adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

XƏYYAM ÇƏLƏBİ, TROLLUQ ELƏMƏK SƏNƏ YARAŞMAZ - Aqil ABBAS yazır

AQİL ABBAS
474 | 2022-12-05 22:30

Bir nəfər Elman Eldaroğlu adında tanımadığım şəxs sosial şəbəkədə mənim haqqımda xoş bir yazı paylaşıb. Təsadüfən bir 15-20 gün bundan əvvəl «Real» TV-də Mirşahinin otağında bu adamla rastlaşmışam, tanış olmuşam. Həmin ərəfədə də təxminən 20-30 dəqiqə arasında mənə seçicilərimdən 10-15 zəng gəlib, vəssalam-şüttamam. Zənglərə verdiyi cavabları da eşidib və gedib mənim haqqımda xoş bir yazı yazıb, sağ olsun. Məsələ yazıda deyil.

Sonra kimsə mənə zəng etdi ki, Elman Eldaroğlunun sənin haqqında yazdığı yazını oxu. Təbii ki, oxudum, xoşuma da gəldi. Redaksiyaya da zəng etdim ki, qoyun səhifəyə.

Məsələ nədi? Yazının altında şərhlər var, şərhlər demək olar ki, yazını təqdir edir. Bu vaxt Xəyyam Çələbi adlı bir nəfər də iki şərh yazır. Və mənə böhtan atır, tamamilə yanlış bir status yazır və mənim millət vəkilliyimə ləkə atır. Əlbəttə, mən onu məhkəməyə də verə bilərəm, amma ayıb olar. Ona görə ki, bu adam yazır qaziyəm, iki ayağım da yoxdur və guya altı ay mənim qəbuluma düşmək istəyib, düşə bilməyib. Allah şəfa versin, həm özünə, həm də ağlına.

Mənə belə böhtan atanlar çox olur, amma heç birinə cavab vermirəm. Lazım bilmirəm. Onları məhkəməyə də vermirəm, nəyə lazım? Mən pul deyiləm ki, hamının sevimlisinə çevriləm?

Amma bu qaziyə cavab vermək məcburiyyətində qaldım.

Birincisi, yazır ki, guya mənim həmkəndlimdir və altı aydır qəbuluma düşə bilmir.

Əvvəla, mən nəinki öz həmkəndlilərimi, həm də seçildiyim bölgədə və ümumiyyətlə, Qarabağda hamını az-çox tanıyıram. Səhifəsini açmışam, yazıb ki, Yevlaxdandı. Dostum, mən yevlaxlı deyiləm, Ağcabədi rayonunun Bayat elinin Kolanı kəndindənəm. Orda doğulmuşam və həmin kənddə də hamını tanıyıram. Ya əmim uşaqlarıdılar, ya mamam uşaqları, ya da kiməsə qız alıb qız vermişik. Və o kənddə də kimin nəyə ehtiyacı olduğunu əzbər bilirəm. Heç kimsə mənə zəng eləməsə də kənddəki əmi uşaqlarıma zəng edirəm ki, filankəsə, filankəsə ya pul yardımı edin, ya bazarlıq edin, ayda da iki dəfə mütləq kənddə oluram. Əmi uşaqlarımdan soruşuram sizə nə qədər borcum var, nə bilim deyirlər, 300-400 manat. Bundan başqa da, mütləq özüm ehtiyacı olanların evlərinə gedirəm, görüşürəm, hər hansı problemi varsa həll edirəm. Adlarını yazmıram, lazım deyil. Çünki bunu millət vəkili kimi etmirəm, Kərbəlayı Muxtarın nəvəsi kimi edirəm.

Bütün nəslim Kərbəlayıdı, özüm yox. Allah qismət eləsə mən də gedib həm imamları, həm də babam Füzulinin qəbrini ziyarət edəcəm.

Kəndimiz magistral yoldan təxminən 3 kilometr aralıdı. Kəndimizdə də Seyid Heydər Ağanın piri var. Qarabağ camaatı bu piri ziyarət etməyi xoşlayır. Amma yol bərbad gündəydi və bir dəfə atam dedi ki, oğul, o yolu düzəltdir, camaat əziyyət çəkməsin. Mən də o yolu həm öz şəxsi vəsaitim hesabına, həm də Cavid Qurbanovun köməyi ilə asfaltlaşdırdım. Bilirsən kənd camaatı mənə dedi? Dedi ki, oğul, day sənin Kərbəlaya getməyin lazım deyil, sən ki Seyidin ocağına yol çəkdirdin, elə bil Kərbəlaya getmisən.

Bu, məsələnin bir tərəfi. Keçək ikinci tərəfə. Mən bəlkə də yeganə deputatam ki, telefon nömrəmi nəinki Qarabağda, bütün Azərbaycanda əzbər bilirlər. Və sən mənə bircə dəfə də zəng etməmisən və ərizə ilə də müraciət etməmisən. Bundan başqa, Parlamentdə qəbul otağı var, ora müraciət edən hər bir vətəndaşı hər hansı bir deputat qəbul etmək məcburiyyətindədi. Parlamentin Nizamnaməsi bunu tələb edir. Və demək olar ki, nəinki mənim yanıma gələn, hətta mənə aid olmayan vətəndaşları da qəbul edirəm. Sən nə vaxtsa belə bir müraciət etmisənmi? Yox!

Bundan başqa, həm mənim, həm də köməkçimin Bakıda qəbul otaqları var. Bütün günü də açıqdır, qəbul saatım yoxdur. Deyə bilərsən ki, 1-ci qrup əliləm, mən ora gələ bilmərəm. Qəbul, aydındır. Amma adınızdan kimsə gələ bilərdi və yaxud məktub göndərə bilərdi. Bunu da etməmisiniz.

Dəfələrlə yazmışam, Qarabağda qəbul otağım olsa da heç vaxt həmin otaqda oturmuram, kəndləri gəzirəm, camaatı da kəndlərin mətəsində, daha dəqiq desək, çayxanalarında qəbul edirəm. Mən xalqın bir adamıyam və özümü də xalqın içində olanda xoşbəxt sayıram.

Xəyyam Çələbi, səhifəni açdım, hansısa tanımadığım bir partiyanın Səbail rayon şöbəsinin sədrisən. İndi axtarıb taparam ki, təkcə Səbail rayonunu deputat kimi təmsil etməyə-etməyə bu bölgədən nə qədər adama yardım etmişəm, problemlərini həll etmişəm.

Dostum, trolluq eləmə. Ünvanını göstər, durub gəlim yanına. Mənim işgüzar nüfuzuma ləkə atma.

Cəhənnəm hər şey, ən azı, axı biz bir kənddən deyilik. Özü də mən təkcə doğulduğum kəndi deyil, bölgəmdə olan bütün kəndləri vaxtaşırı gəzirəm. Və imkanım daxilində insanların problemlərini həll edirəm.

Və mənim kimliyimi qazi dostlarından soruş. Trollardan yox ey, dostlarından!

TƏQVİM / ARXİV