SON DƏQİQƏ:

POLAD QASIMOVSUZ YEDDİ GÜN

  73186   |  
Şriftin ölçüsü  

… Onunla ötən əsrin 80-ci illərində tanış olmuşdum. «Kirpi» jurnalına bir yazı aparmışdım və o yazını da rəhmətlik Rüfət Əhmədzadə bəyənmişdi. Ancaq bəyənməyinə baxmayaraq, dedi ki, qoy Polad müəllim də bir baxsın, fikrini söyləsin. Düyməni basdı, otağa son dərəcə nurlu, ağayana və işıqlı bir insan daxil oldu.

- Tanış ol, bu Polad Qasımovdur, - deyə Rüfət Əhmədzadə bizi tanış elədi.

O, Polad müəllimə bir daha mənim barəmdə əlavə məlumat verdi. Dedi ki, bu cavan oğlanda nəsə maraqlı bir istedad var. Yazısına baxarsan, məsləhət bilsən çapa hazırlayarsan. Polad müəllim də diqqətlə mənə baxdı və dilləndi:

- Bir həftədən sonra mənə bir dəyərsən!

Elə oldu ki, bir həftə iki həftəyə çevrildi və iki həftədən sonra Polad müəllimin yanına getdim. İçəri daxil olanda özünəməxsus yüksək bir mədəniyyətlə ayağa qalxdı və verdiyim salamı ürəkdən aldı. Sonra da dedi ki, yazdığın felyeton çox xoşuma gəldi. Artıq onu çapa hazırlamışam, bu nömrə jurnalda dərc olunacaq. Əllərini saçlarına aparıb onu geriyə daradı:

-Yazın barədə Rüfət müəllimə də demişəm. Demişəm ki, bu adam istedadlı gəncdir. Ondan gələcəkdə istifadə eləmək lazımdır.

«Kirpi» jurnalının çapdan çıxmış yeni nömrəsini böyük sevinclə aldım. Gözlərim öz yazımı axtarırdı. «Susmaq qızıldır» yazısını görəndə gözlərimə işıq gəldi. Sevincimdən fərəhləndim. Zarafat deyildi, 70-ci illərdə felyetonun çap olunsun və sən də ona sevinməyəsən.

Bizim Polad müəllimlə yoldaşlığımız, dostluğumuz, ünsiyyətimiz o vaxtdan yarandı. Nə az, nə çox Polad Qasımovun köməkliyi ilə ona yaxın felyetonum «Kirpi» jurnalında çap olundu. Hətta məni «Kirpi»də işə götürmək də istəyirdilər…

O vaxtlar «Kirpi» jurnalında işləmək hər jurnalistə nəsib olan xoşbəxtlik deyildi. Orda çalışanların içərisində Polad Qasımov başqalarından seçilirdi; həm istedadı, həm sadəliyi, həm də ağayanalığıyla. Orda elə adamlar vardı ki, salam verəndə heç adamın salamını belə almaq istəmirdi. Elə bil ki, alçaq dağları bu yaratmışdı, yerə-göyə sığmırdı. Tay bilmirdi ki, Allah-Təalanın da özündən razı, yekəxana adamlardan xoşu gəlmir. Heç Polad Qasımovun da bu yekəxana, özündən razı adamlardan xoşu gəlməzdi. Özü sadə və səmimi olduğuna görə də həmişə ətrafında belə insanları görmək istəyərdi.

… Onun ən yaxın dostlarından biri bizim də yaxın dostumuz və qardaşımız olan Əbülfət Mədətoğlu idi. Hər səhər onlar 1-ci mərtəbədə çay içən görərdim. Və bir neçə dəfə də Polad müəllimin təkidlərindən sonra mən də əyləşib onlarla bir stəkan çay içərdim. Bir dəfə elə oldu ki, pul vermək istədim, onda da Anara dedi ki, Faiq müəllimin pulunu götürmə, geri qaytar! Onların sıxıntısı, ehtiyacı çoxdur. Və bir də ki, heç kəs mən əyləşdiyim stolda pul verə bilməz.

Polad müəllimin dünya boyda ürəyi, dağ boyda səbri və bir də heç kimə bənzəməyən səmimiyyəti vardı. Bunu tək mən demirəm. Onu tanıyanların hamısı deyir. Bu da təsadüfi deyildi. Çünki Polad Qasımov Gədəbəydə bütün Azərbaycanda tanınan və sevilən bir ziyalının ocağında dünyaya gəlmişdi və Polad müəllim heç vaxt haram çörəklə böyüməmişdi və heç vaxt da haram çörək yeməmişdi.

… O, başqa dünyanın adamı idi. Dünyaya kişi ocağında gəlmişdi, kişi ocağında yaşamışdı və kişi kimi də ömür sürmüşdü! Elə kişi kimi də bizi tərk elədi. Ona bir dəfə xahiş elmişdim, heç kimin eləyə bilmədiyi işi aşırmışdı. Və mən də çalışırdım ki, bu yaxşılığın müqabilində nəsə onun əvəzini qaytarım. Heç olmasa ən azından bir dəfə oturub çörək kəsək. Elə hər dəfə də deyirdi ki, darıxma, sən, Əbülfət, mən qudamın yeməkxanasında əyləşərik və bir tikə çörək kəsərik. Hətta bir dəfə də nə illah elədim ki, heç olmasa mən borcumu yeni ilə qədər qaytaram. Yenə özünəməxsus bir ağayanalıq və mərdliklə dilləndi:

- Darıxma, may ayında 75 yaşım tamam olur. Bax, onda bir yerdə əyləşib ötən günləri yada salarıq…

… Onun dediyi günü biz bir yerdə qeyd eləyə bilmədik… biz bir yerdə əyləşib onun sağlığına badə qaldıra bilmədik… biz bir yerdə əyləşib sevincimizi, fərəhimizi, içimizdə olan nə varsa onu bölüşə və paylaşa bilmədik... Mənim üçün bu çox ağır oldu. Və elə bilirəm ki, Polad Qasımovun mənim boynumda çox böyük bir yükü var. Ən azından ona görə ki, onun elədiyi yaxşılığın min də birini qaytara bilmədim. Və bir də mənə o təsəlli olur ki, Polad müəllim elədiyi yaxşılıq müqabilində heç kəsdən, heç kimdən onun əvəzini, qarşılığını ummazdı. Elə ona görə də o, Polad Qasımov idi.

Mən bu yazını qələmə almamışdan üç-dörd saat əvvəl metroda şair Qələndər Xaçınçaylı ilə rastlaşdım. O da Polad müəllimin dünyasını dəyişməsinə çox kədərlənmişdi. Və bir yaxşılığını yada saldı: «Cibimdə pulum yox idi, Ağdama yasa getmək istəyirdim. Elə oldu ki, bir dəfə Polad müəllimlə rastlaşdım, məni otağına dəvət elədi. Gördü ki, əhvalım çox pisdi. Hadisəni ona danışdım, əlini cibinə saldı və zorla mənə yüz manat pul verdi. Dedi ki, get yası yola ver, heç bir qəm eləmə».

Bax, Polad müəllimi bütün yazarlar, jurnalistlər belə mərd insan kimi tanıyıb. O, Azərbaycan jurnalistikasının tam məsuliyyətlə deyə bilərəm ki, barmaqla sayılası şəxslərindəndir. Müxbirlikdən baş redaktor vəzifəsinə qədər yüksəlib. 60 ilə yaxın Azərbaycan mətbuatında külüng çalıb, yazı yazıb, imzasını tanıtdırıb və uzun müddət «Kirpi» jurnalının baş redaktoru vəzifəsində işləyib. Müxbir olanda özünü necə sadə və səmimi aparıbsa, baş redaktor vəzifəsində çalışanda da o sadəliyini qoruyub saxlayıb. Əməkdaşlarına redaktor kimi yox, öz doğma övladları kimi yanaşıb.

Rəhmətlik Vaqif Cəfərlinin Polad müəllim haqqında dediyi bu sözlər bu gün də qulağımda səslənir: «Polad müəllim mənim dədəm idi. Cibimdə pulum olmayanda, sıxıntı içində yaşayanda həmişə onu axtarırdım və ona bel bağlayırdım. Qayıdanda da balalarım görürdü ki, cibimdə pulum var, bazarlıq eləmişəm, evə əli dolu gəlmişəm. Bunu görəndə balalarımın gözünə işıq gəlirdi.»

Polad Qasımov «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülmüşdü. Polad Qasımov sözün həqiqi mənasında təpədən dırnağa qədər ziyalı, işıqlı, nurlu bir kişi idi… Polad Qasımov murdar suya qoyulub içilməli bir adam idi. Çünki murdar su da Polad Qasımovun simasında saflaşırdı, durulaşırdı… Polad Qasımov Allah çox yaxın və doğma bir insan idi. Çünki o Allahını sevirdi, haqqı, ədaləti, mərdliyi, kişiliyi və ən nəhayət səmimiyyəti hər şeydən üstün tutardı… Və Polad Qasımov bir tikə çörəyini də dörd-beş yerə bölən kişilərdən idi!..

Yas məclisində onun övladlarını gördüm. Yas məclisində onun qardaşı, istedadlı şair-publisist, heç kimə əyilməyən, ləyaqətini və şəxsiyyətini bütün varlıqlardan üstün tutan Dəmir Gədəbəylini gördüm. O Dəmir Gədəbəyli ki, tələbə vaxtı bizlərə dədəlik, atalıq, qardaşlıq eləmişdi… O Dəmir Gədəbəyli ki, bizə görə həmişə yuxarılar tərəfindən sıxılırdı… Nə var, nə var, tələbə-jurnalistlərə o həddindən çox qonorar yazırdı. Dəmir Gədəbəyli həmişə deyirdi ki, tələbəyə qayğı göstərərlər, nəvaziş göstərərlər, cibinə pul qoyarlar.

Hətta o, Təfəkkür Universitetində dekan vəzifəsində çalışanda belə tələbələrə görə çoxlarıyla davaya qalxıb və heç kimdən pul almayacağını bildirib. Deyib ki, mən tələbədən pul yığa bilmərəm. Tələbənin cibinə pul qoymaq lazımdı. Ona görə öz ərizsi ilə dekan vəzifəsindən çıxıb. O, filologiya elmləri doktoru, gözəl şair, gözəl publisistdir.

Sözümün canı odur ki, qardaş itkisi bu səbrli və dözümlü adamın belini əymişdi. Mən də bilirəm ki, qardaş itirmək nə deməkdir. Mən də qardaşımı 48 yaşında itirmişəm. İstəyir qardaşın 48-i yaşı olsun, istəyir 108 yaşı. Fərqi yoxdur, hər ikisi böyük dərddir və hər ikisi qardaş itkisidir!

Bilmirəm, Polad Qasımovsuz bu yeddi günü onun doğmaları necə yaşayıblar. Amma bir onu bilirəm ki, mənim gözümün qarşısında Əbülfət Mədətoğlu, Mahir Baratoğlu və onu sevən, dostluq edən, hər gün çörək kəsən insanlar indi 1-ci mərtəbəyə yeməkxanaya düşüb çörək yemək istəmirlər. Çünki onların gözləri Polad müəllimi axtarır! Elə mənim də gözüm Polad müəllimi axtarır! İndi bu təmiz, gözəl insan göy üzündə Allahın dərgahındadır. Göy üzündə Allahın dərgahında olmaq hər kişiyə nəsib olan xoşbəxtlik deyil. Polad müəllim bu dünyada özünə yaxşılıqdan böyük abidə qurmuşdu. İndi isə Allahın dərgahında o rahatca uyuyur və əbədi ömürünü yaşayır.

Bu dünyadakı ömür müvəqqəti ömürdü. Amma əsl xoşbəxtlik odur ki, Allahın dərgahında əbədi ömür qazanasan və heç vaxt ölməyəsən. Polad müəllim də heç vaxt ölməyib və həmişə də onu tanıyanların, sevənlərin qəlbində gün işığı kimi yaşayacaq. Onun özü olmasa da, yaxşılıqları, xatirələri bizimlə olacaq, ürəyimizi, qəlbimizi isidəcək…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK