SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: İyirmi dörd saat

  43988   |  
Şriftin ölçüsü  

Yaxud mərmi yağışında çörəkbişirənlər...

 

...23 sentyabr 1920-ci il. Sərhəd bölgəsində, o cümlədən Füzulidə vəziyyət çox gərgindi. Həmişə də hərbi vəziyyət mürəkkəbləşəndə, müharibə təhlükəsi artanda mən bir jurnalist olaraq cəbhə bölgəsinə getməyi özümə borc bilmişəm. Ən azından ona görə ki, Füzuli mənim vətənimdir və həmişə də bu vətənin ağır günündə onun yanında olmuşam. Əgər onun yanında olmasaydım, ürəyim partlayardı. Bu, birinci dəfə deyil, birinci Qarabağ savaşında da belə olub. Elə ki, göy üzünü buludlar alıb, vətənimizin başının üstünü təhlükə kəsib, bax, həmin anda mən vətənimin, Azərbaycan əsgərinin, döyüşən oğullarının yanında olmuşam...

...İndi də belə olur. 23 sentyabrda Füzuliyə yola düşürəm. Horadiz şəhərinə gedib balalarımla, nəvələrimlə görüşürəm. Vəziyyət çox gərgindi. Hər an müharibə başlaya bilər. Amma Horadiz şəhərində, eləcə də doğulub boya-başa çatdığım Böyük Bəhmənlidə insanlar narahat olsalar da, daxilən bir sakitlik var. Bu sakitlik də onunla bağlıdır ki, vəziyyət 1990-cı illərin əvvəllərində olduğu kimi deyil, yəni, indi qüdrətli Azərbaycan ordusu var, Azərbaycan əsgəri var və Ali Baş Komandan İlham Əliyev var. Bir nəfər olsun belə nə şəhəri, nə də kəndləri tərk edib. Hamı öz yerində, eləcə də iş başındadır. Həmin vaxt mən Horadiz şəhərində bir neçə hərbiçi ilə və icra  hakimiyyətinin əməkdaşı ilə görüşürəm. Həm hərbçilərimiz, həm də icra hakimiyyətinin əməkdaşları dövlətimizin və ordumuzun gücünə çox arxayındılar. Başqa sözlə demiş olsaq, Füzuli camaatı Azərbaycan ordusuna və Azərbaycan Prezidentinə inanır. Sentyabrın 24-ü isə yenə insanlarda bir nikbinlik, bir xoş ovqat və bir sabaha ümid hiss edirəm. Hamı tezliklə müharibənin başlanacağından danışır və hamının da gözündə bir inam, bir ümid var. O ümidi və inamı görməmək mümkün deyil.

Füzulinin məmə yeyənindən pəpə yeyəninə qədər bütün əhalisi müharibə ovqatına köklənib. Hətta kəndlərdə bombadan, mərmlərdən xilas olmaq üçün sığınacaqlar da tikilib. Horadiz şəhərində, Əhmədbəylidə, Əhmədalılarda,  Babidə, Kərimbəylidə, lap bizim Bəhmənli kəndində insanlar yaşadıqları həyətlərdə sığınacaqlar düzəldiblər. Bir sözlə, insanların qəlbində və ürəyində ən müasir silahdan da güclü vətən məhəbbəti var. Gördüyüm və şahid olduğum hadisələri qələmə almaq üçün sentyabrın 25-də Bakıya qayıdıram. Bakıya qayıtsam da, ürəyim o insanların, o əsgərlərin, o adamların yanındadır. Yazını qələmə alıb hazırlayaraq çapa verirəm...

...Bir gündən sonra - sentyabrın 27-də Böyük Vətən müharibəsi, ikinci Qarabağ savaşı başlayır. Elə ilk gündən Füzulinin işğal altında olan bir neçə kəndi azad olunur... Elə ilk gündən qələbəmizin sevincini yaşayırıq... Elə ilk gündən qəhrəman Azərbaycan əsgərinin möhtəşəm qələbəsini eşidirik. Döyüşlər isə günbəgün şiddətlənir. Füzulinin və Cəbrayılın bir neçə kəndi işğaldan azad olunur. Və yenidən bu xalq, bu millət qələbə sevincini yaşayır. Sentyabrın 30-da Füzuli şəhəri istiqamətində gedən ağır döyüşdə bibim nəvəsi Elçin Süleymanov şəhid olur. Elə sentyabrın 30-da da yenidən Füzuliyə – cəbhə bölgəsinə yola düşürəm. Həm şəhid qohumumun dəfnində iştirak edirəm, həm də döyüş bölgəsindən yazılar hazırlayıb «Ədalət»ə göndərirəm. Şəhid atası bibim oğlu Tehran deyir ki, eşitmişəm, müharibə dayanacaq. Bəs Elçin kimi oğulların qanı yerdə qalacaq? Elə həmin axşamı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev televiziyada çıxış edir. Cəbhədəki uğurlarımızı, işğaldan azad edilmiş kəndlərimizin adını bir-bir sadalayır. Bu xəbər şəhid ailələrinin göz yaşını dayandırır və Prezidentin söylədiyi bir fikir isə onların ürəyincə olur: «Bizim mübarizəmizi heç bir qüvvə saxlaya bilməz. Hər bir şəhidin xatirəsi bizim üçün çox əzizdir. Mən onların valideynlərinin və ruhlarının qarşısında baş əyirəm. Biz tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcəyik». Ali Baş Komandanın bu möhtəşəm çıxışı şəhid ailələrinin yanar ürəyinə su səpir. Və onlar inanırlar ki, balalarının qanı yerdə qalmayacaq və digər yaşayış məntəqələri də işğaldan azad olunacaq...

