VƏ YA ACUN ILICALI AXIRDA AĞDAMLI ÇIXACAQ
Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibədən qələbə ilə çıxmasından sonra mətbuatda tez-tez rast gəlirik ki, heç demə bir çox tanınmış şəxslər əslən azərbaycanlı kökənli imiş. Oxudum ki, Türkiyənin TV-8 kanalının məşhur sahibi Acun Ilıcalı bu günlərdə belə bir açıqlama verib ki, əslən Azərbaycan kökənlidi. Bu xəbəri oxuyan millət 3 gün çörək yemədi. Ona görə yox ki, çörək bahalaşıb, Acun bəyin azərbaycanlı olmağının sevincindən.
Ağdam Qarabağın paytaxtıydı və yenə paytaxtı olacaq. Qarabağın ətraf rayonlarından yüz il bundan əvvəl Ağdama köçmüş qeyri-ağdamlılar Ağdamın Ağdam vaxtında ağdamlı olmaqları ilə fors edərdilər. Şəhər işğal olunandan sonra onlardan çoxu ağdamlı olduqlarını dandılar:
- Əşi, mənim babam filan rayondan köçmüşdü Ağdama...
- Mənim babam bəhmən rayondan gəlmişdi…
- Atamın nənəsi filan rayondandı…
- Əşi, bizim əslimiz Sisyandandı. Ötən əsrin əvvəllərində gəlmişik buralara…
Və sair və ilaxır.
Və bunu deyən adamların hamısını demək olar ki, tanıyırdım. Vaxtilə «ağdamlıyam» deyib şeşələndiklərinin də şahidi olmuşdum.
İndi Ağdam azad olunub, Möhtərəm Prezident İlham Əliyev yüz minlik qeyri-adi bir Ağdam şəhəri tikir. Baxıram, həmin adamlar yenidən ağdamlı olublar.
Seçkilər vaxtı görüşlərdə tez-tez belə bir sualla rastlaşırdım:
- Məllim, baxırıq televiziyadakı çıxışlarında da, yazılarında da deyirsən ki, mən ağdamlıyam. Amma tərcümeyi-halında yazılıb ki, Ağcabədinin Bayat kəndində doğulmusan, on yaşında köçmüsünüz Ağdama. Nəyin xətrinə deyirsən ağdamlıyam, axı sən ağcabədilisən?!
Mən də adətən belə cavab verirdim:
- Bəli, mən Bayatdanam. Nə qədər Ağdam işğal altındadı, özümü ağdamlı sayıram. İnşallah, Ağdamı azad edərik, ondan sonra deyərəm ağcabədiliyəm.
Bu cavabdan sonra suala görə məndən üzr istəyənlər də olurdu.
İndi Ağdam azad olub. Ağdam azad olunandan sonra bir neçə dəfə bu dağılmış şəhəri, o viran olmuş şəhəri bitdə-bitdə gəzmişəm və görmüşəm ki, Ağdamın ölüsü də gözəldi.
Nə mutlu AĞDAMLIYAM deyənə!