SON DƏQİQƏ:

Rəmiş - Vahid Qazi yazır

  22633   |  
Şriftin ölçüsü  

Sənət, zaman, tale üçbucağında

Ukraynalı jurnalist Dimitro Qordonun Vaxtanq Kikabidze ilə müsahibəsinə baxırdım. Söz Vısotskidən düşdü. Tanımayan gənc oxuculara deyim ki, Kikabidze də sovet dövrünün populyar müğənnisi, aktyoru olub. Amma şair, müğənni, teatr və kino aktyoru Vladimir Vısotski o vaxtın yarıdissident canlı əfsanəsiydi.

Jurnalist soruşur: ”Rusiyanın indiki sənət ulduzlarına baxıram, Putini dəlicəsinə sevirlər, özü də bunu nümayiş etdirməyi xoşlayırlar. Necə düşünürsünüz, bu günlərə qədər yaşasaydı, Vısotski də Putini dəstəkləyərdimi?”

Kikabidze bir qədər düşünüb, ”bilmirəm” deyir. Amma ”yox, dəstəkləməzdi” demir.

Onların bu söhbətinə baxa-baxa Rəmişi xatırlayıram. Yeniyetməlik çağımızın kumirini.

***

“Vısotski azad olmayan sovet insanı üçün necə “azad adam” nümunəsiydisə, SSRİ-nin böyüdüyüm ucqar əyalət şəhəri Ağdamda gitarası ilə məşhurlaşan Rəmiş də eləcə azadlıq simvolu idi.

Səhnəyə uzun saçı, cins şalvarı, hətta “vyetnamka” şəpşəpisiylə çıxaraq sovetin sərt kültür stereotiplərini dağıdan, fərqli ifası, davranışı, həyat tərziylə dövrün standartlarından çox uzaqlaşan biriydi.

Gitara, istedad, xarizma, şöhrət, pul, nəşə. Sözüm bir təhər çıxmasın – adama daha nə lazımdır ki?!

Adama bir də, nəfəs lazımdır!

Rəmişdə bu nəfəs çatmadı, nə Vısotski ola bildi,nə də heç Viktor Tsoy...

Amma o vaxt o cür sənətkarları birləşdirən ümumi bir cəhət vardı – əsl azadlığın nə olduğunu bilməyən insanlara azadlığın üfüqlərindən xəbər vermək, onların qəlbində yeni, əvvəllər tanış olmadıqları duyğular yaratmaq kimi.

Visotskinin 42 illik ömründə tamamladığı yola Rəmiş 70 yaşında belə çata bilmədi. Bilmirəm kimin sözüdü, deyirdi ki, o, bağladığı qalstukla özünü intihar elədi. Ritorik yanaşmadı, razıyam, hər halda özünü Rəmişə oxşatmaq istəyən fanatik çətin tapılar indi”.

Bu sözlər 6 il qabaq yazdığım “Yarımçıqlıq mərəzi” yazısının Rəmişə aid yerindəndir.

***

1986-cı ilin iyun ayı idi. Əsgər gedirdim. Biləcəri komissarlığında dedilər ki, növbəti göndəriş bir həftədən sonra olacaq. O bir həftəni Bakıda qalmadım, Ağdama getdim.

Qonşumuz Vahid əminin yenə hardansa qonaqları gəlmişdi. Onun belə məclisləri həmişə səsli-küylü keçərdi. Vısotskinin maqnitafon mahnıları, Rəmişin gitara çalğısı məhləmizi başına götürərdi.

Qəlbi sevgiylə dolu əsgər gedən 18 yaşlı xəyalpərəst bir oğlan təsəvvür edin. Bir də, o gecə sübhəcən açıq pəncərədən o oğlanın qulağına süzülən piano pıçıltılarını, gitara nalə-nərə-çığırtılarını dinləyin.

Pəncərənin ağzındakı divanımızda qollarımı başımın altında çarpazlayıb armud ağacının yarpaqları arasından boylanan Aya baxırdım. Xəyalən Ay işığını səmt alıb ona sarı, ondan da o yana – ulduzlu göylərə uçurdum.

