SON DƏQİQƏ:

Əməkdar artist Nofəl Vəliyev: Aktyor cəmiyyətdə baş verənlərə mövqe bildirməyə məcbur deyil - VİDEO

  537191   |  
Şriftin ölçüsü  

Müsahibim Gənc Tamaşaçılar teatrının aktyor-rejissoru, əməkdar artist Nofəl Vəliyevdir. Onu Cəfər Cabbarlının əsərinin motivləri əsasından qurulmuş “Aydın” tamaşasından tanıyıram. Bizim ilk görüşümüz “Aydın” tamaşasında baş tutub. Nofəl bəylə sosial şəbəkədən tanış idik, şeirlərimi oxuduğunu, bəyəndiyini deyirdi. Düşünürəm ki, bir şair haqqında tamaşaya dəvət olunmağım da bundan irəli gəlir. Nofəl bəy içində gizlənib qalan şairi Aydının vasitəsilə üzə çıxarmışdı. Onunla bir şair kimi söhbətləşmək mənə çətin olsa da, bu, baş tutdu.

 

- Nofəl bəy, Azərbaycan, eləcə də dünya artıq neçə müddətdir ki, pandemiya dövrünü yaşayır. Bu dönəmi siz necə keçirirsiniz?

- Hamı necə, mən də elə. Ümumiyyətlə, “mən” kəlməsini çox xoşlamıram. Hesab edirəm ki, bəşəriyyət II Dünya müharibəsindən necə çıxıbsa, bundan da elə çıxacaq. Pandemiya şəraitinin yaranmasının özünəməxsus çətin tərəfləri ilə bərabər, faydalı tərəfləri də var. Məsələn, ustadım xalq artisti Cənnət Səlimova deyir ki, düzdür, artıq məşqlərin başlamasını istəyirəm, amma həyatımın ən xoşbəxt anlarını yaşayıram. Çünki çoxlu sayda kitablarım var idi ki, deyirdim, onları oxuyub qurtara bilməyəcəm, ancaq pandemiya dönəmində həyatımı kitablarım içində keçirirəm və dünya ölkələrinin mədəniyyət kanallarını izləyirəm.

Pandemiya bizə burnumuzu dik tutub gəzməməyi öyrətdi. Yəni təkcə bizə deyil, bütün ölkələrə. Pandemiya göstərdi ki, heç kəs heç kəsdən lazım gələrsə, güclü deyil. Pandemiya hər kəsi bir evə qapadı, yığdı. Hansı kanalı açdıq, yazıldı ki evdə qal. İstər Türkiyə kanalları, istərsə də Rusiya kanalları, istərsə də digər. Bir sözlə, hər kəsi bir araya gətirdi. Təbii, mən iqtisadçı deyiləm, amma pandemiya iqtisadiyyata da zərbə vurdu, bunun təsirləri bizdən də yan keçə bilməz.

Qaldı, şəxsən mənə, teatrlarımızın açılmağını səbrsizliklə gözləyirəm. İstəyirəm ki, toylara icazə verilsin. İnsanlar tamamən adət-ənənələrdən uzaqlaşa bilməzlər, müəyyən şərtlər altında olsa da, toy eləmək istəyirlər, ailə qurub xoşbəxt olmaq istəyirlər.

- Yaradıcı insan kimi çətin deyil?

- Təbii ki çətindir. Teatrdan, səhnədən ötrü darıxıram.

- Bəs bu darıxmağı necə kompensasiya edirsiniz?

- Hərdənbir şeir səsləndirirəm, düzdür, internetdə çox az-az paylaşıram. Kitab oxuyuram, filmlərə baxıram. Artıq online dərslər də başlayıb. Açığı aktyor sənətini online tədris etmək, İmam Hüseyn müsibəti kimi bir şeydir. Amma pis ya yaxşı, öhdəsindən gəlməyə çalışıram. Yaradıcılıq baxımından, teatr aktyoru üçün çox çətindir. Kinolara, seriallara az çəkilmişəm. “Kino günü”ndə yazmışdım ki, düzdür, kino məni sevmədi, amma mən kinomuzu sevirəm. Əsasən teatrdadır fəaliyyətim. Rejissor kimi də nələrsə etməyə çalışıram. Bir də tələbələrlə pedoqoji fəaliyyətimi davam etdirirəm.

  

- Seriallara niyə çəkilmirsiniz?

- Bilirsiniz, Emin, seriallara çox az təklif alıram. Mən çox şadam seriala çəkilən dostlarımız üçün. Amma bunun üçün də gərək artıq o sahə üçün çalışasan, çoxlu sayda kastinqlərdə iştirak edəsən, şəkillərini yollayasan və sairə və ilaxır. Buna çox yaxşı baxıram, çünki aktyor dostlarım var, görürəm ki onlar bu sahə üçün dayanmadan çalışırlar, əziyyət çəkirlər. Açığı mənim buna ehtiyacım yoxdur. Çünki ayda ən azı 3-4 dəfə böyük rollar oynayıram, bu mənim ehtiyacımı ödəyir. “Kamera” teatrında işləyəndə ayda 35-42 dəfə tamaşa oynamışam. Maddiyyat baxımından da, pis deyil, dolanıram.

Aydında mənə yaxın olan tərəf, itirdiklərim, qoruya bilmədiklərimdir

- Nofəl bəy, mən sizi “Aydın” tamaşasından tanımışam. Hər tamaşaçı o tamaşaya baxandan sonra özü üçün bir həqiqət əxz edir. Bəs sizin bir aktyor kimi o tamaşadan çıxardığınız həqiqət nədir?

- Aydın mənim ən sevdiyim rollarımdan biridir. Əslində aktyor uğur gətirən bütün rollarını sevir. Məsələn, Məhəmmədhəsən əmini, axırıncı oynadığım Molla Abbası Aydından az sevmirəm. Cənnət xanım bu tamaşaları motivlər əsasında qurub. Bu onun müəllif hüququdur. Tamaşanın yarısını təkrarən öz yanaşmları ilə yazsa da, Cəfər Cabbarlnın adının olmasını istədi.


“Aydın”dan mənim özümə çıxartdığım həqiqətə gələndə isə... Mən özüm də belə baxanda biraz Aydın kimiyəm. Yox, çox şükür, mənim xanımımı əlimdən almaq olmaz, amma mən bir çox şeylərdə elə Aydın kimiyəm. Bir çox çətin şeyləri etməyi bacarıram. Amma elə şeylər var ki cəhd edirəm, edirəm, nəhayətdə vaz keçirəm. “Aydın istedadlı şairdir” söylənilir pyesdə, daha doğrusu, Surxayı oynayan aktyor deyir bu fikri. Bir dəfə Surxayı oynayan aktyor məndən yaşca kiçik idi. Ondan xahiş etdim ki, desin, Aydın istedadlıdır, şairdir. Onu məhv etmək, sındırmaq çox asandır. Mən demirəm, istedadlıyam, şairəm, amma mənim də şeiriyyatım ordadır.

Bilirsiniz, siz sözü görürsünüz, biz də bəzən tamaşanın finalını, bəzən pik nöqtəsini görürük. Aydında mənə yaxın olan tərəf, itirdiklərim, qoruya bilmədiklərimdir. Buraxdığım səhvlərdir. Lev Tolstoy demiş, bəzən elə səhvlərim var ki, onları xatırlayanda gözümü yumub bu tərəfə çevirirəm, sanki onlardan canımı qurtarmaq istəyirəm. Ən əsası, Aydın cəmiyyətin məhv etdiyi bir şairdir və mən də bunu oynamağa çalışmışam.

Çox şair tanıyıram, düzdür, Aydın kimi aciz deyillər, sözü birbaşa deməyi bacarırlar. Amma mən onların üzdəki çılğınlıqlarını, söyüşlərini yox, arxa tərəfdəki acizliklərini görürəm kimi hiss edirəm.

- Əməkdar artist adı almısınız, mükafatlarınız var. Aktyor kimi özünüzdə bəlli elədiyiniz bir nöqtə varmı ki ora çatmaq sizin üçün artıq zirvə sayılsın?

- Aktyor kimi rejissorluqla daha çox maraqlanıram. Bu da mənim aktyorluq fəaliyyətimə biraz mane olur. Aktyor sənəti iki hissəyə bölünməyi sevmir. Yazıram, pozuram, pyeslər təhlil edirəm. Pyes təhlil etmək asan iş deyil. Buna görə ustadım Cənnət Səlimovaya təşəkkür edirəm. Mənim üçün zirvə deyilən bir şey yoxdur. Mən işimlə məşğul oluram. Nə alınacaqsa, bunu sonra görmək olar. Lovğalıq olmasın, amma mən hər bir aktyorun arzulaya biləcəyi rolları oynamışam. Molla Abbas, Aydın, Məhəmmədhəsən əmi, Motsart, Corc, Knyaz Muşkin və s. rollar oynamışam. Bu şanslar verilib mənə, biri uğurlu olub, biri az uğurlu olub, biri çox uğurlu olub, amma heç biri vicdansız olmayıb. Heç birində sənətimi satmamışam, heç birində də səhv etməmişəm. Heç biri məktəbsiz və zövqsüz olmayıb.

