adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 May 2021 10:16
54163
MÜSAHİBƏ
A- A+

"Ədəbiyyatın dilini elə ədəbi formada kəsirlər" - MÜSAHİBƏ

Şair Ələsgər Əhməd "Adalet.az" saytına müsahibə verib.

- Ələsgər, bu yaxınlarda AYB-nin verdiyi təqaüddən imtina etdiyin haqqında sosial şəbəkədə status paylaşdın. Bir az bu barədə danışaq..

- Daha doğrusu, vermək istədiyi təqaüddən. Özün də yaxşı bilirsən ki, bəzən ədəbiyyatın dilini elə ədəbi formada kəsirlər. Bu mənim qərarımdan savayı dünyanın hər söz masasında təkmilləşmiş edam üsuludur. Yazı adamı ən çox hisslərə arxayınlaşır, mən də hissimə arxayınlaşıb, imtina etdim.

- Hansı hisslərə? Düşündün ki, qəbul edib, azadlığını itirəcəksən?

- Mən azadlığımı zəncir səslərinin ritmində əldə etmişəm, belə asanlıqla itirmərəm. Lakin, bunu bilməyənlər də var. Necə ki, pərdə endirilən zaman alqışlayan tamaşaçı, pərdə arxasını bilmir. Ona görə də elə etmək lazımdır ki, "heyif, bu biletə verdiyim pula" deməyəsən. 5 nəfər, 10 nəfər oxuyursa, inanırsa, səmimiyyəti zədələməyə ehtiyac yoxdur. Mən ac qalmaqdan qorxmuram, təki söz qidasından özlərini məhrum etməsinlər. Yeni şeirlərimin birində belə bir ifadə var:

" hətta bir şeirim, 5 məhkuma məhkəmədə vəkil olsun
Özüm,
Nazım kimi sürgün həyatı yaşamağa da razıyam"

- Ələsgər, bir ara iddialar səsləndirirdin ki, məndən yaxşı şair yoxdu, gənclərdən mənə heç kim rəqib ola bilməz. Hardan qaynaqlanır bu eqo? Söz olsun deyə deyirsən, yoxsa iddiaların həqiqətən belədir?


- Prestij filmində belə bir hissə var: "İnsanlara sehrbaz olduğunu de, lakin sehrini göstərmə. Onlar bunu görmək üçün sənə yalvaracaqlar. Göstərsən, marağın itəcək". Demişəm, hətta elələri var ki, şeir yazırlar, onlara istinadən hələ də keçərlidir bu fikir. Di gəl, sehrbazam dediyim insanların çoxu həqiqətən bu sehri özləri gördülər. Artıq sehrbazam demirəm, onlar çubuğun rəngini bilirlər.

- Adlar çəkə bilərsən? Məsələn, məşhurdur, çoxluq bəyənir, amma yaza bilmir?

- Mühitin yarıdan çoxu.

- Konkret adlar çəkə bilmərsən yəni?

- Sırf şeir kontingentindən danışsam, həddindən artıq pis vəziyyətdir. Yəni, tutalım mən yazmıram, amma bilirəm də sən bunu hardan götürmüsən, iddian belə plagiatdı.

- Plagiat edirlər? Bəlkə 2-3 nəfərin adını çəkəsən? Dəqiqlik olsun deyə..

- Bir dəfə adlar çəkmişəm, onlar düzəlmək istəmədi, digərləri heç düzəlməz.

- Bəs, yaxşı yazan, əsl istedad bildiyin kimlərsə varmı? Onların adını çəkə bilərsənmi? Yoxsa, eqona sığmır bu da?

- Bax, bu gözəldir. Deyim də sənə, sırf gənclərdən. Rauf Ra var, adamın həqiqətənin iliyindədir sənət. Məsələn sənin də istedadın boyun qədər böyükdür. Seymur Su. Adam yaza bilir, amma yaza bilmədiyini düşünür. Cəlal adlı bir nəfər var, "Siyah" ləqəbi ilə yazır. Parlayacaq və bu fikirimi təsdiqləyəcəksən. Şvartsmanı yeni oxuyuram, o da cəlb edir. Çox oldu e, elə bil(gülür).

- Bir şeir kitabın var, biri də çapa gedəcək. Adətən, şeir kitabı çox olan adama lağ edirlər. Gənc yaşda iki şeir kitabı çox deyil ki? Həm də şairlər bir yerdən sonra nəsrə keçir çox vaxt. Sən də necə? 60 yaşında da şeir kitabı çıxaracaqsan?

- Bilmək olmaz, ikinci kitabdan sonra bəlkə heç nə yazmadım. Birinci kitab bilirsən nəyə oxşayır? O, olur e, məhəllə futbolunda kənardan bir uşaq baxır oynamaq üçün. Top çıxanda götürüb, çiləyir oyuna salırlar. Məndə də bu idi. Oyun ikinci kitabdadır, məncə, komandanı qalib edəcəyəm. Nəsr isə oyundan sonrakı hekayələrdir, hələ bilmək olmaz.

- Sən meyxanadan gəlmisən şeirə, amma indi meyxananı bəyənmirsən.. Niyə ciddi qəbul etmirsən meyxananı?

- Bəyənmirəm? Bunu kim dedi ki? Mən istədiyim vaxt meyxana da deyirəm. Ancaq ki, çevrədən uzağam. Üstəlik, sırf meyxanaçı kimi tanınan adamların müasir poeziyaya kinayə fikirləri gülməli gəlir mənə. Deyirlər, bədahətən daha yaxşı söz deyirik. İnan ki, heç biri yaxşı söz demir. Meyxana isə dəyərdir.

- Amma bədahətən yaxşı söz nümunələri var axı. Bu halda necə deyə bilərsən ki, heç biri yaxşı söz demir?

- Heç biri demədim. Yeni şeirə kin bəsləyənləri nəzərdə tuturam. Füzulinin adını düz yaza bilməyən adamlar, qəzəlin zirvə olduğunu düşünür və iyrənc polimika yaradır. Elə meyxana ilə də cavab vermək olar onlara. Əfsuslar ki, zaman boşa xərclənəsi hədiyyə deyil.

- Zamanı bir neçə saniyəlik ayırıb, şeirə o cür yanaşan meyxanaçılara bir qafiyə ilə cavab versən, nə deyərdin?

- Min deməkdənsə, onu yazmaq xeyirdir aləmə
Sən sözə hakim ol, olsun onda şahid məhkəmə

- Müsahibə üçün təşəkkür edirdik.

- Xoş oldu, mən də.

Söhbətləşdi; Orxan Saffari