Nələr düşündüyümü indi xatırlamıram, bir onu xatırlayıram ki, mən ulduzlara doğru uçduqca gitara siminin dartınıb uzanan dəmir səsi də yanımca gəlirdi. Səsi ulduzlara Yer üzünün sevgi naməsiymiş kimi aparırdım.

Rəmiş idi, yenə “dəli kimi çalırdı”! Onun o gecədəki o dəli çalğısını dinləyən hər kəs mənim sevgi ritmində vuran ürək döyüntülərimi, bir də ulduzların sükunət səsini eşidərdi.

Adaşım Rəmişin o gecəki piano ifalarını ayrıca yazmışdı kasetə, bir nüsxəsini də mənə bağışlamışdı. Əsgər getməyimin şərəfinə. Evimizdə kirayə qalan “muzuçilişa”nın pianoçu tələbə qızları heyrətlə qulaq asırdılar ona. Qayıdanda o kaseti tapmadım, elə heyifsilənirəm ki.

Bu, Rəmişin Leninqrad sərgüzəştləri haqda şəhərdə yeni söhbətlərin dolaşdığı vaxtlar idi. “Ermitajda royal görüb, nətər çalıbsa, xarici turistlər muzeyi unudub onun başına yığılıbmışlar”.

Leninqrad dedim, “Lenfilm” yadıma düşdü. Bir də onu danışırdılar ki, 1982-ci ildə “Lenfilm”in çəkdiyi “Nikkolo Paqanini” filminə baş rola Rəmiş çəkiləcəkmiş. Rejissora şəxsən Müslüm Maqomayev tövsiyyə edibmiş. Rəmiş getməyib, əvəzində erməni aktyor Msryanı çəkiblər.

Belə-belə söhbətlər vardı Ağdamda.

***

”Ruhlar şəhəri” kitabının Ağdamın musiqi dünyasına həsr olunan bölümündən:

”Rəmiş 1960-70-ci, uzağı 80-ci illərdə tez-tez düşdüyü qəzaların birindən sağ çıxmasaydı, indi Azərbaycan mətbuatı ona “vaxtsız ölən virtuoz sənətkar”, “bəxtsiz maestro” kimi epitetlərlə dolu yazılar həsr edərdi. Doğum günündə festivallar təşkil olunardı. El arasında əfsanələr artıb cild-cild olardı: “Yaşasaydı, Zeynəbin yox, Madonnanın ansamblında çalardı”, “Erik Klipton onun yanında əlinə gitara almayıb” kimi. Ya da o vaxt Ağdamda danışılanlar sayaq: “Barmaqlarından qan dama-dama nətəhər çalıbsa, xəbəri olmayıb”, “Moskvada yəhudi toyunda ona qulaq asmırlarmış, qəfildən İsrailin himninə keçib, hamını ayağa qaldırıb”.

Bunların heç biri olmadı, nə qəzetlər onu yazdı, nə də camaat bunu dedi, çünki Rəmiş ölmədi, sağdı”.

***

Kikabidzenin sözü olmasın, mən də bilmirəm, 1980-ci ildə ölməsəydi, bu günə sağ çıxsaydı, Vısotski Putinsevər olardı, ya yox. Amma dəqiq bilirəm ki, Rəmiş də SSRİ epoxasında qalsaydı, onun “qalstuk taxmağı” bir yana, xalq artisti olacağı kiminsə ağlına gəlməzdi.

Sənətkar və zaman qəliz mövzudur. Sənətkarın zaman sınağından çıxması da həmçinin. Mən də girişmirəm bu söhbətə, eləcə deyirəm ki, Rəmiş Azərbaycan musiqi zirvəsinə adını yazmış sənətkardı. 1930-cu illər Amerikasının “biq-bənd” estrada ansambllarında həyat vəsiqəsi qazanmış Qərbin elektro-gitarasını milliləşdirən, şərqləşdirən sənətkar.

Vahid Qazi

May, 2021


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 15, 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK