adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Mart 2021 13:14
12256
MƏMLƏKƏT
A- A+

Qarabağlıların bir istəyi haqda - Rasim Müzəffərli yazır

Doğma yurda qayıdışa hazırlaşanların bir çoxu yeni evlərinin məcburi köçkün düşdüyükləri dövrdən əvvəl tökülmüş bünövrələr üstündə tikilməsini istəyir. Və bu da təbiidir. Çünki 30 il doğmalıq həsrəti çəkən insanlar ata-babalarının ruhları dolaşan öz həyətlərini istəyirlər.

Bu istəyin həyata keçməsi mənəviyyata da, hüquqa da, məntiqə də uyğundur, iqtisadi cəhətdən də səmərəlidir, üstəlik, icrası hökumət üçün daha asandır. Bu o deməkdir ki, qayıdış, əsasən, belə də olacaq, inşaAllah. Prezidentimiz də dəfələrlə qayıdış edənlərin istəklərinin mütləq nəzərə alınacağını qeyd edib.

Amma "qayıdış, əsasən (!), belə olacaq" yazdım. Çünki yeni yollar və komunikasiyalar, müasir kənd atributları, yeni iş yerləri, sakinlərin özlərinin daha səliqəli və rahat yaşayış tələbatı, fikrimcə, müəyyən dəyişiklikləri məcburi edəcək. Yurdun mahiyyətinə toxunmayan müsbət dəyişiklikləri kim istəməz ki?!

Əziz qayıdışdaşlarım! Bu gün mediada və söhbətgahlarda danışılanların çoxu - hələ sənədləşdirilməmiş mülahizələr, hələ təsdiq olunmamış təkliflər və hələ qəbul olunmamış baxışlardır.

Əminəm ki, işlənilməkdə olan çoxsahəli konseptual layihələr yaxın zamanlarda hazır olduqdan sonra, Qarabağda kənd və şəhərsalmanın konkret istiqamətləri konstruktiv ictimai müzakirə mövzusu olacaq. Onda bilinəcək ki, "ağıllı kənd" nə dərəcədə qanacaqlı, "yaşıl iqtisadiyyat" nə dərəcədə şəffaf, "virtual kəndxuda" nə dərəcədə gerçəkdir.

Odur ki, istəyinizə, istəyimizə yetməyə güc qatmaq üçün, hələ qəbul olunmamış qərarları bir kənara qoyub, lütfən, keçirilən müvafiq rəsmi sorğularda iştirak edin, istəklərinizi ictimailəşdirin və ən əsası, özünüzdən muğayat olun.