adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Oktyabr 2020 12:35
210438
GÜNDƏM
A- A+

“Erməni vandallarından başqa nə gözləmək olar ki?” - MÜSAHİBƏ

“Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası konvensional müharibə edir. Konvensional müharibə yalnız hərbi birləşmələrə qarşı olan müharibədir. Bizim əksimizə olaraq Ermənistan isə total müharibə edir. Total müharibə həm hərbi birliyə, həm də əliyalın insanlara qarşı aparılan müharibədir. İmamzadə kompleksinin vurulması Ermənistanın Azərbaycana qarşı total müharibəyə keçidini şərtləndirir”. “Ədalət” qəzetinin qonağı BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərovdur.

-Müsahibəyə Cənab Prezident İlham Əliyevin fikri ilə başlamaq istəyirəm. Sitat: “Ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi, yerlə-yeksan ediblər. Ağdamın, Fizulinin görüntülərinə baxın. Bizim yarıdağıdılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir”. Eldar müəllim, Ermənistanın destruktiv mövqeyindən söhbət açaq...

-Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki destruktiv mövqeyi həm siyasi, həm iqtisadi, həm hərbi, həm ekoloji, həm də ki, ən əsas mədəni gərginliyə gətirib çıxarıb. Bu məsələlərlə bağlı Cənab Prezidentin, həmçinin, Respublikamızın diplomatik nümayəndələrinin, ayrı-ayrı şəxslərin müxtəlif platformalarda kifayət qədər çıxışları var idi ki, Ermənistan işğal olunmuş ərazilərdə mədəni irsimizi məhv ediblər. Amma təəssüflər ki, beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə həmin mədəni abidələrin dağıdılması ilə bağlı Ermənistana qarşı hər hansısa məcburedici akt və ya nizamlama mexanizmi yoxdur. Bu, beynəlxalq ictimaiyyətin əsas problemlərindən biridir. İşğal olunmuş ərazilərimizin görüntülərinə baxanda biz aydın görürük ki, Ermənistan beynəlxalq konvensiyaların tələblərinə riayət etmir. 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasına əsasən hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısını alması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. Konvensiyanı imzalayan dövlətlər mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağa etmək, qarşısını almaq, zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlik oğurluq, qarət, qanunsuz mənimsəmənin istənilən formasına son qoymaq barədə razılığa gəliblər. Baxmayaraq ki, Ermənistan bu Konvensiyanı imzalayıb, lakin bu dövlət Konvensiyanın bütün maddələrini kobudcasına pozur. 1954-cu il Haaqa Konvensiyasına 1999-cu ildə Əlavə Protokol da qəbul edilib ki, bu da sillahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasına dair müddəaların daha da genişlənməsini nəzərdə tutur. Protokolun 9-cu bəndini xüsusilə xatırlatmaq istərdim. Bu bənddə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunələrinin qanunsuz ticarəti və bu ərazilərdən çıxarılması, onların mədəni, tarixi, elmi sübut xüsusiyyətlərinin dəyişdirilməsi qadağan edilir. 1993-cü ildən bu günə qədər ermənilər Azərbaycanın işğal edimiş ərazilərindəki tarix-diyarşünaslıq muzeylərindəki abidələri beynəxalq auksionlarda satırlar. Məsələn, Laçın tarix-diyarşünaslıq muzeyində gümüş əl çantası var idi ki, Londonun Sothebychr auksionunda 80 min ABŞ dollarına satılmışdı. Yaxud da Qarabağ xalçaları auksionlarda satılır. Bunlar yolverilməz haldır. İşğal altında olan ərazilərimizdə 500-ə yaxın tarixi-dini abidələrimiz var ki, onlardan da ən azı 70-i məsciddir. Barbar və vandalizm xüsusiyyətlərini özündə əks etdirən ermənilərin təcavüzü nəticəsində bu məscidlər, abidələr darmadağın edilib, tamamilə tanınmaz hala salınıb. Cənab Prezidentin dediyi kimi, orada mal-qara, donuz saxlanılır. Bu YUNESKO öhdəliklərinin də pozulmasıdır. Erməni vandallarından bundan başqa nə gözləmək olar ki?

-Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yox idi. Bəlli ki, Ermənistan tərəfi bu uydurma məlumatı da yayaraq sanki münaqişəni mədəni-dini qarşıdurma aspektinə keçirtmək istəyirdilər...

-Bu dəfəki hərbi əməliyyatlar zamanı Ermənistan rəsmilərinin diplomatiya sahəsində nə qədər aciz olduqları bir daha sübut olundu. Bunun əsas göstəricilərindən biri nə idi? Şuşa şəhərindəki kilsənin bizim deyil, Ermənistanın özü tərəfindən vurulması bu gün hərbi ekspertlər tərəfindən faktla sübuta yetirildi. Kilsəyə düşən bomba necə oldu ki, kilsənin bir dənə də olsun, şüşəsini sındırmadı? Bu ermənilərin sadəcə uydurması idi ki, bunu bacarmadılar. Bu kilsənin guya vurulmasını iddia etməklə onlar hərbi münaqişəni mədəni-dini qarşıdurmaya çevirmək istəyirdilər. Bu ad altında münaqişəni beynəlxalq aləmə təqdim etmək istəyirdilər ki, bu da alınmadı. Azərbaycan tərəfindən həm rəsmi olaraq, həm də bizim vətəndaşlarımız sosial şəbəkələrdə bu yalanları dünyaya çatdırdı. Tarix boyu ermənilər regionda olan albanların kilsələrini erməniləşdiriblər. Xatırlayırsınızsa, 1836-cı ildə Alban katalikosluğunun ləğvi ilə bağlı ermənilər çox böyük çıxışlar etməyə başlamışdılar. Hətta I Nikolaya məktublar yazırdılar, təkliflər verirdilər. Nəticə etibarilə də I Nikolay 1836-cı ildə imzalamış fərmanla Alban katalikosluğunu ləğv edib onu erməni katalikosluğuna birləşdirdi. O dövrdən başlayaraq alban kilsələrinin erməniləşdirilməsi siyasəti davam elədi. Məsələn, Ağdərədə olan Qandzasar monastrının erməniləşdirilməsi tarixə qara ləkə idi. Hamı bilir ki, o, alban monastrıdır. Bunu bütün dünya bilir. Şuşa kilsəsinin vurulmasını uydurmaq da erməni yalanlarının yeni bir mərhələsi idi ki, bununla da ölkələrarası münaqişə mədəni-dini və digər aspektlərdə beynəlxalq münaqişəyə çevrilsin.

-İmamzadə kompleksinə Ermənistan silahlı qüvvələrinin zərər yetirməsi barəsində nə söyləyə bilərsiniz?

-Həm Gəncədki İmamzadə kompleksinə, həm yaşayış məntəqələrinə, mülki əhalinin yaşadığı ərazilərə ermənilərin raketlər atması, oranı bombardman etməsi insanlığa sığmayan bir haldır. Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası konvensional müharibə edir. Konvensional müharibə yalnız hərbi birləşmələrə qarşı olan müharibədir. Bizim əksimizə olaraq Ermənistan isə total müharibə edir. Total müharibə həm hərbi birliyə, həm də əliyalın insanlara qarşı aparılan müharibədir. İmamzadə kompleksinin vurulması Ermənistanın Azərbaycana qarşı total müharibəyə keçidini şərtləndirir. Azərbaycan xalqının müqəddəs saydığı bu kompeksin vurulması humanizmə əks bir addımdır.

-Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistanın siyasətinin əsasını təşkil edir. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanda hökm sürən dözümsüzlük ruhu, bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı ciddi narahatlığını ifadə edib. Bir az da bu məsələyə toxunaq...

-İlk olaraq deyim ki, dözümlülük xoşlamanın və bəyənmənin mövcudluğunda təmkinlilik göstərmə siyasətidir. Bu gün Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biri də toletrantlıq və multikultiralizmdir. Azərbaycana qarşı “etnik uyğunsuzluq”, “etnik dözümsüzlük” kimi ifadələrlə çıxış edən Ermənistan birinci növbədə öz dövlətinin tərkibindəki əhalisinə baxsın ki, necə monoetnik dövlətdir. Unutmayaq ki, Azərbaycan monoetnik dövlət deyil, ölkəmizdə kifayət qədər çoxsaylı millətlər yaşayır və o millətlərin hər bir nümayəndəsi də “bərabər yanaşılma” prinsipi ilə Respublikamızın vətəndaşıdır. Bizdən fərqli olaraq Ermənistanda nə tolerantlıq var, nə də humanizm.

Azərbaycan Respublikası ərazisində müxtəlif etnoslara olan hörmət, onlara münasibətdə tolerantlıq, bərabər hüquqların təmin edilməsi, ən əsası, müxtəlif icmalara dövlət dəstəyi, Azərbaycanda yerləşən müxtəlif dinlərə aid məbədlərin təmiri, dövlət tərəfindən görülən işlər bütün dünyaya məlumdur. Multikulturalizm və tolerantlıq dəyərlərinin Azərbaycan Respublikasının xarici siyəsətinə təsir etməsi də göz qabağındadır. Pakistanda olan məscidin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Fransada katakombaların, Vatikan muzeyində bir neçə otaqların təmiri ilə bağlı Respublikamızın gördüyü işlər onu göstərir ki, ölkəmiz tolerant və multikultural ölkədir.

Bir sözlə, sizin də vurğuladığınız kimi, etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistan siyasətinin əsasını təşkil edir.

Rövşən Tahir