adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Aprel 2021 11:00
79658
SİYASƏT
A- A+

Baş separatçıdan növbəti “sınıq” etiraflar: Moskva səfərinin təəssüratları...

Uzaq keçmiş olmadığına görə yəqin ki, bir çoxunuzun yadındadır: 10 noyabr sazişindən dərhal sonra Dağlıq Qarabağdakı separatçı rejiminin başçısı Araik Arutyunyan “Facebook” hesabında canlı yayım zamanı xəstə erməni toplumunu kədərləndirən məlumatlarla çıxış etdi. Halbuki 44 günlük müharibənin ilk günü “dünyanın ən peşəkar ordusu” deyirdisə, “əslində bizim ordu dünyada ən peşəkardır. Silahlanma baxımından deyil, peşəkarlıq baxımından” pafoslu açıqlamalar verirdisə, bunun 44 günlük müharibənin sonuncu günü necə bir sabun köpüyü açıqlamalar olduğunu göstərdi. “Peşəkar Ordu”nun “komandanı” həmin gün az qala ağlayaraq dedi ki, biz bu sənədi imzaladıq, çünki bir neçə min hərbçi mühasirəyə düşə bilərdi, Xankəndini qorumaq üçün artıq heç kim yox idi. Özünə və özündən “yekələr”ə bəraət qazandırmaq üçün hətta qeyd etdi ki, oktyabrın 3-də “çağırış edib, yalvarıb ki, cəbhəyə yollanmaq lazımdır, canlı qüvvə çatmır”, ancaq tək qalıb. Sonrada canlı yayımda: “Hadrutdan 1500 erməni hərbçisi bir neçə kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir” –dedi.

Sınan Arayik

Araik Arutyunyanın Azərbaycan ictimaiyyətinin narazılıq və narahatlıqla izlədiyi Moskva səfəri bitdikdən sonra da bu tip- “sınıb qol-qanadı, yanına düşüb” səpgili açıqlama və etirafları özünü çox gözlətməyib.”Başçı” səfərdən qayıtdıqdan dərhal sonra Xankəndidə toplantı təşkil edib və burda uduzmaqlarına haqq qazandırmaq üçün yeni “arqumentlər” ortaya qoyub.Separatçıların lideri müharibədəki məğlubiyyətin əsas səbəbini ermənilərin təkcə Azərbaycana qarşı deyil, Yaxın Şərqdən olan muzdlularla birlikdə Azərbaycan-Türkiyə koalisiyasına qarşı vuruşmasında görüb. 1994-cü ildən üzü bu yana - atəşkəsdən sonrakı illərdə Ermənistan və Dağlıq Qarabağ rəhbərlərinin düzgün istiqamət tutmadıqlarını və düzgün siyasət yeritmədiklərini isə keçmiş terrorçu xüsusi vurğulayıb. Hətta “başçı” tənqidlərinə əsas olaraq Azərbaycanın nəzarətinin bərqərar edildiyi keçmiş Şaumyan rayonunun eləcə də Hadrut, Əsgəran, Ağdərə və Xocavəndin bəzi kəndlərinin əhalisinin Dağlıq Qarabağda qalması üçün heç bir tədbir görülməyib. "Nəticədə onların hamısı (50 mindən çox insan) Qarabağdan gediblər. Bu baş verməsəydi, indi Dağlıq Qarabağın əhalisi 200 mindən artıq olmalı idi, bu zaman müharibənin nəticələri də başqa olard ".

Erməni toplumunu mütəəssir edən ən böyük etiraf isə baş separatçının Türkiyənin regiondan getmək istəmədiyini , Rusiya ilə əməkdaşlığı gücləndirilməsinin zəruri olduğunu qeyd etməsi olub..

Arayik Xankəndidəki müşavirədə bunları şərh edən dəqiqələrdə separatçı rejimin “rəsmisi”Ayk Baxşiyan Azərbaycan hərbçilərinin iki gün əvvəl irəlilədikləri mövqeləri tutduqlarını və Nor Qazançı (Sırxavənd) kəndi istiqamətində yenidən irəlilədiklərini açıqladı.


Azərbaycan Ordusu və diplomatiyası

 

Qeyd edək ki, məlumatlarda bildirilir ki, hazırda Ordumuzun kənddən 500 metr məsafədə yerləşdiyi bildirilir. Əvvəl bu mövqe 1,5 kilometr məsafədə idi. Ordumuzun Ağdərə istiqamətində irəliləməsinin üç səbəbi ola bilər:

Birincisi: mümkündür ki, Sırxavənd kəndi istiqamətindəki postlarda sülhməramlılar olmayıb və Azərbaycan Ordusu mövqelərini irəli çəkib.

İkincisi: son proseslər fonunda bu addım erməni qoşunlarının çıxarılması bəndini hələ də yerinə yetirməyən Rusiyaya xəbərdarlıq ola bilər. Azərbaycan razılaşma yerinə yetirilməsə, irəliləyəcəyinin mesajını verir.

Üçüncüsü: Razılaşma bəndlərinin (xüsusilə 4-cü bənd) tam yerinə yetirilməsi prosesini tezləşdirmək və istəklərimizi qəbul etdirmək məqsədilə kiçikçaplı antiterror əməliyyatı istisna deyil. Yeni mövqelər məhz əməliyyat şəraitinin optimallaşdırılması üçün lazımlıdır.

Bir sözlə, separatçı rejim və onun başçısı Rusiya dövləti tərəfindən nə qədər qayğıyla əhatə olunsa da Azərbaycan Ordusu və diplomatiyası bu “qayğı”nı heçə-puça döndərməyi bacarır!

Ordumuza uğurlar diləyirik!

Əntiqə Rəşid