SON DƏQİQƏ:

Bəşəriyyətin ağ faciəsi - NARKOMANİYA

  351   |  
Şriftin ölçüsü  

Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati, profilaktik tədbirlər görülməli, lazımi izahat işi aparılmalı, səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidirlər.

                                                                                                                                                             Heydər Əliyev, ümummilli lider

 

 “Narkomaniya” yunan sözü olub, “narko – bihuşluq”, “maniya – asılılıq” deməkdir. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranıb. Hələ qədim dövrlərdə tiryəkdən bəzi xəstəliklərin müalicəsində istifadə olunub. Getdikcə narkotik maddələrin hazırlanmasında, əkilib-becərilməsində xeyli təcrübə qazanmış insanlar müasir texnologiyalardan istifadə etməklə yeni uyuşdurucu maddələr istehsal edirdilər. XIX əsrin ortalarında narkomaniya tarixinin yeni bir dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla – venadaxilinə yeridilməsi ilə başlanıb. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olub. Narkotik – mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O, toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər.

Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Müxtəlif adamlar tərəfindən eyni iynədən venadaxili narkotik maddə qəbul etməyə görə 90 faiz narkoman QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə yoluxub. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemlərindən birinə çevrilən bu ağır bəlanın əzabını yaşamaqdadır. Bu statistikanın 47 milyon nəfəri Latın Amerikası ölkələrinin payına düşür. 2020-ci ilin sonuna olan məlumata əsasən Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var. Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən – tiryək, heroin və kokosdan istifadə edirlər. Son dövlərdə isə “patı”, “şüşə” deyilən maddələr də meydana çıxıb ki, qiymətinin ucuz olması ondan istifadə edənlərin sayının günü-gündən artmasına səbəb olur. Əsl adı metanfetamin olan "Patı" adlı maddəni əvvəllər qadınlara təklif edirdilər. İnsanları özündən asılı hala salan bu maddə qadınlara arıqlamaq üçün təklif olunurdu. Həqiqətən də "arıqlatdığı" üçün insanlar onu istifadə edir, sonra da ondan asılı qalır. Lakin o, arıqlatmır, iç orqanları məhv edir, adamları məhz bu üsulla öldürür. Bu ad altında müştəri əldə edənlər indi onu açıq-aşkar satmaqdan çəkinmir. Patı, şüşə tərkibli sintetik narkotikdir. O, bədəndə yaralar yaradır, ağ ciyəri deşir, insanın duruşunu dəyişir və öldürür. Ondan istifadə edənlərin isə maksimum 3-4 il ömrü olur.
Qeyd edək ki, bu maddəni ilk dəfə ikinci dünya müharibəsi zamanı Alman əsgərlərə yatmasın və aclıq hiss etməsinlər deyə məcbur qəbul etdiriblər.

Yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.

SSRİ dövründə yaşadığımız 70 il ərzində ölkəmiz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticədə, asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin yayılmasına səbəb olub. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən həmişə qapalı saxlanılıb. Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılıb. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilıb.

1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMTnin 1988-ci il konvensiyasına qoşulub. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriy-yəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb.

 Bu gün insan amili Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar. O cümlədən, gənclərin narkomaniyadan uzaq durması üçün aparılan maarifləndirici işləri də təqdirəlayiq hesab etmək olar. Amma təəssüf ki, bəzən görülən işlər “ağ ölüm” adlanan  bu ümumbəşəri bəlanın qarşısını almağa kifayət etmir.

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Hüquq-mühafizə orqanları həmişə bəşəriyytin bu bəlasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün ayıq-sayıq öhdəsinə düşən işi məharətlə həyata keçirir. Xüsusən son bir neçə ildə narkotik alverçilərinə qarşı Daxili İşlər Nazirliyinin apardığı mübarizə diqqətdən qaçmır. Demək olar ki hər gün böyük həcmdə narkotik satışının qarşısının alınması barədə məlumatlar əldə edirik.

 “Ağ ölüm”ün satışı ilə məşğul olanlar artıq bu işdə əvvəlki sələflərindən daha da irəli gedib texnologiyanın imkanlarından istifadə etməyə başlayıblar. İnsanların sosail şəbəkələrdə daha çox vaxt keçirməsindən istifadə edən narkotika satanlar öz alverlərini buraya daşıyıblar.. Artıq məsələ daha da çox ictimailəşdikdən sonra vətəndaşlar sosial şəbəkələr vasitəsilə “patı”nın satışını təşkil edən hesabları ifşa etməyə başlayıb. İnsanlar hüquq-mühafizə orqanlarının hesablarını "tag" edərək bu məsələ ilə bağlı ciddi və sərt tədbirlər görülməsini istəyirlər. Çağırışlarda bildirilir ki, gənc nəsil bu bəlaya daha çox düçar olur və narkotikin yaratdığı psixoloji düşkünlükdən sonra intihara meyillilik artır. İddia olunur ki, son zamanlar daha çox diqqət çəkən gənc və yeniyetmələrin intiharları arxasında bu cür nakotik satışını edən şəbəkələr dayanır. Amma polislərimiz sayıqlığı burda da işini görür

Belə ki, bu günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sosial şəbəkələrdə onlayn narkotik satan daha bir şəbəkəni ifşa edib.  Şəbəkəni idarə edən qadın və 19 üzvü saxlanılıb. İfşa edilən şəbəkənin ölkə daxilində narkotiklərin satışından əldə edilən  külli miqdarda pul vəsaitinə nəzarət etdiyi məlum olub. "İnstagram" və digər sosial şəbəkələr vasitəsilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, "İnstagram" sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri "Whatsapp" ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. "İnstagram" sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Daxili İşlər Nazirliyinin "Facebook" şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar.

Yəni, həmin narkotacirlərin "Whatsapp" ani mesajlaşma sistemi vasitəsi ilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir-neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.

Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov saxlanılıb.

Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirlərilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı qeyd edilən kartların böyük bir qismi, həmçinin narkotik vasitələrin anbar kimi saxlanıldığı paytaxt və bölgələrdəki evlərdən isə  külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkar edilib.

Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsi ilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.

Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb edilmələri və ya Azərbaycana ekstradisiya olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satış üzrə 2021-ci ilin 8 ay 14 günü ərzində respublika ərazisində 6020 fakt aşkar olunub. Onlardan 2094 satış, 3493 saxlama, 375 əkin, 58 digər hallar təşkil edib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 636 kq narkotik vasitə (marixuana, heroin, tiryək, həşiş və s.), 224 kq-dan artıq psixotrop maddə (metamfetamin, MDMA-ekstazi, mefedron), prekursorlar üzrə güclü təsir edən maddələr 9 kq artıq, 104 qram müxtəlif kimyəvi tərkibli zəhərli maddə, 52 ton çətənə kolu, əkin-kultivasiya, 168 tondan artıq yabanı halda bitən çətənə və xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb. Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib. DİN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət-hüquq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şübhəli bilinən, saxlanılan, tutulan və təqsirləndirilən şəxslər ətrafında aparılan istintaq hərəkətləri ədalətlilik prinsipi əsasında diqqətdə saxlanılır.

Bu günlər gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür. Hər bir azərbaycanlı narkotikaya qurşanan vətandaşlarımızı sağlam şəkildə cəmiyyətimizə yenidən qaytarmağa çalışmalıdır. Bu gün müstəqil dövlətimizin gələcəyi olan gənc nəslin hərətərəfli inkişaf etdirilməsi, sağlam düşüncəli, düzgün seçimlər etmiş, vətənpərvər gənclər kimi yetişməsinə hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

 

İltifat HACIXANOĞLU

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK