adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Ukrayna – Qərblə Şərqin savaş meydanı!

MEHMAN CAVADOĞLU
1072 | 2022-02-28 14:12

Rusiyanın Ukraynaya beş gündür davam eləyən hərbi müdaxiləsinin nə vaxt başa çatacağı barədə real proqnoz vermək çətin olsa da, elə ilk anlardan bir sıra qaranlıq məqamların üstünə işıq düşdü. Kremlin dəli bir ümidlə gözlədiyi anşlus baş tutmadı, 1938-ci ildə alman tanklarını gül dəstələriylə qarşılamaq üçün Vyana sokaklarına axışan Avstriyalılardan fərqli olaraq Ukraynalılar Kiyevin küçə və meydanlarına əli avtomatlı çıxdılar. Bu, Kreml kabinetlərində əsl şok effekti yaratdı, çünki orda oturanlar Ukraynada hökm sürən ənənəvi antirus ovqatının heç vaxt öz əksər “slavyan qardaşları”nın mövqeyi kimi qəbul etməmiş, olsa-olsa bir ovuc bender millətçisinin şıltaqlığı saymışdılar.

Görünür, buna görə də işğal planı “ildırım sürətiylə şərqdən girib qərbdən çıxacağıq” düşüncəsiylə işlənib hazırlanmışdı. Üstəlik, ortada Krımın, deyəsən, artıq birdəfəlik, Donbasınsa birinci işğal təcrübəsi də var idi ki, Rusiya rəhbəri həmin əməliyyatlardan böyük siyasi dividentlərlə çıxmışdı. Reytinqi qalxmış, özü də təkcə obıvatelin yox, bir çox işıqlı ziyalılar da daxil bütün cəmiyyətin gözündə ideal rəhbər statusuna qədər yüksəlmişdi.

Həmin xalq, həmin ictimai şüur bu dəfə başqa mövqe sərgilədi, onun növbəti işğalçılıq təşəbbüsünü təpki və süngüylə qarşıladı. Özü də bu məqamda söhbət təkcə Rusiya ictimai rəyindən getmir. Son hadisələrin başlanğıcında məlum oldu ki, əsasən ruslardan və ya “ruslaşmışlar”dan ibarət olan Şərqi Ukrayna əhalisinin ictimai şüurunda da ciddi təbəddülatlar baş verib. Ölkənin ikinci böyük şəhəri olan Xarkovun bu gün müqavimət hərəkatının önündə getməsi ictimai şüurdakı həmin təbəddülatlardan xəbər verən çox ciddi faktdır, fenomen gəlişmədir.

Qərbi Ukraynalılarla Rusiyanın düşmənçiliyinin tarixi çox qədimdir və millətçi təfəkkürə söykənir. Şərqi Ukraynalıların ictimai şüurundakı dəyişikliksə millətçiliyin də fövqündə duran başqa bir hissdən – azadlıq duyğusundan qaynaqlanır. Bir millətin iki fərqli ictimai şüurun daşıyıcısına çevrilməsi tarixi, coğrafi, siyasi amillərlə bağlıdır və bu mənada Ukraynallar tək deyil. Dünyada içi Azərbaycan xalqı da qarışıq belə taleyi bölüşən çox qövmlər mövcuddur. Ukraynalıların özəlliyi ondadır ki, onlar uzun müddət eyni ölkənin, eyni rejimin çətiri altında

yaşaya-yaşaya bu fərqliliyi qoruyub saxlamışdılar. Bir tərəfin aşırı millətçiliyi ilə digər tərəfin şit beynəlmiləlçiliyi uzun illər mental konsensusun formalaşmasına çox ciddi əngəl törətmişdi. Son günlərin qanlı olaylarısa göstərdi ki, sonuncu müstəqil Ukrayna dövləti vur-tut 30 il ərzində həmin fərqi aradan qaldırmağı, necə deyərlər, iki millətdən bir millət “düzəltməyi” bacardı. Özü də buna pafoslu millətçilik və əttökən vətənpərvərlik şüarlarıyla yox, insanların təfəkkürünü buxovlardan azad etmək yoluyla nail oldu. Azad insan və demokratik təfəkkür eyni dilin, dinin, siyasi rejimin, coğrafi məkanın, eləcə də vahid sosial-iqtisadi ukladın bacarmadığı işin öhdəsindən çox asanlıqla gəldi.

Bu sonuncu işğal avantürası Ukraynanın monolitliyinə yeni bir təkan verdi. Hələlik hadisələrin hansı sonluqla bitəcəyini bilən olmasa da, Rusiyanın istənilən halda məğlub duruma düşəcəyi heç kimdə şübhə doğurmur. Rus əskəri Lvova kimi bütün ölkəni tutsa belə bu pirr qələbəsindən başqa bir şey olmayacaq. Putin Moskvanı alandan sonra onunla nə edəcəyini bilməyən Napolyonun vəziyyətinə düşəcək. Hərbi müqavimət dayansa da vətəndaş itaətsizliyi elə miqyas alacaq ki, ordakı kollaborasionist rejim heç rus avtomatlarının lüləsi altında da fəaliyyət göstərə bilməyəcək. Odur ki, gül-çiçəklə qarşılanmaya olan dəli bir ümidin iflasından sonra çox güman ki, artıq o özü də itdən peşmandı. İndiyə kimi hədə-qorxuyla heç olmasa, ambisiyalarının üstünə su səpə bilirdisə, artıq bu kart da əlindən çıxdı.

Qorx ki, bu işğal bumeranq effekti yaradaraq Rusiyanı, deməli, həm də Putinin özünü çökdürsün. Artıq anonslar da gəlməkdədir. Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Kanada və Yaponiya rəsmi Moskvaya qarşı indiyə kimi analoqu olmayan sərt sanksiyalar tətbiq etməyə başlayıb və qadağaların miqyası hər ötən gün daha da genişləndirilir. İlk dəfədir ki, Lavrovun, Şoyqunun, hətta Kreml başçısının özünün də adları sanksiyalara məruz qalan şəxslərin sırasına salınıb. Üstəlik, Çin də öz şimal qonşusuyla daha ehtiyatlı davranmağa başlayıb. Rusiyadan Avropa Birliyi ölkləriylə müqayisədə dəfələrlə ucuz qiymətə qaz alan rəsmi Pekin ödəmə sistemində yaradılmış problemlərə görə artıq bu sövdələşmədən imtina edir, göz görə-görə batan “qardaşından” üz çevirir. Üstəlik, Ukraynanı birmənalı şəkildə müdafiə eləməkdən də çəkinmir. Özünün separatizmlə bağlı ən azı üç ciddi problem olmasına baxmayaraq hər fürsətdə onun ərazi bütövlüyünü dəstəkləyir və onsuz da, yüksək səviyyədə olan iqtisadi münasibətlərini daha da inkişaf etdirəcəyini deyir.

Bu gün Rusiya heç vaxt olmadığı qədər təklənib. Yalnız qorxu və şantaj ucbatından loyallığını saxlayan bir neçə keçmiş SSRİ respublikalarından və Latın Amerikası, Asiya və Afrikadakı sovetdən qalma barmaqla sayılası “izqoy” dostlardan başqa oturub-durmağa bir ölkə qalmayıb. Adam faktiki olaraq bütün dünyayaya qarşı elə bir cəngə çıxıb ki, heç bir atom və ya hidrogen bombası-zadla bu cəngi udmaq mümkün deyil. Atdığı hər addım aqoniyada olan birisinin isterik çırpıntısına və xaotik davranışlarına başqa heç nəyə bənzəmir.

İstənilən sanksiya ən azı ikibaşlı əjdaha kimi bir şeydir. Onun obyektləri kimi subyektləti də risk altına düşür və itkilərə məruz qalır. Amma indiki sanksiyaların subyektləri həddindən artıq zəngin olduqları üçün öz siyasi ambisiyaları və geopolitik maraqları fonunda gözə görünməyən bu cür xırda-para itkilərdən çox da narahat deyillər. Sanksiyanın obyektisə başında durduğu xalqın itaətkar mahiyyətindən arxayındır. Bu sanksiyalar ölkədəki iqtisadi durumu nə qədər ağırlaşdırsa belə təhlükə yoxdur, təbəə dözməyə məhkumdur və dözəcək. Əvəzində onu sakitləşdirmək üçün tutarlı bəhanələr də olacaq, “mənfur Qərb... murdar Amerika... Bütün bəlaların kökündə onlar durur... Onların burjuy xisləti ucbatından qoyulmuş bu sanksiyalar xalqımıza məhrumiyyətlərə düçar eləyir” qismində hərzə-hədyan, vəssalam.

Putinin 2007-ci ildə söylədiyi məşhur Münhen nitqindən sonra gərginləşməyə başlayan və bu günə kimi yüksələn xətt üzrə inkişaf eləyən Rusiya-Qərb düşmənçiliyi Ukraynaya hərbi müdaxiləylə öz pik nöqdəsinə çatdı. Təəssüf ki, son döyüşü qəbul eləməyin bütün ağırlığı Şərqə doğru səlib yürüşünə çıxmış NATO-nun fasiləsiz genişlənmələrindən sonra Qərblə Şərqin arasında bufer dövlətə çevrilmiş Ukraynanın və onun əzabkeş xalqının üzərinə düşdü. Bu qədim ölkə, bu qəhrəman xalq indi mərdliklə özünün növbəti ağır imtahanını vermək üçün uşaqdan böyüyə kimi silaha sarılıb. O istənilən halda bu qovğanın qalibi olacaq. Üstəlik, Qərbli və Şərqli kimi girdiyi davadan vahid Ukraynalı kimi çıxacaq ki, bu da güclərini birə on qat artıracaq, dostlarına dayaq, düşmənlərinə göz dağı olacaqlar.

M. Cavadoğlu

TƏQVİM / ARXİV