adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: O BALACA OTAQ

FAİQ QİSMƏTOĞLU
76271 | 2021-03-04 13:32

Yaxud olduğu kimi görünən adam

 

... Hər səhər hamıdan tez işə gələr, o balaca otağı açarla açıb içəri keçərdi. Heç ora otaq da demək olmazdı. Çünki sonradan tikilmiş balaca bir yer idi. Amma o balaca yer həmişə dostlarıyla, yazarlarla dolu olardı. Kimi axtarsan o balaca otaqda tapardın. Və bu balaca otaq onun nəzərində dünyanın ən böyük otağıydı. Və bu balaca otaq ona evi qədər, ocağı qədər, doğma Ağdamı qədər əziz idi. Və bu balaca otağa kimlər gəlməz idi; ölkənin tanınmış və istedadlı şairləri, yazıçıları və eləcə də onu çox istəyən ağdamlılar...

Yəqin oxucu səbirsizlik edib məni qınayacaq ki, bu balaca otağın sahibi kimdir? Niyə bizi incidib, intizarda saxlayıb  o adamın adını, soyadını yazmırsan, Faiq Qismətoğlu? Elə özüm də  hiss elədim ki, hörmətli oxucunu çox intizarda saxladım. Hətta özüm də darıxdım, tıncıxdım. Ürəyim partlayır qoy deyim: bu, istedadlı yazıçı-publisist və jurnalist haqqın dərgahına qovuşmuş Pərviz Əliyevdir. O Pərviz Əliyev ki, Azərbaycan jurnalistikasında və mətbuat tarixində öz möhürünü vurub. Nadir jurnalistlərdəndir ki, hər janrda yazı yazıb və oxucularını təəccübləndirib. Çox yerlərdə, çox mətbuat orqanlarında işləyib. Və çoxlarının da yadında “simpatiçni” oğlan kimi qalıb.

... Onun 1970-ci illərdə “Azərbaycan gəncləri” qəzetində çox maraqlı, rəngarəng və unikal zarisovkalarını, müsahibələrini, reportajlarını oxumuşam. Və çox vaxt elə “Azərbaycan  gəncləri” qəzetini bu cür tanış imzalara görə alırdıq. Bilirdik ki, Pərviz Əliyev kimi jurnalistlər qələmə aldıqları hər bir yazıyla oxucuları həm sevindirir, həm də təəccübləndirir. Onun unikal müsahibələrindən biri SSRİ-nin xalq artisti Allah Puqaçova ilə bağlı idi. Təbii ki, Alla Puqaçovadan müsahibə almaq üçün jurnalist istedadıyla yanaşı, rus dilini də gözəl bilmək lazım idi.

Bunu hamısı Pərvizdə əla alınırdı. Bu müsahibə qəzetdə dərc olunan kimi çox böyük əks-səda yaratdı. Ən azından ona görə ki, Pərviz Əliyevin çox güclü musiqi duyumu vardı. Üstəlik də estrada musiqisini, onun çalarlarını və janrlarını daha gözəl bilirdi. Bütün bu elementlər Alla Puqaçova ilə bağlı müsahibədə incəliyinə qədər öz əksini tapmışdı. O vaxt indiki kimi deyildi. “Azərbaycan gəncləri” yüz minlərlə tirajla çap olunurdu. Qəzetin birinci səhifəsindən sonuncu səhifsinə qədər bütün yazılar oxunaqlı idi. Xüsusən də Cəmil Əlibəyovun redaktoru olduğu dövrdə bu qəzet əl-əl gəzirdi.

Mənim Pərvizlə tanışlığım o unikal müsahibədən sonra başlandı. Onunla “Azneft”dəki məşhur çayxanada tez-tez görüşərdik. Orda kimlər yoxuydu – Azərbaycanın ən məşhur ziyalıları, yazıçıları, siyasətçiləri vardı orda. Orda Aydın Məmmədov vardı, Vidadi Məmmədov vardı, Ramiz Rövşən vardı, Aqil Abbas vardı, Vasif Quliyev vardı... Sadalasam uzun siyahı alınar. Başqa sözlə demiş olsaq, bu qaymaq ziyalılar özləri bir məktəb idi. Ora çay içməyə yox, bizim kimi tələbələr dərs almağa gəlirdik. Yəni onların söhbətinə qulaq asmaq, dinləmək, hansısa akademikin və professorun söhbətindən daha çox maraqlı idi...

... O, Aqil Abbasla çox yaxın idi. Daha doğrusu, uşaqlıq dostları idi. Elə ona görə də Aqil müəllim Pərviz Əliyevi qəzetimizə işləməyə dəvət elədi. O da bu dəvəti qəbul edib işə gəldi. Bir-iki gün o otaqda, bu otaqda əyləşib işlədi. Sonra necə oldusa dəhlizdəki bir yerə gözü düşdü. Ora da otaq deyildi. Divarı şüşədən idi. Aqil müəllim o otağı düzəltdirdi və Pərvizə dedi ki, burda əyləşərsən. Yəni dəhlizdən yaranmış bir otaq.

Pərvizsə bu balaca otağı hamıya sevdirməyi bacardı. Çünki o otaqda ürək söhbətləri olurdu, səmimiyyət vardı və bəzən də Aqil Abbasa kimsə bir söz demək istəyəndə Pərvizin yanına gələrdi. Və Pərviz qədər də Aqil Abbasın dilini bilən, boş damarını tutan ikinci bir adam yoxuydu. Hətta Aqil Abbasın ən əsəbi vaxtında Pərviz elə bir söz deyərdi ki, Aqil müəllim yumuşalar, hər şey yaddan çıxar və sakitləşərdi. Birincisi Aqil müəllim Pərvizi görən kimi çöhrəsinə təbəssüm qonardı. Bayaq dedim, onlar uzun illərin dostlarıydı...

...Yenə hər səhər o  balaca otağa gələr, açarıyla qapını açar, içəri keçib növbəti yazının mövzusunu hazırlayardı. O, qəzet tərtibini çox gözəl bilirdi. Bir çox halda yazıların maket işini də orijinal bir formada qurardı. O qədər işinə, sənətinıə bağlıydı ki, səhərdən axşama qədər işləyərdi, ruhdan düşməzdi. Və bəzən işdən evə gecə, saat 11-12-də gedərdi. Ev də deyəndə bir az yaxşı çıxmır ey, yataqxanada qalırdı. Yataqxana şəraiti isə onu həmişə sıxırdı. Sanki əlini-qolunu bağlamışdılar. Deyirdi ki, işə gələndə rahat nəfəs alıram. Baxmayın ey, otağım balacadı. Bu otaq mənə dünya boydadı. Çünki mən bütün işlərimi, yazı-pozularımı bu balaca, amma dünya boyda otaqda düzüb-qoşuram. Bir gün bura girməsəm, ürəyim partlayar...

... Onun hamı tərəfdən sevilən və tez-tez xatırlanan bir kəlamı vardı. Bir şey, bir yazı, hər hansı bir hadisə xoşuna gələndə deyərdi: “genialnı!”. Özü də elə şirin, elə ləzzətlə, elə bir həvəslə o sözü deyərdi ki, hamımızı sanki sehirləyərdi. Pərviz heç vaxt özü barəsində Aqil Abbasdan bir xahiş də eləməzdi. Amma bu o demək deyil ki, Aqil müəllim onun xahişini yerinə yetirməzdi. Sadəcə olaraq, başqalarının sözünü deyər və xahişini eləyərdi.

... Işimizdə bir xanım bir xeyli  gəlib gedir, maaş ala bilmir. Aqil müəllimin də başı qarışıq olduğu üçün pulu vermək yadından çıxır. Pərviz  görür ki, xanım çox çətinlik çəkir, tez Aqil müəllimə yanaşır və deyir ki, bu qız uzaqdan işə gəlir, nə vaxtdandı onun pulu verilmir, sənə deməyə də utanır. Aqil müəllim deyir ki, buna bax ey, yadımdan çıxıb, nə yaxşı dedin. Əlini cibinə salır və o pulu verir...

Onun imkanlı dostu-tanışı hamıdan çox idi. Çünki o dostu-tanışı öz istiqanlılığı, şirin dili və böyük ürəyi ilə qazanmışdı. Bir dəfə elə oldu ki, bizim işdə maşını olan  dostumuzla bir yerdə Pərvizin dostunun yanına getdik. Mən maşında əyləşdim, onlar həmin dostun yanına çıxdılar.  O adam da nə qədər deyib ki, gedək çörək yeyək, bunlar etiraz ediblər. Dost onun cibinə pul qoyub ki, gedin ürəyiniz harda istəyir yaxşı yeyib-için. Pərviz gülə-gülə gəlib maşına əyləşdi və o puldan çıxarıb mənim də cibimə qoydu.  Dedi, mən dostdan ayrı bir manat da xərcləyə bilmərəm. Yeyib-içməyə verdilər, sən də yeyib-içən deyilsən, apar balalarına xərclə. Onun bu hərəkətindən maşını olan dostumuz pərt oldu. Daha doğrusu, istəmirdi ki, o, mənim cibimə pul qoysun. Amma Pərviz elə adam idi ki, tikəsini hamı ilə bölməyi bacarırdı.

Bir gün dostlarla bir yerdə yeyib-içmək məclisində olduq. Məclisdəkilər mənə dönə-dönə təkid eləyirdilər ki, mən də araq içim. Pərviz bundan bərk əsəbləşdi və dedi: “Ona heç nəyi məcbur eləməyin, içib-eləyən deyil. Niyə belə təmiz adamı yoldan çıxarırsınız? Allah-Təala onu içmək üçün yaratmayıb. Bizi isə içmək üçün yaradıb. Elə onun gözəlliyi odur ki, içki içmir.

Bizim redaksiyada iki yazar yeməyi çox şirin və ləzzətlə yeyirdi. Biri Nazim Ağamirov idi, biri də Pərviz Əliyev. Onların çox yüksək yemək mədəniyyəti vardı. Hər ikisi yemək yeyəndə tox adam belə onlara baxıb iştaha gələr və şirin-şirin yeyərdi. Və mən də dəfələrlə onların süfrəsində belə şirin-şirin yeməyin qonağı olmuşam. Hərçənd ki, mən yemək yeyəndə çox əziyyət çəkirəm. Adam var yeməkdən ləzzət alır, mən isə yemək yeyəndə elə bir biyara gedirəm...

... Onda redaksiya indiki kimi sönük deyildi. Onda kollektivimiz daha böyük idi, işləyənlər də çox idi. Pərvizin işə gəlməyilə stol arxasına keçib yazı yazmağı çox çəkməzdi. Yarım saat, bir saat ərzində hər hansı mövzunu qələmə alıb makinaya diqtə edərdi. Sonra da deyərdi  ki, günorta birinci mərtəbədə yaxşı yeyib-içmək var. Şotu da mən verməyəcəm ey, Aqil Abbasın hesabından çıxılacaq. Aqil müəllimlə birinci mərtəbəyə düşəndə nəinki əməkdaşlarımızın, orda əyləşib çörək yeyən əksər istedadlı yazarların hesabını ödəyərdi və deyərdi ki, bir-iki nəfər var, onlar nə vaxt gəlsə, yeməyini verərsiniz, hesabını da məndən alarsınız.

... Bir arada ürəyi möhkəm ağrıdı. Ona görə də səhv eləmirəmsə, Əbülfət Mədətoğlu onu bizim dostumuz, məşhur kardioloq, tibb elmləri namizədi Rafiq Yusiflinin yanına apardı. Rafiq Yusifli də kardioqrama və exo kardioqrama eləyib Pərvizə bir neçə dərman yazmışdı. Demişdi ki, içkini atsın, bu dərmanları da qəbul eləsin. Elə bir problemi olmayacaq. Pərviz çox səbrli, həm də dözümlü adam idi. Hər şeyə iradəsi çatırdı. Bircə içkiylə bacara bilmirdi. Deyirdi mən içməsəm ürəyim partlayır. Nə isə... Dərmanları atmadı. Vəziyyəti isə bir qədər də ağırlaşdı...

... Dördüncü mərtəbədə vəziyyətinin ağırlaşdığını gördüm. Təcili yardıma zəng elədik. Stol gətirib liftin yanında əyləşdirdik. Soyuq tər onu basmışdı. Həkimlər gəldi. Təyziqi lap aşağı düşmüşdü. Dedilər ki, vəziyyəti ağırdı, xəstəxanaya aparılmalıdı. Sonuncu dəfə mənim gözlərimə baxdı və mən də sonuncu dəfə onun gözlərinə diqqət etdim. Gözləri solmuşdu. Amma dedim ki, qorxma, yaxşı olacaq. Ağır vəziyyətdə xəstəxanaya apardılar, orda da dünyasını dəyişdi. Indiyə kimi yaxşı yadımdadı, dəfnində iynə atsan yerə düşməzdi. Mən hər yas yerində ağlayan deyiləm. Amma orda ağladım. Hətta daş ürəkli, Allahın dərgahına qovuşmuş Lətif Süleymanlı da ağladı...

... Çox ağır idi onu itirmək. Çünki Pərviz elə bir adam idi ki, onun düşməni yox idi. Dostu çox idi. Kimsə ondan inciyə bilərdi, bunu da hiss edəndə Pərviz o dəqiqə həmin adamın könlünü ələ alır və sevindirirdi. Ölümündən bir neçə gün sonra Aqil Abbas gəldi öz otağına, Mehribana yazı diqtə eləyərkən birdən bir neçə dəfə “Pərviz, Pərviz” deyə onu səslədi. Yadından çıxmışdı ki, Pərviz dünyasını dəyişib. Sonradan özünə gəldi və gözləri dolub otağa qayıtdı...

... O balaca otaqda indi Rüstəm Hacıyev əyləşir. Və bizim hamımız da yenə hər səhər o  otağa yığışırıq.  Hətta Aqil Abbas onun qəbuluna gələn adamlara deyir ki, mənim otağım yoxdur. Elə həmin otaqda onları dinləyir, kömək edir və yol göstərir. Pərviz özü olmasa da, o balaca otaqda, o balaca yerdə onun hər gün ruhu dolaşır, səsi, nəfəsi hiss olunur. Hiss olunur ki, o istedadlı, o sevimli jurnalist və yazar yenə bizimlə bir yerdədir. O şəxslər ki, o adamlar ki, həmişə insanlarla isti münasibətdə olur, onlarla ürək söhbəti eləyir, o adamları heç vaxt unutmaq olmur, Pərviz Əliyev kimi!..

TƏQVİM / ARXİV