adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Aprel 2021 13:24
26788
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: KEÇİDİ QOYUB, YOLDAN KEÇİRLƏR

Piyadaların vurulması hallarının artması yol polisini çox narahat edir

 

Dünyanın hər yerində piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün çox böyük işlər, proqramlar və layihələr həyata keçirilir. Ən azından ona görə ki, bir hərəkət iştirakçısı kimi piyadalar birmənalı olaraq qaydalara əməl etməlidilər. Məhz bizim məmləkətimizdə də piyadaların təhlükəsizliyinin qorunması məqsədilə saysız-hesabsız qabaqlayıcı tədbirlər gerçəkləşdirilib. Elə təkcə Bakı şəhərində son vaxtlar neçə-neçə yeraltı və yolüstü keçidlər inşa edilib. Özü də bu piyada keçidləri dünya standartlarına tam cavab verir və piyadaların həyatını mövcud təhlükədən xilas etmiş olur.

Bəs indi görək piyadalar necə, yolüstü və yeraltı keçidlərdən istifadəyə necə münasibət bəsləyirlər? Yəqin ki, bizim hamımız Bakıda əksər piyadaların yol hərəkəti qaydalarını necə pozub avtomobillərin hərəkət etdiyi yerdən keçməsini görmüşük. Və bəzən bizim özümüz də yerüstü və yeraltı keçidi qoyub avtomobil axını olan yoldan keçməyə can atmışıq. Elə bu gün də can atırıq.  Günbəgün görülmüş tədbirlərə baxmayaraq, piyadavurma halları artamqda davam edir. Təbii ki, piyadaların vurulması hallarının çoxalması yol polisini də narahat etməyə bilməz. Hansı ki, yol polisi mütəmadi olaraq piyadaların təhlükəsizliyi məqsədilə reydlər keçirir, maarifləndirmə işləri aparır və insanlara bir daha onları gözləyən təhlükəni izah edirlər.

Artıq Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi piyadaların təhlükəsizliyi ilə bağlı daha ciddi və qabaqlayıcı tədbirlər görülməsi üçün Yol Patrul Xidməti Alayına, eləcə də tağım komandirlərinə konkret tapşırıqlar verib. Bu tapşırıq da ondan ibarətdir ki, yol polisi maarifləndirmə işlərini genişləndirməli, piyadaların yeraltı və yolüstü keçiddən istifadə etmələrini bir daha onların nəzərinə çatdırmalıdı. Başqa sözlə demiş olsaq, sutkanın 24 saatı ərzində yol polisi digər yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaqla yanaşı, həm də piyadaları gözləyən mövcud təhlükəni aradan qaldırmalıdı. Bunun üçün isə mütəmadi olaraq respublikanın avtomobil yollarında və eləcə də Bakı şəhərində piyadalarla bağlı ciddi addımlar atılmalı və reydlər keçirilməlidir.

Bir neçə gündür ki, həm respublikanın avtomobil yollarında, həm də Bakıda yol polisi piyadalarla bağlı artıq reydlərə başlayıb. Bu reydlər birmənalı olaraq piyadaların təhlükəsizliyinə hesablanıb. Yol patrul xidməti alayının 3-cü tağımında, yəni Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bu reydlərə start verilib. Bir çox halda həmin yolun Müşfiq qəsəbəsindən keçən hissəsində piyadaların vurulması halları qeydə alınıb. Hansı ki, qəsəbənin bir neçə yerində xeyli vaxtdır ki, yolüstü keçid inşa edilib. Və eyni zamanda Xırdalan istiqamətində mövcud keçidlər  fəaliyyət göstərir. Amma təəssüf ki, əksər piyadalar bu keçidlərdən istifadə eləmirlər. Və nəticədə isə sutkanın qaranlıq saatında sürücülər yolu yaxşı görmədiyinə görə, təyin olunmamış yerdən keçən piyadanı maşınla vururlar. Bir neçə gündü keçirilən reyddə Müşfiq istiqamətində piyadalar saxlanılır, onlara bütün yol hərəkəti qaydaları izah edilir və bir daha nəzərlərinə çatdırlır ki, yolu keçərkən ehtiyatlı olsunlar və təyin olunmuş yerdən keçsinlər.

3-cü tağımın komandiri, polis mayoru Ürfət Şükürov keçirilən reydlərlə bağlı bizə bildirdi ki, məqsədimiz heç də piyadaları cərimə etmək deyil. Keçirilən reyddə əsas məqsədimiz ondan ibarətdir ki, onları maarifləndirək, hərəkət iştirakçılarını gözləyən təhlükəni nəzərlərinə çatdıraq və baş verə biləcək piyadavurma hallarının qabaqlayıcı tədbirlər nəticəsində qarşısını alaq. Düzdür, bəzi piyadalar var ki, dəfələrlə xəbərdar edildiyinə və izahat işi aparılmasına baxmayaraq, yenə qanunu pozur və həyatını təhlükə qarşısında qoyur. Təbii ki, belə piyadalar barəsində  inzibati tədbirlər görülür. Yəni onlar maarifləndirmə və izahatlardan nəticə çıxarmayanda biz məcbur olub bu addımı atırıq.

Bu cür reydlər  1-ci tağımın xidmət apardığı Bakı-Quba avtomobil yolunun Gəndob qədər olan istiqamətində də həyata keçirilir. Xüsusən də Ceyranbatan yaşayış sahəsində əksər piyadalar yolüstü keçiddən istifadə etmir və hərəkətin intensiv olduğu yoldan keçməyə çalışırlar. Həmin yaşayış sahəsində də dəfələrlə piyadaların vurulması halları qeydə alınıb. Ona görə də 1-ci tağımın komandiri bu istiqamətə hərəkətin təhlükəsiziliyini təmin etmək üçün əlavə naryadlar göndərir. Keçirilən reydlər zamanı çoxlu sayda piyadanın qanunu pozması halları qeydə alınıb. Bir çox kobud qayda pozuntusuna yol verdiyinə görə, bəzi piyadalar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə məsuliyyətə cəlb olunublar.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli yaz mövsümü ilə əlaqədar yol polisinin üzərinə düşən vəzifələrdən söhbət açdı. O qeyd etdi ki, həmin vəzifələrdən biri də Yol Patrul Xidməti  əməkdaşlarının piyadalarla bağlı gördüyü təhlükəsizlik tədbirləridir. Birmənalı olaraq deyə bilərəm ki, respublikanın bütün avtomobil yollarında piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün ciddi tədbirlər görülür. Xüsusən də hərəkətin intensiv olduğu yollarda, yəni sürət hədinin yüksək olduğu yerlərdə piyadalardan tövsiyə olunur ki, onlar yolüstü keçidlərdən və təyin olunmuş yerlərdən keçsinlər. Günün qaranlıq saatında və eləcə də havaların yağmurlu keçdiyi anlarda yollar yaxşı işıqlandırılmadığına görə, sürücü uzaq məsafədən piyadanı görmür, yaxud görsə də yüksək sürətlə hərəkət etdiyi üçün mövcud təhlükədən çıxış yolu tapa bilmir. Bax, belə hallarda piyadavurma halları baş verir. Ona görə də piyadalar diqqətli olmalı, təyin olunmuş yerdən keçməli, sutkanın qaranlıq saatında daha çox ehtiyatlı olmalıdılar. Yəni bir məsuliyyət  sürücünün üzərinə düşürsə, digər bir vəzifə piyadanın qarşısında durur. Hər iki tərəf məsuliyyətli olsa, təbii ki, piyadavurma halları minimum səviyyəyə enər.

Son günlər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də piyadalarla bağlı reydlərə xüsusu önəm verir. Bu məqsədlə Bakının çox sıx olan küçə və prospektlərində davamlı olaraq tədbirlər keçirlir. Belə tədbirlər “20 yanvar” dairəsində daha tez-tez gerçəkləşdirilir. Biz də bir jurnalist olaraq reydlərdə yaxından iştirak edirik. Bu günlərdə keçirilən reyd zamanı bir daha aydın oldu ki, əksər piyadalar yenə yeraltı keçiddən istifadə etmir, hərəkətin intensiv olduğu yolun sağından soluna qaçır, solundan da sağına. Hətta həmin piyadaların bir neçəsindən müsahibə də alındı. Onların arasında gənclər də var, yeniyetmələr də, orta yaşlı nəslin nümayəndələri də. Və hər biri də yol hərəkəti qaydalarını pozmaqlarını müxtəlif bəhanələrlə əlaqələndirdilər. Məsələn, biri deyirdi ki, xəstəxanaya tələsirəm, biri deyirdi ki, keçiddən düşüb getməyə ərinirəm, biri də deyirdi ki, hamı keçir, mən də keçirəm. Təbii ki, yol polisi qanunu pozan bu hərəkət iştirakçıları ilə bağlı maarifləndirici söhbətlər apardı. Üstəlik də bəzi piyadalar 20 manat civarında cərimə edildilər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov keçirilmiş reydlə bağlı bildirir ki, bu cür tədbirlər tək “20 Yanvar” istiqamətində deyil, şəhərimizin digər hərəkətin sıx olduğu yerlərdə də keçirilir. Amma “20 Yanvar” dairəsində  bu reydləri daha tez-tez keçirməli oluruq. Təəssüflə qeyd etmək istəyirəm ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, yenə çoxlu sayda piyadalar təyin olunmuş yerdən keçmir, avtomobillərin intensiv hərəkət etdiyi yerlərdən keçirlər. Nə yaxşı ki, bir  çox televiziya kanalları və sizin özünüz bizə bu işdə kömək göstərirsiniz. Təbii ki, bu çəkilişlərin efirdə göstərilməsi və sizin yazılarınız əhalinin maarifləndirilməsinə xidmət eləyir. Əgər biz çox yox, 5-10 qanunu pozan piyadanı intizama dəvət edə biliriksə, deməli, elə bu bizli-sizli işinizin effektli alınması deməkdi. Sadəcə olaraq, piyadalar birmənalı olaraq anlamalıdılar ki, onlar yol hərəkəti qaydalarına əməl etməklə özlərini mövcud təhlükədən xilas edirlər. Bizim əsas vəzifəmiz onları maarifləndirmək və mövcud təhlükədən çıxış yolunu göstərməkdi.

Təbii ki, bu cür tədbirlər Bakıda piyadavurma hallarının aşağı enməsinə bu və ya digər dərəcədə müsbət təsir edəcək. Amma məni bir jurnalist olaraq narahat edən odur ki, “20 yanvar” dairəsində bir neçə gün bundan əvvəl piyadalarla bağlı reyd keçirilsə də, çoxlu sayda piyadalar maarifləndirilsə də, bəziləri cərimə edilsə də, aprelin 12-də səhər saat 9:30-dan ordan keçərkən bir daha çoxlu sayda piyadaların avtomobillərin sıx hərəkət etdiyi yerdən keçdiyinin şahidi olduq. Indi yol polisi hər gün durub orda reyd keçirə bilməz. Deməli, bütün piyadalar ilk növbədə özləri dərindən düşünməli, yol hərəkəti qaydalarına əməl etməlidilər ki, onları hər hansı nəqliyyat vasitəsi vurmasın.