adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Aqil ABBAS: ŞUŞALIYA LAĞ EDƏNLƏRƏ BİR KONKRET CAVAB…

AQİL ABBAS
48301 | 2021-06-09 18:05

Deməli,saytlarda və sosial şəbəkələrdə  paylaşılıb ki, bir şuşalı gedib öz həyətlərinə və köhnə dırtmıxlarını tapıb və  ağlaya-ağlaya  həyətlərini  təmizləyir.  Və yazırlar, eləcə də şərhlərdə münasibət bildirirlər ki, quramadı. Guya indiyədək erməni o dırtmıxı tapmayıb və niyə o həyətdə nəsə etməyib.

Heç bir quraması yoxdu.  Bircə misal gətirəcəm.

Ağdama ilk səfərimdə dostum Nizami Əliyevin oğlu Məmməd Əliyevlə getdik bizim həyətə.

Onların evi də  «Dostluq» kino-teatrı ilə üzbəüz məşhur  Zeynal Məmmədovun rəhbərlik etdiyi Ağdam rayon Həmkarlar Təşkilatının  arxası idi. İndi  ikimiz gedirik. Birdən  evlərinin yanından ötəndə dedi:

- Əmi, girəcəm həyətimizə.

Bizə ANAMA, həm də hərbçilər demişdilər ki, hər ehtimala qarşı həyətlərinizə girməyin.

Nə qədər dedim ki, qardaş oğlu, girmə həyətinizə, mina ola bilər. Dedi, partlasa da girəcəm və girdi. Bir də gördüm əlində bir tərəfi çürümüş bir sapılca ilə çıxdı:

- Əmi, anam bu sapılcada  mənə o qədər qayqanağ bişirib ki, aparıb təmir etdirəcəm və qoy bu sapılcada xanımım mənə qayqanağ bişirsin.

Elə sevinirdi ki, olmayan evləri də yadından çıxmışdı, Qarabağ dərdiylə dünyasını dəyişmiş Nizami müəllim də, əmiləri Şahin də, Allahverdi də, Zahid də.

Və onu da qeyd edim ki, Ağdamın Ağdam olmasında vaxtilə rayon Partiya Komitəsinin  birinci katibi işləmiş babası Məmməd Əliyevin  böyük xidmətləri olub.

Bəzən təkrar lazımdı. İndi gedirik və çatırıq  bizim həyətə.

Deyir:

- Əmi, sizin ev bizim  evdən uzaq idi axı?!

- Qardaş oğlu, o vaxt uşaq idin, addımların balaca idi, ona görə bizim ev uzaq görünürdü. İndi maşallah,  bir addımın o uşaq vaxtındakından dörd dəfə çoxdu.

Gülür:

- Heç  mən bunu fikirləşməmişəm.

İndi Məmməd bəlkə sapılcaya ondan otuz dəfə  artıq pul xərcləyib təmir etdirib və xanımı həmin sapılcada ona və övladlarına  qayqanağ bişirir.

Lağ edən dostlar, bunu sizin üçün yazdım.

 

TƏQVİM / ARXİV