1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Əslində ilin 365 günü uşaqların müdafiəsi günü olmalıdır. Bu bir günü kəşf edib uşaqların başını aldadırlar. Əslində elə bu gün də dünyada milyonlarla uşaq aclıqdan əziyyət çəkir, ölür, çiçək kimi vaxtından əvvəl solur, başlarına bombalar tökülür, yurd-yuvaları dağıdılır.
O gün bir video paylaşmışdılar. Bir hacıleylək yuvası yanırdı. Hacıleylək yuvada qalmış balalarını xilas etmək üçün özünü oda vururdu, özünü öldürürdü. Mən bunu Birinci Qarabağ savaşında öz gözlərimlə görmüşəm. Necə başlarına bomba tökülən valideynlər dəhşət içində acizcəsinə övladlarına baxırdılar. Və bunu «Dolu» romanında da təsvir etmişəm. İkinci Qarabağ savaşında da bunun şahidi olduq, Allah bir də bizə bunları yaşatmasın, çox ağır səhnədir. Bu barədə şair Hidayət Elvüsal da bir yazı yazıb, onu da bugünki sayımızda dərc edirik.
Uşaqlar təkcə bizim yox, bu millətin, bu Vətənin, bu dövlətin gələcəyidir. Millətimizin gələcəyini qoruya bilirikmi? Təəssüf ki, ürəyimiz istədiyi kimi yox.
Çox fikirləşmişəm ki, uşaq pulu niyə vermirlər? Nəhayət, bu qənaətə gəlmişəm ki, Dövlət baba uşaq pulunu ona görə vermir ki, verər, uşaqdırlar da, salıb itirərlər.