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, incəsənət adamı ölkədə baş verən hadisələrə mövqe bildirməlidir. Mövqesiz insanlara biraz normal yanaşmırlar. 

- İncəsənət adamının belə bir öhdəliyi yoxdur. Siz şairsiniz. Sizin yazdığınız statuslar , məqalələr, köşələr mənim üçün dəyərlidir, amma bir o qədər də əhəmiyyət daşımır. Mənim üçün şair Eminin mövqeyi “xoşbəxtlik çörək kimidir, tapanda öpüb gözünün üstünə qoymalısan”, “çətini gedincədir, hə...” misrasındadır. Emin orda bildirir mövqeyini. Həmçinin də özüm. Mən mövqeyimi oynadığım rollarda, qurduğum tamaşada ortaya qoyuram. İstər xaricdə, istər tələbələrlə, istərsə də öz Vətənimdə. Təkcə öz ölkəmdə baş verənlərə yox, ümumən dünyada baş verənlərə.

Heç vaxt tamaşada açıq şüarçılığı sevmirəm. Politik tamaşa deyilən bir şey var. Türkiyədə buna çox “takılıblar”. Bu mənə o qədər də zövqlü gəlmir. Düşünürəm ki, teatr, kino dediyimiz şey onsuz da müxalif olmalıdır. Hakimiyyətə qarşı yox, bütün dünya düzəninə qarşı. “Cinayət və cəza” yazmalısan ki, Dostoyevski olasan. Anna Karenina sevdiyi ərini, oğlunu atmalıdır ki, Tolstoy onu yaza bilsin. Biz də o cür.

 Yeni teatr deyə-deyə əlimizdə nə varsa, itirdik   

- Küçə teatrlarına münasibətiniz necədir?

- Bu dəqiqə bu haqda çox danışılır və çox sevilir. Amma mən bir o qədər də sevmirəm. Bir dəfə yazmışdım, yeni teatr deyə-deyə əlimizdə nə varsa, itirdik. Bu dəqiqə kim çox mayallaq aşır, kim tamaşa qurmaq əvəzinə çox rəqs eləyir, adını küçə teatrı qoyurlar. Onlar artıq daha dərin şeyləri sıxışdırın çıxartmağa başlayıblar. Dünyada belədirmi? Polşada olan küçə teatrı heç yerdə yoxdur. Polşada olan küçə teatrını izləmişəm. O tamaşada böyük, dərin məna var idi. “Don Kixot” əsəri əsasında hazırlamışdılar. Tamaşa boyu Don Kixotun iztirablarını göstərirdi, bir söz belə demirdi, amma o, aktyor idi.

Kreativliyi mən də sevirəm, amma bu kreativlik xətrinə kreativlik olmamalıdır. Sən sərbəst şeir yazırsan, amma onun da özünün bir ritmi olmalıdır da, ritmi yoxdursa, ondansa hekayə yazarsan da.

- Nofəl bəy, səhnədə yox, həyatda rol oynayan insanlara rejissor kimi necə baxırsız?

- Səhnəyə çıxsalar, oynaya bilməzlər. Yaxşı aktyor səhnəni oynamır., bir fikir dartır. Ona görə də istedadlı aktyorların bəziləri yaxşı aktyordur, bəziləri isə sadəcə aktyor. Həyatda rol oynayan insanlar çoxdur. Amma mən... Dəfələrlə olub, bir bağlı qapının açılması üçün ha istəmişəm rol oynayım, məndə alınmayıb.

- Bəs, rol oynayan insanlarla necə davranırsınız?

- Həyatda insanları olduğu kimi qəbul etməyə çalışıram. Amma mənimlə oynayan, riyakarlıq edən insanlara reaksiyamı bildirirəm. Heç cür reaksiyasız qala bilmirəm. Axı bizim sənətimiz elədir ki, çörəyimiz sözdən yox, sözün altındakı mənadan çıxır. Biz o dəqiqə kimin riyakar olduğunu hiss edirik, görürük. Ona görə də bizə yaşamaq çox çətindir.

- İnsan öz həyatının rejissoru ola bilərmi?

- Xeyr. Allahı güldürmək istəyirsənsə, ona öz planlarından danış. Düşünürəm ki, həyatımızın tam da rejissoru ola bilmərik, amma bizə həmişə şanslar verilir. Mən səhv edəndə də, günah edəndə də bilirəm ki günah elədim. Günah edəndə də Allahı yaddan çıxartmıram və onun varlığını danmıram. Bilirəm ki, etdiyim günahın bədəlini ödəyəcəm. Əslində bəlkə də insan öz həyatının rejissoru ola bilər. Fikirdən fikir doğur. Rejissoru olmasa da, gedişat vaxtı düzgünlüyə tərəf improvizə edə bilər.

