adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Sentyabr 2020 14:17
89412
GÜNDƏM
A- A+

HƏSƏNQULU: KAREN ŞAHNAZAROVDAN ÖTRÜ BURNUNUN UCU GÖYNƏYƏNLƏRƏ  

Əslən Bakıdan olan məşhur kinorejissor Karen Şahnazarov  mətbuatda verdiyi  müsahibələrin birində Bakı üçün, burdakı dostları  üçün darıxdığını bildirir. Və deyir ki, dəvət eləsələr məmnuniyyətlə Bakıya gələr.

Gəl, qaqa, gəl, niyə gəlmirsən?! Filipp Kirkorovdan əskiksən, o Zaradı-nədi, ondan  əskiksən və ya «Sülh  platforması»na «minib» Bakıya  gələn  o biri  ermənilərdən   əskiksən? Əksinə, artıqsan.  Özü də  heç  onlar bakılı da deyillər.

Yox, səhv elədim, deyəsən  gələnlərdən  biri  gəncəli idi. Gəldi, getdi Gəncədəki qonşuları  ilə çay içdi, bir az da qucaqlaşıb  ağlaşdılar.

Biri də Binəqədidən idi, gəldi evində qalan qaçqınları verdi məhkəməyə, «naş qumannıy sud» da  qaçqınları  tökdü çölə və evi  qaytarıb verdi adı yadımdan çıxan  həmin erməniyə.

Gəl, qaqa, gəl. Səni Bakıda gül-çiçəklə qarşılamaq istəyən  çoxdu. Bəlkə  ayağının  altına  xalı atan da oldu.

Gəl, qaqa, gəl. Gəl, sən də Bakıdakı evinizin  məhkəmədə davasını  qaldır, «naş qumannıy sud» da  həmin evi qaytarıb versin  sənə, özəlləşdir, ver kirayəyə. Hər halda  eviniz şəhərin  babat  yerində və babat binada olar.

Düzdür,  atan Georgi Şahnazarov Qorbaçovun  köməkçisi  olub və Dağlıq Qarabağın Ermənistan  tərəfindən işğalında da  müstəsna  xidmətlər göstərib.  Amma bu, 30-32 il  əvvəl olub  ey. Çox şeyi  unutduğumuz kimi  bunu da unutmuşuq.

Gəl, qaqa, gəl. Həsrətini  çəkənlərin gözlərini yolda qoyma.  Amma gələndə  COVİD-19-la bağlı sağlamlıq kağızı da  al ki, 14 günlük karantinə düşməyəsən.

Günah səndə deyil ey, sənin nənənə tamah salan İbrahim xandadı!