SON DƏQİQƏ:

NƏSİMİ YARADICILIĞINDA SUFİ, HÜRUFİ, İSLAMİ GÖRÜŞLƏR

  210563   |  
Şriftin ölçüsü  

(əvvəli ötən sayımızda)

 

Nəsimi də digər panteist sufilər kimi Allah, Kainat və İnsanı vəhdətdə düşünmüş, insana bəzi ilahi keyfiyyətləri şamil etmişdir. Nəsimi baxışına görə dünyada hər şey insanla bağlıdır və Tanrı yaratdıqlarının hamısını insanın əmrinə tabe etdirib. Dahi şair əsərlərində də daim insan əzəməti, insani məhəbbət və şəxsiyyətin azadlığı məsələsi ön plana çəkilmişdir.

Şamaxıda mükəmməl mədrəsə təhsili almaqla yanaşı, Seyid Əli məntiq, riyaziyyat, astronomiya, fəlsəfə, dünya dinləri, fiqh və bir sıra elmlərə və xüsusən də İslami biliklərə dərindən yiyələndiyinə görə ona İmadəddin, yəni "dinin dirəyi" ləqəbini vermişlər.

Yetkinləşdikcə İmadəddin üçün Mənsur Həllacın fəlsəfi təlimi bir sıra suallara cavab vermədiyindən artıq onu qane etmir. Bu arada - XIV əsrin sonlarında Bakıya gələn Seyid Əli hürufilik təliminin banisi Fəzlullah Nəimi ilə görüşüb hürufilik təriqətini qəbul edir.

Fəzlullah Nəiminin müridi olduqdan sonra isə "Nəimi" təxəllüsünə həmahəng səsləşən "Nəsimi" (səhər küləyi) təxəllüsünü götürür. Nəimi ilə tanışlıq Nəsiminin həyatını tamamən dəyişir. Belə ki, sonrakı bütün həyat fəaliyyəti və yaradıcılığını bəşəriyyətin xilasını kamil insanların mövcudluğunda görməklə, insanların kamilləşməsinə sərf edir.

Nəsimi öz şəxsində kamil insanın bəşəri keyfiyyətlərini açmaqla onu mənalandırır, məharətlə şeir dilində poetik vasitə və çalarlarla ifadə edir.

Hürufilər Əmir Teymuru istilaçı və qəddar əməllərinə görə onu cahil və mənfur hesab edir, xalqı ona qarşı mübarizəyə səsləyirdilər. Bu səbəbdən də onlar teymurilər tərəfindən daim təqib olunurdular. Hürufiliyin siyasi təhlükəsindən qorxan Teymuri hakimiyyəti - Əmir Teymurun oğlu, Azərbaycanın hakimi Miranşah Hürufilik təriqətinin əsasını qoyan Nəimini Naxçıvanda, Əlincə qalasının yaxınlığında işgəncə ilə edam etdirir.

Nəsiminin məşhur "Ayrılır" qəzəli mürşidinin cismani ayrılığı münasibətilə yazılmış mərsiyədir:

 

Ey müsəlmanlar, mədəd ol yar pünhan ayrılır,

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

 

Nəimi ölümündən əvvəl yazdığı "Vəsiyyətnamə"sində Nəsimini öz davamçısı elan edir.

Nəiminin edamından dərin sarsılan Nəsimi Şirvandan ayrılaraq, ustadının vəsiyyətinə əsasən onun dini-fəlsəfi ideologiyasını yaymaqdan ötrü müxtəlif illərdə Təbrizdə, İraqda, Anadoluda yaşayır. Hürufi görüşlərini təbliğ etdiyinə görə bütün ömrü boyu təqiblərə məruz qalan Nəsimi dəfələrlə həbs olunsa da, məsləkindən dönmür. Şair ömrünün sonlarına yaxın Suriyanın Hələb şəhərində məskunlaşır. 1417-ci ildə Misir hakimi onun dini görüşlərində və əsərlərində dinin əleyhinə heç bir dəlil tapmamış və ölüm hökmünü isə yalnız onun ideologiyasına görə  vermişdir.

Nəimi və Nəsiminin həyat və yaradıcılıqlarına tədqiqi yöndən nəzər saldıqda, görürük ki, Fəzlullah Nəimi hürufizmin mükəmməl nəzəriyyəsini yaradan böyük sufi alim və filosofdursa,  Nəsimi bu fəlsəfi-dini cərəyanın böyük poeziyasını yaratmış qüdrətli bir şairdir. Şairlik istedadı isə Nəsimiyə Tanrı tərəfindən verilmiş ilahi bir vergidir.

Yaradıcılığa ilkin dövrlərdə lirik şeirlərlə başlayan Nəsimi növbəti yaradıcılıq fəaliyyətində siyasi-ictimai, dini-fəlsəfi, mənəvi-əxlaqi mövzulara daha geniş yer ayırır. Hakim təbəqənin zülm və ədalətsizliyinə qarşı üsyan edən şair:

 

Ey bülbülü-qüdsi, nə giriftari-qəfəssən,

Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

 

-deyərək, xalqı azadlığa qarşı mübarizəyə səsləyir.

XIV əsr Azərbaycan tarixinə nəzər salanda Nəsiminin yaşadığı tarixi dönəmin çətin bir dövrü əhatə etdiyini aydın görmək olur. XIV əsrin sonlarında Əmir Teymurun Azərbaycana qoşun çəkməsi, Naxçıvan camaatının Əlincə qalasını qorumaqdan ötrü rəşadətlə 14 il teymurilərlə cəng aparması, bir sözlə, Azərbaycan torpaqlarında gedən qanlı döyüşlərin hamısı Nəsiminin gözü önündə baş verir. Belə bir ağır vəziyyətdə Azərbaycanın əksər ərazilərinin dağıldığını görən şirvanşah I İbrahim ölkəsini dağıntılardan qorumaq məqsədilə Əmir Teymurdan vassal asılılığı qəbul edərək onun müttəfiqinə çevrilir. Teymur I İbrahimin şəxsi nüfuzuna rəğmən vergilərin miqdarını tamam azaldır. Siyasi vəziyyəti ölkəsində müəyyən dərəcədə sabitləşdirməyi bacaran I İbrahimin hakimiyyəti illərində Azərbaycan əyalətlərindən elm və mədəniyyət adamları Şirvana axın-axın gəlir. Azərbaycanda hürufilik cərəyanı da məhz bu zaman yayılır. Nəsiminin qəzəllərini qiraət etdikcə həmin dövrün tarixi şəraiti, ictimai xüsusiyyətləri gözümüz önündə canlanır. Bu kimi şeirlərdə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhərinin ədəbi-mədəni mühiti, saray və mədrəsələrin fəaliyyətinin iç üzü əks olunmaqla yanaşı, Nəsiminin gənclik illərinə təsadüf edən Teymurilərin Azərbaycana hücumu zamanı törətdikləri qanlı qırğınlar, Şirvanşah İbrahimin əhalini xilas etmək üçün Teymur ilə bağladığı ittifaq öz canlı təzahürünü tapır.

"Hürufilik" təlimi Azərbaycanın sosial-fəlsəfi fikri tarixində mühüm yer tutur.

Bu təlimdə Allahın təbiətdə, əşyada, sözdə və xüsusən insanda təcəssüm etdiyi fikri irəli sürülür. Hürufilik sufizmin bir qolu olmaqla, əsasını panteizm təşkil edir. Hürufilik də Allahı bəşəriyyətin ilkin yaradıcı və mütləq bir qüvvəsi kimi qəbul edir. Sufizmin təsiri altında təşəkkül tapan bu fikri cərəyan sufizm təriqətinin başqa bir variantı kimi meydana çıxib. Belə ki, kainatın yaranması və s. məsələlərdə prinsip etibarilə sufizm görüşləri ilə həmrəylik təşkil edir.  Hürufilik görüşlərində insan haqqında təlim çox mühüm yer tutur və bu orijinal cəhət onu sufizmdən fərqləndirir. Hürufilər insan üzünü "Allah güzgüsü" adlandırır, "Allahın özü insan üzündə görünməkdədir" - söyləməklə, "İnsan çöhrəsində Allah sözü yazıldığından ona səcdə edilməlidir" - deyirdilər. Hürufilərin  insan haqqında olan görüşləri mistik mahiyyət daşıyır. Onlar insanı ictimai bir varlıq kimi deyil, ilahi qüvvənin təcəssümü və təzahürü kimi başa düşürlər.

Bu görüşə əsasən Allah müxtəlif zamanda üç şəkildə təzahür edərək özünü göstərir: peyğəmbər şəklində, imamlar şəklində, kamil insan şəklində. Bu görüşə əsasən imamlar 11-ci imamla qurtardığı üçün Allah Fəzlullah Nəimidə təcəssüm etmişdir. Allah Adəmi öz şəklində yaratmışdır. Hürufilərə görə zülmü yer üzündən yox etmək üçün dini ehkamları rədd etmək lazımdır.

Hürufilikdə başlıca cəhətlərdən biri də xristian xalqlara rəğbət və məhəbbətin təbliğidir. Bunun əsas səbəbi xristianlıqda götürülən əsas meyar - Ata, Oğul, Müqəddəs Ruh üqnum konsepsiyasının onların - Allahın nişanələrinin insanda təcəssüm etməsi kontekstinə (İsa Allahın oğludur) rəğmən dini baxışlarının üst-üstə düşməsidir. Xristian əqidəsinə görə Tanrı birdir və üç sifəti var. İslam dinində isə İsanın Allahın Oğlu olması qeyri-mümkün olaraq qəti şəkildə rədd edilir və Allaha çox yaxın bir peyğəmbər kimi qəbul edilir. İslam ruhanilərinin hürufiləri təqib edərək, onları kafir adlandırmasının da əsas səbəblərindən biri bu idi.

Hürufilik təliminin əsas ideyaları Nəiminin fars dilində yazılmış 5 kitabında -  "Cavidannamə" ("Əbədinamə"), "Məhəbbətnamə", "Növmnamə", "İsgəndərnamə" və "Vəsiyyətnamə"də öz əksini tapır. "Hüruf" ərəbcə "hərf" sözünün cəmi olub "hərflər" anlamını verir. Hürufiliyə görə bütün dünya səsdən yaranmışdır. Səs də özünü hərf və sözlərdə tapır. Bu da ancaq insan əqlinin və zəkasının məhsuludur. Kainatın yaranması hərflərlə bağlıdır. Hərflərin daxili rəmz və mənalarını öyrənmək ilahi aləmin sirlərini öyrənmək deməkdir. Quran 28 , Nəiminin "Cavidannamə"si isə 32 hərflə yazılmışdır. Ona görə də bu hərflər müqəddəs sayılır.

 

(ardı növbəti sayımızda)

 

VƏFA GÖVHƏR,

Bakı Xoreoqrafiya

Akademiyasının mətbuat katibi

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK