adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Mart 2021 15:33
52148
ANALİZ
A- A+

Aqil ABBAS: DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI LƏĞV EDİLMƏLİDİR

Əvvəla, bu icma yaradılanda adı düzgün  qoyulmamışdı: necə yəni Dağlıq Qarabağ İcması?!

13 rayonumuz  işğal altına  düşmüşdü, onun yalnız 6 rayonu o zamankı Dağlıq Qarabağın  ərazisində idi: Martuni, Əsgəran, Mardakert, Hadrut, Şuşa, Stepanakert.  Lap şeir alındı ki. Sonradan Martuni və Hadrut  ləğv edilərək bu iki  rayonun bazasında  Xocavənd rayonu, Əsgəran rayonu da  ləğv edilərək Xocalıya birləşdirildi və Xocalı rayonu yaradıldı.

Mardakert rayonunun da tarixi adı (Ağdərə) bərpa edilərək rayon  ləğv edildi, özü və kəndləri Ağdam, Tərtər və Kəlbəcər rayonlarına birləşdirildi.

Dağlıq Qarabağın inzibati ərazisində təxminən  65 min azərbaycanlı yaşayırdı. İşğal altına düşən ətraf rayonların əhalisi isə həmin dövrdə təxminən 800 min idi (indi 1 milyon 100 mini keçib).

Nədənsə İcma yaradılanda Qarabağ İcması deyil, Dağlıq Qarabağ İcması  adlandırıldı. İcmanın üzvləri də, İdarə Heyəti də Dağlıq Qarabağda yaşayan azərbaycanlılardan ibarət oldu.

Biri var ki, icma 1 milyon adamı əhatə edə, biri də var 65 min adamı. İcmanın işindən heç bir narazılığımız yoxdur, xüsusən də son illər fəaliyyətini gücləndirib.

Düzdür, acından ölən Ermənistanın  Dağlıq  Qarabağda yaratdığı  icmanın dünyanın bir çox ölkələrində xüsusi nümayəndəliyi  fəaliyyət  göstərirdi. Təkcə Beynəlxalq Bankından 14 milyard dollar  pulu oğurlanan  Azərbaycanın isə bizim icmanın xaricdə nümayəndəliklərini açmaması təəssüf hissi  doğurur.

Artıq Dağlıq Qarabağ anlayışı da yoxdu. Ümumiyyətlə, bu vilayət gərək ki, 1991-ci ildə Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilmişdi. O vaxt  kağız üzərində de-yure ləğv edilsə də, indi 44 günlük Vətən Müharibəsində parlaq qələbəmiz sayəsində de-fakto  ləğv olundu.

Möhtərəm Prezident, Ali Baş Komandan həm bəyanatlarında, həm də çıxışlarında dəfələrlə vurğulayıb ki, Qarabağ Azərbaycandır! Heç vaxt işlətməyib Dağlıq Qarabağ ifadəsini.

Sonuncu 4 saatlıq mətbuat  konfransında da bildirdi ki, Qarabağın aranı, dağı yoxdur, Qarabağ var.

İndi azərbaycanlıların Dağlıq Qarabağ  İcması  ləğv edilməli və onun yerində Qarabağ  İcması yaradılmalıdır. Və bu icma həm insanların doğma yurd-yuvalarına  qayıtmasında fəal olmalı, həm də siyasət sahəsində dünyada daha aktiv  iştirak etməlidir. Və yeni yaradılacaq Qarabağ İcması Diasporla iş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət göstərməlidir.  Demirəm komitənin bir tərkib hissəsinə çevrilsin, sadəcə olaraq, fəaliyyətlərini birgə plan əsasında qursunlar.

Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti, xüsusilə də son illər ciddi nəzərə çarpsa da və dünyadakı azərbaycanlıları «Azərbaycançılıq ideyası»  ətrafında birləşdirməyi bacarsa da, Qarabağ İcmasının fəaliyyəti müqayisədə zəifdi.

Ona görə də onların birgə fəaliyyətləri daha böyük uğurlara  imza atar.

 

Digər Xəbərlər