adalet.az header logo
  • Bakı 19°C
15 Sentyabr 2021 15:19
2103
İDMAN
A- A+

ALLAH ƏDİL  İSGƏNDƏROVA RƏHMƏT  ELƏSİN 

Deməli, Azərbaycanın  futbol  üzrə  milli komandasının  baş  məşqçisi və onun köməkçiləri, yəni  məşqçilər korpusu, hamısı  xaricdən  gətirilib. Hakimlər  komitəsinin  sədri  və onun  köməkçiləri   xaricdən gətirilib. Biz də  yazırıq ki, Allaha  şükür,  pulumuz var, «neujeli» milli komanda üçün  xaricdən 11  futbolçu   gətirə  bilmirik. AFFA sağ olsun, bizi  eşidir, indi milli komandanın  əsas oyunçularının   70 faizi milliləşdirilmiş əcnəbi  futbolçulardı. Qalıb  30-35 faizi, inşallah, tezliklə Avropanın və ya Afrikanın cındır  komandalarından  onları da  tapıb  gətirərik.

«Neftçi»nin  baş məşqçisi  Samir Abbasov da deyir ki, ölkə çempionatında  limit  ləğv olunmalıdır. Yəni 6+5+1 yox, məşqçi istəsə  meydançaya  11 əcnəbi   futbolçu   buraxsın.  Azərbaycan  futbolunu   məhv eləmək üçün bundan da  gözəl təklif   ola bilməz.

Samir müəllimin, eləcə də  belə fikirləşən  baş  məşqçilərin yadına bir hadisəni  salmaq istəyirəm. Ədil  İsgəndərov  Kinostudiyanın   direktorudu. Bir bədii  filmi  təsdiq edib  istehsalata   buraxır. Və rejissoru  çağırıb  soruşur ki, baş rolda  kimi  çəkmək  istəyirsən?  Rejissor deyir ki, Ukraynada bir aktyor  dostum var, onu  dəvət edəcəm.

Ədil müəllim baxır-baxır, deyir  gedə bilərsən.

Rejissor hər gün  gəlib  elanlar  lövhəsinə  baxır ki, görsün filmin  çəkilişinin   başlaması  üçün  əmr  asılıb, yoxsa yox. Bir ay, iki ay, əmr elanlar  lövhəsində yoxdu. Hünəri də çatmır ki, girib  Ədil   müəllimdən səbəbini  soruşsun.

Bir gün Kinostudiyanın  həyətində Ədil  müəllimlə  rastlaşır və qorxa-qorxa  soruşur ki, əmri  nə vaxt imzalayacaq.

Ədil  müəllim deyir:

- Qadam, belədi də, mənim də Gürcüstanda bir  rejissor  dostum var onu  çağıracam, filmi  o çəksin.  Sən də belə elə, – Kinostudiyanın  darvazasını  göstərir, – get, ordakı növbətçiyə de ki, bir də  səni  Kinostudiyaya buraxmasın.

Həmin rejissorun  ağzı nə idi, gedib növbətçiyə deyir ki, Ədil  müəllim   göstəriş verib, bir də məni Kinostudiyaya   buraxma.

İndi bir az diqqətli olun, limiti ləğv edərlər, sonra da  sizlərə   stadionun qapısını   göstərərlər və yerinizə də o qədər Taxadze, Qriqorçuk, Rasim Kara, Dənizli  tapa  bilərlər ki...