adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Velosiped

FAİQ QİSMƏTOĞLU
1501 | 2021-09-24 18:42

...Biz hamımız uşaq olmuşuq. Və uşaqlıqda da ən böyük arzumuz o olub ki, atamız bizə velosiped alsın. Amma mənim atam (biz atamıza əmi deyərdik) mənə velosiped almadı. Ha yalvardım, ha şirin dilimi işə saldım, əmim dedi ki, sənə velosiped ala bilmərəm. Nə deyirsən alım, təki o olmasın!

Mən də heç bir şey istəmirdim. Elə velosiped istəyirdim. Xülasə, atam o velosipedi mənə almadı. Və həmişə də içimdə bir qeyri-adi küskünlük hiss edirdim. Və düşünürdüm ki, atamın bu qədər var-dövləti var, mənə bir velosiped niyə qıymır?! Sonra atam dedi ki, ay oğul, ona görə sənə velosiped almıram ki, başın onu sürməyə qatışacaq, dərs oxumaqdan yayınacaqsan. Amma əmimim bu fikri də heç mənim ağlıma batmadı. Nə isə...

...Amma bizim kənddə Həmzənin velosipedi vardı. Marşalın velosipedi vardı. Rizvanın oğlu Niyazın üç təkərli velosipedi vardı. Və hətta Tubunun oğlu Dilavərin də velosipedi vardı. Onlar hamısı kasıb ailənin övladları idi. Mən varlı oğlu ola-ola velosipedim yox idi, amma onların velosipedi vardı...

Bir də görürdün ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəliblər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar. Düzdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Hətta avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb. …

...Buna baxmayaraq, mənim ürəyimdə velosipedə olan sevgim hər an baş qaldırırdı. Marşal velosipedi ilə «Şirəlik»dəki futbol stadionuna gələr və deyərdi ki, sən dərslərini çox yaxşı oxuyursan, yaxşı da futbol oynayırsan. İndi də sən çıx, qoy mən oynayım, sən də velosipedi sür! Marşal futbol oynayıb çıxana qədər mən gözümün «qurdunu öldürər» və velosipedi doyunca sürərdim. O vaxt bezərdim ki, tərin içindəyəm, yorulmuşam və əldən düşmüşəm...

... Bir dəfə Tubunun oğlu Dilavərlə kəndin girəcəyində Məmiş kişigilin yaşadığı həyətdə görüşdük. O həyətdə bizim kənddə heç yerdə olmayan buz kimi su vardı. Trosla vedrəni quyuya salladıq və o buz kimi sudan bir vedrə doldurub kənara qoyduq. Yanındakı qruşqa ilə doyunca o sudan içdik. Tubunun oğlu Dilavər dedi ki, ayə, bu su mənə ləzzət elədi. Heç həyətimizdəki quyunun suyu belə deyil. Sonra da güldü və dilləndi:

- Gəl sən velosipedi sür, mən də tərkində əyləşim!

...Sevinə-sevinə velosipedin üstünə çıxdım, sükan arxasında əyləşdim və Tubunun oğlu Dilavər də velosipedin tərkində oturdu. Ordan bizim evə yarım kilometr məsafə olar. Elə yavaş-yavaş gedirdik, bir də gördüm əmim «Pobeda» ilə gəlir. Maşından mənə barmaq sirkələdi. Mən də qorxumdan sarımı uddum. Dedim vay dədə, əmim məni öldürəcək. Axı o demişdi ki, velosiped sürdüyünü görsəm, məndən incimə!

...O heç vaxt bizə bir çırtma belə vurmamışdı. Amma o qədər zəhimli adam idi ki, bir baxışını görəndə özümüzə gələ bilmirdik. Evimizə çatanda velosipedi Tubunun oğlu Dilavərə verdim. Evə getmək istəyəndə Seyid Əli əmimin oğlu Mirəziz dedi ki, qoy, mən də sizin qapıdan keçim, evimizə gedim. Kəsə yol daha yaxşıdır. Mən də dedim ki, lap yaxşı. O mənə qoşulub bizim darvazadan içəri keçdi. Bu vaxt həyətimizdəki qancıq it ona hücum etdi. Gördüm ki, it Mirəzizi tutacaq, özümü atdım onun qabağına. Və it mənim baldırımdan yapışdı. Qan məni götürüb getdi. İt özü qanı görüb bizdən uzaqlaşdı...

...İtin məni tutmasından çox sevinirdim. Dedim, bəlkə buna görə əmim mənə bir söz deməz. Elə belə də oldu. Əmim həyətə gələndə eşitdi ki, məni it tutub, bir söz demədi. Yəqin onun verəcəyi cəzanı elə itimiz verdi. İtin dişlədiyi yerin izi baldırımda hələ də qalıb...

...Bir dəfə oğlum mənə dedi ki, ata, mənə velosiped al! Mən də dedim ki, almaram! Dedi nəyə görə? Məhlədə hamının velosipedi var, amma mənim velosipedim yoxdur. Dedim ona görə ki, əmim mənə velosiped almayıb. Əgər əmim mənə velosiped almayıbsa, düz eləyib. Mən də sənə velosiped almayacam!...

Biz çox vaxt uşaqların nazı ilə oynayırıq və onlar nə deyir onu da iki daşın arasında eləmək istəyirik. Amma bəzən onların istəyi göz yaşına, ölümə və faciəyə səbəb olur. Velosiped çox yaxşı şeydir. Amma gərək onu da avtomobil yolunda yox, elə öz həyətində, məhləndə sürəsən...

...Mənim nəvəmin də kənddə velosipedi var. O günü mamam oğlu Təbriz deyir ki, Tunarı avtomobil yolunda gördüm və bərk hədələdim. Dedim ki, bir də velosipedlə yola çıxsan, onu əlindən alacam, özünü də döyəcəm! Tay o xəbərdarlıqdan sonra bir də Tunar velosipedlə avtomobil yoluna çıxmır. Bax, belə-belə işlər!...

TƏQVİM / ARXİV