Mən o başlanğıcı 30 il gözlədim -Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1763 | 2021-10-18 13:39

...Gözləmirdim...Amma içimdə bir gözlənti var idi... Gözləmirdim... Ürəyimdə isə bir işıq közərirdi...Gözləmirdim... Amma özünü...Gözləyən kimi göstərirdim... Gözləmirdim... Lakin gözləməyə də bilməzdim.

Bəli, bax bu hislərin içərisində məni o gözləntiyə, o gözləməyə kökləyən bir telefon zəngi oldu.  Öncə yuxu kimi gəldi mənə bu zəng. Sonra mənə ərki çatanlardan kiminsə zarafatı kimi... Nəhayət, ən doğma, ən güvənli adamların zəngi təkrarladı o fikri, o deyimi. Və bütün bunlar məni gözləmədiyim, amma əslində hamıdan çox gözlədiyim günə gətirib çıxartdı. Onda bir daha ümidin ölmədiyinə, ölümsüz olduğuna, sadəcə dözüm tələb etdiyinə inandım, öz varlığıma inandığım kimi... sənin varlığına inandığım kimi... Allahın böyüklüyünə  inandığım kimi!..

Məni kəndimə, doğulduğum ocağa, 30 il həsrətini yaşadığım, yuxularımda gördüyüm, xəyallarımda canlandırdığım, gözümün önünə gətirdiyim və hər dəfə də «Allah qoysa», «Qismət olsa», «İnşəallah» sözləri ilə diqqətə çatdırdığım Tuğa dəvət edirdilər. Daha doğrusu, məni ora aparan karvan məni də öz sırasında görürdü. Bundan böyük xoşbəxtlik, bundan böyük mükafat, bundan böyük sevinc ola bilməz!..

Mənə doğmalarım, dostlarım dedilər ki, ölkə prezidenti Hadruta və Tuğa səfər edəcək. Sən də orada cənab Prezidentlə görüşəcək nümayəndələr arasındasan...

...Bəli, belə bir xəbəri eşitmək, belə bir informasiyanı almaq yəqin ki, həm ölçü, həm çəki, həm də bəxş etdiyi sevinc baxımından nə demək olduğunu yəqin ki, siz də anlayırsınız. Bax, elə bu duyğuların içərisində bir anlıq nə edəcəyimi bilmədim. Çünki xəbər mənə çatanda Bakıdan xeyli uzaqda, qardaş Türkiyədə idim. Zaman qısa, yol uzaq, ürəyim isə bu xəbərin sevincinə bürünmüş... Belə bir durumda qərar qəbul etmək o qədər də asan deyildi. Daha doğrusu, vaxt baxımından sıxıntı qaçılmaz idi. Sonda yenə dostlar köməyə çatdı. Türkiyədə qonağı olduğum dostum Əhməd bəy Varol Trabzondan Ərzuruma yola düşən bir  sürücüsü ilə əlaqə qura bildi. Və onun bu dəstəyi, bu köməkliyi ilə mən həmin gecəni Ərzuruma yetişdim. Yağan qara, yolun sərtliyinə baxmayaraq, mən xəyalımda Tuğa gedirdim. Ona görə də gözümün yuxusu da qaçmışdı, gecənin qaranlığı da mənim üçün heç bir məna kəsb etmirdi. Sadəcə, tez-tez pəncərəyə özünü çırpan qar dənələrinə baxıb Tuğda 30 il bundan öncə şahidi olduğum qarlı qış gecələrinin xatirələrini yaddaşımda təzələyirdim...

Gecə yarısı təqribən saat 4 radələrində Ərzuruma çatdım. İndi növbə İqdıra yetişmək idi. Nabələd yol adamının yaşadığı qayğıların içərisində nəhayət ki, Ərzurumdan İqdıra səhər saatlarında  çıxan avtobusa bilet ala bildim. Avtobus saat 9-da yola düşəcəkdi. Gözləməyə isə o qədər də zamanım yox idi. Mən sabah saat 7-də Bakıdan Tuğa getməli idim. Bu qayğı ilə avtovağzalda var-gəl edirdim. Ərzurum avtovağzalı sanki hansı hissləri keçirtdiyimi anladı və mən buradan İqdıra gedən taksi sürücüsü ilə anlaşa bildim. Saat 7-də yola düşdük. Artıq hər tərəf işıqlandığından mənə Ərzurumdan İqdıra qədər olan yolun mənzərələrini seyr etmək nəsib olmuşdu. Yol boyu  Qarabağla Ərzurum İqdır arasının paralellərini, oxşarlıqlarını axtarırdım. Ən çox dümanın sığındığı dərələr, dağlar və başı qarlı zirvələr mənə Qarabağı xatırladırdı. Təqribən saat 1 radələrində İqdır avtovağzalına yetişdik. Burada Naxçıvandakı dostlarımı, şair qardaşım Asim Yadigarı, yazıçı-publisist Hüseyn Əsgərovu, şair Hacı Firudin Süleyman oğlunu aradım. Asim müəllimin tövsiyəsi ilə şəxsiyyət vəsiqəsinin surətini ona vatsap vasitəsilə çatdırdım. Bir azdan Naxçıvandan Bakıya uçacaq günün sonuncu təyyarəsi üçün mənə Asim müəllim bilet sifariş etdi. İndi bir az arxayınladım. Bircə qalırdı Naxçıvanda COVİD-19 testindən keçmək.

İqdırda olarkən Naxçıvana getməyə tələsən iki cavan oğlanla rastlaşdım. Onlarla birlikdə İqdırdan Naxçıvana bizi gətirəcək taksi də tapa bildik. Sürücü də Naxçıvandan idi. Bu məni əməli-başlı sevindirdi. İndi yolu zarafatla, şirin söhbətlə davam edirdik. Demək olar ki, Naxçıvan Türkiyə Gömrük Keçid Məntəqəsini rahatlıqla adlayıb təqribən saat 5-də Naxçıvana çatdıq. Asim müəllim məni gözləyirdi. Onunla birlikdə Naxçıvanda öncədən dostların danışdığı ünvanda testdən keçdim. Necə deyərlər, artıq ağlım başımda, biletim də cibimdə idi. Ona görə də testin cavabını süfrə arxasında rahatca oturub gözləyirdik. Bu cavab da özünü çox gözlətmədi. Və... Gecə saat 11:10-da Naxçıvandan Bakıya uçan günün sonuncu təyyarəsi ilə paytaxta qayıtdım...

Səhər-səhər öncədən deyilmiş ünvana, Prezident Administrasiyanın yanındakı Respublika Mehmanxanasının qarşısına gəldim. Artıq səfər yoldaşlarım bu ünvana gəlməyə başlamışdılar. İlk öncə həmkarım, dostum Bəxtiyar Qaraca ilə görüşdüm. Sonra adı ilə, xidmətləri ilə fəxr etdiyim Asif Cahangirov və Mübariz həkim gəldi. Və beləcə komanda yavaş-yavaş otelin önündə toplaşıb bir-biri ilə hal-əhval tutur, səfərlə bağlı düşüncələrini bölüşürdü. Təbii ki, səfər yoldaşlarımın arasında cavanlar da var idi. Mən onları Xocavənd rayonunun gənc istedadları kimi tanıyırdım, özlərini isə ilk dəfə görürdüm. Bu cavanların hər biri Xocavəndin fəxr etdiyi istedadlar, qalib idmançılar idi. Onların səsi-sorağı artıq Azərbaycanın hüdudlarını aşmışdı. Baxmayaraq ki, onlar qalib idilər. Onlar təkcə yaşıdlarının arasında deyil, bütövlükdə respublika idmançıları arasında seçilənlərdən idilər. Amma heç bir hərəkətləri, danışıqları ilə bunu büruzə vermirdilər, təmkinli, ədəb-ərkanlı... Dəstəmizə  Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov da qoşuldu. Onun gəlişi buradakı xocavəndlilərin əhval-ruhiyyəsini bir az da yüksəltdi. Çünki İbad öz döyüş yolu ilə, öz xidməti ilə Xocavəndi Azərbaycanda, Azərbaycanı da dünyada tanıdan qəhrəmanlarımızdan biridir. Üstəlik, İbadın sadəliyi, hamı ilə qaynayıb-qarışması da Hadruta toya gedəcək insanların xoş ovqatını, necə deyərlər,  daha da artmasına, yüksəlməsinə səbəb oldu. Bu işdə Xocavəndi təmsil edən millət vəkili Elman Məmmədovun şirin söhbətləri də təbii ki, böyük rol oynadı.

Maşınlara əyləşəndə öz aramızda təbii bir seçim etdik. Gənclər bir avtobusda, yaşlılar digər avtobusda. Necə deyərlər, hamı üçün sərbəstlik, rahatlıq qərarı ədalətli qərar idi. Ona görə də cavanlar dərhal öz yerlərini tutdular, yaşlılar da öz  təmkinləri ilə.

Bakıdan Tuğa avtobus yola düşür... Bu cümləni yazmaq mənim üçün iki məqamda önəmli və düşündürücüdü. Ona görə ki, 30 il bundan öncəyə qədər Bakıdan hər gün Tuğa avtobus gedirdi. Bakının köhnə avtovağzalından səhər saat 7-də qarşısına «Bakı-Tuğ» yazılmış ikarus avtobusu yola düşürdü. Və Tuğ yeganə  kənd idi ki, paytaxtdan ora hər gün avtobus gəlirdi. Və mən özümün «Bakıdan Tuğa avtobus yola düşür...(mür)» adlı yazını yazanda yaşadığım hissləri ifadə etməyə gücüm çatmamışdı. Doğrudu, həmin yazıya görə mənə «Media» müsabiqəsinin qalibi  diplomunu vermişdilər. Amma inanın ki, avtobusun yola düşməməyi məhz bu ilin noyabr ayının 8-ə qədər məni ağrıtmış, üzmüş, həyatımı qaraltmışdı. İndi isə 30 ildən sonra Bakıdan həqiqətən Tuğa avtobus yola düşür. Yola düşən 20 sərnişinin içərisində mən də var idim...

(Ardı  olacaq)

 

TƏQVİM / ARXİV