adalet.az header logo
  • Bakı 12°C

Faiq QİSMƏTOĞLU: YAXŞI KİŞİNİN YAXŞI OĞLU

FAİQ QİSMƏTOĞLU
74683 | 2021-02-19 13:43

... Kim nə deyir desin, bir insanın kökü, nəsli-nəcabəti və keçmişi yoxsa, həmin adam vəzifə kreslosunda əyləşən kimi, o dəqiqə onun kimliyi məlum olacaq. Yəni oturuşundan-duruşundan və ağayanalağından hiss olunacaq ki, bu adam görüb-götürmüş və dünyanın hər üzünü görmüş insandı, ya yox. Və əsli-nəcabəti olan adamlar heç vaxt, heç zaman hansı zirvəyə qalxsalar da, insanlara yuxarıdan aşağı baxmayıblar. Əksinə, o zirvəyə qalxdıqca, bir qədər də sadələşib, bir qədər də ürəyi yumuşaq olurlar və həmişə camaatın, elin-obanın içində ağayanalıqları ilə seçilirlər...

Belə sanballı, əsli-nəcabəti və kökü olan ziyalılardan biri də yaxın vaxtlarda Allahın dərgahına qovuşmuş tanınmış jurnalist, ictima-siyasi xadim və politoloq Bəhruzər Qayvalı oğlu Rüstəmovdur. O Bəhruzər ki, 19 yanvar 1956-cı ildə  Tovuz rayonunun Mülkülü kəndində anadan olub və onunla bir yerdə biz 5 il tələbəlik illərini yaşamışıq. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə 1974-cü ildə qəbul olub və 1979-cu ildə bir yerdə bitirmişik. Və o dövrdə ADU-nun (BDU) üç perestjli fakültəsi vardı: hüquq, şərqşünaslıq və jurnalistika! Bu fakültələtin tələbəsi olmaq və orda oxumaq hər bir gəncin böyük arzusu idi. Özü də o fakültənin tələbələri hətta bəzən forslarından yerə-göyə sığmırdılar. Çünki kişinin oğlanları və qızları belə bir möhtəşəm yerdə təhsil alırdılar.

Amma mənim tanıdığım Bəhruzər Rüstəmov tamamilə başqa bir dünyanın, başqa bir aləmin adamı idi. Oturuşundan, duruşundan və ağayanalığından hiss olunurdu ki, bu adam çox tanınmış, əsli-nəcabəti olan bir ailənin övladıdır. Və bu adam atasının harda işləməsindən və hansı vəzifədə çalışmasından asılı olmayaraq, bunu heç kəsə bildirməz, çox sadə geyinər və hamımızla səmimi də davranardı.

... Ilk vaxtlar kənddən gəldiyimizə görə, rus dili fənnini yaxşı bilmirdik. Rus dili müəllimimiz Sima xanımın məni və Bəhruzəri görməyə gözü yox idi. Öyrənmişdi ki, biz o biri dərsləri və fənnləri çox yaxşı bilirik və üstəlik də hər ikimiz istedadlı gəncik. Sima xanımın bizə qarşı olan tələbkarlığı və ciddiliyi bu fənnə daha böyük maraq göstərməyə həvəs yaratdı. Və Bəhruzər bir ayın içərisində Sima xanımın hörmətini və məhəbbətini qazandı, sübut etdi ki, o, istedadlı olmaqla yanaşı, həm də savadlı bir tələbədir. Amma mən isə axıra qədər Sima xanımın məhəbbətini qazana bilmədim. Çünki rus dilini yaxşı öyrənmədim və bu gün də müəyyən çətinliklər çəkirəm.

Bəhruzər Rüstəmov qrupumuzun ən istedadlı, ən savadlı, ən zəhmətkeş tələbələrindən idi. Belə ki, bizim qrupda iki-üç nəfər universiteti bitirəndə fərqlənmə diplomu almışdısa, onlardan biri də Bəhruzər idi. Imtahan başlananda, xüsusən də Zinyət Əlizadənin, Raifə xanımın götürdüyü imtahanlarda biz birinci Bəhruzəri qabağa verərdik. Çünki bilirdik ki, o, “əla” cavab verəcək, müəllimlərin ovqatı yüksələcək və biz də bilet çəkib danışanda tay onlar əsəbi olmayacaq. Bəhruzər bunu bildiyinə görə, elə o qorxduğumuz müəllimlərin götürdüyü imtahana özü könüllü birinci gedərdi.

Biz jurnalistika fakültəsində zənnim məni aldatmırsa, 632-ci qrupda təhsil alırdıq.Qrup nümayəndəmiz də İradə xanım idi. Imtahan başlamamışdan öncə o hamıdan tez gələr və gözü  ya Bəhruzəri, ya Tofiqi, ya da məni axtarardı. Çünki sözün açığı, digər tələbə dostlarımız bir az ehtiyat edərdilər ki, “kəsilərlər”. Ona görə də onlar imtahana bir qədər gecikər, içəridə tam sakitlik olandan sonra bilet çəkib əyləşərdilər.

Hətta bəzi müəllimlərlə imtahan zamanı Bəhruzərin mübahisəsi düşərdi. Çünki elə müəllimlər vardı ona “yaxşı” yazmaq istəyirdi, Bəhruzərsə bununla razılaşmaz, əlavə suallar tələb edər və müəllimi inandırardı ki, o, bütün əlavə sullara da cavab vermək gücündədir. Çünki öz savadına, öz istedadına və öz zəhmətinə inanırdı. Həmin dövrdə bizim günümüzün çox hissəsi dərslərə və kitabxanada oxumağa gedərdi. Axundov kitabxanasından tutmuş, Sabir, Lenin  adına kitabxanada Bəhruzərlə o qədər imtahanlara hazırlaşmışıq ki. Həta bəzi hallarda universitetin kitabxanasına da gedib saatlarla oxuyar, axtardığımızı tapar, qeydlər eləyər, sonra da rahat kirayə qaldığımız evə qayıdardıq. Düzdür, Bəhruzərlə mən bir evdə kirayə qalmamışam. Amma qəlbimiz və ruhumuz bir-birinə çox yaxın idi. Çox duzlu, zarafatcıl və yumorlu bir oğlan idi.

... Bəzən Tovuzdan çaxır gətirərdi və deyərdi ki, sən içən deyilsən. Gərək Rəhmanı çağırım, bu axşam möhkəm vuraq. Rəhman da bizim qrupun ağsaqqalı idi. Nə işimiz olsa, onunla məsləhətləşər və bundan sonra addım atardıq. Məni heç kim yoldan çıxara bilməyib, bir dəfə Rəhman yoldan çıxarıb. Belə ki, tələbə yoldaşımız Şünasif Məmmədovun qardaşı ilə “beşmərtəbə”nin yanındakı kafedə rastlaşdıq. O da bizi qonaq elədi, stolumuza yemək, araq göndərdi. Rəhman da o araqdan bir qalın stəkan süzüb dedi ki, içməsən Şünasifin qardaşının xətrinə dəyər. Kişi xərc çəkib, bizə qonaqlıq verir. Mən də üzə düşüb bir az sosiska, bir az qara ciyər qovurması yeyəndən sonra içi araqla dolu o qalın stəkanı başıma çəkdim.  Bu mənim ilk və sonuncu araq içməyim oldu. Sonradan Rəhman nə illah eləsə də, nə çaxır, nə araq, nə də pivə içdim. Məclislərə dəvət olunsam da, tələbə dostlarım bilirdilər ki, mən içən deyiləm və bütün gücü Rəhmanın və Loğmanın üstünə atardılar. Maşallah, onlar da yeyib-içməkdən ləzzət alardılar. Nə isə...

Bizim çox mehriban tələbə dostlarımız vardı. Vardı deyəndə elə indi də var: Rəhman, İbrahim, Bəxtiyar, Şamil, Habil, Həqiqət, Əməl, İradə, Gövhər, Zenfira, Şünasif, Loğman, Afaq, Məzahir, rəhmətlik Qismət, Azər, Əli Səfəroğlu, Famil... Yazını diqtə edəndə istər-istəməz kövrəlirəm. Ən azından ona görə ki, dünyasını dəyişmiş tələbə yoldaşlarım yadıma düşür. Tək mənim yox ha, elə sağ qalanların hamısının yadına düşürlər...

Bəhruzərin isə rəhmətə getməyi mənə bir yuxu kimi gəldi. Heç onu universiteti bitirəndən sonra bir dəfə də görməmişdim. Elə oldu onun qardaşı oğlu ilə bir yerdə görüşdüm, sonra telefonunu öyrənib zəng vurdum. 30-35 il keçsə də, rəhmətlik o dəqiqə tanıdı. Hiss etdim ki, çox kövrəlib. Iki daşın arasında tələbəlik illərini xatırladı. Bizim isti münasibətimizi, hətta mənim yadımdan çıxan anları yada saldı. Hiss olunurdu ki, çox güclü yaddaşı var. Sonra oğlundan mənə çapdan çıxmış kitabını: “Keçmiş gələcək” i  göndərdi. Və bir dəfə də “Əməkdar jurnalist” fəxri adı alanda mənə zəng edib təbrik elədi. Dedi ki, halal haqqındır, elə bil ki, o mükafatı mən almışam. Sonradan onun “Lider” TV-də Tovuzla bağlı tarixi, etnoqrafik söhbətlərini dinlədim. O qədər şirin danışırdı ki, sanki söhbətindən bal damırdı. Sözün açığı, bu müddətdə onun bu qədər müdrikləşdiyini, istedadını və savadını görüb bir daha sevindim.

Bəhruzər Rüstəmovun “Keçmiş gələcək” kitabı sözün həqiqi mənasında  Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, Azərbaycan etnoqrafiyası ilə bağlı çox unikal bir kitabdır. Bəlkə də onun bu kitabı doktorluq işinə layiqdir. Amma sadəcə olaraq, Bəhruzər həddindən artıq təvazökar və səmimi olduğu üçün beynindən elə fikirlər keçməyib. Kitabda Tovuz eliylə bağlı toponimlərlə əlaqədar araşdırmalar, axtarışlar və tədqiqatlar olduqca orijinal və yaddaqalandır. Hətta o elin, o obanın bütün adət-ənənəsi, tarixi abidələri, milli mətbəxi və digər elementləri elə incəliklə qələmə alınıb ki, adam kitabı birnəfəsə oxuyub başa çatdırır. Çünki ayrı-ayrı yazıların dili, üslubu əsl xalq dilindədi: sadə və səmimi. Kitabın redaktoru filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı Laureatı Məhərrəm Qasımlı, rəyçilər Bəsti Əlibəyli, İsa Cavadoğlu və Barat Vüsaldır. Indi görün bu kitab hansı süzgəcdən, hansı oxunuşdan keçib və gəlib çap edilib.

Insan tarixdə bir yazı ilə də, bir məqalə ilə də, bir hekayə ilə də yadda qala bilər. Və Bəhruzər Rüstəmovu “Keçmiş gələcək” kitabı həm bir yazar kimi, həm bir jurnalist kimi, həm də politoloq kimi bu tariximizdə əbədi yaşadacaq. Ən azından ona görə ki, o, bu kitabı ürəyinin, qəlbnini atəşiylə qələmə alıb.

Bəhruzər nə az, nə çox, düz 8 il “Həqiqət”- “Tovuz” qəzetinin redaktoru olub. Və redaktor kimi də isti nəfəsi, öz üslubu, yazı tərzi və həyata fərqli baxışı yaranıb.  O heç vaxt hamı kimi düşünüb, hamı kimi yaşayıb, hamı kimi işləməyib. Tələbəlik illərindən ömrünün son anına qədər özü kimi, Bəhruzər Rüstəmov kimi yaşayıb. Istər jurnalistik fəaliyyətində, istərsə də partiya-sovet və icra orqanlarında çalışdığı dövrlərdə həmişə yaxşı kişinin oğlu kimi yaşayıb və el-oba arasında böyük hörmət, nüfuz qazanıb.

Onun ölüm xəbərini mən qəzetimizdə dərc olunmuş bir başsağlığında bildim və donub qaldım. Çünki bir neçə gün öncə telefon danışığımız olmuşdu və səhhətindən də heç bir şikayəti yox idi. Həyata gəlişi də, gedişi də adi olmadı. Gəldi, şərəfli və ləyaqətli bir ömür yaşadı, öz möhürünü vurub yaxşı kişinin oğlu kimi iz qoymaqla yaxşı kişinin oğlu kimi də Allahın dərgahına qayıtdı. Ruhun şad olsun, Bəhruzər! 632-ci qrupun tələbələri səni çox istəyirdi. Və Allah çox istədiyinə görə də öz dərgahına apardı səni. Bir daha ruhun şad olsun, - deyirəm. Tay arxasın deməyə gücüm çatmır. Çünki sən yaxşı kişinin yaxşı oğluydun...

TƏQVİM / ARXİV