adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Iyun 2016 16:16
132587
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Aramızdakı vampirlər"

Vampirlər – ədəbiyyat, incəsənət bu varlıqlar haqqında elə vahiməli, hətta qorxunc cazibəli obraz yaradıb ki, XXI əsrin insanı belə bu adı eşidəndə üşənir. Halbuki bu varlıqlar Şərqi Avropanın öncə cahil kəndlilərindən yayılıb, daha sonra şəhər əfsanələrinin qəhrəmanlarına çevriliblər.  İnsanların qorxu hissləri üzərində şöhrət tapıb qazanc götürənlərə isə bundan münasib fürsət ola bilməzdi. Odur ki, dünya xalqlarının folklorundan qaynaqlanan vampirlər ən skeptik xalqların da ədəbiyyatında, mədəniyyətində, təsviri incəsənətində özünə asanlıqla yer edə bilir. Amma biz "Dünyanın qara üzü”ndə gecə vaxtı məzarlardan çıxıb gün çıxanadək insanların qanını içən fövqəlvarlıqlardan deyil, onların real forması olan enerji vampirlərindən bəhs edəcəyik. 

Əvvəlcə onu qeyd edək ki, hər bir insanın ətrafında nizamlı zərrəciklərdən ibarət aura mövcuddur. İnsan aurasının müsbət və ya mənfi olması isə çox zaman özündən asılı olur. Məsələn, xoşxasiyyət olmaq, gözəllikləri görə bilmək, həsəd hissindən uzaq durmaq, sevdiyin işlə məşğul olmaq, həyatı sevgi dolu yaşamaq və s. insanın aurasını müsbət edir. Bunun əksi isə auranı formalaşdıran zərrəciklərin nizamını pozduğu üçün auranı mənfi istiqamətə yönəldir, hətta ən qorxulusu onda "dəlik”lər yaradır ki, bu da insanı vampirlərin potensial şikarına çevirir. Çünki enerji vampirləri zərrəciklərin qarışmasından yaranan pozuntunu şüurlu və ya qeyri-ixtiyari dərhal hiss edirlər. Yəni bayquş kimi ovları öz ayağı ilə qarşısına çıxır. Vampirlərin özlərində enerji azlığı olduğu üçün, onlar orqanizmlərini başqalarının hesabına təmin edirlər. Xüsusən də neqativi özlərinə çəkib, vücudlarında müsbətləşdirirlər.  


Enerji vampirləri kimlərdir?


Onların bəziləri kim olduqlarından xəbərsizdirlər, hərəkətləri şüuraltı olaraq həyata keçir. Amma adətən, enerji zəliləri "həyat amal”larından yaxşı xəbərdar olduqları üçün daim ova çıxırlar. Enerji vampirləri mifoloji vampirlər kimi üzdən asanlıqla bəlli olmurlar. Hərçənd qaniçən vampirlər də ədəbiyyatda, filmlərdə çox cazibədar təsvir olunurlar, yalnız şikarına hücum etdikləri zaman köpək dişləri, dırnaqları uzanır, gözləri qorxunc rəngə çalır. Amma real vampirlərdə belə hallar baş vermir. Sadəcə gözəllik məsələsində mifologiya, eləcə də ədəbiyyat yanılmayıb. Onlar həqiqətən də çox gözəl görünüşlü insanlar olurlar, elə vampirləri təhlükəli edən ilk məqam da budur. Çünki gözəl insan ətrafa xoş təsir bağışladığına görə, hər kəs ona can atır və beləliklə də onun tələsinə düşürlər. Enerji vampirləri gözəllikdən əlavə həm də baxımlı olurlar. Onların səliqəli geyimləri, məlahətli səsləri, cinsinə uyğun olaraq xarizmatik hərəkətləri olur. Cəsarətli davranışları, şux yerişləri, şaqraq gülüşləri, işvə-nazları ilə diqqətləri üzərinə çəkirlər. Evli, nüfuzlu vəzifə sahibləri olmalarına baxmayaraq, daim əks cinsin marağında olmaq istəyirlər. Bunu çox vaxt əxlaqsızlıqla qarşıdırırlar, amma əksinə, vampirlər əxlaqsız olmurlar, onların mütləq qəlbinə hakim kəsilən tək məhəbbətləri olur. Elə başqalarının enerjisini sorub daim cavan, gözəl, gümrah qalma istəklərinin bir səbəbi də hənim şəxsə görə olur. 


Qurbanı necə seçirlər?


Enerji vampirləri qurbanlarını dərhal hiss edirlər. Adətən, həyatından narazı, kədərli, uğursuz insanları tapır və özlərini "dost” kimi qələmə verirlər. Daha sıx-sıx belə adamlarla vaxt keçirirlər, çünki əsas "qida” mənbəyi onlardır. Qarşı tərəfin bikefliyindən, acizliyindən yararlanırlar. Onlar başqalarının dərdinə şərik olur, insanlara kömək etmək istəyi altında pərdələnirlər. Adətən, qonaqpərvər olur, insanlarla ünsiyyətdə olmağı sevirlər. Beləliklə seçdikləri qurbanın ətrafında olmaqla, onun olan-qalan enerjisini də sorurlar. Tezliklə qurbanın ünsiyyət zamanı enerjisi tükənir, psixi cəhətdən yorulur, hətta fiziki ağrılar və narahatlıq, baş ağrıları yaranır, xroniki xəstəlikləri şiddətlənir. Bəzən vampirlər uzun müddət şikar seçə bilmirlər. Bu isə onları həmişəkindən daha aqressiv edir. Fikir vermisinizsə, ətrafınızda olan gözəl, mehriban, həmişə xoşxasiyyəti ilə seçilən insanlar birdən aqressivləşirlər. Səbəb isə uzun müddət "ac” qalmaqlarıdır. Onlara təcili qurban lazımdır. Belə olduqda vampirlər özləri üçün qurban yaradırlar. Həyatında hər şey qaydasında olan insanlara "hücum” edirlər. Məsələn, nələrdən xoşu gəlmədiyini yaxşı bildiyi iş yoldaşına, qonşusuna, qohumuna kökəldiyini, bədən quruluşunun dəyişdiyini deyirlər, həyat yoldaşı ilə bağlı beyninə şübhələr salırlar, onların daha yaxşı həyata layiq olduğunu deyib hazırki şəraitindən diksindirirlər. Bir sözlə, seçdiyi qurbanı həyatdan küsdürəcək, ağladacaq, dərdə salacaq hər şeyi edirlər. Qurban içindəki dərdləri töküb ağladıqca canıyanan görünüşlü vampirin içində güllər açır. Xüsusən vampirlər başqalarının xoşbəxt həyatını korlamaqdan zövq alırlar. İstər kişi, istərsə də qadın olsun evli insanlara meyil göstərirlər. Tərəf-müqabilini özünə bağlayandan sonra ayrılırlar, çünki artıq istədiklərini əldə ediblər. Dost, qardaş, qohum arasını vurmaqda pərgardılar. Kişi vampirlər iki bacını, rəfiqəni özlərinə bilərəkdən aşiq edirlər, qadın vampirlər daha irəli gedirlər: ata və oğul məhəbbətindən bəhrələnirlər.


Vampirləri necə tanımalı?


Yuxarıda qeyd etdiyim kimi bu, heç də asan olmur. Çünki hər gözəl, mehriban insana, dərdə şərik canıyanan dosta da vampir damğası vurmaq olmaz. Vampirlər, dünənə qədər sənə salam verməyib, qəfil dost olan adamlar tipinə aiddir. Dünya-aləm veclərinə olmadığı halda birdən insanların dərdinə şərik çıxmaq həvəsinə düşürlər. Onları ən əsas ələ verən gözlərdir. Çünki insan qəmlənəndə onun gözlərinin parıltısı sönür, həqiqətən canıyanan dost dərdə şərik çıxırsa, onun gözlərində kədəri görmək olur. Vampirlərdə isə kədərli üz ifadəsinə baxmayaraq, gözləri parlaqlığını itirmir. Elə bu məqamda da mifologiya haqlıdır. Ordakı vampirlər də gözlərindən od yağan kimi təsvir olunurlar. Onlar gözlərini qurbanından çəkmirlər. Ona görə də gözlərinə bir dəfə diqqət yetirmək bəs edər. Üstəlik, qarşılıqlı söhbət zamanı baş ağrılarınız başlasa və get-gedə halsızlıq hiss etsəniz, həmsöhbətinizin vampir olduğundan şübhələnin. Onunla söhbətdən yayının. Amma deyək ki, vampir sizdən yaşca və ya vəzifəcə böyükdürsə, söhbəti yarımçıq tərk etməklə hörmətsizlik edə bilməzsinizsə, çalışın ki, vampirlə üzbəüz deyil, yanaşı oturasınız.  Enerjinin sorulmasının qarşısı alınması üçün ayaqlarını çarpaz şəkildə qoyun, eləcə də, barmaqlarınızı bir-birinə daraqlayın. Adi məişət şəraitində, gəzintidə, dost məclisində fikir verin, vampirlər ev heyvanlarını sevmirlər, elə heyvanlar da onlardan ötrü sino getmirlər. İtlər onları görcək hürür, pişiklər cırnayırlar və gözlərini vampirdən çəkmirlər, əvəzində isə həşəratlarlar onlara çox daraşırlar. Körpə uşaqlar da belə insanların qucağında çox qalmırlar.

Gördüyünüz kimi günümüzün vampirləri qaniçən olmasalar da, enerji sormaqda mahirdirlər. Ona görə də təhlükəli olmaqda heç də sələflərindən geri qalmırlar. Ən ağır zəmanələrin birində yaşamaqla bir tikə enerjimiz, həyat gücümüz qalıbsa, onu da vampirlərə qurban etməyək. Amma... nə bilmək olar – bəlkə elə mən, ya bunu oxuyan da vampirdir. Məsələ burasındadır ki, psixoloqlar xəbərdarlıq ediblər: günümüzdə hər üç nəfərdən biri VAMPİRdir! 

Göstərilən təsvir və səbəblərdən başqa özünüzün və ya ətrafınızdakı ən yaxın adamınızın vampir olub-olmadığını müəyyən etmək üçün aşağıdakılara fikir verin:

* Boş yerdən dava çıxarırsınızsa,

* Kiminsə sirrini ortaya açıb-tökmək və ya deyilməli olmayan həqiqəti üzə vurmaq istəyirsinizsə, məsələn xarici qüsurları ilə bağlı, 

* İki sevəni ayırmaq istəyirsinizsə,

* Özünüzdə hər şey ola-ola yenə başqalarına həsəd aparırsınızsa, 

* Hər şeyə mız qoyub, heç nə bəyənmirsinizsə

* Və bütün bunlara haqq qazandırıb, sonra da heç nə olmamış kimi yenidən gülə-deyə geyinib gəzintiyə, işə çıxırsınızsa...

Deməli, sizin vampir olma ehtimalınız var, təcili psixoloqdan gün alın...


Şəfiqə ŞƏFA