  İlahi, mənə bir daha cəza vermə!    

 

- O zaman belə nəticə çıxır ki, siz taleyə inanmırsınız...

- Xeyr, mən qəzavü-qədərə inanıram. Ümumiyyətlə, təsadüflərə bir o qədər də inanmıram. Düşünmürəm ki, bir insanın başına böyük faciələr gəlirsə, bunlar təsadüfdür. Çexovun “Albalı bağı” pyesində Ranevskayanın gözəl bir sözü var. Deyir, ərim şampan içməkdən öldü, mənsə bir başqasını sevdim, ona yaxınlaşdım, elə o vaxt Allah mənim başımdan böyük bir zərbə vurdu, 3 yaşlı uşağım bu çayda batıb öldü və çayı görməmək üçün ölkədən çıxıb getdim. Sonra Vətən torpağı Rusiya məni geri dartdı. İlahi, mənə bir daha cəza vermə! Yəni insan bilməlidir ki, cəza ona nə üçün verilir. Söhbət şəhid valideynlərindən getmir.  

Pandemiya vaxtı bir status paylaşmışdılar ki, Suriyada ölən uşaq deyir, Allaha sizin hamınızdan şikayət edəcəm. Yəqin həmin uşaq artıq Allaha şikayət edib. Düşünmürəm ki, pandemiya təsadüfən gəldi dünyaya. Biz bu haqda düşünməliyik. “Məndən deyilsə, onunladırsa olar” düşüncəsindən əl çəkməliyik. Hətta Suriya bizim əleyhimizə siyasət işlətsə belə, suriyalı bir uşağın halına acımasaq, Şam şəhərinin halına acımasaq pandemiya bitməz. Biz öz kişiliyimizi göstəririk.  Düzdürmü? Bəlkə də kiməsə gülməli görünər, amma mən belə düşünürəm. Bunlar təsadüfən olmayıb. Kimsə yarasa yeyib, nə bilim, ağzının tüpürcəyini divara sürtüb... Bunlar təsadüfən baş verməyib.

- İnsan xoşbəxt olmaq üçün yaşayır, yoxsa xoşbəxt olduğu yerdə yaşamalıdır?

- Əgər bunu insan özü həll edə bilsəydi, xoşbəxt olduğu yerdə yaşamalıdır. Füzulidən bir misal çəkim. Deyir, can vermə qəmü eşqə ki, eşq afəti-candır. Yəni insan özü bilsəydi ki, o, harada xoşbəxtdir, nə var idi ki yaşamağa. Amma mən hesab edirəm ki, xoşbəxt olmaq üçün bəzən çox kiçik şeylər də bəs edir. O gün biri yazıb ki, “pul hər şeyi həll etmir” varlıların bizə danışdığı nağıldır. Çox xoşuma gəldi bu fikir.

Valideynlərim müəllim idilər və biz normal yaşayan ailələrdən idik. Hətta deyim ki, bizim kənddə birinci daş evi mənim rəhmətlik atam tikmişdi. Bir gün yay vaxtı anam mənə 3 manat verib dedi ki, get, filankəsgildən süpürgə al. Mən də getdim. Onlar süfrə qırağında idilər və alçaq eyvanları vardı. Mənə dedilər, gəl sən də yemək ye. Dedim, mən yemək yemirəm, amma oturdum. Onların nahar süfrəsində nə vardı? Biraz şor, böyük boşqablarda doğranmış pomidor salatı, biraz göyərti, biraz soğan. Amma onlar onu elə xoşbəxtliklə yeyirdilər ki... danışıram, indi də ağzım sulanır (gülür), xoşbəxt ailə deyəndə həmişə bu ailə tablosu yadıma düşür.

İnsan xoşbəxt olduğu yeri dəyərləndirə bilsə, elə orada da qalsın. Pandemiya bizə bunu öyrətdi. Sən demə, çox xoşbəxt günlərimiz varmış. Normal görüşə bilirikmiş, normal əl tuta bilirikmiş, normal dərs keçə bilirikmiş, heç kəs heç kəsdən şübhələnmirmiş, qorxmurmuş.

- Nofəl bəy, çox sağ olun söhbətə görə.

- Mən də sizə dəvət üçün təşəkkür edirəm.

 

Söhbətləşdi: Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-20
2021-04-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK