adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

“Xaos dövrü” - Eminquey yazır

EMİNQUEY AKİF
684 | 2024-02-21 13:23

30 yaşım var.

Mənə görə insan nə ucsuz-bucaqsız azadlığa qərq olmamalıdır, nə də tam boyuna ölçülmüş məhbusluğa.

Səhvlərim var, təbii, amma bu səhvlərə görə peşmanlıq hissi yaşayıram. 

Əvvəlcə dünyasını dəyişmiş atamı düşünürəm, sonra anamı, sonra sevdiyim qadını, sonra Allahı, sonra isə özümü. 

Mənə bu canı verən Allahdır, məni dünyaya gətirən, böyüdən atamla anamdır, mənimlə həyatını bölüşən sevdiyi qadındır və mən “MƏN”əm.

Səhvlərim Allahı da, atamı da, anamı da, sevdiyim qadını da və MƏNi də təəssüfləndirəcək, ağrıdacaq, incidəcək.

İnsan ucsuz-bucaqsız azadlığa qərq olanda dəyər sistemi darmadağın olur, doğmaları onun üçün yox olur, Allah yox olur, heyvan kimi yaşayır.

İnsan şüurdan, ruhdan ibarətdir, ən əsası bir bədənin içində qəfəsdədir. Hansı azadlıqdan söhbət gedə bilər? “Ölüm”ə məhkum varlıqlarıq, azadlıqdan danışırıq?

Bugün də, dünən də hər növ vicdansızlığa imza atan, xirtdəyəcən günaha batan, cinayətkar olan insanlar üçün heç bir dəyər, heç bir doğma, heç bir inanc yoxdur. 

Kimin içindən hansısa məqamda adam öldürmək keçməyib? Kimin içindən kimisə möhkəm döymək keçməyib? O qədər… Amma nələrəsə görə dayanmışıq. Birimiz atamızı, birimiz anamızı, birimiz o dünyanı, birimiz bu dünyanı, birimiz sevgilimizi, birimiz həyat yoldaşımızı, birimiz övladımızı düşünüb dayanmışıq. Dəyərlərimiz var deyə!

Yeni dövr bütün dəyərləri, bütün institutları, bütün inancları sındırmaqla məşğuldur. Xaos dövrüdür yeni dövr. Olmaz! Olursa, nəticəsi budur. Təkcə bizdə yox, dünya miqyasında! 

TƏQVİM / ARXİV