...Şəhərlərimiz və kəndlərimiz bir-bir işğaldan azad olunur. Cəbrayıl, Hadrud, Füzuli, Qubadlı, Zəngilan yenidən ordumuz tərəfindən ələ keçirilir və hər bir rayonun mərkəzinə Azərbaycan bayrağı sancılır və hər bir rayon azad olunduqca Ali Baş Komandan televiziyada canlı çıxış edir və bu şad xəbəri xalqımıza çatdırır. Artıq camaat Prezident İlham Əliyevin cəbhədəki qələbəmizlə bağlı çıxışlarını səbirsizliklə gözləyir. İnsanlar televizorun qabağında əyləşir, bu yeni müjdənin verilməsini gözləyirlər və cənab prezident də bu sevinci və bu müjdəni xalqımıza çatdırır. Hər dəfə də deyir ki, bunlar hamısı Azərbaycan ordusunun və Azərbaycan əsgərinin qələbəsidir. İnanın, həmin günlərdə mən 8 dəfə  Füzulidə olmuşam. Cəbhə bölgəsindən reportajlar hazırlamışam. Xalq, millət, prezidenti və ordunu o qədər çox istəyir ki, bunu sözlə ifadə etmək elə də asan deyil.

Mən Füzulidə gördüyüm bir anı, bir məqamı, xüsusilə yada salmaq istəyirəm. Çünki həmin dövrdə əsgərlərimizi ərzaqla, çörəklə təmin eləmək üçün arxa cəbhə, sözün həqiqi mənasında çox böyük mücadilə edirdi. Horadiz şəhərində də bir çörək sexi var və bu çörək sexi də 24 saat işləyirdi. Ermənilər həmin çörək sexini məhv etmək üçün dəfələrlə ora mərmi atmışdılar, raket atəşinə tutmuşdular. Hətta o mərmilərdən bir neçəsi gəlib çörək sexinin həyətinə düşmüşdü. Sexə zərər yetirməmişdi. Müharibənin qızğın çağında sex bir saat olsun belə fəaliyyətini dayandırmayıb. Düzdü, bəzi qadınlar ehtiyat edərək Horadiz şəhəri raket və mərmi atəşinə tutulanda işə gəlməyiblər. Amma sexin sahibi Süleyman İsmayılov 24 saat o sexdə əyləşib bütün işləri yoluna qoyub. Üstəlik də, işçi qüvvəsi olmadığına görə Böyük Bəhmənli kəndindən onun 10 nəfər qohumu gəlib mərmi, qrad, bomba yağışı altında çörək bişiriblər. Mən həmin vaxtı Bəhmənlidə olan həmin qadınla da görüşdüm. Atalar yaxşı deyib ki, aslanın erkəyi, dişisi olmaz. Onlar əsl aslan kimi bomba yağışı altında 24 saat çörək bişirirdilər. Deyirdilər ki, cəbhədə döyüşən o əsgərlərin hamısı bizim balalarımızdı, biz razı olmarıq ki, onlar bir saat, bir gün ac qalsınlar. Hətta o çörəkbişirənlərin arasında şəhid anaları da var idi. Sobadan çıxan çörəyin ətri adamı bihuş edir və mən də sobadan çıxan o çörəyin ətrini ciyərimə çəkirəm. Düşünürəm ki, bu çörək nə qədər tez hərbi hissələrə çatsa, əsgərlərimiz də bir o qədər qarnı tox olub rahat döyüşərlər.

Heç bir müddət keçmir, sobadan çıxan ətirli çörəkləri xüsusi qablara yığıb maşına yükləyirlər. Maşınsa birbaşa Füzuli, Cəbrayıl istiqamətində döyüşən əsgərlərimizin mövqeyinə yola düşür. Gecə saat 12 olsa da, Süleyman İsmayılov iş başındadır. Və səhərə qədər çörəkçilərin yanındadır. Ümumiyyətlə, nə   Süleyman İsmayılov, nə də çörəkçilər kəndə qayıtmaq haqqında bir an belə düşünmürlər. Onların düşündükləri odur ki, ətirli çörəkləri bişirib cəbhə xəttinə yola salsınlar. .

