SON DƏQİQƏ:

İLAHİ ƏDALƏT ÜMİDİ

  23465   |  
Şriftin ölçüsü  

İmanı, haqq-ədaləti, vicdanı, qeyrəti görən olmayıb? Yolda-rizdə rastlaşmamısınız? Hara gediblər, niyə gediblər, nə vaxt gediblər, məlum deyil, yoxa çıxıblar bu məmləkətdən. Amma bir yerə getdikləri bəllidi. Ona görə yox ki, yerləri boş qalıb, kənardan boşluq görünür, ona görə ki, yerini imansızlıq, yalan, iftira, mənfəətçilik, ədalətsizlik, yalan... tutub və o yer köhnə sahibini əliçıraqlı axtarır.

Boş-boş danışanlar, boğazdan yuxarı sözləri hər gün utanmadan hər kəsə təkrar edən, yersiz tərifləri ilə nadanları "xoşbəxt edib” sevindirən, az-çox qalmış dürüst insanların ikrahedici baxışlarıyla qarşılaşsa da vərdişini tərgitməyən, yalan, boş vədlərlə vicdanlı insanların inamını qıran, əli çatmayan yüksəklikdə olan bilikli, elmli, savadlı, mədəni insanlara qara yaxmadan çəkinməyən böhtançı, qeybətcil, paxıl, kinli nəsil yetişdiririk. Eyni zamanda millətinin qızını, qadınını yoldan çıxarıb, sonra haqqında qeyrətli kişilərə məxsus palaz-palaz sitatlar gətirən, sosial şəbəkələrdə şiraslana dönüb namus keşikçilərinə xas təhdidlər yağdıran, torpaq, Vətən kəlməsini timsah göz yaşlarıyla anan, amma "lazım gələndə” ortadan sivişib çıxan "Qarabağı qarabağlılar xilas etsin” deyən ağıllı gədələr ordusu peyda olub. Peyda olub demək yanlış ola, bu, anidən olan şey deyil. Amma o xisləti içimizə nə vaxt yeritdilər, nə vaxt külli-millətin qanına-canına yoluxdu, onu anlaya bilmirəm. Qanında-canında yalançılıq, artistlik, ikiüzlülük, üzündə saysız-hesabsız maskalarla gəzənlər az idi bizim dövrdə və ətraf ikrahla qarşılardı onları. Eləcə yaşayardılar özləriyçün, bir də onlardan öz mənfəətləri üçün istifadə edənlər üçün. Amma nə zaman bu yoluxma baş verdi, hər kəs onlar kimi yaşamaq həvəsinə düşdü, bax bu çox məyusedici faktdı. İnsan olan birinin qəlbini sındırdımı yata bilməz! Peyğəmbərə gələn vəhylərdə bu da keçir: Bir qəlbi qırmaq bir insanı öldürməyə bərabərdi! Bəli, Allah: Sındırdığınız qəlblərin ahından qorxun! Mən sınıq qəlblərdəyəm, deyir. Hər fürsətdə maddiyyat xatirinə ikiüzlülük edən, yalan danışan, başqasının haqqını yeyən gecəni necə yatır görəsən? Yata bilməyənlər vicdanı olanlardı. Yata bilirsə, demək o, insanlıqdan çıxıb artıq... Abırına, həyasına qısılıb, haqqını tələb etməyənlərin haqqını xımır-xımır yeyən "fərasətlilər” anlamırlar ki, "Haqqımı halal eləmirəm!” kəliməsi qədər ağır bir lənət yoxdu bu həyatda və axirətdə...

Bu millətə nə Qarabağ, nə əski əldən getmiş yurd yerlərimiz maraqlıdı! Əksəriyyət bir qarın çörəyi əldə etmək üçün bu gün başqasının çörəyinə necə bais olum, necə aldadım, yalan danışım, öz evimi tikmək üçün necə ev yıxım, neçə ev yıxım deyə düşünür.

Bir dəstə də dindarlar peyda olub. Dini icmanın yarıtmaz işindən din adına çoxlu oyunlar oynanılmaqdadı. Allahın vacib buyurduğu Həcc ziyarətini icra etmək üçün ömür boyu pul toplaya bilməyib, o arzuyla ölən barmaq sayı vicdanlı insanlar və hər il yetim haqqı, qul haqqı yeməklə, yalan, böhtan, qeybət etməklə bərabər bu ziyarətgahı suyoluna çevirən şərəfsiz, dinsizlərin timsalında görünən təzadın ağırlığı da vicdanlıları ağrıdır. Bir dəfə ziyarət etməklə Allahın vacib buyurduğu əməli yerinə yetirdikdən sonra kasıba, xəstəyə, imkansıza xərcləməli deyilmi əsl müsəlman? Həcc, Kərbəla, Məşhəd ziyarətini təşkil edənlər arasında gedən gizli "müharibə” də onların nə qədər "doğru, imanlı insan” olduqlarını göstərir. Hərəsinin bir qiymət deməsi də vahid bir təşkilatın olmadığını, kimin necə "müştəri tutmasından” asılı olaraq tur təşkil etmələri və bu müqəddəs işdən də xeyir, nəf güdərək bir-birlərini gözdənsalma kampaniyasına başlamaları nə qədər müsəlman olduğumuzun sübutudur. Ondandır ki, Sahibəzzamanın yer üzünə dönməsi üçün şərt olan 313 əsl müsəlman hələ də dünyaya gəlməyib.

Hərdən "bizim illər”in insanları ilə rastlaşıb söhbət edəndə adam yüngülləşir bir az. Səni anlamayan, sənin anlamadığın indiki durumla əvvəlki doğru yaşamağın şərəf olduğu illəri müqayisə etdikcə özündə təskinlik tapırsan, qüssən müvəqqəti azalır, müasir kompüter diliylə desək, güncəllənirsən, format olursan, hələ vicdanlıların qaldığına, şərəfin, vicdanın, mənəviyyatın, insanlığın pul, maddiyyat olmadığını anlayanların olduğuna sevinir, ümidlə yaşamına davam edirsən. O insanların köməyiylə dəli olmadığını, dəyərlərin hələ tam əldən getmədiyini düşünürsən. Amma bu da zəif, öləziyən şamı xatırladır və təəssüflə, tezliklə onun da sönəcəyini qəbul etdiyin halda bir zəif ümidə də bel bağlayırsan. Bəlkə... deyə.

Haqq paylanarkən kölgədə qalan, qapılar döyməkdən çəkinən, qabaqdakı məndən istedadlı deyil, deyə başladığı mübarizəyə son qoyan, bir gün ədalətin təcəlli edəcəyini ümidlə gözləyən və hər şeyi Ona həvalə edərək Allahın ətəyindən yapışan vicdanlı insanlar, İlahi ədalət əlbət təcəlli edəcək, sadəcə səbir gərək. Bu rəzil insanların at oynatdığı dünyada olmasa da, o biri dünyada yüz faiz olacaq...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK