SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: DİZAYNER MƏSUL KATİBDİRMİ?

  49939   |  
Şriftin ölçüsü  

... Mövzularımın çoxunu elə təsadüfən tapıram. Bu şənbəyə də başqa köşə yazısı yazacaqdım, hətta bir həftə qabaq bu yazının sərlövhəsi də vardı. Ancaq neyləyim ki, təzə mövzu sərlövhəsini tapdığım yazını qabaqladı. Belə ki, "Azərbaycan” nəşriyyatının birinci mərtəbəsindəki çayxanasında tez-tez istedadlı və tanınmış jurnalistlərlə süfrə arxasında maraqlı söhbətlərimiz olur...

... Belə söhbətlərin biri də bugünlər çay süfrəsi arxasında oldu. Həmişə olduğu kimi çay süfrəsinin arxasında Adil Cəmil, Allahverdi Eminov, Rafiq Hacıyev, Vaqif İsaqoğlu və Sabir Hüseynov əyləşmişdilər. Söhbət qəzetçilikdən və məsul katiblikdən düşdü. Bu mövzu bizi tələbəlik illərinə - rəhmətlik Əliş Nəbilinin "Qəzet tərtibi” fənnini yadımıza saldı. Elə söhbətdən də mövzu yarandı. Süfrə arxasında müxtəlif fikirlər haçalandı, axırda gəlib bir yerdə birləşdi. Yəni bizim bugünkü mətbuatımızın çox ağrılı yeri olan məsul katiblikdən...

Sirr deyil ki, bu gün mətbuatımızda rəsmi qəzetlər istisna olunmaqla, digər qəzetlərdə məsul katib anlamı unudulub. Daha doğrusu, unudulmayıb, bu işi müasir texnologiya əsasında dizaynerlər gerçəkləşdirirlər. Qəzetlərə baxanda görürsən ki, çox şey yerində deyil. Yəni eyni şriftdən, eyni sütunlardan o qədər istifadə olunur ki, adam ən yaxşı çıxmış qəzetə baxanda gözü yorulur. Başqa sözlə demiş olsaq, yazıların oxuculara təqdimatı çox bəsit və primitiv formada olur. Qəzetə baxırsan, elə bil ki, boz səhraya bənzəyir. Hələ biz yazıların janr rəngarəngliyini, materialların hansı səhifədə gəldi yerləşdirilməsini demirik.

Bir də görürsən ki, mədəniyyət yazısını ikinci səhifəyə veriblər, yaxud üçüncü səhifədə yerləşdiriblər, siyasi mövzuda olan məqaləni isə dördüncü, beşinci səhifəyə atıblar. Təbii ki, bu qüsurları adi oxucu görə bilməz. Çünki bu çatışmazlıqları və qüsurları ən çox peşəkarlar görür və bilirlər. Elə süfrə arxasında əyləşən dostlarımız da məndən xahiş etdilər ki, bu mövzuda yazı qələmə alım.

Təbii ki, onların, daha doğrusu, qələm dostlarımın sözünü yerə sala bilıməzdim və yerə salsaydım böyük günah eləmiş olardım, üzlərinə baxa bilməzdim. Yazını məsul katib, yaxud dizayner elə təqdim eləyə bilər ki, onu həm oxuyarlar, həm də oxumazlar. Yəni hər hansı məqaləni qəzet səhifəsində yerləşdirərkən rəngarəngliyə, şriftlərin gözəlliyinə, eləcə də digər tələblərə əməl edəndə onu hamı əl-əl oxuyacaq. Amma elə ki, gözəl bir yazını "sapoq” formasında, yaxud da qəzetin bir küncündə solğun şriftlə verirsənsə, çətin ki, onu oxuyam tapıla.

Təkcə qəzet işində deyil, televiziya və radio verilişlərində də ssenarini, süjeti, mətni oxuyan diktordan çox şey asılıdı. Məsələn, zəif bir materialı səsi və təcrübəsi olan diktor elə oxuyar ki, ona hamı qulaq asar. Yaxud da bədii cəhətdən yüksək səviyyədə olan materialı efirdə diktor elə səsləndirər ki, ona heç kəs qulaq asmaz, assa da candərdi, canharayı asar. Məsələn, böyük ustad sənətkarlar Səməndər Rzayev, Məhluqə Sadıqova, Roza Tağıyeva, Eldost Bayramov hər hansı mətni elə oxuyurdu ki, elə bil onların səsindən bal damırdı. Rəhmətlik Səməndər Rzayev və Məhluqə Sadıqovanın radiodakı "Bulaq” verilişini necə aparmaları bu gün də qulağımızda səslənir. Çünki o səslər adi səs deyil, qızıl səs idi. Çünki o səslər "ölü” və "quru” yazıları da dirildirdi...

İndi qayıdaq qəzetlərimzidəki məsul katib anlamına. Və məsul katib həm çox böyük məsuliyyət deməkdi. Sovet dönəmində məsul katibi qəzetin "görən gözü” adlandırırdılar. Çünki bütün materiallar məsul katibliyə gəlir, orda bir daha oxunur, redaktə olunur və bundan sonra qəzet səhifəsində yerləşdirilirdi. Təbii ki, qəzetin tərtibatında bir əyər-əskik və qüsur olsaydı, bax, onda "letuçkada” redaktor məsul katibinin yaxasından yapışardı. Xüsusən də materialların və şəkillərin yerləşdirilməsindəki sistemlik pozulardısa, aləm bir-birinə dəyərdi.

Bugünkü qəzet bolluğunda janrların itməsi bir yana qalsın, materialların qəzet səhiflərində yerləşdirilməsində çox böyük qüsurlar var. Ən populyar qəzetlərdə belə yazılar necə gəldi yerləşdirilir, boz və ağ şriftlərdən istifadə edilir. Hələ biz onu demirik ki, sərlövhələrin uzunluğu Xalaoğlu Tərxanın sözü olmasın, bir kilometrə çatır. Boz və səhraya bənzər qəzeti vərəqləyəndə adamın gözü yorulur, ən yüksək bədii dəyəri olan materialı oxumaqdan belə vaz keçirsən...

Əgər dizayner məsul katiblik eləyirsə, bədii tərtibatı elə verməlidir ki, oxucunu yormasın. Yəni dizaynerin də öz fəlsəfəsi, öz sistemi, öz dəsti-xətti olmalıdır. Heç uzağa getməyək, gözümüzün qabağında "Ədalət”in dizaynerinin işinə baxmaq bəs eləyir. Və bu gün Şamxal Şəbiyev Sovet dövründəki məsul katiblərdən heç də geri qalmır. O həm dizaynerlik edir, həm məsul katiblik edir, həm korrektor olur, həm də redaktor. Heç kimin xətrinə dəyməsin, hamımızın gözündən qaçan səhvi Şamxal Şəbiyev düzəldir. Hansı ki, bunların heç biri Şamxalın vəzifəsi deyil. Amma o, təpədən-dırnağa istedadlı, yaradıcı və öz dəsti-xətti olan bir gəncdi. Bəzən elə olur ki, yazımızı oxumağı da ondan xahiş edirik. Qırx ilin jurnalisti olsam da, gözümdən qaçan səhvləri o tapıb düzəldir. Bax, belə savadlı dizaynerlər də var. Amma nə etmək olar ki, Şamxal Şəbiyev kimi dizayner barmaqla sayılır.

Biz universitetdə jurnalistika fakültəsində oxuyanda bayaq dediyimiz kimi, rəhmətlik Əliş Nəbili "Qəzet tərtinibdən” dərs deyirdi. Özü də rəhmətlik o qədər təmiz, o qədər vicdanlı ziyalı idi ki, dünya malında gözü olmazdı. Ancaq bizə də güzəşt eləməzdi. Deyərdi ki, qəzet tərtibini bilsəniz, məsul katib də işləyə bilərsiniz, məsul katibin köməkçisi də. Yaxşı yazırsınız, olsun! Qəzet tərtibini bilmək ikiqat jurnalist olmaq deməkdir.

Sovet dönəmində çox istedadlı məsul katiblər olub. "Kommunist”, "Bakinski raboçiy”, "Azərbaycan gəncləri”, "Sovet kəndi” qəzetlərini oxuculara sevdirən istedadlı məsul katiblər olub. Məsələn, Şakir Yaqubovun maket işini hər jurnalist bacarmazdı. Amma onun yetirməsi kimi istedadlı jurnalist Rafiq Hacıyev sözün həqiqi mənasında məsul katiblik sahəsində öz sözünü demiş və möhürünü vurmuş yazarlardandı. Onun haqqında Şakir Yaqubov və Vaqif Bəhmənli yazır ki, "Rafiq Hacıyev sistemli və dəsti-xətti görünən məsul katiblərdəndi. Onun məsul katibliyində bir fəlsəfi sistem var. Və bu sistem hansı qəzetdə olubsa, o dəqiqə oxucular tərəfindən sevilib”. Həqiqətən də "Kommunist” qəzetində də, "Odlar yurdunda” da və eləcə də "Sovet kəndi”ndə də Rafiq Hacıyevin məsul katib təxəyyülü və istedadı özünü göstərib. Çox təəssüf ki, bu istedadlı jurnalist bu gün işsizdir, onun istedadından istifadə etmirlər. Bax, bunu başa düşmək olmur.

Mövzuyla bağlı bir çox tanınmış və istedadlı jurnalistlərin də fikirlərini və düşüncələrini öyrəndik. Belə bir nəticəyə gəldik ki, qəzetlərdə işləyən hər dizaynerə məsul katib demək olmaz. Elə onlara dizayner demək mümkündür. Əksər qəzetlərimiz isə bu gün tərtibat ucbatından boz və solğun çıxır, ən yaxşı və maraqlı yazıları belə adam oxumaq istəmir. Çünki yazının əvvəlində dediyimiz kimi, təqdimatdan hər şey asılıdır. Elə "ölü” yazını təqdim edərsən, hamı oxuyar, elə "diri” yazını da verərsən heç kim oxumaz. Bax, burda günahı müəllifdə yox, birmənalı olaraq o yazını təqdim edən dizaynerdə axtarmaq lazımdır. İkincisi də o dizaynerin nöqsanlarına göz yuman redaktor qınanmalıdır.

Məsul katib gözəl rəssamlıq qabiliyyətinə, bədii təxəyyülə və ən nəhayət, dərin savada malik olmalıdır. Çox təəssüf ki, bu gün Azərbaycan mətbuatında bu elementlərə biz az-az rast gəlirik və daha çox boz səhifələri görürük. Boz səhifələr isə boz səhraya bənzəyir, susuzluqdan quruyan yaşıllıq kimi oxucuları da o qəzetdən uzaqlaşdırır. Gəlin, qəzetlərimizi boz səhifələrdən və boz səhralardan xilas edək. İstedadlı, peşəkar və savadlı məsul katiblər axtaraq və onları yerinə qaytaraq...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK