlarına cavab verir. Hər keçən gün yaşanan dəhşətlərin fonunda xalqın özünə inamı artır, ordu özünə daha çox güvənməyə başlayır. Artıq Qərbin birbaşa dəstəkdən imtina etməsindən doğan məyusluq hissi də ötüb keçməkdədir. Müqavimət ən azı bir həftə də davam eləsə, Rusiya güzəştə getməyə və geri çəkilməyə məcbur olacaq. Üstəlik, psixoloji üstünlük də Ukrayna tərəfdədir. Çünki məğlubiyyətə görə onu heç kim qınamayacaq. Rusiyanın məğlubiyyətisə nəinki Putinin sonu ola bilər, ölkənin daxilində də zəncirvari prosesə çevrilər, milli-azadlıq hərəkatlarının növbəti dalğasına rəvac verə bilər.

İndiyə kimi rus qoşunlarının, demək olar ki, bir dənə də mühüm nailiyyət qazana bilməməsi bu ehtimalı xeyli gücləndirir. Bir neçə şəhər əldən-ələ keçib, vəssalam. Əvəzində iri şəhərlərin, yaşayış məntəqələrinin, mülki obyektlərin gecə-gündüz müxtəlif növ silahlarla atəşə tutulması və viran qoyulması, qadağan olunmuş kaset bombalardan, fosforlu bombalardan istifadə olunması adi hal alıb ki, bu da əhali arasında antirus ovqatını daha da körükləyir. Ölkədə təbii şəkildə, necə deyərlər, öz axınıyla ümummilli müqavimət hərəkatının yaranması da bununla bağlıdır.

Prosesin uzanması rus cəmiyyətində də ciddi təbəddülatlar yaradıb. Həm ziyalılar, həm də sıravi vətəndaşlar arasında antimüharibə ovqatı gündən-günə çoxalmaqdadır. Sıravi rusdan tutmuş elitar təbəqəyə kimi az qala hamı kiminlə vuruşduqlarının fərqinə indi-indi varmağa başlayıb. Bu xəttin tərəfdarları çoxaldıqca rəsmi təbliğatın təsiri altına düşənlərin sayı sürətlə azalır.

Narazıların sıraları elə sürətlə böyüyür ki, artıq Putinin ətrafına da gəlib çatıb. Onun ən yaxın adamları sayılan Mixail Fridman və Oleq Deripaska kimi oliqarxlar da müharibə əleyhinə bəyanatlar veriblər. Düzdür, hələ ki bu bəyanatlarda Putinin və ya hökumətin ünvanına heç bir irad-filan yoxdur, söhbət, ümumiyyətlə, müharibəninin yolverilməz olmasından gedir. Amma vəziyyət gərginləşdikcə həm bu tip bəyanatların sayı çoxalacaq, həm də onların ritorikası sərtləşəcək.

Düzdür, Rusiya cəmiyyətində antimüharibə ovqatının getdikcə güclənməsində slavyan həmrəyliyinin rolu danılmazdır. Amma hazırkı mərhələdə bu daha çox cəbhədəki uğursuzluqlardan və sanksiyaların yaratdığı narahatlıqdan qaynaqlanır. Çox sərt sanksiyalardır, təkcə dövlətin çökdürülməsinə yox, həm də vətəndaşın dilənçi kökünə salınmasına hesablanıb. Nə iri kapitalın, nə orta və kiçik sahibkarın, nə də ac vətəndaşın bununla barışacağı ağlabatan görünmür.

Bir sözlə, Putin uzunmüddətli mütləq hakimiyyəti dövründə ilk dəfədir ki, çıxılmaz vəziyyətlə üzləşib, özünü dərin quyunun dibinə salıb. O bundan sonra tam qələbə çalsa da, Ukraynanı büsbütün işğal eləsə də özünü nə rus ziyalısının, nə rus millətçi-patriotunun, nə də rus obıvatelinin gözündə ucalda bilməyəcək. İndi hakimiyyəti qorumaq, yuxarıda da dediyimiz kimi öz ətrafına qədər gəlib çıxmış və getdikcə çoxalacağı şübhə doğurmayan etirazçıları ram etmək üçün onun sərt repressiyalara əl atmaqdan başqa çıxış yolu qalmayıb. Bu həm də düşdüyü ağır psixoloji durumdan çıxmaqda onun yardımçısı ola bilər. Hərçənd, böhran vəziyyətində aşırı sərt tədbirlərin bumeranq effekti yaratmaq riski də böyükdür.

Hərbi uğursuzluq, siyasi böhran və… aclıq. Klassik inqilabi situasiyadır. Özü də təxminən bir əsr əvvəl ruslar məhz bu situasiyada sonradan dünyanın gərdişini 180 dərəcə dəyişəcək bir inqilab eləmişdilər. Təkrarçılıqsa tarixin köhnə vərdişidir.

M. Cavadoğlu

 

 

TƏQVİM / ARXİV