SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: Qırxıncı otağın sirri

  88778   |  
Şriftin ölçüsü  

Yaxud filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafayevin ölümündən bir neçə gün əvvəl sosial şəbəkədə yazdığı status

 

... Son aylar bir-birindən ağır və kədərli xəbərlər alıram. Və bu ağır və kədərli xəbərlər acı olduğu qədər də adamı yandırıb yaxır. Bir neçə gün bundan əvvəl dostum və qardaşım, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çox həyəcanlı anda mənə zəng edib dedi ki, bəs xəbərin var, Məhəmmədəli insult keçirib və 5 nömrəli xəstəxananın reanimatsiya şöbəsinə yerləşdirilib. Bu şok xəbərdən çox çətin anlar yaşadım. Amma bir anlıq özümü ələ alıb  qardaşı və mənim dostum Azər müəllimə telefon açdım. Dedim ki, xəbəri indi eşitmişəm. Bəs Məhəmmədəli müəllimin durumu necədi. O mənim həyəcanımı hiss edib təsəlli verərək bildirdi ki, vəziyyəti pis deyil. Həkimlər deyir ki, bir neçə gün keçəndən sonra nəsə bir söz demək olacaq.

... Heç içimdə dinclik tapmırdım. İkinci dəfə yenidən Azər müəllimə telefon açdım. Bildirdim ki, xəstəxanaya gəlmək istəyirəm, çox narahatam. Axı, sən yaxşı bilirsən ki, 30 il o kişi ilə dostluq eləmişəm, çörək kəsmişəm, xeyirimiz və şərimiz bir yerdə olub. Yenə Azər müəllim təsəlliverici sözlər dedi. Dedi ki, özü ilə bu gün görüşə bilməmişəm, amma həkimi deyir ki, pis deyil. Bir gün sonra isə yenidən mənə Məhərrəm müəllim telefon açdı. Gördüm ki, ağlaya-ağlaya deyir ki, bəs, xəbərin var, Məhəmmədəli dünyasını dəyişib?! Sanki yuxu görürdüm. Və sanki bunların heç birinə inanmaq istəmirdim. Çünki kimə ölüm yavıtsan da Məhəmmədəliyə heç vaxt ölüm yavırtmaq olmurdu. Və həmişə də deyirdim ki, sən bu qədər deyib gülənsən, zarafatçılsan, hamımızı çiynində yola salacaqsan o dünyaya. O da deyirdi ki, Allahın işinə qarışmaq olmaz. Kimin nə vaxt Allaha qovuşacağını ulu yaradanından savayı heç kəs bilmir.

Necə hönkürdümsə, səsimə xanımım və nəvəm gəldi. Məni kiridə bilmirdilər. Elə ağlaya-ağlaya Azər müəllimə telefon açdım. Sözümü deyə bilmədim və hönkürüb ağladım. O da mənə qoşulub hönkürdü. Bir anlıq özünü ələ aldı və mənə təsəlli verdi ki, çox ağlama. Məhəmmədəlini itirdik, heç olmasa səni qoruyaq. Mən indən sonra Məhəmmədəlinin iyisini səndən alacam.

... Təzyiqim kəlləçarxa qalxmışdı. Elə göz yaşı içində, uzun müddət bir yerdə işlədiyimiz Asif Talıboğluna və Daşdəmir Əjdəroğluna telefon açdım. Onlara acı xəbəri çatdırdım və yenidən hönkürüb ağladıq. Bir gün sonra Nazim Ağamirov mənə zəng elədi. Bilirdi ki, hamıdan çox mən Məhəmmədəli ilə yaxın idim və mənim Məhəmmədəli ilə olan zarafatlarımı da Nazim Ağamirov çox yaxşı bilirdi. Ağayana kişinin oğlu  Nazim müəllim sanki mənə başsağlığı vermiş kimi bir təsəlli də verdi. Dedi ki, dünya belədir. Bir gün gələn bir gün gedər. Məhəmmədəlinin dünyasını dəyişməyi məni də çox kədərləndirib. Ötən günlər bir-bir gəlib durur gözümün önündə. Gözümün önündə duran həm də Məhəmmədəli Mustafanın şən, şux zarafatlarıdı. Bu sözləri Nazim müəllim deyir və əlavə edir ki, səhhətim imkan vermir ki, yas yerinə gedim. Mənim adımdan doğmalarına, əzizlərinə, qardaşına sən Allah dil-ağız elə.

Asif Talıboğlunu da götürüb qardaşı Azər müəllimgilə gedirik. Evlərini tapa bilmirik. Üçüncü Yavər Əliyev küçəsidir deyir Azər müəllim. Amma yenə küçəni tapmaqda çətinlik çəkirik. Telefon açıram, Azər müəllim gəlib bizi tapır və onun maşınının arxasıca evlərinə gedirik. Bu da onların qapısı, bu da onların evləri. Qapının ağzında Məhəmmədəlinin bir neçə ay bundan əvvəl aldığı ağ maşın durur. Əvvəl Azər müəllimi qucaqlayıb hönkürürəm, sonra Asif Talıboğlu Azər müəllimi qucaqlayıb ağlayır. Məhəmmədəlinin maşınına sarı gəlirəm və bir anlıq elə bilirəm ki, maşının içindən çıxıb özünəməxsus bir şirinliklə deyəcək. Ə, hardasan, dərdin alem, gəl çıx da! Amma bu sözləri eşitmirəm. Əlimi maşının üstünə qoyub üzümü kapota sürtürəm. Sanki onun nəfəsini hiss edirəm. Pilləkənlərlə yuxarı qalxırıq. Hələ də nə mənim, nə də Asif müəllimin göz yaşları quruyub. Məclisin yuxarı başında çox böyük ziyalı, Məhəmmədəlinin yeznəsi Vidadi müəllimi və onunla qarşı-qarşıya oturmuş bizim qardaşımız Məhərrəm Qasımlını görürəm. Yenidən qucaqlaşıb hönkürürük. Vidadi müəllimin bir təsəllisi bizi kiridir. Ay qardaşlar, dünya belədir, bir gün gələn bir gün getməlidir. Bilirəm, Məhəmmədəlini çox istəyirdiz. Amma bu da Allahın işidir, Allahın yazısıdı. Hamımız kiriyrik...

Yadıma 1990-cı ilin iyulun 26-sı düşür. On nəfər «Ədalət» qəzetinin ilk nömrəsini çapa hazırlamışıq və ilk nömrənin sevincini yaşayanlar içərisində Məhəmmədəli Mustafa da var idi. İndiyə kimi yadımdadı. Aqil Abbasın verdiyi banketdə Məhəmmədəli arağı başına çəkdi və dedi ki, bu gün mənim ömrümün qızıl səhifəsidi. Tək onun ömrünün  qızıl səhifəsi deyildi, bu həm də Aqil Abbasın və bütövlükdə bizim hamımızın qızıl səhifəsi idi. Düz 20 il Məhəmmədəli Mustafa bu qəzetdə çiynini ən ağır yükün altına verdi. Birinci Qarabağ müharibəsində Aqil Abbas bizim hər birimizi bir rayona göndərirdi. Mən Qarabağa gedirdim, Lətif Süleymanlı Tovuza, Qazağa, Məhəmmədəli Mustafa isə Gədəbəyə. Zarafat deyil, 1991-ci ildə Şınıxdan keçib Gədəbəyə gedəsən, ordan da səngərdə yazı yazasan.

 Hansı ki, Şınıxa getməyə və ordan keçməyə Gədəbəyin polis rəisinin iradəsi çatmamışdı. Qorxmuşdu və geri çəkilmişdi. Aqil Abbas birinci səhifədə yazandan sonra Məhəmmədəli yenidən Gədəbəyə getdi və həmin rəislə Şınıxı keçib səngərdə döyüş nöqtəsində oldu. Ordan da unikal bir yazı yazdı:  «Sıyrılmış qılınc  kimin əlindədir». O yazı çox böyük əks-səda verdi və biz də Məhəmmədəlini sanki bir qəhrəman kimi tanıdıq. Çünki həmin dövrdə Şınıxa getmək, ordan keçib səngərdə olmaq hər oğulun işi deyildi. Amma bunu Məhəmmədəli  Mustafa bacardı. Aqil Abbas onu həddindən çox istəyirdi. Özdə çox səmimi zarafatları var idi və bu zarafatlardan Məhəmmədəli inciməzdi. Əksinə, Aqil Abbasın zarafatlarını yağ-bal kimi qəbul edərdi. Deyərdi ki, rəisimizdi. Hər adamla zarafat eləmir, amma mənimlə zarafatlaşır.

İki ay bundan əvvəl Lətif Novruzov bir təşəbbüs irəli sürdü: Dedi ki, köhnə işçiləri yığ, bir ziyafət verəcəm. Mən də köhnə işçilərdən Asif Talıboğlunu və Məhəmmədəli Mustafanı tapdım. Babək Yusifoğluna telefon açsam da cavab vermədi. Və bir neçə gündən sonra bir yeməkxanada görüşdük. Yeriniz məlum, yaxşı yeyib-içdik və ötən günləri xatırladıq. Onu da xatırladıq ki, biz iyun ayının axırında rəhmətə gedən dostlarımızın məzarını ziyarət edəcəyik.  İlk gedişimiz Tovuza olmalı idi. Məhəmmədəli mənə zəng etdi ki, Bərdəyə gedib qayıdım, gedərik Tovuza. Mən ona hər gün zəng edirdim, o da mənə telefon açırdı. Bir gün telefon açmayanda elə bilirdim nəsə itirmişəm.

Bir həftə bundan qabaq elə bil ürəyimə nəsə dammışdı. Xəstəxanadan qayıdırdım, ona zəng etdim. Dedim «Neftçilərdə»  səni gözləyirəm, gəl! O da axı yaxınlıqda qardaşıgildə qalırdı. Heç 10 dəqiqə keçmədi, gəldi. Oturduğumuz və çay içdiyimiz çayxanaya getdik. Çox qəribə söhbətlər etdik. Elə bilirdim ürəyimə nəsə damıb. Hətta mənim təqaüdə çıxmağımdan söhbət açdıq. O da dedi ki, ə, heç rəhmətlik Mail müəllim mən yaşda idi. 63 yaşda təqaüdə çıxa bilmədi, rəhmətə getdi. Mənim də 63 yaşım sentyabrın 1-də tamam olacaq. Mənə dedi ki, narahat olma, hələ bundan sonra biz çox yaxşı günlər görəcəyik. Biz bir-birimizin nəvəsinin toyunda iştirak edəcəyik. Bir-birimizə gözaydınlığı verəcəyik. Çay içib ayağa qalxdı. Amma mənim ürəyim yenə döyünürdü. Elə bilirdim bu bizim son görüşümüzdü. Dedi gəl əyləş maşında, sonra düşərsən. Maşına  əyləşdim, dedi tələsməsən gedib dəniz kənarında təmiz hava alardıq. Amma bir müdafiə var. Ora tələsirəm. Allah qoysa gələn dəfə bir yerdə əyləşib doyunca söhbət edərik.

Allah o günü bizə qismət eləmədi və mən 30 illik dostumu, yoldaşımı, qardaşımı itirdim. Və mənim heç kimlə onunla olmayan bir yaxınlığım, mehribanlığım, doğmalığım var idi. Qardaşımı itirəndə necə kədərlənmişdimsə, onu da itirəndə həmin hissləri keçirdim. Çünki onu mənim rəhmətlik anam, rəhmətlik qardaşım, o biri qardaşım Elxan, qardaşım uşaqları və balalarım da çox istəyirdi. Hətta mən statusa Məhəmmədəli ilə bağlı bir yazı qoymuşdum. O dəqiqə qızım telefon açıb ağladı. Dedi ki, Məhəmmədəli əminin əzizlərinə, doğmalarına bizim adımızdan başsağlığı ver.

Məhəmmədəli, Məhərrəm müəllim və mən elə bir həftə olmazdı ki, bir-birimizə telefon açmayaq. Məhəmmədəlinin yas məclisində gördüm ki, uzun illərin dostu olmuş Məhərrəm müəllim necə qəhərlidi, necə hünzlüdü. Zarafat deyil ey, hər gün zəngləşdiyi, hal-əhval tutduğu adamı itirib. Amma Məhəmmədəlinin heç kimə bənzəməyən, göy üzü kimi təmiz, bulaq suyu kimi saf xasiyyəti bizə böyük təsəllidir. O qədər sadə, o qədər səmimi və o qədər göründüyü kimi olan bir ziyalı idi. Bax, hansı mövqeyə  çatmışdısa, alın təri ilə, yuxusuz gecələri ilə, öz zəhməti ilə qovuşmuşdu. Bizim qəzetdən getdiyi 10 il deyil, bu 10 ildə filologiya elmləri doktoru və professor adını qazandı. Çoxlu sayda elmi məqalələr yazdı. Hətta Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş ali məktəblər üçün dərs vəsaiti hazırladı. Bu gün sabah çap olunmalı idi. Gününün çox hissəsini ya kitabxanada, ya işlədiyi Elmlər Akademiyasında, ya da Sumqayıt Dövlət Universitetində keçirirdi. Məhəmmədəli Mustafa başqaları kimi kimdənsə köçürməmiş və kimdənsə kömək görməmişdi. Bütün namizədlik və doktorluq işini özü yazmışdı. Yəni, bu zirvəyə Allah-Təalanın gücü ilə özü çatmışdı.

Onun itkisi həm Azərbaycan elminə, həm də Azərbaycan jurnalistikasına çox ağır bir zərbə oldu. Çünki biz bu cür ziyalıları itirmək cəmiyyətin işığının, nurunun azalması deməkdir. Böyük Ramiz Rövşənin bir bənd şeiri yadıma düşür:

 

Hər qış neçə dost azalır,

Adı daş üstdə yazılır...

Yoxsa bizsiz də yaz olur,

Gilanarlar çiçəkləyir?!

 

Yazını dostum və qardaşım, Məhəmmədəli Mustafayevin ölümündən biri neçə gün qabaq sosial şəbəkədə yazdığı statusla bitirmək istəyirəm: «Nağıllardakı qırxıncı otaq məni həmişə maraqlandırıb. Çox fikirləşəndən sonra o qapıya da açar saldım. Gördüm ki, qırxıncı otaq əslində yoxdur. O bizim puç olan xəyallarımız, həyatda reallaşdıra bilmədiyimiz arzularımız, sona qədər qoruya bilmədiyimiz əzizlərimizdir. Filosoflardan biri deyir ki, ömrü boyu nəyisə axtardım, sonra bildim ki, axtardıqlarım itirdiklərim imiş. Hesab edin ki, nağıllardakı qırxıncı otaq var, son ümidinizə nöqtə qoymayın»...

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK