RUSİYANIN QARABAĞ ƏNDİŞƏSİ

MEHMAN CAVADOĞLU
1014 | 2022-04-18 12:07

Ermənistan hökuməti mətbuat xidmətinin ötən həftənin sonlarında yaydığı məlumata görə baş nazir Nikol Paşinyan sabah Moskvaya rəsmi səfərə gedəcək və iki ölkə rəhbəri arasında iqtisadi əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq kəsb eləyən digər movzular ətrafında geniş fikir mübadiləsi aparılacaq. Əslində, görüşün məqsədi də elə həmin o “digər məsələləri” müzakirə eləməkdi, çünki Ukrayna bataqlığında başını itirmiş Rusiya prezidentinin öz vassalı saydığı bir ölkəylə bu soxasoxda hansısa iqtisadi əməkdaşlıq məsələsini müzakirə eləməyə vaxt ayıracağı o qədər də real görünmür. “Digər məsələlər” ifadəsinin altındasa Azərbaycan və Ermənistan prezidentlərinin ikinci Brüssel görüşündən sonra yaranmış situasiyanın nəzərdə tutulması heç kim üçün sirr deyil. Çünki başı öz müharibəsinə qarışmış Putin birinci Brüssel görüşündən fərqli olaraq bu dəfəki prosesin gedişinə vaxtında müdaxilə edə bilməmişdi.

Şübhəsiz ki, N. Paşinyanın parlamentin ötən həftə keçirilən iclasındakı bəzi praqmatik açıqlamaları da Kreml kuluarlarında böyük əndişə yaradıb. Xatırladaq ki, həmin iclasda bir sıra həqiqətləri dilə gətirən baş nazir nəinki öz opponentlərini, bütövlükdə Ermənistan cəmiyyətini şoka salan fikirlər səsləndirmişdi. “Beynəlxalq birlik açıq şəkildə deyir ki, bizim Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmağımız çox təhlükəlidir. Onların fikrincə belə mövqe təkcə Qarabağ üçün yox, Ermənistanın özü üçün də yaxşı perspektivlər vəd eləmir” – deyə söylədikdən sonra həmin betnəlxalq birliyin aşağıdakı tövsiyyələrini də parlament üzvlərinin diqqətinə çatdırmışdı:“ Bu gün bizə açıq-aşkar deyirlər ki, əgər Ermənistana böyük dəstəyimizi istəyirsinizsə, Qarabağ məsələsində plankanı aşağı salmalısınız. Əks təqdirdə bizə çox da bel bağlamayın. Ona görə yox ki, biz sizə kömək eləmək istəmirik, ona görə ki, kömək eləyə bilmirik”.

İkinci Qarabağ müharibəsinin yekunlarına toxunan baş nazir daha sonra deyib ki, əgər o, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana versəydi minlərlə insanın həyatını xilas etmiş olardı, ancaq bunu etmədiyinə görə faktiki olaraq minlərlə insan həyatının qurban getməsinin səbəbkarı olub. Öz sələflərinin də bostanına daş atmağı unutmayan baş nazir deyib: “Serj Sərkisyandan miras qalmış danışıqların məntiqinə görə referendum tərəflər arasında razılaşdırılmış müddətdə keçirilməlidir. Azərbaycansa buna cavab olaraq bildirmişdi ki, yaxın 50 ildə heç bir referendumdan söhbət gedə bilməz. Referendum yalnız azərbaycanlılar ora qayıtdıqdan sonra baş tuta bilər ki, buna da 50-100 il vaxt lazımdır.

“Bizi Şuşanı verməkdə qınayırlar, - deyə o davam eləyir. – Hərçənd, müharibə məhz elə Şuşanın uğrunda gedirdi. Bizə deyirlər ki, müharibəni saxlamaq lazım idi. Guya biz müharibəni saxlamaq istəmirdik? Bu sadəcə, mümkün deyildi. Bu barədə dəfələrlə danışmışam. Bizim həlak olan uşaqlarımız Qarabağı verməmək üçün bütün imkanlarından istifadə elədilər. Bu məsələ hələ də gündəlikdən çıxmayıb. Əgər biz başqa yolla getsək Qarabağı mütləq verəcəyik. Fərrux dağı ətrafında baş verən hadisələr buna yaxşı misaldır. Biz hər şeyi hissə-hissə verəcəyik. Bəsdir bir-birimizi aldatdıq”, - deyə hisslərini cilovlaya bilməyən baş nazir əsəbi tərzdə söyləyib.

Öz hökumətinin məziyyətlərindən danışan Paşinyan çıxışını emosianal notlarla başa vurub: “Biz erməni xalqını qurbanlıq quzu vəziyyətindən çıxarmağa çalışırıq... Ermənistan suveren dövlətdir, biz nəyisə həll eləmək hüququnu özümüzə qaytarmalıyıq, çünki biz ölkəyik, mal tövləsi deyilik. Biz vətəndaşıq, qurbanlıq quzu deyilik ki, nə qədər və necə kəsmək, yaxud bağışlamaq haqqında başqaları qərar versin. Biz dövlətik, biz millətik, biz suverenik. Bəli, bizim qürurumuz var, mənliyimiz var, hüquqlarımızı əlimizdən almağa heç kimə imkan verməyəcəyik”.

Kiçik ixtisarlarla təqdim elədiyimiz bu çıxış təkcə günümüzün acı reallıqlarını əks etdirmir, həm də erməni cəmiyyətində formalaşmış çoxəsrlik stereotiplərə qarşı qaldırılmış üsyana bənzəyir. Paşinyan açıq-aşkar ona eyham vurur ki, əgər erməni ictimai şüuru uzun illərin xıltından təmizlənməsə, cəmiyyət öz ruhuna və “cisminə” hopmuş millətçi stereotiplərdən azad olmağa çalışmasa, xalqın başında duranlar, onu yönəldənlər xəstə və fantastik iddialardan əl çəkməsə bu ölkənin gələcəyi də keçmişi kimi qaranlıq olaraq qalacaq, heç bir kənar qüvvə, xarici havadar onun dərdinə əlac eləmək iqtidarında və ya həvəsində olmayacaq.

Bu çıxışın sabahkı Moskva görüşü ərəfəsində səslənməsi də təsadüf deyil. Çünki Dağlıq Qarabağ probleminin həlli məsələsində Kremlin mövqeyi ilə erməni radikal şüurunun daşıyıcılarının mövqeyi eyni olmasa da oxşar olub. Birincilərin heç bi əndazəyə sığmayan iddialarıyla ikincinin münaqişənin həllində maraqlı olmaması prosesi faktiki olaraq çıxılmaz dalana dirəyib. Elə 44 günlük müharibədən sonra da Rusiyanın faktiki olaraq heç bir məsələni həll edə bilməməsi, daha dəqiq desək, həll etmək istəməməsi bu deyilənlərə əyani sübutdur. Məsələn, 10 noyabr bəyanatında aydın və konkret şəkildə göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgəydə erməni silahlı qüvvələrinin ordan çıxarılmasına paralel şəkildə yerləşdirilir. Bu gün-sabah sülhməramlı qüvvələrin birinci müddəti başa çatacaq, ancaq bölgədəki erməni silahlı qüvvələri nəinki ordan çıxardılmayıb, hətta getdikcə çoxalmaqdadı.

Kommunikasıyaların açılmasına gəlincə, bu nəinki 10 noyabr bəyanatının müddəalarında əks olunub, hətta ötən il yanvarın 11-də məsələylə bağlı daha bir xüsusi bəyanat imzalanıb, işçi qrupu yaradılıb, görüşlər keçirilib və s. Ancaq altında Putinin də mübarək imzası olan həmin sənəddən və ondan sonrakı bəzi kosmetik gəlişmələrdən sonra da proses ölü nöqtədən tərpənmədi. Hazırda Putinin istənilən məsələylə bağlı öz iradəsini Ermənistana qəbul etdirməsində heç bir probleminin olmadığını, yəni bir vaxtlar başı Qərb havasıyla dumanlanmış hazırkı baş nazirin də 44 günlük müharibədən sonra “üzüyola uşağa” çevrildiyini, az-çox sosial bazası olan müxalifətinsə binayi-qədimdən birbaşa Moskvanın göstərişləriylə oturub-durduğunu nəzərə alsaq, şübhələr yenə də Şimala doğru yönəlir – kommunikasiyalar açılmırsa, deməli, Kreml belə istəyir.

Paşinyanın bu dəfəki Moskva səfərinin pərdə arxasında nələrin cərəyan edəcəyini təsəvvür eləmək çətin deyil. Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən ikinci görüşdən sonra əldə olunan konkret razılaşmalar və həmin razılaşmaların həyata keçirilməsi üçün atılan konkret addımlar az qala Moskvaya Ukrayna müharibəsini unutduracaqdı."Bu gecə böyük irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başalamağa və mümkün sülh sazişini hazırlamağa, bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik". Şarl Mişelin görüşdən sonra söylədiyi tək bu cümlədə Kremli narahat eləyən xeyli ciddi məqamlar var. Hərçənd, həm Avropa Birliyi, həm də ABŞ son günlər Rusiya ilə aralarında yaranmış qatı və açıq düşmənçiliyə baxmayaraq hələ də Azərbaycan-Ermənistan münaqişəsinin həllində Moskvanın vasitəçiliyinin tərəfdarı olaraq qalırlar. Çünki Kremlin Ermənistanın maraqlarını onların özündən də daha yaxşı qoruyacağını yaxşı bilirlər.

Beləliklə, sabahkı Moskva görüşü Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsində həlledici rol oynayacaq. Putin təkcə razılaşmaların onun iradəsindən kənar baş verdiyinə görə yox, Ukrayna hikkəsini soyutmaq üçün də bu prosesə əngəl törədə bilər. Və çox güman ki, elə belə də olacaq.

M. Cavadoğlu

TƏQVİM / ARXİV