Çörəkbişirən qadınların hər biri gecəni diri gözlü açır. Yəni, səhərə qədər yatmırlar. Bir balaca gözlərinin acısını alıb yenidən xəmir yoğurur, xəmiri sobalara düzürlər. Sobalardan isə qıpqırmızı, dadlı və ətirli çörəklər çıxır. Çörəyin ətri və dadı o qədər xoşuma gəlir ki, birini kəsib yavan-yavan yeyirəm. Sanki çörək yemirəm, bal yeyirəm və dünyanın ən ləziz yeməyini yeyirəm. Elə rahat oluram ki, nənəmin və anamın bişirdiyi təndir çörəyi qədər ləzzətlidi bu çörək.

44 günlük müharibə Azərbaycan xalqının və Azərbaycan ordusunun qələbəsi ilə başa çatır... Yuxumuzda görmədiyimiz sevinci bizə Ali Baş Komandan, Prezident İlham Əliyev və Azərbaycan ordusu bəxş edir... 200 illik tariximizdə olmayan möhtəşəm qələbə və sevinc bizə qismət olur. Dedim axı, bu yeni tarixi də yazan Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan əsgəridi. 44 günlük müharibədə bir dəfə olsun belə cənab Prezident İlham Əliyev demədi ki, bu qələbəni mən əldə eləmişəm. Cənab Prezident dedi ki, bu möhtəşəm qələbəni Azərbaycan əsgəri, Azərbaycan ordusu qazanıb. Görün, bizim Prezidentin ürəyi necə böyükdür ki, özünün 44 gündə yaşadığı ağrını, acını, heç birini dilinə gətirmir, bütün qələbəni Azərbaycan əsgərinə bağlayır. Ona görə də Azərbaycan Prezidentini 10 milyon xalqın hamısı ürəkdən sevir və 10 milyonluq xalqın ürəyində özünə əbədi bir heykəl qoyub. O heykəl min illər keçsə də, bu xalqın ürəyində qalacaq və əbədi olacaq...

Bir fikri də xatırlatmaq istəyirəm. Həmişə müharibələrdə arxa cəbhə ön cəbhəyə söykər olub. İkinci Qarabağ savaşında da bu yenidən təkrarlandı. Heç uzağa getməyək. Horadizdəki çörək sexində düz 44 gün gecə-gündüz çörək bişirildi. Döyüş mövqeyində olan hərbçilərimiz isti çörəklə təmin edildi. Qarabağ uğrunda gedən döyüşlərdə əsgərlərimiz, zabitlərimiz orden və medallarla təltif olunub. Amma nədənsə, 44 gündə gecə-gündüz çalışan bu cür zəhmət adamları yaddan çıxıb. Heç onlar medal üçün, orden üçün çörək  bişirmirdilər. Onlar  Azərbaycan əsgəri üçün, Azərbaycan ordusu üçün könüllü olaraq 24 saat çörək bişiriblər və hər an, hər dəqiqə o çörək sexinə mərmi düşərdi və onlar həlak olardılar. O adamlar ölümlərini gözlərinin qabağına gətirirdilər və o ölümdən qorxmurdular. Çünki Vətən sevgisi, Vətən məhəbbəti hər şeydən güclü olur. Sözümüzün canı odur ki, odun, alovun içində, mərmi yağışında çörək bişirənlər də qəhrəmandırlar. Əgər onlar mükafatlandırılsa, qiymətləndirilsə, təbii ki, haqq-ədalət öz yerini tutar. İnanın, mənim bu yazımdan nə çörəkbişirənlərin, nə də Süleyman İsmayılovun xəbəri var. Amma sadəcə olaraq, hər kim öz halal haqqına qovuşsa, onun qəlbi və ürəyi daha rahat olur.

Bu Vətən, bu torpaq, bu yurd bizim hamımızındır və biz də bir vətəndaş olaraq bu yurdu, bu vətəni qorumağa borcluyuq. Ona görə borcluyuq ki, bu vətən, bu yurd bizi böyüdüb, biz də onun borcundan çıxmalıyıq. Vətənin borcundan çıxanda adamın çiynindən ən ağır yük götürülür. İnsan düşünür ki, mən də bir vətən oğlu kimi nəyisə yaradım, hansısa işin qulpundan yapışdım. Biz vətəni sevəndə və qoruyanda, bu vətən daha güclü, daha qüdrətli və daha möhtəşəm olur. Qüdrətli və möhtəşəm vətənə isə heç bir yadelli düşmən yaxın dura bilməz. Bunu bir daha 44 günlük Böyük Qarabağ savaşında gördük...

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK