Ağ tutu Aşot yeməyəcək! - Yaqut Bahadurqızı yazır
Esse
Rayonumuza pənah gətirən köçkünlər arasında zəngilanlı Mehdi dayı vardı. Küçələri, idarələri dolaşar, xırda-mırda şeylər, nə bilim corab, ülgüc, iynə-sap… satardı. Şalvarının ətəyini corabının içinə salar, yayda şəpik, qışda qaloş geyərdi. Qışın şaxtasından, yayın istisindən yanıb mis rəngində olan üzü daima tüklü olardı. Qaş-qabaqlı sifətindən qaramatlıq tökülərdi. Ancaq miskin görkəmli bu kişi heç kəsi qıcıqlandırmazdı, əksinə hamı onunla alver edərdi.
Bir dəfə iş otağıma girib:
- Oxley, xəlbir, milçək dərmanı, urşul … - deyə qışqırdı. Zatən, qışqırmasa da, səsi bərk çıxardı.
- Nə xəbər, Mehdi dayı, qulağım batdı. Bəs kitab satmırsan? Stolumun üstündəki kitabları gözdən keçirib təklifsiz oturdu.
- Bir şeir deyimmi?
- De!
Ard -arda 2-3 şeir söylədi. Diqqətlə qulaq asdığımı görüb bir az da həvəsləndi. Sonuncu şeirdə kövrəldi. Belə bitirdi həmin şeir:
...Oyan a bakkuş satan,
Oyan , a saqqız satan,
Ağ tutu Aşot yeyir!
Şeirin havası məni elə tutmuşdu ki, qeyri-ixtiyari bir misra da mən söyləmişdim:
Oyan, a millət satan!
Oyan , a torpaq satan!
Oyan , a qeyrət satan!
Milləti xiffət yeyir!
Ondan sonra Mehdi kişi ilə dostlaşdıq. Hərdən kövrələ-kövrələ dərdləşərdi mənimlə. Qaraqabaq , yazıq görkəmli Mehdi kişinin, sən demə, iki ali təhsili varmış... Təzə nə yazsaydı, mənə oxuyardı. Hər dəfə də xırda bir şey alardım ki, könlü xoş olsun. Xasiyyətinə xas olmayan utancaqlıqla: - Qonaq ol, - deyərdi.
Dünyasını dəyişsə də, Mehdi dayını tez-tez xatırlayıram, xüsusən də “Oyan!” şeirini.
Dədə-baba yurduna qayıtmaq ümidi ilə yaşayan, nisgili ilə ölən Mehdi dayı indi sağ olsaydı yəqin şerlərinin motivi dəyişərdi. İşğaldan azad olunmuş yurdundan – Zəngilandan, ard-arda zəfər çalan ordumuzdan yazardı... Ruhun şad olsun, Mehdi kişi, daha ağ tutu Aşot yeməyəcək...
Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru