FRANSA - Yılmaz ÖZDİL yazır

YILMAZ ÖZDİL
261943 | 2020-10-30 12:00

Fransaya çox hirsləndik.

Liderimiz Ərdoğan ağzını açdı, gözünü yumdu.

“Siz deyilmisiniz Ruanda da insanları qətlə yetirən?”.

“Siz deyilmisiniz Əlcəzairdə insanları qətlə yetirən?”.

“Siz deyilmisiniz Afrikanı işğal edən?”.

“Siz qatilsiniz, qatil” - deyə bağırdı.

Əlbəttə, hamısı insane övladıdır, kimsə kimisə öldürməsin.

Fransanın tarixdəki günahlarını saymağa başlasaq, Əlcəzairlə, Ruandayla, Afrikayla qurtararmı?

Xeyr!

Antep niyə Qazidir?

Maraş niyə Kahramandır?

Urfa niyə Şanlıdır?

*** 

Kimin işğalına qarşı verdik bu sifətləri bu şəhərlərimizə?


Kim silah gücü ilə oturdu torpaqlarımızda?

***

Türk insanına qarşı qətliamın ənkəsini kim törətdi?

***

Antepdə “14 şəhid abidəsi” var. Kuvayı Milliye dəstəsinə çörək, su daşıyarkən əsir düşüb bir-birilərinə bağlanaraq yaylım atəşilə güllələnən, cansız bədənləri süngüyə keçirilən, hələ 12 yaşına yenicə çatmış 14 uşağımızın xatirəsinə tikildi o abidə. Kim qətlə yetirdi onları?

“Düşmən ancaq mənim cəsədimin üstündən keçər bu torpaqlara” deyən Şahin bəy hansı düşmənə qarşı bədənini sipər etdi?
Barikadalar qurub, məhəllə-məhəllə, küçə-küçə vuruşmadıqmı Antepdə? Kiminlə vuruşduq?

Əhali namazda ikən məscidlərimizi top atəşinə tutanlar kimlər idi?
Qadınlarımız toxumluq olaraq anbara yığılan zərdəçal tumlarını qırır, əzir, kəpəklə qarışdırıb çörək bişirirdi, atlar, eşşəklər tükənmişdi, hətta pişikləri yeməyə də məcbur olduq. Antepi bu cür ölümünə mühasirə altında tutan kim idi?

Maraş Qalasındakı Türk bayrağını parça-parça edib  endirən kim idi?
Maraşda kəndlərimizi kim yandırdı?

Təkkə kilsəsini silah anbarı olaraq istifadə edirdilər, eynən qala kimi qoruyurdular, buranı azad edə bilmək üçün özünü fəda edəcək, tərəddüd etmədən ölümün üstünə yeriyə biləcək bir könüllüyə ehtiyac var idi. Yusuf çavuş “mən gedərəm” dedi, qapı kimi pəhləvan idni, belinə dinamitləri sarıdı, havanın qaralmasını gözlədi, qaranlıq düşən kimi binanın arxasına yaxınlaşdı, ön qapıda növbə çəkənlərə görünmədən dırmaşmağı bacardı, dama çıxdı, kirəmitləri qaldırdı, süngü ilə oya-oya dəlik açdı, kəlimeyi-şəhadət gətirib kibriti yandırdı, fitilləri odladı, dinamitləri ard-arda kilsənin içinə atdı, qulaqları kar edən bir gurultu qopdu, silah-sürsat anbarına çevrilən kilsə yox oldu, Yusuf çavuş şəhid oldu. Kİmə qarşı şəhid oldu?

Kuvayı Milliyenin sıralarında Urfanın qurtuluş mübarizəsinə qoşulan iraqlı ərəb sülalə lideri Uceymi Sadun paşa hansı ölkənin ordusu ilə döyüşdü?

Adanada sözün hər mənasında Türk soyqırımı edən, müdafiəsiz sivilləri qətlə yetirən, ağaclara asan, quyulara atan, qadınlarımıza ölənə kimi təcavüz edən, qadınlarımızın bilərziklərini, sırğalarını yağmalamaq üçün əllərini, qulaqlarını kəsən, məsələn, Kozanda Hamdi əfəndini, poçtalyon Ali Rza əfəndini, təqaüdçü yüzbaşı Mehmet beyi diri-diri sobada yandıran kim idi?

Kiprdəki hərbi düşərgədə ingilislər tərəfindən yetişdirilən 120 min erməniyə uniforma geydirib üstümüzə göndərən kim idi?

Sevr müqaviləsində Adana, Antep, Urfa kimə verilmişdi?

Mersini kim od-alova verdi?

Hatayı bizə qəzetdən yığdığımız kuponla verdilər?


İstanbulun fəthini bayram etmək qadağa olunanda, elə İstanbulda hansı ölkənin devrilməyinin ildönümü bayram edilirdi?

Türk milləti qətlə yetirilərkən “Liberte, Egalite, Fraternite”, yəni “azadlıq, bərabərlik, qardaşlıq” şüarları ilə Taksimdən rəsmi keçid edənlər kimlər idi?

Düzdür, köhnə yaraları deşməyin faydası yoxdur, amma istədim ki, Ruanda, Əlcəzair, Afrika ilə yanaşı bunları da mən yada salım.

 

Dilimizə uyğunlaşdırdı: Eminquey

TƏQVİM / ARXİV