adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Iyun 2021 12:12
66059
ƏDƏBİYYAT
A- A+

13 İYUN - ANIM GÜNÜ 

13 iyun hərbi jurnalist, pedaqoq, yazıçı-şair Akif Bəşir oğlu Şahverdiyevin anım günüdür. Ruhu şad olsun!
Onun bir neçə şeirini təqdim edək:
 
 
BU BAHAR 
 
Ümid zirvəsində, inam daşında,
Həsrət çəmənində eşqin gül açar.
Kədər otağından qəmli könlünü
Gümanın xəlvətcə götürüb qaçar - 
Bu bahar! 
 
İncidən incəyə al sırğa taxan,
Qönçədən danışan, günəşdən baxan.
Tez-tez bulud olan, gah da ki, çaxan
Ya, şirin fənd edər, ya, qalar naçar – 
Bu bahar! 
 
Eşqin nəğməsini qapqara bığlar,
Hörük tütəyində yanıqlı çalar.
Daşlaşıb bu əsər elə o anda
Gənclikdən əbədi yadigar qalar – 
Bu bahar! 
 
Elçi sözü sal daşlardan süzülər,
İntizardan iki ürək üzülər.
Dodaq çalar, göz oynayar, üz gülər,
Tay-tay olar, “şah qapısı” açılar – 
Bu bahar!
 
 
KEÇƏR 
 
Hər sözümdən tez inciyib,
Məni yan-yan süzüb keçər,
Xətrə dəyən söz demərəm,
Dodağını büzüb keçər. 
 
Mən çıxmaram bir sözündən,
Özü çıxar öz-özündən,
Düşmüşəm tora gözündən.
Ürəyimi üzüb keçər. 
 
İndiyəcən bircə kərə
Görmədim ki, salam verə.
Zalım yanıq verə-verə,
Tək-tənhaca gəzib keçər. 
 
Ev tikmişəm sədaqətdən,
Açıq süfrəm-xoş ülfətdən,
Güllü bağım-məhəbbətdən,
Gülüstanı əzib keçər. 
 
Əlsgərin sazı qaldı,
Vurğun getdi, yazı qaldı,
Akif, ömrün azı qaldı,
Bəxt ulduzun süzüb keçər.
 
 
INDİ 
 
Deyirsən ki, meydana çıx, meydana,
Sən haqqı nahaqdan seç, ayır indi.
Bilirəm, saydığım hesaba düşməz, - 
Fələyim güclüdür, o sayır indi. 
 
Evin allah yıxsın ara qatanın,
Saya da gəlməyir sayı şeytanın,
Koroğlu qalasın, Nəbi meydnın
Gədalar şövq ilə sulayır indi. 
 
Oğurluq edən də, rüşvət alan da,
Hər zaman zəhmətdən daldalanan da,
Axsaq keçilər tək dalda qalan da,
Təkələr quyruğun yalayır indi. 
 
Yoğunpeysərli də, tosqunqarın da,
Arxalı köpək də, arxa harın da,
Qan deyil, su axan damarlarında
Qacartək qan üçün susayır indi. 
 
Akif, bu nə gündü, bu nə dövrandı?!
Deyirdin qanunlar mənə qurandı?!
Müqəddəs saydığın sözünü dandı,
Səni də oduna qalayır indi. 
 
FÜZULİ QƏZƏLİNƏ TƏXMİS 
 
Kiçilərək böyük dünya, de, başıma dolanmazmı?!
Şəhid olan eşq yolunda, al rənginə boyanmazmı?!
Meydan tutub, gərdiş edən haqqı-sayı heç anmazmı?!
Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? 
 
Gətirdim ki, ona iman, dar günümdə olsun həyan,
Kədər yeyib qusdum ki, qan, əsirgədi deməsin can.
Hanı məni dərdə salan, xəbər verin olsun əyan:
Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan:
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? 
 
Qərənfil bitirdi qanım, cahan tutmaz ağlayanım.
Çəkər şivən Araz çayım, Kürüm-qara bağlayanım,
Düşüb şərə şərəf-şanım, zülüm-zülüm keçər anım,
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?! 
 
Haqq istədim şeşi zərdən, verib yeki güldü birdən:
Könlün keçir yaman yerdən, qorx ki, qopa ayaq yerdən…
Uzaq olum deyə şərdən, hey susardım, yaxud hərdən
Qəmim pünhan tutardım mən, dedilər: yarə qıl rövşən:
Desəm ol bivəfa bilmən: inanarmı, inanmazmı?! 
 
Qəddim əyir hər duruşu, ey Yaradan varı-yoxu!
Zalım hardan oldu qonşu, çıxdı ərşə şirin yuxu?!
Uç yar sarı, könlüm quşu, ərzi-halım budur,oxu:
Güli-rüxsarına qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?! 
 
Neçin etdin məni səfil, ucaldıqca, dedim əyil,
Şirin vədlə oxşama, bil, hər oxunan Quran deyil,
Parçaladın bağrım dil-dil, şahid buna neçə nəsil!..
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?! 
 
Akifin sözü əmmadır, bir balaca müəmmadır,
Baxsan dadına bal dadır, demə yalan dağ boydadır,
Aqillər bilir, qaydadır, vallahi babam aldadır:
Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?!
 
 
ÜÇ HİKMƏT ÜÇ HƏQİQƏT 
 
Bir güldandan üç qərənfil boylanır,
Biri ağdır, biri ala, biri ağ,
Lalə yanaq üç səbəbdən alınır-
Biri rəngdir, biri paklıq, biri xal 
 
İndi buyur, ən yaxşısın seç görüm,
Birin bəyən, ikisindən keç görüm,
Bacarırsan gözəl seçmək seç görüm
Biri dilli, biri felli, biri lal? 
 
Yar səsləsə, səadətin tuş olar,
Qanad çalar, könlün dönüb quş olar,
Üç xitabdan biri daha xoş olar-
Biri gəldir, biri getdir, biri qal! 
 
Üç hikmətin hansına çox qiymətin,
Körpə, qoca, bir də sənin surətin?
Üç vergidən hansı sənin qismətin-
Biri sərvət, biri ağıl, bir camal? 
 
Gir bazara, mal satılır gör necə,
Bu almadır, bu alçadır, bu cecə,
Adamlar da bölünübdür beləcə-
Biri dəymiş, biri xarab, biri kal! 
 
Sinəm dolu, söz-söhbətlə yaraqlı,
Dilim şirin, yolum aydın-çıraqlı,
Bu üç sözün üçü birgə maraqlı-
Biri Akif, biri qadam, biri al!