SON DƏQİQƏ:

GÖY ÜZÜ KİMİ TƏMİZ

  82896   |  
Şriftin ölçüsü  

... Dünyada elə insanlar, elə ziyalılar, elə adamlar var ki, hamının onlara ehtiyacı duyulur. Yəni bu insanlar sözün həqiqi mənasında gün işığı kimi nurlu, gün işığı kimi təmizdilər. Və buna görə də harda olmasından asılı olmayaraq, belə bir ziyalıya, belə bir insana çox böyük ehtiyac hiss olunur...

Mənim tanıdığım və çox hörmət elədiyim, daha doğrusu, atamla yaxın dostluq eləmiş İsgəndər Quliyev də belə işıqlı ziyalı insanlardan biridir. O, İsgəndər müəllim kimi çox böyük hörmət və nüfuz qazanıb; həm çalışdığı Azərbaycan Dövlət Universitetində (indiki BDU-da), həm də cəmiyyət və insanlar arasında...

... Belə insanlar heç vaxt keçmişini, ağır günlərini yaddan çıxarmırlar. Ən azından ona görə ki, onlar yüksək mərtbəyə və zirvəyə heç kimin köməyi olmadan və çox çətinliklə qalxa biliblər. Onlar qalxdıqları o yüksəklikdən keçmişlərinə baxarkən bir daha bu günün qədrini bilir, insanlara daha böyük sevgi və məhəbbətlə yanaşırlar.

İsgəndər Həsən oğlu Quliyev 1938-ci ilin iyulun 1-də Astara rayonunun Artupa kəndində ziyalı ailəsində anadan olub. Atası Həsən kişi Böyük Vətən Müharibəsində həlak olub. Bundan sonra onun çətin və ağır günləri başlayıb. O, Ərçivandakı uşaq evində yaşayıb. Orta məktəbi bitirb və bir il də Artupa kəndində sıravi kolxozçu işləyib...

Sözümüzün canı odur ki, İsgəndər Quliyev həyatın çox odlu-alovlu, enişli-yoxuşlu yollarını keçib. Bu çətinliklər və ağrı-acılar onu zaman-zaman daha da möhkəmlədib. Nə elə arxalı adamı olub, nə də elə maddi imkanı. Öz zəhməti və gücü hesabına bütün çətinlikləri arxada qoyub. O, hətta 1956-cı ildən 60-cı ilə qədər Qazaxıstanda "xam torpaqlarda” işləyib. Orda da İsgəndər Quliyev bir zəhmətinə güvənib, bir də onu gözləyən anası Raziyə xanıma. Çünki anası həmişə onu Allaha tapşırardı və deyərdi ki, oğul, sənin Allahdan başqa heç bir köməyin və arxan yoxdur. Ulu Yaradan da həmişə ona arxa durub və söykək olub. İsgəndər Quliyev də həmişə Allahını tanıyıb, Allahına sığınıb və Allahın qoyduğu yolla da addımlayıb. Bu yol isə onu zaman-zaman arzusuna, istəyinə qovuşdurub. Düzdür, bu yolun bayaq dedyimiz kimi çox ağır anları olub... bu yolun qarı olub, çovğunu olub, tufanı olub... bu yolun sonu görünməyən çox çətinlikləri olub... Bütün bunlar onu heç vaxt qorxutmayıb və məqsədindən döndərə bilməyib.

O, Azərbaycan Dövlət Universitetində (BDU-da) uzun müddət "Sov. İKP tarixi” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Tarix elmləri namizədidir. Hər şeydən öncə son dərəcə haqqı, ədaləti və düzlüyü sevən bir ziyalı olaraq universitetdə böyük nüfuz qazanıb. Hamı da bilib ki, İsgəndər müəllim kimdən imtahan qəbul edibsə, mütləq həmin tələbəyə, yaxud da abituriyentə obyektiv qiymət verəcək. İsgəndər müəllimin başına güllə sıxsan da, qolunu qandallasan da heç vaxt savadlı uşağın qiymətini kəsməyib. Əksinə, kimsəsizə, yetimə-yesirə, əlsiz-ayaqsıza arxa durub və onların haqqını müdafiə eləyib...

İsgəndər Quliyev həm də prezidentə və dövlətçiliyə çox sədaqətli ziyalıdı. O, vaxtilə Heydər Əliyevə qarşı haqsızlıq olanda Ulu Öndərin müdafiəsinə qalxan öncül ziyalılardan biri olub. Daha doğrusu, İsgəndər Quliyev Heydər Əliyevi Bakıya dəvət edən məşhur "91-lər"dəndir. O "91-lər" ki, buna görə həmin dövrdə mövcud olan hakimiyyət onlara hər cür hədə-qorxu gəlirdi və hətta ölümlə belə hədələyirdi. Ancaq bu əqidəli, vətənini və xalqını sevən ziyalıları nə ölüm təhlükəsi, nə də başqa təyziqlər öz məqsədlərindən döndərə bilmədi və Heydər Əliyev hakimiyyətə gəldi, Azərbaycanı böyük təhlükədən xilas edərək çox güclü və qüdrətli dövlət yaratdı.

Axı demişdim, İsgəndər Quliyevin rəhmətlik atamla möhkəm dostluğu olub. Onun dostluğa necə sadiq olduğunu atam rəhmətə gedəndən sonra bir daha dərindən hiss elədim. Hiss elədim ki, İsgəndər müəllim kiminlə bir tikə çörək kəsibsə, axıra qədər də o çörəyə çox sədaqtəlidir. Mənə demişdi ki, hansı çətinliyiniz olsa gizlətməyin. Heç bizim də elə bir çətinliyimiz yox idi. Amma bu söz mənə həyat verdi, işıq verdi və atasızlığı yaddan çıxardım. Və fikirləşdim ki, mənim göydə Allah, yerdə də İsgəndər müəllim kimi bir güvəncim var. Elə bu mənim bəsim idi...

Bir dəfə də tələb olanda İsgəndər müəllimgilə getmişdim. Onda anası rəhmətlik Raziyə xanım sağ idi. Məni o qədər çox istəyirdi ki, doğmalarından ayırmırdı. Bir stəkan çay içib evdən çıxmaq istəyirdim, nə Raziyə xanım, nə İsgəndər müəllim, nə də həyat yoldaşı Əzizə xanım qalxmağıma imkan vermədilər. İsgəndər müəllim dedi ki, anam yaxşı düşbərə bişirib. Onu yeməmiş burdan səni buraxmaram, sözün açığı, mən də sıxılırdım. Dərin bir boşqamda düşbərəni gətirib qarşıma qoydular. Gördüm ki, onlar çəkilib o biri otağa keçdilər. Mən də doyunca həmin düşbərəni yedim. İndi də o düşbərənin dadı damağımdan getməyib. Sən demə, ona görə o biri otağa keçiblərmiş ki, mən utanmayım, o yeməyi yeyim...

İsgəndər müəllim çox gözəl övlad, çox gözəl ata, çox gözəl baba, çox gözəl insan, çox gözəl də ziyalıdır. Kimsə onun qapısını döysə, kömək istəsə mən inanmıram ki, İsgəndər müəllim bu köməyi kimdənsə əsirgəsin. Çünki bu cür ziyalılar tək özləri üçün deyil, həm də el üçün, oba üçün yaşayırlar. Yəni onların işığı tək öz evlərinə, öz qohumlarına deyil, çox insanların üstünə düşür...

O, 2001-2005-ci illərdə II çağırış Milli Məclisə deputat seçilib. İndiyə kimi yaxşı yadımdadır. Bir dəfə millət vəkili, professor Şamil Qurbanov Milli Məclisdə Fransanın sabiq prezidenti Jak Şiraka erməniləri müdafiə elədiyinə görə, "qudurub!" ifadəsi işlətmişdi. Buna görə öyrədilmiş adamlar Şamil Qurbanovun üstünə hücum çəkdilər. Hətta bir dəstə insan Milli Məclisə də gəlmişdilər. O vaxt Şamil Qurbanovu bir neçə ziyalı, o cümlədən millət vəkili rəhmətlik Zəlimxan Yaqub, millət vəkili İsgəndər Quliyev və bir də professor Pənah Xəlilov müdafiə elədilər. Nizami rayonundakı bir neçə məktəbdə görüşlər keçirildi və orda da İsgəndər Quliyev heç kimdən, heç nədən çəkinməyərək çıxış edib Şamil müəllimi müdafiə elədi. Bax, əsl vətənpərvərlik, əsl kişilik, əsl mərdlik budur! Sözdə hər şey demək olar. Amma əsas insanın əqidəsi, əxlaqı və amalıdır. İsgəndər Quliyev də həmişə təmiz əqidəyə, saf əxlaqa və mənəvi saflığa sığınıb. Bu da dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Elə insanlar var ki, onlar göy üzü kimi təmiz olurlar. Elə insanlar var ki, onlara atılan şər, böhtan heç vaxt yapışa bilməz. Elə insanlar var ki, onlar əməlləri, əxlaqları, savadları ilə digərlərindən seçilir. Bu insanlar əməlisaleh insanlardır və Allah-Təala tərəfindən sevilənlərdir. Mən qürur duyuram ki, Azərbaycanın İsgəndər Quliyev kimi çox dəyərli, göy üzü kimi təmiz və vicdanlı ziyalısı var.

Lap yadımdan çıxmışdı. Onu da deməliyəm ki, İsgəndər Quliyev bu gün Bakı Dövlət Universitetinin "Diplomatiya və müasir inteqrasiya prosesləri" kafedrasında fəaliyyətini davam etdirir. İndiyə kimi 100-dən çox elmi əsərin, kütləvi kitab və məqalələrin müəllifidir. 4 övladı, 8 nəvəsi var...

Allah-Təala hər bir insanın ömür yolunu əvvəlcədən yazır. Və İsgəndər müəllimə də belə bir tale bəxş edib. Elə bir tale ki, o taleyə görə övladlar, nəvələr, doğmalar həmişə İsgəndər Quliyevlə fəxr edəcək və deyəcəklər ki, bizim nəslimizdə Azərbaycanın çox böyük ziyalısı var.

Viktor Hüqonun bir kəlamı yadıma düşür: "Vicdan insanın Allahıdır". İsgəndər Quliyev də vicdanlı ziyalı olduğuna görə, həmişə Allah-Təala tərəfindən sevilib və ona göy üzü kimi bir təmizlik bəxş edilib.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK